Milli Məclisin tarixi

Heydər Əliyev və Azərbaycan Parlamenti

 Heydər Əliyev Azərbaycan milli tarixində özünəməxsus yer  tutan  elə nadir  tarixi şəxsiyyətlərdəndir ki, onun   zəngin irsi hələ uzun müddət politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət  mərkəzində olacaqdır. O, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş, bütün dünya  azərbaycanlılarının sonsuz sevgisini qazanmışdı.

Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu  hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdə  sübut etmişdir.   Həmin  illərdə  Azərbaycanda  dövlət  quruculuğunda , iqtisadiyyatın, elmin, mədəniyyətin, bir sözlə  həyatın ən müxtəlif  sahələrində  böyük  nailiyyətlər qazanılmış, coşqun bir tərəqqi dövrü  yaşanmışdır.  Məhz bu illərdə  milli və mənəvi  dəyərlərin  qorunub saxlanılmasında,  dövlətçilik, o cümlədən  parlamentarizm  ənənələrinin inkişafı  istiqamətində  əməli addımlar  atılmış, xalqın intellektual  keyfiyyətlərinin meydana  çıxması  üçün əsaslı zəmin yaradılmışdır.

Heydər Əliyev bu günki Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı həm də  haqlı olaraq müasir Azərbaycan  parlamentinin banisi sayılır. Sovet dövründə digər sosialist respublikalarında olduğu kimi Azərbaycanda da  parlamentin qəbul etdiyi qanun və qərarlar Kommunist Partiyasının siyasi, iqtisadi və ideoloji məqsədlərini həyata  keçirməyə xidmət  edirdi. XX əsrin 50-60-cı illərində respublikada  milli-mənəvi dirçəliş  istiqamətində  bir sıra ehtiyatlı addımlar atılsa da bu sahədə məqsədyönlü iş Heydər Əliyevin  Azərbaycan  KP MK-nın  birinci  katibi  seçildiyi  vaxtdan  başlandı. Respublikanın rəhbəri kimi  Heydər Əliyev  ilk gündən uzaqgörənliklə bütün dövlət hakimiyyəti orqanlarının, o cümlədən parlamentin işini xalqın iqtisadi və sosial-mədəni tərəqqisinə, milli dirçəliş  siyasətinin reallaşmasına  yönəltdi. O, mahir  siyasətçi kimi  Ali  qanunvericilik orqanının mövcud imkanlarından bacarıqla istifadə  edərək milli oyanışın  və  gələcək  müstəqilliyin möhkəm  təməlini  qoydu.

O dövrdə Heydər Əliyev respublikada partiya lideri olmaqla yanaşı  həm də SSRİ  Ali Sovetinin  (VIII-XI çağırışlar)  deputatı,  yuxarı palatanın - İttifaq  Sovetinin  sədr müavini (IX çağırış), habelə Azərbaycan SSR Ali Sovetinin  (VII-X, XII çağırışlar) deputatı və Rəyasət Heyətinin  üzvü kimi fəaliyyət  göstərirdi.  Onun  təşəbbüsü ilə SSRİ rəhbərliyi   Azərbaycanın  iqtisadi  inkişafı üçün  mühüm əhəmiyyətli beş qərar  qəbul  etdi. İttifaq  Fondundan  bu məqsədlə  respublikaya külli miqdarda  vəsait ayrıldı.

Heydər Əliyevin yeritdiyi  kadr  siyasəti bütün sahələrdə olduğu kimi, qanunvericilik  orqanına  da ən bacarıqlı və layiqli  adamların  seçilməsi üçün şərait  yaratdı.  Ali Sovetin  işində böyük dönüş yarandı, parlamentdə ölkə həyatının  müxtəlif  sahələrini əhatə edən yeni daimi  komissiyalar fəaliyyətə başladılar. Respublikanın  iqtisadi,  mədəni və elmi inkişafı üçün  hüquqi  baza  yaradıldı, bu sahələr üzrə  onlarla qanun və qərarlar qəbul edildi.  Heydər Əliyev bu dövrdə respublikada qanunçuluğun möhkəmləndirilməsi istiqamətində də mühüm  tədbirlərin  təşəbbüskarı kimi çıxış edirdi.

1970-ci illərdə və 1980-ci  illərin  əvvəllərində  Azərbaycanın  Mülki,  Mülki-Prosessual, Cinayət-Prosessual məcəllələrinə əlavələr  və  dəyişikliklər  edildi.  Azərbaycan  SSR-in  məhkəmə  quruluşu, Səhiyyə, Dövlət notariatı, Xalq Təhsili, Tarixi və mədəniyyət abidələrinin  qorunması,  Nazirlər Soveti, Xalq  Deputatları Sovetləri haqqında,  Torpaq  və Əmək  haqqında  qanunlar,  İnzibati hüquq  pozuntuları  haqqında, Ailə və Nikah  haqqında məcəllələr  qəbul edildi. 

Sovet dövründə Azərbaycanın Ali qanunvericilik orqanı hakimiyyət strukturunda  tutduğu mövqeyə, səlahiyyətlərinə  görə müxtəlif mərhələlərdən keçmişdir. 1937-ci ildə qəbul olunmuş  yeni Konstitusiyaya əsasən parlament Ali Sovet adlandırıldı. Onun formalaşmasında müəyyən dəyişikliklər edildi. Lakin irticaçı sovet  ideologiyasının hökmranlığı,  repressiyanın misilsiz vüsəti insanları  daim qorxu altında  saxlayır, dəyişiklikliyin mahiyyətini əhəmiyyətli dərəcədə  azaldırdı. Məhz buna  görə  bu dövrdə  parlamentə seçilmiş deputatlar  1937-38-ci  və  sonrakı  illərdə  mütərəqqi fikirli  ziyalılarının məhv  edilməsinə, torpaqların hissə-hissə Ermənistana verilməsinə etiraz edə bilmədilər.  Bunun nəticəsi kimi,  yuxarıların  təzyiqi  ilə Azərbaycan  SSR  Ali Soveti  1938-ci il mayın 7-də Laçın, Qubadlı, Kəlbəcər və Qazax  bölgələrindən 2 min hektar  torpaq  sahəsinin  Ermənistana  verilməsi haqqında protokolu  təsdiq etdi. Bir müddət  sonra Azərbaycan  SSR Ali Sovetinin  Rəyasət Heyəti 1969-cu  il mayın 7-də parlamentin 1938-ci ildə  qəbul  etdiyi  bu bədnam qərarı   yenidən  təsdiq etdi.  Lakin az sonra hakimiyyətə gəlmiş  Heydər Əliyev  bu qərarın icrasının qarşısını aldı.  Bu, o dövrdə  görünməmiş cəsarət  nümunəsi idi. Sonralar SSRİ-nin  yeni Konstitusiyası  hazırlanarkən məhz onun qətiyyəti nəticəsində  Dağlıq Qarabağın  statusuna  yenidən baxılmadı.

Heydər Əliyev  respublikanın  rəhbəri kimi parlamentin  gücündən  məharətlə  istifadə edərək  xalqın milli-mənəvi sərvətlərinin qorunub  saxlanması və inkişafı üçün hüquqi bazanı addım-addım  genişləndirirdi.   Bu dövrdə onun xalqı qarşısında göstərdiyi ən böyük xidmətlərdən  biri   Azərbaycan  dilinə  dövlət  dili  statusu  verilməsi  idi.  Belə ki, IX çağırış Azərbaycan SSR  Ali Sovetinin VII növbədənkənar  sessiyasında,  1978-ci il  aprelin 21-də  Azərbaycanın  yeni Konstitusiyası  qəbul edildi.  Yeni  Konstitusiyada respublika üçün ən əhəmiyyətlisi  Azərbaycan  dilinin dövlət dili elan  olunması  haqqında  73-cü maddənin  qəbulu  idi.  O vaxtlar  Sovet ideologiyası  insanların  yeni tarixi birliyi olan Sovet  xalqının  yaranmasını bəyan  etmişdi.  Bununla əlaqədar  SSRİ məkanında rus  dili hökmran  dil kimi  təbliğ  edilirdi. Belə bir şəraitdə,  yalnız Heydər Əliyevin yenilməz iradəsi sayəsində  73-cü maddənin  qəbulu mümkün olmuşdu. Çox gərgin keçən müzakirələrdə  Heydər Əliyev Sovet İttifaqının o dövrkü  rəhbərliyini  bu müddəanın  saxlanmasına  inandıra  bilmişdi.

1970-ci illərdə  və 1980-ci illərin əvvəllərində  Azərbaycan parlamenti respublikada Heydər  Əliyevin  rəhbərliyi ilə  aparılan böyük quruculuq işlərinin  hüquqi  bazasının  yaradılmasına  mühüm  töhfələr verdi. Ali qanunvericilik orqanının  işindəki bu canlanma Heydər Əliyev şəxsiyyəti,  onun idarəçilik  istedadı ilə sıx bağlı idi. Ümumiyyətlə, 1970-1985-ci illər yeni Azərbaycan tarixinə quruculuq illəri kimi daxil oldu. Ölkə  həyatında baş verən  dəyişikliklərin miqyasına, iqtisadi  və sosial  sahələrdə  aparılan  köklü struktur  islahatlarının xarakterinə, xalqın maddi  rifah halının yüksəlməsinə  görə IX, X və XI beşilliklər Azərbaycanın hərtərəfli  tərəqqisində  mühüm mərhələ  olmuşdur.

 Bu  dövrdə respublika iqtisadiyyatında böyük bir  canlanma baş verdi.  Yüzlərlə zavod və fabriklər inşa edildi, yeni istehsalat  sahələri  yarandı. Neft və neft  avadanlıqları, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, tikinti materialları, məişət kondisionerləri, avtomobil hissələri, mineral  gübrələr, çini-saxsı qablar, xalça və xalçaçılıq məmulatları istehsalı üzrə Azərbaycan keşmiş SSRİ-də  ön sıraya çıxdı.

Bu illər  ərzində  Azərbaycanda  müasir  memarlıq üslubuna  cavab  verən çoxsaylı binalar, mədəniyyət və yaşayış evləri tikildi. Respublika  əhəmiyyətli  belə binalardan  biri  də bugünkü  Azərbaycan parlamentinin inzibati binasıdır. Mühüm əhəmiyyətli bu obyekt məhz Heydər Əliyevin  təşəbbüsü  ilə keçmiş  Sovetlər Birliyində analoqu olmayan memarlıq  üslubunda  inşa  edilmişdir.

Heydər  Əliyev parlamentin cəmiyyətin və dövlətin həyatındakı rolunu  yaxşı başa düşür, Azərbaycan SSR Ali  Sovetinin  deputatı  və  respublikanın  rəhbəri kimi Ali qanunvericilik orqanı ilə sıx əlaqədə fəaliyyət  göstərdi.  O, parlamentdə  bu dövrə təsadüf etmiş  IX, X və XI  beşilliklərinin proqramlarının  təsdiq  olunmasında  və  hər il respublika büdcəsinin qəbulunda yaxından iştirak edir, parlamentarizm  ənənələrinin bərpası və inkişafı  üçün əlindən  gələni əsirgəmir, Ali qanunvericilik  orqanının  fəaliyyəti ilə bağlı  tövsiyələrini  verirdi.  Heydər Əliyev Azərbaycan SSR  Ali Sovetinin və SSRİ Ali Sovetinin  tribunalarından məharətlə istifadə edir, deputat qrupunun Moskvadakı  fəaliyyətini respublikanın mənafeyi baxımından məharətlə istiqamətləndirirdi.

Məhz bu  məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi sovet ideologiyasının tüğyan etdiyi bir vaxtda  Heydər Əliyev  Azərbaycana fikir plüralizmi, demokratik və azad  düşüncə tərzi, güclü  sosial ədalət duyğusu və milli özünüdərk  hissi  gətirdi. O dövrdə keçmiş ittifaqın  aparıcı elm və təhsil ocaqlarında  gənclərimiz  lazımi ixtisaslara  yiyələndi, milli kadr korpusu yaradıldı.  Bu dövrdə  əldə  edilmiş  nailiyyətlər  gələcəkdə  müstəqil Azərbaycan  dövlətinin qurunması  üçün əsaslı zəmin yaratdı.  Məhz  illərdə  Heydər Əliyev  Vətəni  Azərbaycanı  yüksəkliklərə qaldırmaqla  yanaşı özü  də zəngin idarəçilik  və  dövlətçilik  təcrübəsi  toplayaraq  dünyanın görkəmli  siyasi və dövlət xadimlərindən  birinə çevrildi.

Sovet imperiyası  tərkibində  yaşanmış  dövrü Heydər Əliyev  belə xarakterizə edirdi: “Bu illər  bizim xalqımız  üçün bir tərəfdən faciələr, itkilər, məhrumiyyətlər illəri olmuş,  eyni zamanda  xalqımızın  maariflənməsi, təhsil alması, inkişaf  etməsi, Azərbaycanda  böyük  iqtisadi potensialın  yaranması, xalqımızın  dünya mənəvi  dəyərlərinə  qovuşması  sahəsində  müsbət rol oynamışdır.”

Heydər Əliyev  harada  çalışmasından  asılı olmayaraq həmişə xalqına,  Vətəninə sədaqətlə qulluq  etmiş, doğma  Azərbaycanla  heç vaxt əlaqələrini kəsməmişdir. O, Moskvada SSRİ rəhbərliyində təmsil olunduğu  dövrdə də  respublikanın  inkişafı  üçün  əlindən  gələni əsirgəmirdi.  Siyasi Olimpin Kreml zirvəsini fəth etmiş  Heydər Əliyev  çox qısa bir vaxtda  idarəçilik  və dövlətçilik  məharəti nümayiş etdirərək  SSRİ  Nazirlər  Soveti  sədrinin  birinci müavini  kimi ona  həvalə olunmuş  bütün  sahələr  üzrə irəliləyişə  nail oldu.  Bu onun xarizmatik  şəxsiyyəti və özünəməxsus fərdi  keyfiyyətləri ilə bağlı idi. Bu istedadlı  dövlət  xadiminin  fəaliyyəti təkcə Sovetlər  İttifaqında  deyil, hətta onun  hüdudlarından  kənarda da  geniş əks-səda  doğurmuşdur.  Heç də təsadüfi deyildir ki, xarici mətbuatda onu “Sovetlərin dəmir müsəlman rəhbəri”, “Kremldəki türk” kimi  dəyərləndirirdilər.

XX əsrin  80-ci  illərinin  sonunda - Mixail Qorbaçovun hakimiyyəti  zamanında İttifaq  rəhbərliyi açıq-aşkar müsəlman  respublikalarının inkişafına  lazımi şərait  yaratmır, bu  respublikaların xalqları  ilə  ikinci dərəcəli  vətəndaşlar  kimi rəftar  edirdi. Uydurma “yenidənqurma”  isə öz acı bəhrələrini verməkdə idi. Həmin dövrdə  ölkənin  ali rəhbərliyində təmsil olunan  Heydər  Əliyevin bu məsələdə  tutduğu  prinsipial və qətiyyətli mövqe onun  Sov.İKP MK Siyasi Bürosunun və  SSRİ Hökumətinin  tərkibindən  istefası ilə nəticələndi.

Bunun ardınca Mixail Qorbaçovun və onun  ətrafındakı  millətçi  erməni  dairələrinin  Azərbaycana qarşı məkrli təzyiqləri  daha da  gücləndi.  Azərbaycanı  parçalamaq, etnik  münaqişəyə cəlb etmək  məqsədi  ilə tezliklə  qondarma  Dağlıq Qarabağ  problemi  ortaya atıldı. Xalq öz haqlı etiraz  səsini  qaldıraraq azadlıq istəyini bəyan edəndə isə Qanlı 20 yanvar  faciəsi  törədildi.  Bakı  küçələrində  əliyalın  əhalinin  üzərinə  sovet tankları yeridildi.

Bu qanlı aksiya nəticəsində  Bakıda və respublikanın rayonlarında  131 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə  həbs olundu. Bu sözün həqiqi mənasında  “ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş” qanlı cinayət idi (HEYDƏR ƏLİYEV, 20 Yanvar faciəsinin 13-cü ildönümünə həsr olunmuş mərasimdə nitqindən, 19 yanvar 2003-cü il).

O faciəli günlərdə Heydər Əliyev  yenə xalqı ilə birlikdə  olduğunu sübut etdi. Respublikanın Moskvadakı daimi nümayəndəliyinə  gələrək  Mərkəzin və Azərbaycan rəhbərliyinin  xəyanətkar  mövqeyini ifşa edən bəyanat verdi. Bu cəsarətli siyasi bəyanat  təkcə Azərbaycanda deyil, həm də bütün keçmiş SSRİdə  yeni siyasi eranın başlanğıcı oldu. (Bəyanatın mətni)

Heydər Əliyevin Sovetlər İttifaqındakı böyük nüfuzundan xoflanan şovinistlər onun hər addımını  nəzarətdə saxlamağa, ölkədə gedən proseslərdən təcrid etməyə çalışırdılar. Moskvanın bütün təzyiqlərinə  baxmayaraq Heydər Əliyev Azərbaycana qayıtmaq istəyini gizlətmirdi. Mərkəz isə bu istəyin reallaşmasına hər cürə maneçilik yaradırdı. Onu gözləyən  ciddi  təhlükələrə rəğmən  xalqının taleyinə biganə qala bilməyən  böyük  siyasətçi 1990-cı il iyulun 20-də Vətənə döndü. Lakin onun Bakıda yaşamasına  imkan  verilmədi  və  iyulun 22 Heydər  Əliyev doğulub boya-başa çatdığı  Naxçıvana getdi.

Naxçıvan əhalisi Heydər Əliyevi böyük izdihamla qarşıladı. Xalqın mənəvi sıxıntı məngənəsində boğulduğu, iqtisadi, siyasi, sosial, hərbi və mənəvi böhran keçirdiyi bir dövrdə onun Naxçıvana qayıtması respublika əhalisində böyük ruh yüksəkliyi, gələcəyə inam yaratdı. Heydər Əliyevin  nüfuzu nəinki Naxçıvanda, respublikada  da kifayət qədər yüksək idi. Bu isə o dövrkü iqtidarı və rəsmi  Moskvanı narahat edirdi. Əslində isə Heydər Əliyev  yenidən siyasi hakimiyyətə qayıtmaq üçün deyil, öz doğma Vətəninə dönmüşdür. Sonralar Azərbaycan SSR Ali Sovetinin  12-ci çağırış  I sessiyasında  (1991-ci  fevralın 9-da) çıxışı zamanı o, bu barədə belə demişdir: “...Doğma Vətən torpağına  heç də yenidən hakimiyyətə qalxmaq... üçün yox,  ancaq və ancaq respublikanın  bu ağır və  çətin dövründə  xalqın dərdinə  şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetiriməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm. Məni bir azərbaycanlı kimi bu hüququmdan heç  kəs məhrum edə bilməz...”

İqtidarı isə Heydər Əliyev fenomeni çox narahat edir, ona qarşı hər cür təzyiqdən istifadə olunurdu.  Ancaq 1990-cı il sentyabrın 30-da Azərbaycan SSR Xalq deputatlarının  və yerli  xalq deputatları sovetləri deputatlarının seçkiləri zamanı  əhali bu böyük siyasətçini birmənalı şəkildə dəstəklədi. Seçkilərin birinci  turunda  Heydər Əliyev 340  nömrəli Nehrəm  seçki dairəsindən  Azərbaycan  SSR Xalq deputatı, 2 nömrəli M.F.Axundov  seçki dairəsindən isə Naxçıvan MSSR  xalq deputatı seçildi.

Həmin dövrdə bütün  respublikada olduğu  kimi, Naxçıvanda  da vəziyyət  çox gərgin idi. Erməni separatçılarının  Dağlıq Qarabağda  törətdikləri  vəhşiliklər,  respublika  rəhbərliyinin çaşqınlığı, Mərkəzin  Azərbaycana  qarşı  qərəzli mövqeyi ölkəni böhran  həddinə gətirib çıxarmışdı. Sovetlər  İttifaqı artıq özünün  son günlərini  yaşayırdı.   Respublikanın  səbatsız  rəhbərliyi isə müstəqilliyinin  əldə edilməsi üçün  taleyin  bəxş etdiyi nadir tarixi fürsətdən  istifadə  etməkdə acizlik   göstərirdi. Heydər Əliyev öz uzaqgörənliyi ilə İttifaqın  dağılacağını qabaqcadan görür və Azərbaycanın  müstəqillik  ulduzunun  yenidən  parlayacağına  qəlbən inanırdı.

Belə bir ağır  vaxtda o, Naxçıvanda milli  dövlətçilik  ənənələrini  bərpa  etməyə  başladı.  1990-cı il noyabrın 17-də  Muxtar Respublikanın ali qanunvericilik orqanında məhz onun  təşəbbüsü  ilə  Xalq Cümhuriyyətinin   üçrəngli  bayrağını qaldırdı. Heydər  Əliyevin sədrliyi ilə keçən həmin tarixi sessiyada Muxtar Respublikanın  rəsmi adından  “Sovet Sosialist” sözləri çıxarıldı, qanunvericilik hakimiyyəti  orqanının adı  dəyişdirilərək “Ali Məclis”  adlandırıldı. Bunun ardınca  1991-ci il  fevralın 5-də  Azərbaycan  parlamenti də respublikanın adının dəyişməsi və dövlət bayrağı haqqında qərar qəbul etdi.  Bu dövrdə sözün həqiqi mənasında Naxçıvan  parlamenti Azərbaycanın ali qanunverici orqanı üçün  nümunə idi.

1991-ci il martın 7-də Ali Sovetdə Sovetlər İttifaqının  saxlanılması barədə referendum  keçirilməsi haqqında  məsələ  müzakirə olunarkən Heydər  Əliyev dərin məzmunlu bir nitq söylədi. O, öz çıxışında  Sovetlər  İttifaqında və Azərbaycanda  yaranmış ictimai-siyasi  vəziyyəti  təhlil  edərək. Sovet imperiyasının süquta doğru getdiyini tutarlı  arqumentlərlə  əsaslandırdı və Azərbaycanın  gələcək müstəqilliyi  üçün  lazımi tədbirlərin  görülməsinin vacibliyini vurğuladı. (Cıxışın mətni)

Heydər Əliyevin və  demokratik qüvvələrin ciddi etirazlarına baxmayaraq, respublika  parlamenti SSRİ-nin saxlanması  barədə referendumda Azərbaycanın  iştirak etməsi haqqında qərar qəbul etdi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin, onun yerli  strukturlarının  zorla  keçirdikləri bu referendumda  o zaman yalnız Heydər Əliyevin təşəbbüsü ilə  Naxçıvan Muxtar Respublikası iştirak etmədi.

Bu dövrdə atdığı  səhv  addımlar  nəticəsində parlament xalqın dəstəyindən məhrum olmuş, iqtidarın əlində oyuncaq mexanizmə  çevrilmişdi. Parlamentin  binasını  mühasirəyə  almış  xalq  kütlələrinə  məhəl qoymayan iqtidar öz siyasi iradəsini diktə  etməyə çalışırdı. Vəziyyət  getdikcə  gərginləşirdi. Belə bir vaxtda iqtidarla müxalifət arasında  sövdələşmənin  nəticəsi olaraq  Azərbaycan  Ali Sovetinin səlahiyyətləri bərabərlik əsasında  formalaşdırılmış  50 nəfərlik Milli Şuraya  verildi. Qalan 210 deputatın hüquqları isə kobudcasına  tapdandı.

Ali Sovetin qeyri-demokratik  tədbirləri təkcə bununla bitmirdi. Parlamentdə Naxçıvan  MR  Ali Məclisinin  sədri  Heydər Əliyevin  siyasi  fəaliyyətinin  məhdudlaşdırılmasına  yönəldilmiş  qərarlar  qəbul olunurdu.  Belə ki, Naxçıvan MR parlamenti  sədrinin Azərbaycan  parlamenti  sədrinin  müavini  olması  qaydası  ləğv edildi.  Prezidentin seçilməsi  üçün yaş senzi  müəyyənləşdirdi və s. Təəssüf ki, sonralar AXC-Müsavat cütlüyünün hakimiyyəti  dövründə də Azərbaycan parlamenti öz  üzərinə düşən vəzifələri layiqincə yerinə yetirə  bilmədi.  

Azərbaycanın o vaxtkı rəhbərliyi, o cümlədən  parlamenti SSRİ-nin  süqutu ilə bağlı  baş verən prosesləri  düzgün qiymətləndirib vahid milli  platforma  yaratmaq əvəzinə bağışlanmaz passivlik və laqeydlik göstərdi. Erməni separatizmini faktik olaraq müdafiə edən SSRİ  rəhbərliyinin Azərbaycanın  suveren  hüquqlarını  açıq-aşkar pozan  qərarlarına  (“1988-1995-ci illərdə Azərbaycan  SSR DQMV-nin  sosial-iqtisadi  inkişafını  sürətləndirmək  tədbirləri  haqqında” Sov.İKP MK və SSRİ  Nazirlər  Sovetinin  1988-ci  il 24 mart  tarixli  və “Azərbaycan SSR-in DQMV-də xüsusi idarəçilik  formasının  tətbiqi  haqqında” SSRİ  Ali Soveti  Rəyasət Heyətinin  1989-cu il 12  fevral tarixli qərarları)  qarşı respublika rəhbərliyi, eləcə də  SSRİ-nin  ali qanunvericilik  orqanındakı  azərbaycanlı  deputatlar  etiraz edə bilmədilər. Əksinə, Azərbaycan parlamenti bu qərarları yüksək  qiymətləndirmişdi. Belə mövqe  xalqla  respublika rəhbərliyi və parlament arasında  dərin uçurum  yaratmışdı.

Heydər Əliyev imperiyanın  qorunub saxlanmasına  çalışan  qüvvələrə, ilk növbədə  Kommunist Partiyasına  və Sovet  dövlətinə açıq etirazını  bildirərək,  onların  riyakar  siyasətini cəsarətlə ifşa edirdi.  1991-ci il iyulun 19-da  o, Kommunist  Partiyası  sıralarından çıxdı. Heydər Əliyev, SSRİ Nazirlər Kabineti  partiya  təşkilatına  göndərdiyi ərizəsində yazırdı: “Azərbaycanın dövlət  suverenliyi, ərazi bütövlüyü Konstitusiyaya  zidd olaraq  kobud şəkildə pozulub.  Ermənistanla Azərbaycan  arasında  elan edilməmiş  müharibə gedir. Bütün  bunlar  dırnaqarası  “humanist  ideologiyalı” sovet dövləti üçün adi haldır.”

Xalq imperiyanın bərpa  cəhdlərinə  Heydər Əliyevin  bu qəti  etirazını razılıqla qarşıladı. 1991-ci il avqustun 26-da Naxçıvan  ərazisində  Azərbaycan  Kommunist Partiyasının fəaliyyəti  dayandırıldı, onun bütün strukturları ləğv edildi. Həmin ilin yayında  uğursuzluqla  nəticələnmiş   “avqust qiyamı”  da o dövrkü iqtidarı qəflət yuxusundan oyatmadı. Hakimiyyətdə olan Ayaz Mütəllibovun  tərəfdarları  Moskvapərəst  mövqe tutur,  Mərkəzin  göstərişlərini  sözsüz yerinə yetirməkdə  canfəşanlıq  göstərirdilər. Milli  xəyanət  yolu  tutmuş  bu  siyasətbazlar “Azərbaycanın  müstəqillik bəyannaməsi”ni də  ciddi qəbul etmək  istəmirdilər.  Bu məsələ  ilə əlaqədar  keçirilmiş  Ali Sovetin 1991-ci il 29-30 avqust  tarixli iclaslarında  Heydər Əliyev  o dövrkü  respublika  rəhbərliyinin  xəyanətkar  siyasətinin  əsl mahiyyətini  açdı. (Çıxışların mətni)

Zaman Heydər Əliyevin haqlı olduğunu sübut etdi.  O dövrdə  baş verən proseslərin məntiqi  nəticəsi kimi 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul etdi.  Təəssüflər olsun ki, müstəqilliyin ilk illərində o dövrkü  rəhbərlik üzərinə düşən məsuliyyəti tam dərk edə bilmir, siyasi  səbatsızlıq  nümayiş  etdirirdi.  Bu isə,  ölkəni iqtisadi, siyasi, mənəvi böhrana  sürükləyirdi.

Belə bir vaxtda  1991-ci il sentyabrın 3-də  Naxçıvan əhalisinin  təkidi ilə Heydər Əliyev muxtar respublikanın  Ali Məclisinə  sədr  seçildi. Heydər Əliyev Muxtar Respublikaya  rəhbərlik  etməyə başladığı ilk gündən  dövlət quruculuğuna,  idarəetmənin təkmilləşdirilməsinə, iqtisadi  islahatların  aparılmasına, xarici ölkələrlə  əlaqələrin qurulmasına, müdafiə  və hərbi  quruculuq  məsələlərinə  ciddi fikir verildi.

Həmin il sentyabrın 7-də  Naxçıvanın Ali Məclisi Dövlət müdafiə Komitəsi  yaradılması haqqında qərar qəbul etdi.  Heydər Əliyev  Naxçıvan Dövlət Təhlükəsizlik Komitəsinin Moskva ilə əlbir işlədiyini  aşkar etdi və bu təşkilatın  fəaliyyətini Ali Məclisin qərarı ilə müvəqqəti dayandırdı.

1991-ci il dekabrın  16-da  Naxçıvan Muxtar Respublikasının Ali Məclisi İran və Türkiyə ilə sərhəddə tikanlı məftillərin söküldüyü günü   - 31 dekabrı (1989-cu ilin sonunda Naxçıvanda “sərhəd hərəkatı” yaranmışıdır) Dünya  azərbaycanlılarının  həmrəylik günü elan etdi. Bir müddətdən sonra isə bu bayramın bütün ölkədə  rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikasının Ali Sovetində də qərar qəbul olundu.

1991-ci il  yanvarın 13-də  Ali Məclis Heydər Əliyevin işləyib hazırladığı “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında”   bəyanat  qəbul etdi.  (Bəyanatın mətni)

Təəssüf ki, Bakı bu məsələyə laqeyd münasibət göstərməkdə davam edirdi.  20 Yanvar hadisələri yalnız Heydər Əliyev respublikada yenidən hakimiyyətə qayıtdıqdan sonra öz əsil siyasi qiymətini aldı. 1994-cü il yanvarın 5-də  Prezidentin Fərmanı ilə parlamentə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclisin bir neçə gün davam edən xüsusi sessiyasında yanvar hadisələrinin əsas səbəbləri açıqlanaraq faciənin günahkarları aşkar edildi.

Heydər Əliyevin Naxçıvanda yerləşən sovet ordusunun hissə  komandanlıqları  və Rusiya dövlətinin  rəhbərliyi ilə  apardığı  gərgin danışıqlar  nəticəsində  75-ci  motoatıcı diviziya və 441-ci  sərhəd  dəstəsi  öz əmlaklarını Azərbaycan  Silahlı  Qüvvələrinə təhvil verərək Naxçıvan  ərazisini tərk  etdilər.

Tezliklə  blokada vəziyyətində olan Naxçıvanın vəziyyətini  yüngülləşdirmək üçün  qardaş  Türkiyə və İranla  əlaqələr  yaradırdı. Bu dövlətlərlə imzalanmış sənədlər Naxçıvanın vəziyyətini xeyli yüngülləşdirdi. Qısa zamanda Sədərəkdən köçürülmüş  əhali öz doğma  yurdlarına  qaytarıldı. 1992-ci il martın 24-də “Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti  arasında  əməkdaşlıq  protokolu”, həmin ilin avqustunda  isə “İran  İslam Respublikası ilə müxtəlif  sahələrdə əməkdaşlıq  haqqında” sənəd  imzalandı. Naxçıvan aeroportu yenidən quruldu.  Culfa və Şahtaxtı-Poldəşt keçid məntəqələri inşa olundu.  Muxtar respublika üçün həqiqətən həyati əhəmiyyət kəsb edən, xalq  arasında  “Ümid körpüsü” adlandırılan Sədərək  körpüsü tikildi.

1993-ci il fevralın 5-də  Naxçıvanda Türkiyə  Respublikasının, martın  8-də  isə  İran İslam  Respublikasının  konsulluqları  fəaliyyətə başladılar.  Heydər Əliyev ABŞ-ın, Türkiyənin, İngiltərənin, Fransanın səfirləri ilə keçirdiyi görüşlərdə dünya dövlətlərinin  diqqətini Azərbaycandakı vəziyyətə cəlb edə bildi.

Muxtar respublikada çətin və mürəkkəb şəraitdə  fəaliyyət  göstərməsinə baxmayaraq Heydər Əliyev Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin  vəziyyəti ilə də yaxından  maraqlanırdı. Onun təşəbbüsü  ilə 1992-ci ildə Naxçıvanda  görkəmli Azərbaycan şairi Hüseyn Cavidin  110 illik yubileyi  böyük təntənə ilə qeyd edildi.

1991-1992-ci illərdə  cəbhə  xəttində  vəziyyət  günü-gündən kəskinləşirdi. Artıq  Xocalı faciəsi baş  vermiş, 1992-ci il  martın  6-da  Ayaz Mütəllibov respublika rəhbərliyindən istefaya getməyə məcbur olmuşdu. Xəyanət nəticəsində   Şuşa  düşmənə təslim edilmişdi.  Mayın 14-də  Mütəllibov  təzyiq vasitəsilə yenidən hakimiyyətə qayıdaraq  cəmi 1 gün Prezident  kürsüsündə  otura bildi. Ertəsi  gün  Xalq Cəbhəsi  parlamentin binasına  hücum çəkdi və mayın  18-də ölkənin Ali  qanunvericilik orqanı 4 gün əvvəl  qəbul  etdiyi  qərarları  qanunsuz elan etdi. Beləliklə, cəbhəçilər hakimiyyəti zorla ələ aldılar. Ancaq onların səriştəsizliyi ucbatından  daxili və xarici  siyasətdə buraxılan səhvlər  onsuz da mürəkkəb olan  vəziyyəti  daha da gərginləşdirdi.

Bu hakimiyyət  də əvvəlki iqtidar kimi Heydər Əliyevin nüfuzuna qısqanclıqla  yanaşır, hər vəchlə onu respublikada  baş verən  siyasi proseslərdən  təcrid etməyə cəhd göstərirdi. Ancaq  xalqın taleyinə  biganə qala bilməyən ziyalılar, sadə  zəhmət  adamları başa düşürdülər ki, ölkəni gözləyən fəlakətlərdən ancaq Heydər Əliyev müdrikliyi  xilas edə bilər. Bu məqsədlə onlar  “Səs”  qəzetində “Azərbaycan Sizin sözünüzü  gözləyir”  adlı müraciətlə çıxış edərək Heydər Əliyevin  rəhbərliyi altında yeni bir siyasi partiyanın  yaradılması barədə  görkəmli dövlət  xadiminə  müraciət etdilər. Bundan qorxuya düşən  Xalq Cəbhəsinin  silahlı qüvvələri 1992-ci il oktyabrın  24-də  Naxçıvanda çevriliş  etməyə, Heydər  Əliyevi tutduğu  vəzifədən devirməyə cəhd  göstərdilər.

