Sənədlər

Sənəd 1

“Azərbaycan Respublikasının Milli Məclisi
yanında Toponimiya komissiyası haqqında”
Əsasnamənin təsdiq edilməsi barədə


AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I


Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :

I. “Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyası haqqında” Əsasnamə təsdiq edilsin (Əsasnamənin mətni əlavə olunur).

II. Azərbaycan Respublikası Milli Məclisinin 2000-ci il 28 aprel tarixli 870-IQR nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyası haqqında” Əsasnamə qüvvədən düşmüş hesab edilsin.

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri O.Əsədov


Bakı şəhəri, 16 may 2008-ci il
№ 602-IIIQR

 

 


Azərbaycan Respublikası Milli
Məclisinin 2008-ci il 16 may tarixli
602-IIIQR nömrəli Qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR


Azərbaycan Respublikasının Milli Məclisi yanında
Toponimiya komissiyası haqqında

Ə S A S N A M Ə


I. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının (bundan sonra - Komissiya) təşkilinin və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.
1.2. Komissiya Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə ərazi vahidlərinə və yaşayış məntəqələrinə (bundan sonra - ərazi vahidləri) ad verilməsi, onların adlarının dəyişdirilməsi və dəqiqləşdirilməsi məsələlərinə baxmaq və rəy vermək üçün yaradılır.
1.3. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununu, bu Əsasnaməni və digər normativ hüquqi aktları rəhbər tutur.

II. Komissiyanın tərkibi

2.1. Komissiya tarix, dilçilik, coğrafiya, geodeziya, etnoqrafiya və digər əlaqəli sahələr üzrə alimlərdən və mütəxəssislərdən ibarət tərkibdə təşkil olunur.
2.2. Komissiyanın tərkibi Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə təsdiq edilir.
2.3. Komissiyanın tərkibi Komissiyanın sədrindən, sədr müavinindən, üzvlərindən və katibindən ibarətdir.

III. Komissiyanın hüquq və vəzifələri

3.1. Komissiya aşağıdakı hüquqlara malikdir:
3.1.1. Komissiyanın ilk iclasında Komissiyanın sədrini, sədr müavinini və Komissiyanın katibini seçmək;
3.1.2. Komissiyanın tərkibində dəyişiklik edilməsi ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə təklif vermək;
3.1.3. zəruri sənədlərin və materialların Komissiyaya təqdim edilməsi ilə bağlı dövlət və yerli özünüidarə orqanlarına sorğu göndərmək;
3.1.4. Milli Məclisin deputatlarını, müvafiq yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının nümayəndələrini, habelə alim və mütəxəssisləri öz iclaslarına dəvət etmək.
3.2. Komissiyanın vəzifələri aşağıdakılardan ibarətdir:
3.2.1. ərazi vahidlərinə ad verilməsi və ya onların adlarının dəyişdirilməsi barədə təkliflərə dair rəy hazırlamaq;
3.2.2. ərazi vahidlərinin tarixi adlarının bərpa edilməsi və ya dəqiqləşdirilməsi üçün rəy hazırlamaq;
3.2.3. ərazi vahidlərinə ad verilməsi, onların adlarının dəyişdirilməsi və ya dəqiqləşdirilməsi barədə təklifə dair rəy verərkən təklif olunan adın müvafiq ərazi vahidinin tarixi və coğrafi xüsusiyyətlərinə, habelə Azərbaycan Respublikasının dövlət dilinin normalarına uyğun olmasını təmin etmək.

IV. Komissiyanın işinin təşkili

4.1. Komissiyanın fəaliyyətinə rəhbərliyi və işinin təşkilini Komissiyanın sədri həyata keçirir.
4.2. Komissiyanın sədri olmadıqda onun səlahiyyətlərini Komissiya sədrinin müavini həyata keçirir.
4.3. Komissiyanın katibi Komissiyanın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələləri həll edir, zəruri sənədləri hazırlayır, kargüzarlıq fəaliyyətini həyata keçirir.
4.4. Komissiyanın iclasları onun üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.
4.5. Komissiyanın hər bir üzvü bir səsə malikdir.
4.6. Komissiyanın qərarları iclasda iştirak edən Komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
4.7. Qərar qəbul edilərkən səslər bərabər olduqda Komissiyanın sədri həlledici səsə malikdir.
4.8. Komissiyanın iclasının protokolu Komissiyanın sədri və katibi, Komissiyanın qərarı Komissiyanın sədri tərəfindən imzalanır.
4.9. Ərazi vahidlərinə ad verilməsi, onların adlarının dəyişdirilməsi və ya dəqiqləşdirilməsi barədə qəbul edilmiş qərarlar və iclas protokolu maraqlı tərəflərə göndərilir.

V. Komissiyanın fəaliyyətinin təminatları

5.1. Komissiyanın fəaliyyətinin maddi-texniki təchizatı Azərbaycan Respublikası Milli Məclisinin Aparatı tərəfindən təmin edilir.
5.2. Komissiyanın işinin təşkilini Azərbaycan Respublikası Milli Məclisi Aparatının müvafiq struktur bölməsi həyata keçirir.
5.3. Komissiya üzvlərinə vəsiqə verilir.
5.4. Komissiya ictimai əsaslarla fəaliyyət göstərir.

VI. Komissiyanın sənədlərinin arxivləşməsi

6.1. Komissiyaya daxil olan bütün sənədlər, komissiyanın iclaslarının protokolları və qərarları saxlanılmaq üçün Azərbaycan Respublikası Milli Məclisinin arxivinə verilir.
6.2. Komissiyanın sənədləri arxivdə ayrıca qovluqda saxlanılır.
6.3. Arxiv sənədlərinin qorunması təmin edilir.
6.4. Arxiv sənədləri müddətsiz saxlanılır.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi