VƏTƏNDAŞLAR ÜÇÜN
CARİ FƏALİYYƏT
Jurnal
Ümumi məlumat
Azərbaycan parlamentinin sədri Oqtay Əsədovun təşəbbüsü ilə Milli Məclis tərəfindən təsis edilən “Milli Məclis” analitik-informasiya jurnalı 2007-ci ilin may ayından nəşr edilir. Jurnalın məqsədi təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan parlamentinin fəaliyyətini işıqlandırmaq, qanunvericilik prosesini izləyən insanların marağını təmin etməkdir. Jurnalda əsasən Milli Məclisin çoxsahəli fəaliyyəti, parlamentlərarası beynəlxalq əlaqələr, qanunvericilik prosesi öz əksini tapır. Həmçinin Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin başçılığı ilə ölkədə bütün sahələrdə aparılan geniş islahatlar nəticəsində əldə edilən sürətli inkişaf və qazanılan nailiyyətləri ətraflı təhlil edən yazılar da dərc edilir. Oxucular Azərbaycan parlamentarizminin təşəkkül tarixini və dünyada parlamentarizmin yaranmasından bu günə qədərli inkişaf yolunu silsilə məqalələr vasitəsilə izləyə bilirlər. Dünya siyasətində mühüm rol oynayan şəxsiyyətlər haqqında yazılarda isə onların tarixin məcrasını necə dəyişmələrindən bəhs olunur. Dünya siyasətçilərinin son çıxışlarından verilən maraqlı sitatlar qlobal siyasətin ən vacib məqamlarını ifadə edir. Milli Məclisin analitikləri jurnalın hər sayında dünyadakı geosiyasi prosesləri təhlil edir və öz siyasi proqnozlarını oxucuların diqqətinə çatdırırlar. Jurnalda dərc edilən müsahibələrdə millət vəkillərinin həyatlarının maraqlı tərəfləri və deputatlıq fəaliyyətləri əks olunur.
“Milli Məclis” jurnalında Azərbaycan parlamentinin yaranmasının 90 illiyi ilə əlaqədar “Parlament-90” rubrikası açılıb. Bu rubrikada Azərbaycan Demokratik Respublikası parlamentinin fəaliyyəti, ADR banilərinin çətin və mübarizələrlə dolu həyatı, Milli İstiqlal mübarizəsindəki rolu arxiv materialları əsasında geniş işıqlandırılır. Bu rubrikanın davamı kimi, “Milli Məclis” jurnalı ADR-in tarixinə və Milli İstiqlal mübarizəsinə həsr olunmuş Azərbaycan və ingilis dillərində “Parlament-90” xüsusi buraxılışı nəşr edib.
Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq Milli Məclisin iyunun 19-da keçirilən təntənəli iclasına isə jurnalın növbəti “Azərbaycan parlamenti-90” xüsusi yubiley buraxılışı həsr olunub. Xüsusi buraxılışların iki dildə - Azərbaycan və ingilis dillərində nəşr olunmasında məqsəd 40-a yaxın ölkədən həmin mərasimə qatılan qonaqları Azərbaycan parlamentinin tarixi və bu günü ilə daha yaxından tanış etməkdir.
“Milli Məclis” jurnalının redaksiya heyəti növbəti saylarda da oxuculara maraqlı yazılar təqdim edəcək. Jurnalın növbəti saylarını izləyin.
Baş redaktordan