O dövrü  Heydər Əliyev belə xatırlayırdı:

“1992-ci ilin  oktyabr  ayında, biz  Naxçıvanda ağır  şəraitdə yaşadığımız  zaman  bəziləri  bunu da  bizə  çox  gördülər, Naxçıvanda  dövlət çevrilişi  etmək  istədilər. Xalq  Cəbhəsinin böyük  bir  silahlı  dəstəsi  Daxili İşlər  Nazirliyini  zəbt etdi, televiziyanı zəbt etdi.  Onların  bəzi  nümayəndələri  televiziya ilə xalqa müraciət  edib bizi devirmək çağırışları ilə  çıxış  etdilər.  Ancaq heç bir şey edə bilmədilər.  Çünki, xalq bizimlə idi.

Mən o vaxt hər bir  rabitədən məhrum olduğum üçün  bir  çox vətənpərvər insanlar avtomobillərlə dərhal şəhərin  məhəllələrinə, ətraf  kəndlərə, başqa  kəndlərə gedərək, insanları Ali Məclisin qarşısına dəvət  edirdilər.  Bir neçə saat  içərisində Naxçıvanın  20 minə qədər qeyrətli, namuslu kişiləri, qadınları, gəncləri, ağsaqqalları  toplaşdılar və sinələrini irəliyə  verib Naxçıvanın o vaxtkı  Ali Məclisini və Heydər Əliyevi  müdafiə etdilər.”

Bu,  ilk dövlət çevrilişinə  cəhd idi. Heydər Əliyev  xalqın dəstəyinə  arxalanaraq  dövlətçiliyə  balta vurmaq istəyənlərin məkrli  niyyətlərinin qarşısını  aldı.  Sonralar o, siyasi  hakimiyyətə  yenidən qayıtdıqdan  sonra 1994-cü ilin oktyabrında və 1995- ci ilin martında  silahlı  müxalifət  tərəfindən  növbəti dəfə belə cəhdlər olunacaqdı. Ancaq  xalq yenə də Heydər Əliyevlə birlikdə öz kövrək addımlarını atmaqda olan müstəqil dövlətinin keşiyində möhkəm dayandığını  bir daha nümayiş etdirəcəkdi.

O dövrkü iqtidarın bütün təqib və təzyiqlərinə baxmayaraq 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Heydər Əliyevin adı ilə bağlı olan bu partiya yeganə siyasi qurum idi ki, onun təsis konfransı paytaxtda – Bakıda deyil, ölkəni blokada şəraitində olan bir bölgəsində  keçirilirdi.  YAP tezliklə təşkilatlandı və respublikanın  siyasi  arenasında  öz dəsti-xətti olan bir  siyasi bir qüvvəyə çevrildi.

Ölkədə isə vəziyyət böhran həddinə çatmaqda idi. 1993-cü ilin  may ayının  25-də  Prezident  Aparatında  hüquq  mühafizə orqanları işçilərinin müşavirəsində Əbülfəz Əliyev  hakimiyyətin ölkədə yaranmış vəziyyətə nəzarət etməkdə  gücsüzlüyünü  etiraf edərək deyirdi: “Xalq deyir: - kaş canımız bu Xalq Cəbhəsinin  əlindən  qurtaraydı” – prokurorluqdan, məhkəmədən  xahiş edirəm buna cavab  versinlər. Bu gün respublika niyə dağılır?”

Bu dövrdə respublikada  separatçılıq meylləri  tüğyan edir, o dövrkü hakimiyyətin  “milli  qəhrəmanı” Surət Hüseynov  qoşunları cəbhə  xəttindən  çəkərək  iqtidara meydan  oxuyurdu. Hadisələri  düzgün  qiymətləndirə bilməyən rəhbərlik, əhali arasında günbəgün öz nüfuzunu  itirir,  baş vermiş  proseslərdən düzgün nəticə  çıxara bilmirdi.  Heydər Əliyev bu dövrü belə xarakterizə  edirdi:

“Gərək heç kəs  bunu unutmasın ki,  1993-cü  ildə  Azərbaycan  parçalanmaq, bir ölkə kimi, müstəqil  dövlət kimi məhv olmaq təhlükəsi  qarşısında idi.  Azərbaycanda  vətəndaş  müharibəsi  baş vermişdi. Bundan istifadə edən bəzi qüvvələr, həmin o, Xalq Cəbhəsinin içərisindən  çıxmış qüvvələr Azərbaycanın cənubunda  yeni bir “cümhuriyyət” yaratmağa  çalışırlar.

Şimalda  yeni hərəkat  başladı, separatçılıq  meylləri  artıq özünün  göstərdi.  Bir tərəfdən Ermənistanın Azərbaycana qarşı 1988-ci  ildən başlamış təcavüzü, müharibə və Azərbaycanın  daxili vəziyyətinin  bu qədər ağır, bu qədər çətin  olması, idarə  oluna  bilməməsi. Bundan istifadə edərək,  Ermənistan  silahlı qüvvələri çox hallarda heç bir  müqavimətə  rast  gəlmədən  Azərbaycanın  torpaqlarını  sürətlə  işğal  etməyə başladılar.

1993-cü ildə Azərbaycan yanırdı.”

1993-cü  ilin iyunun 4-də iqtidarın  fərsizliyi  ucbatından Gəncədə  qardaş qanı töküldü. Hadisələrin ertəsi günü  - iyunun  5-də Heydər Əliyevin  rəhbərlik  etdiyi Naxçıvan Ali  Məclisi hadisə ilə əlaqədar bəyanat verdi.  Bəyanatda  qəhrəman Cavad xanını nəvələri - gəncəlilərə  müraciət  edilərək  onların  imperiya  nökərlərinə  layiqli  cavab  verəcəklərinə, müstəqilliyimizi və gənc Azərbaycan dövlətini qoruyub saxlayacaqlarına  böyük inam ifadə olunurdu:

“Əziz həmvətənlərimiz! Baş vermiş hadisə Azərbaycanın  hər yerində olduğu kimi, Naxçıvanda da  qəzəb və hiddətlə qarşılanmışdır. Biz bunu müstəqil dövlətçiliyimizə edilən qəsd, yenicə titrək addımlarını  atan  Azərbaycan dövlətinə  arxadan vurulan zərbə hesab edirik.

Azərbaycan Respublikasının bir hissəsinin düşmən tapdağında olduğu, dünyanın mütərəqqi dövlətlərinin Azərbaycana  diqqətinin artdığı bir dövrdə cinayətkar ünsürlərin törətdiyi qardaş qırğınını  təcavüzkar Ermənistanın dəyirmanına su tökmək kimi qiymətləndiririk...

Belə bir ağır şəraitdə biz, Naxçıvan MR xalq deputatları, seçicilərimizin fikirlərini ifadə edərək Azərbaycan dövlətçiliyini qorumaq məqsədilə xalqı birliyə  çağırırıq!” 

Bakı  isə hələ də susurdu. Əksinə səriştəsizlik, bəd əməlləri ucbatından  özlərini  itirmiş  yuxarı  dairələrdə  qədim Gəncə əhalisinin  köçürülməsi,  şəhərin bombardman edilməsi barədə sərsəm  fikirlər  səslənirdi.  İyunun  8-də isə Əbülfəz Elçibəyin Milli Məclisdəki məntiqsiz  çıxışı və  AXC-nin  bəyanatı hamını sarsıtdı. Bu düşünülməmiş avantürist hərəkətlərin  məntiqi nəticəsi kimi  Gəncə elliklə ayağa qalxdı.  Vəziyyətin ciddiliyini  nəzərə  alan  siyasi partiyalar, cəmiyyətlər  və digər  təşkilatlar iqtidara  qarşı  etiraz bəyanatı imzaladılar.

Sənəddə deyilirdi: “Prezident Ə.Elçibəyin  08 iyun 1993-cü  il tarixdə  Milli Məclisdəki çıxışının və onun   fikrinin davamı kimi  AXC-nin  09 iyun 1993-cü il tarixli  bəyanatını  vətəndaş  müharibəsinə  çağırış kimi  qiymətləndirərək qətiyyətlə pisləyirik!”

O günlərdə  Gəncədə  aramsız mitinqlər keçirilirdi. Bu mitinqlərdə  şəhər  əhalisi  ölkəni  vətəndaş  müharibəsinə  sürükləyən  respublika  rəhbərliyinin istefasını və Gəncə  hadisələrinə  siyasi  qiymət  verilməsini  qətiyyətlə  tələb edirdi. Mitinqlərin  birində  bütün  Azərbaycan xalqına  bu məsələ ilə əlaqədar müraciət  qəbul olundu.

( Müraciətin mətni)

İqtidar  çaşqınlıq  içərisində  idi.  Belə bir  mürəkkəb  vəziyyətdə  iflasa  uğradıqları ilə  barışmalı olan  cəbhəçilər də vəziyyətdən  çıxış yolunu xalqın istəyi ilə razılaşaraq  Heydər Əliyevin Bakıya  dəvət  edilməsində  görürdülər. Dövlətçiliyimizin müqəddəratının  həll olunduğu belə bir məqamda  Heydər Əliyevin xalqın təkidli  tələbini nəzərə alaraq Bakıya  gəlişi respublika əhalisində böyük ümidlər yaratdı. İyunun 13-də Heydər  Əliyev  vəziyyətlə yerində tanış olmaq  üçün  Gəncə şəhərinə gəldi. Hər şeyi yerli-yataqlı öyrənəndən sonra  Milli Məclisinin növbəti iclasında Gəncə  hadisələri barədə  öz qəti sözünü dedi.

İyunun 15-də Heydər Əliyev  xalqın təkidli  tələbi və yenilməz iradəsi  ilə  Azərbaycan Respublikası Ali Sovetinin sədri  seçildi.  Həmin gün parlamentin  tarixi iclasında  Heydər Əliyev  çıxış etdi: “Azərbaycan Respublikasının bugünkü ağır,  mürəkkəb və gərgin  vəziyyətini tam məsuliyyətlə  dərk edirəm.  Bu vəzifəni öz üzərimə  götürərək  öz məsuliyyətimi anlayıram  və bunların  hamısını  rəhbər  tutaraq əlimdən gələni edəcəyəm.  Ali Sovetin  sədri kimi  Azərbaycan  xalqının tarixi  nailiyyəti olan  Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf  etdirməyi özüm üçün  əsas vəzifələrdən biri hesab edirəm.  Azərbaycan respublikasının  dövlət  müstəqilliyi 1918-ci ildə  yaranmış ilk  Azərbaycan Demokratik  Respublikasının  ənənələri əsasında,  müasir tələblərlə,  dünyada  gedən proseslərlə  bağlı olaraq  təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin  şübhəsi  olmasın ki, ömrümün  bundan sonrakı  hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan  Respublikasının  müstəqil dövlət kimi  inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki,  mənim fikrimcə, Azərbaycan Respublikası,  bundan  sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir  dövlətin tərkibinə  daxil olmayacaq, heç bir  başqa  dövlətin əsarəti  altına  düşməyəcək.”

Heydər Əliyevin ölkənin  Ali Qanunvericilik orqanına  sədr seçilməsi  respublika  həyatında çox  mühüm bir   hadisə oldu.  Bu siyasi qayıdış,  sözün  həqiqi mənasında  Azərbaycanı  azərbaycanlılara, milləti özünə  qaytardı.  Hadisələrin sonrakı gedişi göstərdi ki, 15 iyun Azərbaycanın  müstəqillik tarixində  yeni siyasi  eranın başlanğıcı  oldu!

Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq  aşkarlıq prinsipinə  üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat  konfransları,  respublika  əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi  həyatdakı  gərginliyin  aradan  qaldırılması  üçün lazımi tədbirlər  görülməyə başlandı.

Ölkədə sabitliyin  bərqərar olması üçün gərgin iş  aparıldığı bir vaxtda Prezident Əbülfəz Elçibəy müəmmalı  şəkildə Bakını tərk etdi. İyunun 18-də Heydər Əliyev yaranmış vəziyyətlə əlaqədar xalqa  müraciət etdi. O, hamını təmkinli olmağa, milli birliyə, vətəndaş  həmrəyliyinə çağırdı. Milli Məclisdə keçən müzakirələrdə Əbülfəz Elçibəyə  ünvanlanan  müraciətlər bir nəticə vermədi. Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin  sədri Heydər Əliyevə  verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün  hadisələrin dövlətin  nəzarəti  altına götürülməsi, xalqın iradəsinə tabe  edilməsi demək idi.

Heydər Əliyevin  1993-cü il iyunun  15-dən oktyabrın 3-dək  Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm  ənənələri yeni  nəfəs, yeni qüvvə  aldı. Ordu quruculuği  sahəsində mühüm qərarlar qəbul edildi.  “Şəhid adının əbədiləşdirilməsi və şəhid  ailəsinə  edilən güzəştlər  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu qəbul  olundu.  Konstitusiyada  və müxtəlif  hüquqi  sənədlərdə   dəyişikliklər edildi.

Heydər Əliyev  bu  dövrdə  əhalini  döyüş ruhunu qaldırmaq, müharibə  dövrünə uyğun  təbliğat  aparmaq, qanunsuz  silahlı  dəstələri  zərərsizləşdirmək üçün lazımi  tədbirlər  görür, ölkədəki vəziyyət barədə fikirlərini tez-tez xalqla bölüşürdü.

Avqustun 7-də cənub  bölgəsində “Talış-Muğan Respublikası” elan olunmuşdu.  Bununla əlaqədar Heydər Əliyev avqustun 13-də parlamentdə həmin bölgədən olan deputatlar, ziyalılar, ağsaqqallarla  görüşüb vəziyyəti  müzakirə etdi. Avqustun 17-də isə Milli Məclis  “Azərbaycan  Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında  yaranmış  vəziyyət haqqında” Qərar qəbul edərək “Talış-Muğan Respublikası” avantürasına  siyasi qiymət verdi. Tezliklə əhalinin istəyi ilə bu  bədnam iddiaya  son qoyuldu.

1993-cü il avqustun 29-da Milli Məclisin qərarı ilə Əbülfəz  Elçibəyə etimadsızlıqla bağlı referendum keçirildi. Referendumun nəticələri AXC – Müsavat cütlüyünün xalq  arasında  heç bir dəstəyə malik olmadığını  bir  daha  sübut etdi.

Heydər Əliyev  parlamentin  sədri kimi  Azərbaycanın strateji maraqları  əsasında ölkənin yeni xarici siyasət  konsepsiyasını, onun beynəlxalq  münasibətlər sistemində yerini müəyyənləşdirdi. İlk növbədə AXC  hakimiyyətinin  bu sahədə buraxdığı  kobud səhvlər tezliklə aradan  qaldırıldı. 

Ali Sovetin  sədri   mədəniyyətin,  elmin və təhsilin  inkişafına da böyük diqqət yetirir,  alimlərlə, gənclərlə görüşlər  keçirir, onlarla  ölkənin gələcəyi  barədə  fikirlərini bölüşürdü. 

Parlamentin sədri  vəzifəsində fəaliyyət  göstərən Heydər Əliyev qanunun  aliliyi, azad  vətəndaş  cəmiyyəti   prinsiplərinin  bərqərar olması zəruriliyini dəfələrlə vurğulayırdı: “Azərbaycan Respublikası  demokratik  yolla  getməlidir, Azərbaycanda  həqiqi demokratiya prinsipləri yaranmalıdır, inkişaf etməlidir, Azərbaycanda siyasi  plüralizmə  imkan  yaradılmalıdır.  Azərbaycan çoxpartiyalı bir cəmiyyət  kimi  yaranmalıdır, partiyaların  fəaliyyətinə  şərait  yaradılmalıdır, Azərbaycan  bazar iqtisadiyyatı  yolu ilə, sərbəst  iqtisadiyyat  yolu ilə getməlidir.  Azərbaycanda milli həmrəylik, insanlar, siyasi partiyalar,  qurumlar  arasında  sülh və sağlam  rəqabət əhval-ruhiyyəsi  yaranmalıdır.”

Milli Məclisin  iyulun 3-də  keçirilən  iclasında Heydər Əliyev  bildirdi ki, o,  AXC hökuməti zamanı neft sahəsindəki  bütün  danışıqları müvəqqəti olaraq  dayandırır və hesab edir ki,  bu məsələ mütəxəssislər  tərəfindən  ətraflı öyrənilməli və yalnız onların rəyindən  sonra hər hansı bir  qərar qəbul edilməlidir və bu zaman  Azərbaycan xalqının  mənafeyi əsas götürülməlidir. Zaman bu görkəmli dövlət xadiminin haqlı olduğunu bir daha sübut etdi.

Cəmi 4 ay  Ali Sovetin sədri  vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa müddətdə parlamentin  ruhunu kökündən  dəyişdi, Milli Məclisə  siyasi mədəniyyət  gətirdi. Onun iclası  aparmaq tərzi, fikirlərini  dəqiq əsaslandırması, çıxışların  məğzini tutmaq bacarığı, qiymətli  fikirləri  ümumiləşdirmək qabiliyyəti  özlüyündə  parlamentin üzvləri  üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi. 

Mübaliğəsiz  demək olar ki, Heydər Əliyevin Ali Sovetin sədri  vəzifəsində  çalışdığı  qısa zaman  kəsiyində Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının  təməli qoyuldu.  Heç  də  təsadüfi  deyildir ki, 1993-cü il 3 oktyabr  prezident  seçkilərində seçicilərin 98,8 faizi  Heydər Əliyevə  səs  verərək ölkənin taleyini bu görkəmli dövlət xadiminə  həvalə  etmək niyyətində  olduqlarını bütün  dünyaya  nümayiş etdirdilər.

Ölkə  başçısı kimi Heydər Əliyev iqtisadi,  siyasi,  sosial,  hüquqi  islahatların həyata həyata keçirilməsini, demokratik dəyərlərin  cəmiyyətdə  bərqərar olunmasını çox önəmli hesab edirdi. Bu məqsədlə o ölkənin yeni Konstitusiya  layihəsinin  hazırlanmasına böyük əhəmiyyət  verir, bu işə  şəxsən özü rəhbərlik edirdi.  Uzun müzakirələrdən  sonra  1995-ci il noyabrın 12-də  ümumxalq  səsverməsi ilə  müstəqil Azərbaycanın  ilk demokratik  Konstitusiyası qəbul olundu.  Həmin gün müstəqillik dövründə ilk dəfə parlamentə seçkilər keçirildi və I çağırış Milli Məclis tezliklə işə başladı.

Ölkənin Əsas  sənədinin  qəbulu  dövlət  quruculuğu,  cəmiyyətin gələcək inkişaf modeli üçün  hüquqi əsas yaratdı. Bununla Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması baxımından tariximizin ən məhsuldar  dövrünün  təməli  qoyuldu. Tezliklə  ölkə başçısının 21 fevral  1996-cı il  tarixli  sərəncamı ilə  Hüquq  islahatları Komissiyası yaradıldı.  Komissiyada  qısa  müddətdə   ölkə  həyatının  müxtəlif sahələri  üzrə yeni  qanun  layihələri işlənib  hazırlandı.  Bu işdə  parlament  Heydər Əliyevə  dəstək  verdi.

Bu  dövrdə  qəbul olunmuş qanunlar  arasında  aşağıdakıları  göstərmək  olar: Mülki Məcəllə, Mülki-Prosessual Məcəllə,  İnzibati Xətalar Məcəlləsi,  Cinayət Məcəlləsi, Cinayət-Prosessual  Məcəllə,  Cəzaların İcrası Məcəlləsi, Gömrük Məcəlləsi, Vergi Məcəlləsi, Ticarət  gəmiçiliyi Məcəlləsi və başqa  məcəllələr, “Torpaq  islahatı haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmə və hakimlər  haqqında”,  “Prokurorluq  haqqında”, “Polis haqqında”, “Vəkillər  və  vəkillik fəaliyyəti haqqında”, “Diplomatik xidmət haqqında və s.

Bu  sənədlər  ölkədə  hüquqi, demokratik, dünyəvi  dövlətin  və vətəndaş  cəmiyyətinin,  bazar iqtisadiyyatının hüquqi bazasının yaradılmasında mühüm rol oynadı.

Statistikaya  müraciət etsək, görərik ki,  1993-cü  il oktyabrın 10-dan  2002-ci il  dekabrın 30-dək  Milli Məclis tərəfindən  qəbul edilmiş 1715 qanun və qərardan  975-i  Prezident  Heydər  Əliyevin  təşəbbüsü ilə qəbul edilmişdir.

1998-ci ildə Heydər  Əliyevin  təşəbbüsü ilə  Şərq  aləmində ilk demokratik  respublika  quran Azərbaycan bu  dəfə də ilk dəfə olaraq  ölüm cəzasını  ləğv etdi. Bu İnsan  hüquq  və  azadlıqlarına  dövlət  səviyyəsində göstərilən  diqqətin  bariz  nümunəsi idi.

Heydər Əliyev milli qanunvericiliyimizin daha da təkmilləşdirilməsi, ölkəmizin Avro-atlantik məkana inteqrasiyasını  daha  da sürətləndirmək məqsədi ilə 2002-ci il iyunun 22-də öz fərmanı ilə Konstitusiyada  dəyişikliklər  edilməsi  haqqında  referendum  aktının  layihəsini ümumxalq  səsverməsinə çıxardı.  Bu, Heydər Əliyevin dərin  fəlsəfi düşüncələrinin məntiqi nəticəsi kimi ilk növbədə  dövlətçiliyimizin, demokratik norma və prinsiplərin daha da möhkəmləndirilməsinə  yönəlmişdir.

Bu  dövrdə artıq parlament Avropa məkanına inteqrasiya sahəsində çox vacib qanunlar qəbul etmişdir. Bunların  arasında  “Azərbaycan Respublikasının İnsan  hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, “Azərbaycan Respublikasında  insan hüquq və azadlıqlarının  həyata keçirilməsinin tənzimlənməsi haqqında”, “ Nazirlər kabinetinə Azərbaycan  Respublikasının Milli Məclisi tərəfindən etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya  qanunları  kimi   çox mühüm sənədlər var idi.

2002-ci il avqustun 24-də əhalinin  böyük əksəriyyəti  referendum  aktına  səs  verərək Heydər Əliyevin  rəhbərliyi ilə ölkədə aparılan  hüquqi islahatları dəstəklədiyini  bildirdi.  Konstitusiyaya  edilmiş  dəyişikliklərə əsasən vətəndaşlara Ombudsmana, Konstitusiya  məhkəməsinə  müraciət  etmək hüququ  verildi. Milli Məclisin  səlahiyyətləri  dəqiqləşdirilərək ona Ombudsmanın seçilməsi, Apelyasiya Məhkəməsinə  hakimlərin təyin olunması  hüququ  verildi.  Bu  dəyişikliklərin bir qrupu  məhkəmə hakimiyyətinin rolunun artırılması, Prokurorluğa  qanunvericilik təşəbbüsü  hüququnun  verilməsi ilə bağlı idi.

Ölkənin əsas  sənədinə edilmiş  dəyişiklik Azərbaycan Respublikasındakı  reallığı  özündə əks etdirməklə xalqımızın, dövlətçiliyimizin  gələcək  tərəqqisinə xidmət edirdi.  Heç də  təsadüfi  deyildir ki, parlament  bu məsələ ilə əlaqədar  özünün 2002-ci il  29 iyul tarixli  müraciətində Heydər Əliyevin  hüquq  siyasəti  sahəsindəki bu  təşəbbüsünü  dəstəklədiyini  birmənalı şəkildə ifadə  etmişdir.  Bu, Heydər Əliyev  və parlament iş birliyinin ən parlaq  nümunələrindən  biri idi.

Heydər  Əliyevin  xarici  siyasət  strategiyasında  parlamentin beynəlxalq  əlaqələrinin inkişafı mühüm  yer tuturdu.  Bu  siyasətin məntiqi nəticəsi  kimi bu gün  Milli Məclis respublikanın  iştirak etdiyi bir sıra  nüfuzlu  beynəlxalq  qurumların parlament  məclislərinin, o  cümlədən  Avropa Şurası Parlament  Assambleyasının,  Parlamentlərarası İttifaqın,  ATƏT-İn  Parlament  Assambleyasının, Qara Dəniz İqtisadi Əməkdaşlığı  Parlament  Məclisinin, MDB-nin  Parlamentlərarası  Assambleyasının, GUAM Parlament Assambleyasının, İslam Konfransı Təşkilatı  Parlament  Məclisinin tam  hüquqlu  üzvüdür, Avropa  Parlamenti və Şimali Atlantika Parlament  Assambleyası  ilə  yaxından əməkdaşlıq edir.

Milli Məclisdə  dünyanın 60-dan çox ölkəsinin  parlamenti  ilə əlaqələr  üzrə işçi qrupları yaradılmışdır.  Parlament nümayəndə  heyətləri  tez-tez xarici ölkələrdə  səfərlərdə olur, Milli Məclisdə  xarici ölkələrin  siyasi və dövlət  xadimləri, parlament  üzvləri ilə görüşlər  təşkil edilir. Bütün bunlar  qanun  yaradıcılığı sahəsində  təcrübə  və informasiya  mübadiləsi  baxımından çox əhəmiyyətlidir.  Azərbaycan  parlamenti ölkənin  beynəlxalq  əlaqələrinin inkişafına  öz layiqli  töhfəsini  verməkdədir.

Müstəqil Azərbaycanda  Prezident -  parlament münasibətlərinin yüksək  səviyyədə  olduğunu  göstərən ən bariz  nümunələrdən  biri  2001-ci il fevralın 23-24-də  Milli Məclisin Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin  sülh  yolu ilə həlli  prosesinə  aid məsələyə  həsr  edilmiş iclası olmuşdur.

İclasda Heydər Əliyev Dağlıq Qarabağ problemi ilə əlaqədar baş verən prosesləri şərh edərkən haqlı olaraq qeyd edirdi ki, əgər müstəqilliyin ilk illərində bütün Azərbaycan xalqını hiddətləndirən, vahid sarsılmaz bir qüvvə kimi  meydanlara toplayan milli qürur, milli oyanış hisslərindən lazımi şəkildə istifadə olunsaydı, vəziyyət bu dərəcədə mürəkkəbləşməzdi. (Cıxışın mətni)

Ölkə başçısının  iştirakı ilə  keçirilən bu iclasa  ölkədə  fəaliyyət  göstərin  siyasi partiyaların, qeyri-hökumət  təşkilatlarının, habelə ziyalıların, bütövlükdə geniş ictimaiyyətin  nümayəndələri  dəvət  olunmuşdular.  Bu prezidentin əslində  xalqla   məsləhətləşməsi idi.  Belə vacib tədbirin Milli Məclisdə keçirilməsi, şübhəsiz, Heydər Əliyevin parlamentin  nüfuzunu yüksək  tutduğunu sübut edir.

Heydər Əliyev parlamentarizm  ənənələrinin  inkişafına müstəqilliyimizin qorunub saxlanması, daha da möhkəmlənməsi prizmasından  yanaşır, bu sahəni dövlətçilik  məfkurəsinin  ayrılmaz  tərkib  hissəsi  hesab  edirdi. O, dəfələrlə  qeyd  edirdi ki,  müstəqil Azərbaycan XX əsrin əvvəllərində  mövcud olmuş Xalq Cümhuriyyətinin  varisidir. Hakimiyyətin mühüm  qollarından  biri kimi  bugünkü Milli Məclis də varislik prinsipinə sadiq  qalaraq parlamentarizm  ənənələrini inkişaf  etdirməkdədir.

Heydər Əliyev Xalq Cümhuriyyətinin 80 illik yubileyi münasibəti ilə Milli Məclisin təntənəli iclasında çıxış edərkən bu barədə  öz  fikirlərini  belə  açıqlamışdı: “Azərbaycan  Respublikasının  Milli Məclisi Xalq Cümhuriyyətinin  yaratdığı  Parlamentin  indi də varisidir. Varislik həmişə, eyni  zamanda, böyük məsuliyyət  demək olubdur.  Varislik o demək deyil ki,  sən o hadisəni olduğu kimi  təkrar edəsən,  yaxud o səviyyədə  yaşayasan.  Hər bir varis varislik prinsipini əzizi  tutaraq, o dövrün, o hadisənin  varisi olaraq  o hadisəni, o dövrü, o quruluşu  daha da  yüksəklərə  qaldırmalıdır.  Biz Azərbaycanda bunu edirik və bu sahədə çox şeylərə nail olmuşuq.  Hesab  edirəm ki,  Azərbaycanın bugünkü  Milli Məclisi  varislik adını  şərəflə daşıyır, eyni zamanda,  ötən illərdə  və xüsusən  son  dövrdə Azərbaycanın  müstəqil dövlətini inkişaf etdirmək  üçün çox işlər  görübdür.”

(Çıxışın mətni)

Bugünkü Milli Məclis Xalq Cümhuriyyəti Parlamentinin varisi kimi  Azərbaycan dövlətçiliyini əbədi etmək üçün  Heydər Əliyev  ideyalarından bəhrələnir. Zəngin idarəçilik təcrübəsinə və yenilməz iradəyə malik belə bir tarixi şəxsiyyətin ölkədə yenidən siyasi hakimiyyətə  qayıdışı Azərbaycanın  müstəqil  dövlətçiliyini, siyasi  varlığını məhv olmaq  təhlükəsindən  xilas etməklə yanaşı həm də  Azərbaycan parlamentarizm tarixində yeni bir dövrün  başlanğıcını qoydu.

Onun heyrətamiz  xilaskarlıq  missiyası nəticəsində  Azərbaycan ötən əsrin əvvəllərində  mövcud olmuş Xalq Cümhuriyyətinin aqibətindən qurtuldu. Azərbaycan  tezliklə  təlatümlərindən, sarsıntılardan  uğurla çıxaraq gələcəyə, inamla baxan  bir dövlətə çevrildi.

Ölkədə tezliklə ictimai-siyasi sabitlik yaradıldı. Dövlət çevrilişlərinin qarşısı qətiyyətlə alındı. Cəbhə xəttində atəşkəs elan olundu. Ordu quruculuğunda əməli addımlar atıldı. Ölkədə geniş miqyaslı hüquqi, iqtisadi, sosial islahatlara start verildi. Azərbaycanda demokratik, azad, ədalətli və şəffaf  seçki  sistemi  yaradıldı,  dəfələrlə  prezident,  parlament və bələdiyyə  seçkiləri  keçirildi. çoxpartiyalı, plüralist parlament  işə başladı. Siyasi  partiyaların, qeyri-hökumət  təşkilatlarının,  Kütləvi  İnformasiya  Vasitələrinin tam  sərbəst  şəraitdə  fəaliyyəti üçü hər cür  şərait  yaradıldı.  

Qısa  bir müddətdə dövlət  mülkiyyətinin  geniş miqyaslı  özəlləşdirilməsinə başlandı, torpaq  islahatı  həyata  keçirildi, sərbəst  bazar  iqtisadiyyatı  üçün  lazımi hüquqi baza  yaradıldı.  “Əsrin  müqaviləsi” adını almış,  Xəzər  dənizinin  Azərbaycan  sektorunda  neft  yataqlarının  işlənməsi  haqqında  Saziş  və başqa  neft   müqavilələri parlamentdə  təsdiqlənərək  real  bəhrəsini  verməyə  başladı. 

Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti   kimi iri regional  layihələrinin  fəal iştirakçısına  və təşəbbüskarına  çevrildi. Müstəqil Azərbaycan Qədim İpək Yolunun bərpası, Bakı – Tbilisi – Qars  dəmir yolu xətti kimi qlobal  miqyaslı layihələrə öz möhürünü  vurdu. Ölkənin haqq səsi dünyanın mötəbər kürsülərindən eşidildi.

Heç də təsadüfi  deyildir ki,   müstəqil Azərbaycanın  parlamenti Heydər Əliyevin ölkə  rəhbərliyinə qayıdışı  gününü  özünün  1997-ci il 27 iyun tarixli  qərarı ilə  Azərbaycan xalqının Milli Qurtuluş günü  elan etmişdir.

Qərarda deyilir: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması əslində onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “ömrünün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi.”

Heydər Əliyevin Azərbaycanda  siyasi  hakimiyyətə  qayıdışı  ilə qoca Qafqazın  bu bölgəsində  yeni bir siyasi  dövr, yeni  təfəkkür  mərhələsi başlandı. Məhz bu yeni dövr  Azərbaycanın  XXI əsrə hüquqi, demokratik dövlət kimi adlamasına əsaslı təminat yaratdı.

Dövlət idarəçiliyində yüksək səviyyəli Prezident – parlament münasibətlərini özündə ehtiva edən Heydər Əliyev ideyalarından bəhrələnən  Azərbaycan  bu gün uğurları ilə dünyanı heyrətləndirir. Bu nailiyyətlərin qazanılmasına ölkə parlamenti də öz layiqli töhfəsini verməkdədir.

Azərbaycan prezidenti cənab  İlham Əliyev Milli Məclisdə çıxışında bu barədə belə demişdir:  ”Mənim üçün Milli Məclis çox əziz və doğma bir yerdir, mənim doğma evimdir....Biz bir  məqsədə qulluq edirik. Amalımız da, məramımız  da birdir – ölkəmizi möhkəmləndirmək, gücləndirmək, Azərbaycan xalqının rifah halını  yaxşılaşdırmaq,  güclü,  zəngin  dövlət  yaratmaqdır”. 

Azadlığı, müstəqilliyi uğrunda bütün çətinliklərə mərdliklə sinə gərmiş mübariz Azərbaycan xalqı bu gün Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi,   prezident İlham Əliyevin rəhbərliyi ilə öz şanlı tarixinin yeni parlaq səhifəsini yazmaqdadır.

Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin başladığı işlərin onun siyasi varisi - ölkə başçısı tərəfindən  uğurlu davamı gələcəyə doğru inamla addımlayan Azərbaycanın XXI əsrdə daha yüksək zirvələr fəth edəcəyindən xəbər verir.

Səfa Mirzəyev

Milli Məclis Aparatının rəhbəri,
1-ci dərəcə Dövlət müşaviri

Mehman Qayıbov

Milli Məclisin Mətbuat katibinin müavini,
3-cü  dərəcə Dövlət müşaviri

(Heydər Əliyev xatirə zalının materiallardan)

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi