Prosedur qaydaları

Daxili Nizamnamə

Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən öz işini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

  1. Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.

Bakı şəhəri, 17 may 1996-ci il.
№ 74-IQ

 

Azərbaycan Respublikası Milli Məclisinin

DAXİLİ NİZAMNAMƏSİ

Birinci fəsil
Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin ümumi qaydaları

Maddə 1. Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin əsasları
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin IV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi (bundan sonra "Milli Məclis" adlanacaq) Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələləri müstəqil həll edir.
Milli Məclisin fəaliyyətinin əsas prinsiplərini aşkarlıq, siyasi plüralizm və çoxpartiyalılıq, məsələlərin sərbəst müzakirə və müstəqil həll olunması təşkil edir.
Milli Məclisin hər çağırışının növbəti və növbədənkənar sessiyaları ardıcıl sıra sayı ilə adlanır. Milli Məclisin sessiyalarının başlanması və qurtarması zamanı Azərbaycan Respublikasının Dövlət himni ifa olunur. Milli Məclis növbəti və növbədənkənar sessiyalar dövründə iclaslar keçirir. Milli Məclisin deputatlarının Milli Məclisin iclaslarında iştirakı məcburidir.
Səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Milli Məclis Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşir.
Milli Məclisin binasının xüsusi rejimi Milli Məclisin sədrinin sərəncamı ilə müəyyən edilir. Milli Məclisin sədrinin icazəsi olmadan Milli Məclisin binasında axtarış aparıla bilməz.

Maddə 1-1. Yeni seçilmiş Milli Məclisin ilk iclasının keçirilməsi vaxtının təyin edilməsi
Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdən sonra martın 10-dək onun 83 deputatının səlahiyyətləri təsdiq edilməzsə, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilmə vaxtını müəyyən edir.
Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Milli Məclisinin 83-cü deputatının seçildiyini  martın 10-dan sonra təsdiq edərsə, həmin iclasda yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilməsi vaxtını da təyin etməlidir.

Maddə 2. Milli Məclisin növbəti çağırışının birinci iclası
Milli Məclisin növbəti çağırışının birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin sədri seçilənədək birinci iclası aparır.
Milli Məclisin birinci iclasına sədrlik edənin təklifi ilə Hesablayıcı komissiya seçilir və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin sədri və onun müavinləri seçilir, bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirir.

Maddə 3. Milli Məclisin iclasları
Milli Məclisin iclası 83 deputat iştirak etdikdə səlahiyyətlidir. Milli Məclisin iclasları açıq, aşkarlıq şəraitində keçirilir və kütləvi informasiya vasitələri ilə işıqlandırılır.
Bu qərar protokol qaydasında qəbul olunur.
Milli Məclisin qapalı iclaslarının məzmunu haqqında məlumatlar aşkarlana bilməz və yalnız Milli Məclisin deputatları tərəfindən onların Milli Məclisdəki fəaliyyətində istifadə edilə bilər.
Azərbaycan Respublikası Prezidentinin Milli Məclisin bütün iclaslarında iştirak etmək hüququ var. Azərbaycan Respublikasının Prezidenti üçün Milli Məclisin iclas salonunda xüsusi yer ayrılır və orada Azərbaycan Respublikasının Dövlət bayrağı yerləşdirilir.
Milli Məclisin iclasları Azərbaycan dilində keçirilir. Milli Məclisin deputatları və Milli Məclisin iclasında iştirak edən şəxslər başqa dildə də çıxış edə bilərlər.
Milli Məclisin, Milli Məclisin sədrinin və onun müavinlərinin, Milli Məclis Aparatı rəhbərinin dəvəti ilə Milli Məclisin iclaslarında başqa şəxslər də iştirak edə bilərlər.
Açıq iclaslar keçirilərkən Milli Məclisin iclas salonuna kütləvi informasiya vasitələrinin Milli Məclisdə qeydə alınmış nümayəndələri onlara ayrılmış yerlərdə əyləşmək üçün buraxılır.

Maddə 4. Milli Məclisin iclaslarının protokolları və stenoqramları
Milli Məclisin bütün iclasları protokollaşdırılır və stenoqrama alınır.
Milli Məclisin iclasının protokolunu iclasa sədrlik edən imzalayır.
Milli Məclisin açıq iclaslarının stenoqramları vaxtaşırı rəsmi dərc olunur. Milli Məclisin deputatının Milli Məclisin iclasının stenoqramı rəsmi dərc olunanadək öz çıxışının mətni ilə tanış olmaq hüququ vardır. Bununla əlaqədar mübahisə yaranarsa, məsələ Milli Məclisin İntizam komissiyasında həll edilir.

Maddə 5. Milli Məclisin fəaliyyət formaları
Milli Məclisin fəaliyyəti növbəti, növbədənkənar sessiyalar və sessiyalar arası dövrlərdə iş formalarında qurulur.
Milli Məclisin növbəti və növbədənkənar sessiyaları dövründə Milli Məclis öz iclaslarını keçirir, Milli Məclisin komitə və komissiyalarının iclasları keçirilir, Milli Məclisin deputatları komitə və komissiyaların işində iştirak edirlər.
Milli Məclisin iclasları, bir qayda olaraq, ayda iki dəfədən az olmayaraq keçirilir. Milli Məclisin iclaslarının gününü və saatını Milli Məclisin sədri təyin edir.
Milli Məclisin komitə və komissiyalarının iclasları, bir qayda olaraq, ayda iki dəfədən az olmayaraq keçirilir. Milli Məclisin komitə və komissiya iclaslarının gününü və saatını Milli Məclisin müvafiq komitə və komissiyasının sədri təyin edir.
Milli Məclisin sessiyaları arasındakı dövrdə Milli Məclisin komitə və komissiyalarının işi davam edir və Milli Məclisin deputatları komitə və komissiyaların işində iştirak edirlər.

Maddə 6. Milli Məclisin iclaslarında deputatların qeydiyyatı
Milli Məclisin iclasları iclasda iştirak edən deputatların qeydiyyatından başlanır. Deputatların qeydiyyatını iclasa sədrlik edən elektron səsvermə sistemi vasitəsi ilə, bu mümkün olmazsa, Milli Məclisin deputatlarının adbaad çağırılması üsulu ilə aparır.
Üzürlü səbəbdən Milli Məclisin iclasında iştirak edə bilməyən deputatlar bu barədə qabaqcadan Milli Məclisin Aparatına məlumat verməlidirlər.
Milli Məclisin iclasının hər fasiləsindən sonra deputatların qeydiyyatı keçirilir.
Milli Məclisin deputatı Milli Məclisin iclasında üzürsüz səbəbdən iştirak edə bilməyəcəksə, qabaqcadan Milli Məclisin sədrindən icazə almalıdır. İcazə alaraq Milli Məclisin iclasında iştirak etməmək üzürlü səbəb sayılır.

Maddə 7. Milli Məclisin qanunvericilik işləri planı
Milli Məclisin iclasları Milli Məclisin növbəti sessiyasının əvvəlində qəbul edilən qanunvericilik işləri planına uyğun olaraq keçirilir. Milli Məclisin qanunvericilik işləri planı qərarla təsdiq edilir.

Maddə 8. Milli Məclisin iclaslarında deputatların hüquqları
Milli Məclisin iclaslarında deputatın müzakirə olunan məsələlər barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış edənlərə və Milli Məclis tərəfindən təyin edilən və ya təyin edilməsinə razılıq verilən vəzifələrə göstərilmiş namizədlərə sual vermək, arayış vermək, səsvermədə iştirak etmək hüququ vardır.
Milli Məclisin iclaslarında baxılacaq qanun layihələri Milli Məclisin iclasına azı 3 gün qalmış deputatlara paylanılır.

Maddə 9. Milli Məclisin iclaslarında iştirak edənlərə aid tələblər
Milli Məclisin iclaslarında iştirak edənlər parlament etikasını gözləməlidirlər. Onlar Milli Məclisin iclaslarının aparılmasına mane olmamalı, çıxış edənlərin sözünü kəsməməli, iclasın normal gedişini və iş qaydasını pozmamalı, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, qanunsuz hərəkətlərə çağırmamalıdırlar.
Milli Məclisin iclasına sədrlik edən parlament etikasını gözləməyənlərə xəbərdarlıq edir, təkrar pozuntuya yol verilərsə, bütün iclas günü ərzində həmin şəxsi sözdən məhrum edə və bunu iclasda elan edə bilər. Özünü bu tərzdə aparmaqda davam edən şəxs Milli Məclisin iclasına sədrlik edənin göstərişi ilə iclas salonundan çıxarıla bilər. İclasın iş qaydasının pozulması ilə əlaqədar bütün hallar Milli Məclisin iclasının protokolunda qeyd olunur.

Maddə 10. Milli Məclisin iclaslarına sədrlik edən
Milli Məclisin iclaslarına sədrlik edən Milli Məclisin iclasının gedişinə rəhbərlik edir, Milli Məclisin Daxili Nizamnaməsinə riayət olunmasını təmin edir, Milli Məclisin iclasında iştirak edənlərə söz verir, deputatların təkliflərini sıra ilə səsə qoyur, səsverməni keçirir və onun nəticələrini elan edir, Milli Məclisin aparatının işçilərinə göstərişlər verir və bunların icrasına nəzarət edir, Milli Məclisin iclasının protokolunu yoxlayır və imzalayır.
Milli Məclisin iclaslarına sədrlik edənin iclasın gedişində Azərbaycan Respublikası Konstitusiyasının, bu Daxili Nizamnamənin, başqa qanunların müddəalarının pozulması barədə məlumat vermək hüququ vardır.
Milli Məclisin iclaslarına sədrlik edən deputata verilmiş bütün hüquqlardan istifadə edir.

Maddə 11. Milli Məclisin iclaslarında çıxışlar üçün müəyyən edilmiş vaxt
Milli Məclisin iclaslarında məruzə üçün 30 dəqiqəyədək, əlavə məruzə üçün 20 dəqiqəyədək, yekun sözü üçün 15 dəqiqəyədək vaxt ayrılır.
Müzakirələrdə iştirak edənlər üçün 10 dəqiqəyədək, təkrar çıxışlar üçün 5 dəqiqəyədək, iclasın aparılmasına dair, səsvermə mülahizələri ilə əlaqədar, namizədlər barədə çıxışlar, bəyanatlar, suallar, təkliflər, xəbərlər, arayışlar üçün 3 dəqiqəyədək vaxt ayrılır.
Müəyyən edilmiş vaxt başa çatdıqdan sonra Milli Məclisin iclasına sədrlik edən çıxış edəni xəbərdar edir, sonra isə onun sözünü kəsə bilər. Milli Məclisin iclasına sədrlik edən protokol qaydasında qəbul edilmiş qərar əsasında bu Daxili Nizamnamədə çıxışlar üçün müəyyən edilmiş müddətləri dəyişdirə bilər, çıxışların vaxtını uzada bilər.

Maddə 12. Milli Məclisin iclaslarında çıxışların ardıcıllığı
Milli Məclisin iclaslarında çıxışlar, bir qayda olaraq, gündəlikdə müəyyən edilmiş ardıcıllıqla çıxışlara yazılanların sıra növbəsi ilə edilir. Milli Məclisin iclasına sədrlik edən iclasın gedişində lazım bildikdə bu qaydanı dəyişdirə bilər. Milli Məclisin iclasında heç kəs Milli Məclisin iclasına sədrlik edənin icazəsi olmadan çıxış edə bilməz. Bu qaydanı pozan şəxs xəbərdarlıqsız sözdən məhrum edilir.
Milli Məclisin iclaslarında Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin sədrinin və onun müavinlərinin növbədənkənar çıxış etmək hüququ vardır.
Milli Məclisin iclasına sədrlik edən zərurət yarandıqda Milli Məclisin deputatlarına və Milli Məclisin iclasında iştirak edən digər şəxslərə növbədənkənar söz verə bilər.

Maddə 13. Milli Məclisin iclaslarında müzakirələrin kəsilməsi
Milli Məclisin iclaslarında hər hansı məsələnin müzakirəsi həmin məsələ ilə bağlı çıxışlara yazılanların siyahısı bitdikdə protokol qaydasında qəbul edilmiş qərar əsasında kəsilir.
Milli Məclisin iclasına sədrlik edən müzakirələrin kəsilməsi haqqında təklif alandan sonra deputatlara müzakirələrdə çıxış etmiş və çıxış etmək istəyən şəxslərin sayı haqqında məlumat verir, çıxış etmək üçün israr edənləri müəyyənləşdirir və protokol qaydasında qəbul edilmiş qərar əsasında onlara söz verir.
Müzakirələr kəsildikdən sonra məruzəçinin və əlavə məruzəçinin yekun sözü demək hüququ vardır. Müzakirələr kəsildikdən sonra yalnız səsvermə mülahizələri üzrə çıxışlar edilə bilər.

Maddə 14. Milli Məclisə təqdim edilmiş qanun və qərar layihələrinin qeydiyyatı və Milli Məclisin komitələrinə göndərilməsi
Milli Məclisə təqdim edilmiş qanun və qərar layihələri Milli Məclisin Aparatında qeydiyyata alınır.
Milli Məclisə təqdim edilmiş qanun və qərar layihələrini Milli Məclisin sədri Milli Məclisin müvafiq komitəsinə göndərir və layihəyə baxılması müddətini müəyyən edir. Qanun layihəsi bir neçə komitəyə göndərildiyi halda Milli Məclisin sədri onlardan birini aparıcı komitə təyin edir.

Maddə 15. Milli Məclisin komitələrində qanun və qərar layihələrinin hazırlanması və baxılması qaydası
Milli Məclisin komitələrində qanun və qərar layihələrinin hazırlanması və baxılması qaydasını aparıcı komitə Azərbaycan Respublikasının Konstitusiyasına və bu Daxili Nizamnaməyə əsasən müəyyənləşdirir.
Qanun və qərar layihələri üzərində iş aparmaq üçün komitə işçi qrupu yarada bilər. Qanun və qərar layihələri bir neçə komitə  tərəfindən hazırlanırsa, onlar birgə işçi qrupları yarada bilərlər. Bir məsələyə aid iki və ya daha çox qanun və qərar layihəsi varsa, onlar birlikdə müzakirə edilir.
Milli Məclisin Aparatı komitənin  tapşırığı ilə qanun və qərar layihələrinin hüquq və dil-üslub baxımından ekspertizasını keçirir, habelə qanun layihəsinin qəbul edilməsi ilə əlaqədar qəbul olunmalı, dəyişdirilməli və ya ləğv edilməli qanunların və başqa normativ hüquqi aktların siyahısını tərtib edir.
Milli Məclisin deputatlarının və başqa qanunvericilik təşəbbüsü hüququ subyektlərinin qanun və qərar layihələrinə aid qeyd və təkliflərinə aparıcı komitənin iclaslarında baxılır.
Milli Məclisin komitələri arasında baxılan layihələrə dair fikir ayrılığı əmələ gələrsə, aparıcı komitənin qərarı əsas götürülür. Bu qərarla razı olmayan komitənin rəyi Milli Məclisin bu məsələyə aid iclasında deputatlara yazılı şəkildə çatdırılır.
Hazırlanmış və ya baxılmış layihə Milli Məclisin iclasının gündəliyinə daxil edilmək üçün iclasa dəvət olunmalı şəxslərin siyahısı ilə birlikdə Milli Məclisin sədrinə təqdim edilir.

Maddə 16. Milli Məclisdə qanun layihələrinin oxunuşları
Milli Məclisdə qanun layihələrinə, bir qayda olaraq, üç oxunuşda baxılır. Milli Məclisin sədrinin qərarı ilə və ya Milli Məclisin protokol qaydasında qəbul etdiyi qərarla qanun layihəsinə bir oxunuşda baxıla bilər.

Maddə 17. Qanun layihəsinin birinci oxunuşu
Qanun layihəsinin birinci oxunuşu zamanı onun qəbul edilməsinin zəruriliyi, əsas müddəaları müzakirə edilir, qanun layihəsinin ümumi konsepsiyasına qiymət verilir.
Müzakirə layihənin təşəbbüsçüsünün və aparıcı komitənin nümayəndəsinin məruzələri ilə başlanır.
Bundan sonra komitələrdə layihəyə baxılarkən onların arasında fikir ayrılığı əmələ gəlmişsə, layihə ilə razı olmayan komitənin rəyini həmin komitənin nümayəndəsi oxuyur.
Qanun layihəsinə birinci oxunuşda baxılması nəticəsində Milli Məclis aşağıdakı qərarlardan birini qəbul edir:
1) layihə birinci oxunuşda qəbul edilsin və söylənilmiş təkliflər və iradlar nəzərə alınmaqla onun üzərində iş davam etdirilsin (bu qərar protokol qaydasında qəbul edilir);
2) layihə qəbul edilməsin;
3) qanun qəbul edilsin.
Milli Məclis birinci oxunuşda qəbul edilmiş qanun layihəsinin dərc olunması və ümumxalq müzakirəsinə çıxarılması haqqında qərar qəbul edə bilər.
Birinci oxunuşda qəbul edilmiş qanun layihəsinə dair təklifləri və iradları aparıcı komitə öyrənir və ümumiləşdirir. Aparıcı komitə layihəyə təklif olunan dəyişikliklərin Azərbaycan Respublikası Konstitusiyasına uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müstəqil ekspertiza təyin edə bilər. Layihəyə təklif edilən dəyişikliklərin Azərbaycan Respublikası Konstitusiyasına zidd olması müəyyənləşdirildikdə aparıcı komitə bu barədə dəyişikliyin müəllifinə xəbər verir. Dəyişiklik vermiş şəxslər müzakirə zamanı dəyişiklikləri dəqiqləşdirə və ya geri götürə bilərlər.
Layihənin ayrı-ayrı maddələri üzrə qruplaşdırılmış dəyişikliklərə aparıcı komitənin  iclasında baxılır və komitə bu dəyişikliklərlə razı olduqda onları layihənin mətninə daxil edir. Yenidən işlənilmiş qanun layihəsi ikinci oxunuşda baxılmaq məqsədilə Milli Məclisin iclasının gündəliyinə salınmaq üçün Milli Məclisin sədrinə göndərilir.
Milli Məclisdə ikinci oxunuşda baxılmasına azı 5 gün qalmış qanun layihəsi onun təşəbbüsçüsünə göndərilir.
Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinin II hissəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə verdikləri qanun və ya qərar layihələri təqdim olunmuş şəkildə müzakirəyə çıxarılmalı və səsə qoyulmalıdır. Belə qanun və ya qərar layihələrində dəyişikliklər yalnız həmin orqanların razılığı ilə edilə bilər.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Azərbaycan Respublikasının Milli Məclisinə insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə qanunların qəbul edilməsinə və ya yenidən baxılmasına dair təkliflər verə bilər. Müvəkkil Azərbaycan Respublikasının Milli Məclisinə amnistiya elan edilməsi barədə təklif verə bilər. Həmin təklifləri Milli Məclisin sədri müvafiq komitəyə və ya komitələrə göndərir. Müvafiq komitə təkliflərə dair müsbət münasibət bildirdikdə onlar Milli Məclisin müzakirəsinə çıxarılır.

Maddə 18. Qanun layihəsinin ikinci oxunuşu
Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi aparıcı komitəninn nümayəndəsinin məruzəsi ilə başlanır. Məruzəçi komitədə layihəyə baxılmasının nəticələri haqqında məlumat verir.
Layihənin ikinci oxunuşda müzakirəsi, bir qayda olaraq, qanun layihəsi təşəbbüsçüsünün və ya onun nümayəndəsinin çıxışı ilə davam edir.
Daha sonra ikinci oxunuşda müzakirə edilən qanun layihəsinin əsas kimi qəbul edilməsi barədə protokol qaydasında qərar qəbul edilir. Bu cür qərar qəbul edilməzsə, qanun layihəsi qəbul edilməmiş sayılır.
Qanun layihəsi əsas kimi qəbul olunduqdan sonra Milli Məclisin iclasına sədrlik edən deputatlardan qanun layihəsində edilmiş dəyişikliklərə etirazların olub-olmamasını öyrənir. Bu cür etirazlar olduqda onları qısaca əsaslandırmaq üçün hər deputata 3 dəqiqəyədək vaxt verilir. Məruzəçi həmin etirazlara cavab verir və qanun layihəsi maddə-maddə müzakirə edilir. Qanun və ya qərar layihəsi Milli Məclisin müzakirəsinə hüquq, layihəyə dair verilmiş təklif əlavə xərc tələb etdikdə isə, həmçinin büdcə ekspertizasının rəyi ilə birlikdə çıxarılır.
Bundan sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilir. İkinci oxunuşda qəbul edilmiş qanun layihəsi müzakirə zamanı müəyyənləşdirilmiş daxili ziddiyyətlərin aradan qaldırılması və redaktə edilmək üçün aparıcı komitəyə qaytarılır.
Bu iş başa çatdıqdan sonra aparıcı komitə üçüncü oxunuş üçün hazırlanmış qanun layihəsini Milli Məclisin sədrinə göndərir. Milli Məclisin sədri qanun layihəsinə üçüncü oxunuşda baxılmasını Milli Məclisin iclasının gündəliyinə salır.

Maddə 19. Qanun layihəsinin üçüncü oxunuşu
Qanun layihəsinin üçüncü oxunuşu zamanı qanun layihəsi bütövlükdə səsə qoyulur. Qanun layihəsinin üçüncü oxunuşu zamanı onun mətnində dəyişikliklər edilə bilməz.
Müstəsna hallarda Milli Məclisin iclasında iştirak edən deputatların əksəriyyətinin tələbi ilə üçüncü oxunuşda olan qanun layihəsi ikinci oxunuşa qaytarıla bilər.

Maddə 20. Milli Məclisdə qanun və qərar layihələrinə baxılması müddəti
Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinin IV və V hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, bütün başqa hallarda Milli Məclisə təqdim edilmiş layihələr 6 ay müddətində baxılır, müzakirə edilir və onlar barəsində qərar qəbul edilir.
Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinin V hissəsində sadalanan subyektlər qanun və qərar layihələrini Milli Məclisin sessiyasının işinin bitməsinə 20 gündən az qaldıqda göndərərsə, Milli Məclisin sədri həmin layihələrə növbəti sessiyada baxılması haqqında vəsatət qaldıra bilər. Qanunvericilik təşəbbüsü hüququ subyektləri vəsatətə rədd cavabı verərsə, Milli Məclisin sessiyasının işi bitənədək həmin layihələr barədə qərar qəbul edilməlidir.

Maddə 21. Azərbaycan Respublikası Prezidentinin etirazını doğuran və Milli Məclisə qaytarılan qanunlara təkrar baxılması
Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsinin I hissəsində göstərilmiş müddət ərzində Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin qəbul etdiyi qanunu öz etirazları ilə qaytararsa, Milli Məclis həmin qanuna təkrar baxır.
Azərbaycan Respublikası Prezidentinin qaytardığı qanunu Milli Məclisin sədri müvafiq aparıcı komitənin və ya xüsusi yaradılmış komissiyanın rəyinə göndərir. Həmin komitə və ya komissiya məsələyə 10 gün müddətində baxıb Milli Məclisə aşağıdakı qərarlardan birinin qəbul olunmasını təklif edir:
qanun Azərbaycan Respublikası Prezidentinin təklif etdiyi dəyişikliklərlə qəbul edilsin;
Azərbaycan Respublikası Prezidentinin qanunun məqsədəuyğun olmaması barədə təklifi qəbul edilsin;
qanun qəbul edilmiş redaktədə saxlanılsın.
Milli Məclisin sədri bu rəyi aldıqdan sonra Azərbaycan Respublikası Prezidentinin qaytardığı qanunu təkrar baxılmaq üçün Milli Məclisin növbəti iclasının gündəliyinə salır və dərhal bu barədə Azərbaycan Respublikası Prezidentinə xəbər verir.
Qanuna təkrar baxılmasına Azərbaycan Respublikası Prezidentinin nümayəndəsinin çıxışından başlanılır. Bundan sonra Milli Məclisin komitə və ya komissiyasının bu maddədə nəzərdə tutulmuş rəyi oxunur.
Azərbaycan Respublikasının Prezidenti məsələni qanunun məqsədəuyğun olmaması kimi qoyursa, birinci bu təklif səsə qoyulur və Milli Məclisin deputatlarının azı 63 səs çoxluğu ilə qəbul edildikdə, qanun qəbul edilməmiş sayılır. Həmin təklif qəbul edilməzsə, qanunun təkrarən qəbul edilməsi haqqında təklif səsə qoyulur. Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsinin II hissəsinə uyğun olaraq Milli Məclis 83 səs çoxluğu ilə qəbul edilən qanunu 95 səs çoxluğu ilə, 63 səs çoxluğu ilə qəbul edilən qanunu isə 83 səs çoxluğu ilə yenidən qəbul edərsə, qanun təkrarən qəbul edilmiş sayılır və dərc olunmaq üçün 7 gündən gec olmayaraq Azərbaycan Respublikasının Prezidentinə göndərilir.
Azərbaycan Respublikasının Prezidenti qanunda dəyişikliklər edilməsi təklifi ilə onu Milli Məclisə qaytararsa, bu təklif birinci səsə qoyulur. Təklif zəruri səs çoxluğu yığdıqda qanun Azərbaycan Respublikası Prezidentinin təklif etdiyi dəyişikliklərlə qəbul olunmuş sayılır.
Azərbaycan Respublikası Prezidentinin təklifi tələb olunan səs çoxluğu almazsa, qanunun Milli Məclis tərəfindən qəbul edilmiş redaktədə saxlanılması haqqında məsələ səsə qoyulur. Təkrarən qəbul olunmuş qanun dərc olunmaq üçün 7 gündən gec olmayaraq Azərbaycan Respublikasının Prezidentinə göndərilir.
Bu maddənin beşinci və yeddinci hissələrində nəzərdə tutulmuş qərarlar qəbul edilməzsə, Azərbaycan Respublikası Prezidentinin Milli Məclisə qaytardığı qanunlar qəbul edilməmiş sayılır.

Maddə 21-1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin hesabatı, Azərbaycan Respublikasının Hesablama Palatasının illik hesabatı, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı , gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı
"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti hər il Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının beşinci iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verir.
Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsinin 25.3-cü maddəsinə uyğun olaraq Hesablama Palatası onun fəaliyyəti haqqında illik hesabatları Azərbaycan Respublikası Milli Məclisinə təqdim edir.
"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 14.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Azərbaycan Respublikası Milli Məclisi qarşısında illik məruzə ilə çıxış edir.
"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan hər ilin sonunda öz fəaliyyəti haqqında Azərbaycan Respublikasının Milli Məclisinə illik məruzə təqdim edir. Bu məruzədə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi ilə bağlı təkliflər verə bilər.
”İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7.5-ci maddəsinə uyğun olaraq, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumatı Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir.
Hissə ləğv edilib.
Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq, gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı öz fəaliyyəti haqqında Azərbaycan Respublikasının Milli Məclisinə illik məlumat təqdim edir.

Maddə 22. Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi qaydası
Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər. Bu barədə təqdimata Milli Məclis onun daxil olduğu vaxtdan 7 gün müddətində baxır.
Milli Məclisin sədri, bir qayda olaraq, deputat haqqında təqdimatı əvvəlcə Milli Məclisin İntizam komissiyasına göndərir və komissiyada bu məsələyə baxılır. Komissiya təqdimata dair rəy qəbul edir. Rəydə deputat toxunulmazlığına xitam verilib-verilməməsi barədə İntizam komissiyasının qənaəti söylənilir.
Milli Məclis bu barədə məsələlərə, bir qayda olaraq, deputat toxunulmazlığına xitam verilməsi barədə təqdimat olan deputatın iştirakı ilə baxır. Bu məsələ Milli Məclisin iclasında müzakirə edilərkən deputatın ittiham edildiyi cinayətdə təqsirli olub-olmaması məsələsi müzakirə edilə bilməz. İclasda iştirak edən deputatlar yalnız deputat toxunulmazlığına xitam verilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatında kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra bilərlər və bu məqsədlə Azərbaycan Respublikasının Baş prokuroruna suallar verə bilər, deputat toxunulmazlığına xitam verilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Milli Məclis tələb olunan səs çoxluğu ilə deputat toxunulmazlığına xitam verə bilər.

Maddə 23. Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi ilə əlaqədar məsələyə Milli Məclisdə baxılması qaydası
Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatı öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunla nəzərdə tutulmuş başqa hallarda onun səlahiyyətləri itirilir. Bu Daxili Nizamnamədə və Milli Məclisin deputatının statusu haqqında Qanunda nəzərdə tutulmuş hallarda Milli Məclisin İntizam komissiyasının bu barədə rəyinə Milli Məclis növbəti iclasında baxır.
İntizam komissiyası bu məsələyə baxarkən deputatın səlahiyyətlərinin itirilib-itirilməməsi barədə öz qənaətini söyləyir.
Milli Məclis bu barədə məsələlərə, bir qayda olaraq, deputat səlahiyyətlərinin itirilməsi məsələsi qaldırılan deputatın iştirakı ilə baxır. İclasda iştirak edən deputatlar yalnız deputat səlahiyyətlərinin itirilməsi üçün kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra bilərlər və İntizam komissiyasının üzvlərinə suallar verə bilər, deputat səlahiyyətlərinin itirilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Milli Məclis tələb olunan səs çoxluğu ilə deputat səlahiyyətlərinin itirilməsi barədə qərar qəbul edə bilər.

Maddə 24. Milli Məclisin iclaslarında səsvermənin növləri və qaydası
Milli Məclisin iclaslarında məsələlər açıq və ya gizli səsvermə yolu ilə həll edilir.
Milli Məclisin iclaslarında, bir qayda olaraq, elektron sistemindən istifadə etməklə açıq səsvermə keçirilir. Başqa səsvermə növlərinin keçirilməsi üçün protokol qaydasında qərar qəbul edilir. Milli Məclisin azı 25 deputatı tələb etdikdə elektron sistemindən istifadə etməklə adbaad rejimdə açıq səsvermə keçirilir.
Hər məsələ üzrə səsvermə keçirilərkən Milli Məclisin deputatının bir səsi vardır. Səsvermə keçirilərkən deputat məsələnin qəbul olunmasının lehinə, əleyhinə və ya bitərəf qalmasına səs verə bilər. İclasda iştirak edən deputatın səsvermədə iştirak etməməsi yetərsaya təsir etmir.
Səsvermədə iştirak edən deputat şəxsən səs verməlidir.
Səsvermə zamanı salonda olmayan deputat səsverməyə ayrılan vaxt qurtardıqdan sonra səs verə bilməz.
Milli Məclisin iclasına sədrlik edən səsvermənin başlandığını elan etdikdən sonra heç kəs səsvermənin gedişini (iclasın aparılması barədə etirazların bildirilməsindən başqa) dayandıra bilməz.
Milli Məclisin iclasına sədrlik edən səsvermənin nəticələri müəyyənləşdirildikdən sonra onu elan edir.
Məsələnin həlli üçün tələb edilən yetərsay olmadıqda Milli Məclisin iclasına sədrlik edən səsverməni Milli Məclisin növbəti iclasına keçirir.

Maddə 25. Açıq səsvermə
Açıq səsvermə elektron sistemindən istifadə etməklə, elektron sistemindən istifadə etmədən və adbaad sorğu vasitəsilə keçirilə bilər.
Elektron sistemindən istifadə etməklə açıq səsvermə sadə və adbaad rejimdə keçirilə bilər. Elektron sistemindən istifadə etməklə sadə rejimdə açıq səsvermə deputatların önündəki düymələri basması yolu ilə həyata keçirilir və Milli Məclisin iclasının protokolunda deputatların necə səs verdiyi göstərilmədən yalnız səsvermənin nəticələrini göstərməklə əks olunur. Elektron sistemindən istifadə etməklə adbaad rejimdə açıq səsvermə sadə rejimdə keçirilən səsvermə formasında həyata keçirilir, yalnız Milli Məclisin iclasının protokolunda hər deputatın necə səs verdiyi göstərilir. Elektron sistemindən istifadə etməklə açıq səsvermə keçirildikdən sonra deputatın, habelə Milli Məclisdə qeydə alınmış kütləvi informasiya vasitəsi nümayəndəsinin həm sadə, həm də adbaad səsvermənin nəticələri haqqında siyahını almaq hüququ vardır.
Elektron sistemindən istifadə etmədən açıq səsvermə keçirilərkən səsləri Hesablayıcı komissiya hesablayır. Elektron sistemindən istifadə etmədən açıq səsvermə zamanı Milli Məclisin iclasına sədrlik edən deputatlara sual verir: "lehinə", "əleyhinə", "bitərəf". Hər sualdan sonra deputatlar mövqeyindən asılı olaraq əl qaldırırlar, ya da əl qaldırmırlar. Hesablayıcı komissiya səsləri sayır və səsvermə qurtardıqdan sonra nəticələri elan edir.
Adbaad sorğu vasitəsilə açıq səsvermə sorğu vərəqi ilə keçirilir. Milli Məclisin Hesablayıcı komissiyasının üzvlərindən biri sorğu vərəqi ilə iclasda iştirak edən deputatların hər birinə yanaşıb sorğu vərəqini təqdim edir. Deputat sorğu vərəqində mövqeyindən asılı olaraq "lehinə", "əleyhinə" və ya "bitərəf" qrafalarının birində soyadını yazır və imza atır. Hesablayıcı komissiya səsvermə bitəndən sonra səsləri hesablayır və sorğu vərəqini Milli Məclisin iclasına sədrlik edənə verir. Milli Məclisin iclasına sədrlik edən adbaad sorğu vasitəsilə keçirilən açıq səsvermənin nəticələrini elan edir.
Açıq səsverməyə başlamazdan əvvəl Milli Məclisin iclasına sədrlik edən verilmiş təkliflərin sayı, məzmunu və ardıcıllığı haqqında, habelə məsələnin hansı səs çoxluğu ilə qəbul edilməsi haqqında məlumat verir.

Maddə 26. Gizli səsvermə
Gizli səsvermə elektron sistemindən istifadə etməklə və ya bülletenlər vasitəsilə keçirilir.
Elektron sistemindən istifadə etməklə gizli səsvermə keçirilərkən deputatların necə səs verdiyi haqqında məlumatlar elektron sisteminin yaddaşına salınmır.
Bülletenlər vasitəsilə gizli səsvermə Milli Məclisin iclas salonunda keçirilir. Hesablayıcı komissiya səsvermə bülletenlərini hazırlayır, səsvermə qutusunu yoxlayır, möhürləyir və deputatları siyahı ilə səs verməyə dəvət edir.
Hesablayıcı komissiya səsvermənin gizliliyini təmin etmək üçün şərait yaratmalıdır. Deputatlar siyahıya imza atıb səsvermə bülletenlərini alır, iclas salonunun hamı tərəfindən görünən yerində qurulmuş səsvermə kabinəsinə daxil olur və orada bülleteni doldururlar. Bülletendə deputat "lehinə", "əleyhinə", "bitərəf" suallarının ikisini pozub birini saxlamalıdır. Əgər gizli səsvermə namizədlər barəsində keçirilirsə, deputat bülletendə lehinə səs verdiyi namizədin soyadını saxlayıb qalan namizədlərin soyadlarını pozur. Doldurulmuş bülleteni deputat şəxsən özü səsvermə qutusuna salır və sonra iclas salonunda əyləşir. Bülletenlər vasitəsilə gizli səsvermə başa çatdıqdan sonra Hesablayıcı komissiya iclas salonunda səsvermə qutusunu açır və səsləri hesablayır.
Gizli səsvermənin nəticələri barəsində protokol tərtib olunur. Bu protokolda siyahı üzrə deputatların sayı, səsvermədə iştirak etmiş deputatların sayı, istifadə edilməmiş bülletenlərin sayı, etibarsız bülletenlərin sayı, etibarlı bülletenlərin sayı, səsvermənin nəticələri göstərilir. Hesablayıcı komissiyanın müəyyənləşdirdiyi formada tərtib olunmayan bülletenlər, habelə "lehinə", "əleyhinə", "bitərəf" sözlərinin hamısının və ya birinin pozulduğu və ya heç birinin pozulmadığı, yaxud namizədlərin hamısının soyadlarının pozulduğu və ya birdən çoxunun soyadının saxlanıldığı bülletenlər etibarsız sayılır.
Deputatların siyahısı və səsvermə bülletenləri zərfə qoyulur və möhürlənir. Səsvermənin nəticələri barədə protokolu Hesablayıcı komissiyanın bütün üzvləri imzalayırlar. Hesablayıcı komissiyanın protokolunu imzalamaqdan imtina edən komissiya üzvü protokola xüsusi rəy əlavə edə bilər və bu xüsusi rəyini dərhal elan edə bilər. Hesablayıcı komissiyanın sədri bülletenlər vasitəsilə keçirilən gizli səsvermənin nəticələrini elan edir.
Eyni bir məsələnin həlli ilə əlaqədar Milli Məclis adbaad səsvermə və gizli səsvermə haqqında qərar qəbul edərsə, gizli səsvermə keçirilir.

Maddə 27. Səsvermənin ikinci dövrəsi
İkidən çox namizəd barəsində səsvermə keçirildikdən sonra namizədlərin heç biri Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş səs çoxluğu yığa bilməzsə, daha çox səs yığmış iki namizəd səsvermənin ikinci dövrəsinə keçir. İkinci dövrədə o namizəd seçilmiş sayılır ki, Azərbaycan Respublikasının Konstitusiyası ilə Milli Məclisin qərarlarının qəbul edilməsi üçün nəzərdə tutulmuş səs çoxluğu qazanmış olsun. İkinci dövrədə namizədlərin heç biri lazımi səs çoxluğu qazana bilmədikdə başqa namizədlər göstərilməklə yeni səsvermə keçirilir.

Maddə 28. Təkrar səsvermə
Səsvermənin nəticələri müəyyən edilərkən texniki (elektron sisteminin nasazlığı ilə əlaqədar) və ya prosedur səhvləri aşkar edilərsə, Milli Məclisin protokol qaydasında qəbul edilmiş qərarı ilə təkrar səsvermə keçirilir.

Maddə 29. Milli Məclisin iclaslarında elektron sistemindən istifadə
Milli Məclisin iclaslarında elektron sistemindən deputatların qeydiyyatı, onların çıxışlara yazılması, səsvermənin keçirilməsi üçün istifadə edilə bilər.
Elektron sistemindən istifadəyə Milli Məclisin sədri nəzarət edir.
Elektron sistemi ilə deputatların qeydiyyatdan keçməsinin, çıxışlara yazılmasının nəticələri və səsvermənin yekunları iclas salonunda qurulmuş elektron tablosu vasitəsilə göstərilir.
Bütün məlumatlar elektron sisteminin yaddaşında və Milli Məclisin arxivində maqnit daşıyıcılarında saxlanılır. Elektron sistemində saxlanılan məlumatlar Milli Məclisin sədrinin icazəsi ilə deputatlara və başqa müraciət edənlərə verilir. Milli Məclisin qapalı iclasları haqqında məlumatlar yalnız Milli Məclisin sədrinə verilir.
Elektron sisteminin işində səhvlər haqqında şikayətlərə Milli Məclisin sədri baxır.

Maddə 30. Milli Məclisin aktlarının qəbul edilməsi üçün tələb olunan səs çoxluğu
Azərbaycan Respublikasının Konstitusiyasında və bu Daxili Nizamnamədə başqa qayda nəzərdə tutulmayıbsa, Milli Məclisin aktları 63 deputatın səs çoxluğu ilə qəbul edilir.
Prosedur məsələləri ilə əlaqədar protokol qaydasında qərarlar, bu Daxili Nizamnamədə başqa qayda nəzərdə tutulmayıbsa, Milli Məclisin iclasında iştirak edən deputatların sadə səs çoxluğu ilə qəbul edilir.

İkinci fəsil
Milli Məclisin orqanları

Maddə 31. Milli Məclisin sədrinin səlahiyyətləri
Milli Məclisin sədri:
Milli Məclisin iclaslarını aparır;
Azərbaycan Respublikası Prezidentinin və ya  Milli Məclisin 42 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağırır;
Milli Məclisin sədrinin müavinləri arasında iş bölgüsü aparır;
Milli Məclisin sədrinin müavinləri və Milli Məclisin komitələrinin sədrləri ilə birgə Milli Məclisin hər növbəti sessiyasının qanunvericilik işləri planını hazırlayır və Milli Məclisə təqdim edir;
qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olmuş qanun və qərar layihələrini Milli Məclisin müvafiq komitələrə göndərir;
qəbul edilmiş qanunları imzalanmaq üçün Azərbaycan Respublikası Prezidentinə göndərir;
Milli Məclisin daxili intizamını bu Daxili Nizamnamədə nəzərdə tutulmuş səlahiyyətlər çərçivəsində təmin edir;
Milli Məclisi icra və məhkəmə hakimiyyəti orqanları ilə, siyasi partiyalarla, ictimai birliklərlə, həmkarlar ittifaqları ilə, xarici dövlətlərlə və beynalxaq təşkilatlarla, kütləvi informasiya vasitələri ilə, habelə başqa fiziki və hüquqi şəxslərlə münasibətlərdə təmsil edir;
abzas çıxarılıb
abzas çıxarılıb
Milli Məclisin aparatının rəhbər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir;
mühüm qanun layihələrinin hazırlanması üçün işçi qrupları yaradır;
Azərbaycan Respublikasının Konstitusiyası və bu Daxili Nizamnamə ilə nəzərdə tutulmuş başqa səlahiyyətləri həyata keçirir.
Milli Məclisin sədri öz səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar sərəncamlar qəbul edir.
Milli Məclisin deputatı Milli Məclisin iclasında mandatından imtina etdikdə və həmin imtina Milli Məclisin iclasının stenoqramına daxil edildikdə, o, imtinanı geri götürə bilməz.
Milli Məclisin sədri öz mülahizəsinə görə Milli Məclisin iclasının gündəliyinə birinci növbəli məsələlər kimi təcili həll edilməsi tələb olunan məsələləri və başqa məsələləri daxil edə bilər.

Maddə 32. Milli Məclis sədrinin müavinlərinin səlahiyyətləri
hissə çıxarılıb
Milli Məclisin sədrinin müavinləri onların arasında aparılmış iş bölgüsünə uyğun olaraq fəaliyyət göstərir, Milli Məclisin sədrinin ayrı-ayrı tapşırıqlarını yerinə yetirir, Milli Məclisin sədrinin göstərişi ilə Milli Məclisin iclaslarına sədrlik edirlər.
Milli Məclisin sədri vəzifəsi müvəqqəti boşaldıqda Milli Məclisin sədrinin birinci müavini, o olmadıqda Milli Məclisin sədrinin daha yaşlı müavini, o olmadıqda isə Milli Məclisin sədrinin müavini Milli Məclisin sədri seçilənədək onun səlahiyyətlərini həyata keçirirlər.

Maddə 33. Milli Məclisin sədrinin seçilməsi qaydası
Milli Məclisin sədri Milli Məclisin deputatları sırasından gizli (elektron sistemindən istifadə etməklə) səsvermə yolu ilə seçilir. Elektron sistemindən istifadə zamanı nasazlıq yarandıqda gizli səsvermə bülletenlər vasitəsilə keçirilir.
Milli Məclisin sədri vəzifəsinə namizədliyi Milli Məclisin deputatları irəli sürə bilərlər. Hər deputat yalnız bir namizəd göstərə bilər.
Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir.
Səsverməyə azı 10 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir. Milli Məclisin sədrliyinə hər namizəd Hesablayıcı komissiyanın tərkibinə əlavə bir deputat daxil edə bilər.
Gizli səsvermə nəticəsində azı 63 deputatın səsini almış namizəd Milli Məclisin sədri seçilir.
Namizədlərin heç biri azı 63 səs almadıqda, bu Daxili Nizamnamənin 27-ci maddəsində nəzərdə tutulmuş qaydada səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə heç bir namizəd 63 səs ala bilməzsə, Milli Məclisin sədrinin birinci müavininin seçkiləri keçirilir.
Milli Məclisin sədrinin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir. Bu qərarı Milli Məclisin iclasına sədrlik edən imzalayır.

Maddə 34. Milli Məclis sədrinin müavinlərinin seçilməsi qaydası
Milli Məclisin sədrinin müavinləri Milli Məclisin deputatları sırasından açıq səsvermə yolu ilə seçilir.
Milli Məclisin sədrinin müavini vəzifəsinə namizədliyi ilk növbədə Milli Məclisin sədri, sonra isə Milli Məclisin deputatları irəli sürə bilərlər. Milli Məclisin sədri və hər deputat Milli Məclisin sədrinin birinci müavini və müavini vəzifələrinin hər birinə yalnız bir namizəd göstərə bilərlər.
Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir.
Səsverməyə azı 7 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir.
Açıq səsvermə nəticəsində azı 63 deputatın səsini almış namizəd Milli Məclisin sədrinin müavini seçilir.
Namizədlərin heç biri azı 63 səs almadıqda, bu Daxili Nizamnamənin 27-ci maddəsində nəzərdə tutulmuş qaydada səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə heç bir namizəd 63 səs ala bilməzsə, başqa namizədlər göstərilməklə yeni seçkilər keçirilir.
Milli Məclis sədrinin müavinlərinin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir.

Maddə 35. Milli Məclisin komitələri
Milli Məclisin növbəti çağırışının birinci sessiyasının əvvəlində "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Milli Məclisin komitələri yaradılır.
Milli Məclisin komitələri Milli Məclisin çağırışının səlahiyyət müddəti ərzində səlahiyyətlidir.
Milli Məclisin komitələri Milli Məclisin azı 63 deputatının səs çoxluğu ilə təsdiq olunan Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Azərbaycan Respublikasının Qanunu" əsasında fəaliyyət göstərirlər.
Milli Məclisin komitələrinin fəaliyyəti fikir müxtəlifliyi, siyasi plüralizm, aşkarlıq, məsələlərin sərbəst müzakirəsi prinsipləri əsasında qurulur.

Maddə 36. Milli Məclisin komitəsinin tərkibi
Milli Məclisin komitəsinin say tərkibi Milli Məclis tərəfindən müəyyən edilir, lakin azı 5, çoxu 20 deputatdan ibarət olmalıdır.
15 deputatdan çox üzvü olan komitə  köməkçi komitə yarada bilər.
Milli Məclisin rəhbərliyi Milli Məclisin komitəsinin üzvü ola bilər. Milli Məclisin başqa hər bir deputatı komitələrdən birinin üzvü olmalıdır. Bir deputat ən çoxu iki komitənin üzvü ola bilər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Milli Məclisin deputatı Milli Məclisin komitəsinin üzvü olmaya bilər.
Milli Məclisin komitəsinin sədri, onun müavini və üzvləri Milli Məclisin iclasında azı 63 deputatın səs çoxluğu ilə seçilirlər. Komitənin  tərkibinin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir.
Milli Məclisin deputatı heç bir komitənin üzvlüyünə daxil olmursa, Milli Məclisin sədri sərəncamla həmin deputatı komitələrin birinə daxil edir.

Maddə 37. Milli Məclisin komitələrinin iclasları
Milli Məclisin komitəsinin iclası onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
Milli Məclisin sədrinin tələbi ilə Milli Məclisin komitəsinin növbədənkənar iclası çağırılır.
Milli Məclisin komitəsinin iclası haqqında komitə üzvü iclas gününə azı 2 gün qalmış xəbərdar edilməlidir.
Komitənin  üzvü olan Milli Məclisin deputatının komitənin iclasında iştirakı məcburidir.
Komitənin iclasında üzürsüz səbəbdən iştirak edə bilməyən deputat komitənin sədrindən icazə almalıdır.
Komitənin iclaslarında həmin komitənin üzvü olmayan deputatlar da məşvərətçi səslə iştirak edə bilərlər. Komitələrin sədrləri onların iclaslarına həmçinin başqa şəxsləri dəvət edə bilərlər.
Milli Məclisin iki və ya daha çox  komitəsi  birgə iclas keçirə bilər.

Maddə 38. Komitənin sədri və onun müavini
Komitənin iclasını onun sədri, o olmadıqda və ya onun tapşırığı ilə komitə sədrinin müavini aparır.
Komitənin sədri komitənin işinə rəhbərlik edir, onun iclasının gününü və saatını təyin edir, komitənin ayrı-ayrı üzvlərinə tapşırıqlar verir, komitənin işini Milli Məclisin komissiyalarının işi ilə əlaqələndirir, komitənin iclasının protokolunu imzalayır.
Komitə sədrinin müavini sədr olmadıqda onu əvəz edir, sədrin tapşırığı ilə komitənin işlərinə rəhbərlik edir.

Maddə 39. Komitənin hüquqları
Komitənin qanun və qərar layihələrinin hazırlanması üçün zəruri olan sənədləri və materialları mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanlarından, yerli özunüidarə orqanlarından, dövlət və qeyri-dövlət müəssisələri, idarələri və təşkilatlarından tələb etmək, onların nümayəndələrini (ekspertlərini) komitənin iclaslarına dəvət etmək hüququ vardır.
Komitənin qanun və qərar layihələrinin hazırlanması üçün tələb etdiyi sənədləri və materialları mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanları, yerli özunüidarə orqanları, dövlət və qeyri-dövlət müəssisələri, idarələri və təşkilatları 10 gün müddətində komitəyə göndərməlidirlər. Əgər həmin sənədlərdə və materiallarda dövlət, kommersiya sirri, yaxud qanunla qorunan başqa məxfi məlumatlar varsa, onlar göndərilmir və bu barədə Milli Məclisin sədrinə əsaslandırılmış yazılı cavab verilir.
Milli Məclisin sədri bu cavabla razı olmayaraq həmin sənədləri və materialları tələb edərsə, onların Milli Məclisin sədrinə təqdim edilməsi məcburidir.

Maddə 40. Milli Məclisin Hesablayıcı komissiyası
Növbəti çağırış Milli Məclisin birinci iclasında və bundan sonra hər il Milli Məclisin yaz sessiyasının birinci iclasında Hesablayıcı komissiya yaradılır. Hesablayıcı komissiya açıq və gizli səsvermələri keçirmək və onların nəticələrini müəyyən etmək məqsədi ilə yalnız Milli Məclisin iclaslarında fəaliyyət göstərir.
Milli Məclisin Hesablayıcı komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilir. Seçildikdən sonra Milli Məclisin Hesablayıcı komissiyası öz üzvləri sırasından komissiyanın sədrini və katibini seçir.
Hesablayıcı komissiyanın iclası onun azı 4 üzvü iştirak etdikdə səlahiyyətlidir. Hesablayıcı komissiyanın bütün qərarları onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hesablayıcı komissiyanın qərarı ilə razı olmayan onun üzvü komissiyanın yekun protokolunda xüsusi rəyini əks etdirə bilər və Milli Məclisin iclasında xüsusi rəylə çıxış edə bilər.
Milli Məclisin sədrinin seçkiləri keçirilərkən Milli Məclisin sədrliyinə göstərilmiş hər namizəd Hesablayıcı komissiyanın tərkibinə əlavə bir üzv daxil edə bilər. Hesablayıcı komissiyanın bu üzvləri yalnız Milli Məclisin sədrinin seçkiləri zamanı komissiyanın üzvü olurlar.

Maddə 41. Milli Məclisin İntizam komissiyası
Növbəti çağırış Milli Məclisin birinci iclasında və bundan sonra hər il Milli Məclisin yaz sessiyasının birinci iclasında İntizam komissiyası yaradılır. İntizam komissiyası parlamentdaxili məsuliyyətə cəlb olunan deputatların məsələlərinə baxıb həll etmək, habelə deputat toxunulmazlığına xitam verilməsi və deputat səlahiyyətlərinin itirilməsi ilə əlaqədar məsələlərə dair rəy vermək məqsədilə fəaliyyət göstərir.
Milli Məclisin İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilir. Seçildikdən sonra Milli Məclisin İntizam komissiyası öz üzvləri sırasından komissiyanın sədrini və katibini seçir.
İntizam komissiyasının iclası onun azı 4 üzvü iştirak etdikdə səlahiyyətlidir. İntizam komissiyasının bütün qərarları onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. İntizam komissiyasının qərarı ilə razı olmayan onun üzvü komissiyanın protokolunda xüsusi rəyini əks etdirə bilər və Milli Məclisin iclasında xüsusi rəylə çıxış edə bilər.

Maddə 42. Milli Məclisin müvəqqəti komissiyaları
Milli Məclisin deputatlarından Milli Məclisin müvəqqəti komissiyaları yaradıla bilər.
Milli Məclisin müvəqqəti komissiyasının tərkibi, vəzifələri, səlahiyyətləri və fəaliyyət müddəti Milli Məclisin qərarı ilə müəyyən edilir.

Maddə 43. Milli Məclisin deputat fraksiyaları (qrupları)
Milli Məclisin azı 25 deputatı könüllü birləşərək deputat fraksiyaları (qrupları) yarada bilərlər. Deputat fraksiyasının (qruplarının) yaradılması barədə bəyanət Milli Məclisin iclasında oxunur və deputat fraksiyası (qrupu) Milli Məclisin Aparatında qeydiyyatdan keçirilir.
Deputat fraksiyası (qrupu) Milli Məclisdə müzakirə edilmək üçün təkliflər verə bilər, Milli Məclisin müzakirəsinə çıxarılmış bütün məsələlərə dair münasibətini bildirə bilər.
Deputatın fraksiyadan (qrupdan) çıxması nəticəsində deputat fraksiyasının (qrupunun) tərkibi 25 deputatdan az olarsa, deputat fraksiyası (qrupu) ləğv edilmiş sayılır və bu barədə Milli Məclisin iclasında elan edilir.

Maddə 44. Milli Məclisin Hesablama Palatası
Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsinə əsasən, Milli Məclis Hesablama Palatası yaradır. Hesablama Palatası Milli Məclisə hesabat verən daimi fəaliyyət göstərən dövlət büdcə nəzarəti orqanıdır.
Hesablama Palatası sədrdən, sədr müavinindən və 7 auditordan ibarətdir.
Hesablama Palatasının sədri, sədr müavini və auditorları dövlət idarəçiliyi, dövlət nəzarəti, iqtisadiyyat, maliyyə sahələrində iş təcrübəsinə malik olan ali təhsilli şəxslər olmalıdır.
Hesablama Palatasının sədri, sədr müavini və auditorları Milli Məclisin sədrinin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunurlar.
Hesablama Palatasının sədrliyinə və sədr müavinliyinə namizədlər Milli Məclis qarşısında çıxış edirlər. Deputatlar onlara suallar verə, təklif olunan namizəd barəsində öz fikirlərini bildirə, namizədin lehinə və ya əleyhinə çıxış edə bilərlər.
Hesablama Palatasının auditorları Milli Məclisə qısa məlumatla təqdim olunurlar. Hesablama Palatasının sədrinin, sədr müavininin, auditorlarının vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə qərar Milli Məclisin azı 63 deputatının səs çoxluğu ilə qəbul edilir.

Üçüncü fəsil
Milli Məclis deputatının parlamentdaxili məsuliyyəti

Maddə 45. Milli Məclis deputatının parlamentdaxili məsuliyyətinin əsasları
Milli Məclisin deputatı:
1) Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarının aparılmasına mane olduqda;
2) Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında çıxış edənlərin sözünü kəsdikdə;
3) Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarının normal gedişini və iş qaydasını pozduqda;
4) Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verdikdə, qanunsuz hərəkətlərə çağırdıqda;
5) Milli Məclis deputatının yüksək adına xələl gətirən hərəkətlər etdikdə;
6) “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda);
7) Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında üzürsüz səbəbdən iştirak etmədikdə
 parlamentdaxili məsuliyyətə cəlb oluna bilər.

Maddə 46. Parlamentdaxili məsuliyyətə cəlb olunan Milli Məclisin deputatına tətbiq edilən intizam tədbirləri
Bu Qanunun 45-ci maddəsində göstərilən əsaslara görə Milli Məclisin deputatına aşağıdakı intizam tədbirləri tətbiq edilə bilər:
1) xəbərdarlıq;
2) söz kəsmə;
3) iclas salonundan çıxarma;
4) töhmət;
5) deputat səlahiyyətlərinin itirilməsi.

Maddə 47. Parlamentdaxili məsuliyyətə cəlb olunan Milli Məclisin deputatına intizam tədbirlərinin tətbiqi qaydası
Bu Qanunun 45-ci maddəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü bəndlərində göstərilən əsaslara görə, Milli Məclisin, yaxud onun komitə və ya komissiyasının iclasına sədrlik edən Milli Məclisin deputatına xəbərdarlıq edə, onun sözünü kəsə və ya onu iclas salonundan çıxara bilər. Bir qayda olaraq, iclas salonundan çıxarma qaydanı kobud surətdə pozan deputatlara tətbiq edilir.
Dəfələrlə xəbərdar olunan, sözü kəsilən, iclas salonundan çıxarılan deputatın məsələsi Milli Məclisin sədrinin, yaxud komitə və ya komissiyanın sədrinin təqdimatı ilə baxılmaq üçün Milli Məclisin İntizam komissiyasına göndərilir. İntizam komissiyası bu məsələyə həsr olunmuş iclası 5 gün müddətində keçirməli və məsələyə baxarkən Milli Məclisin iclaslarının stenoqramlarından və videoyazısından istifadə edə bilər. İntizam komissiyanın qərarı ilə intizamı pozan deputata töhmət verilə bilər.
Bu Qanunun 45-ci maddəsinin 5-ci bəndində göstərilən əsasa görə, Milli Məclisin sədri deputatın məsələsini İntizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələ ilə əlaqədar iki həftə müddətində təhqiqat aparır və deputatın hərəkətlərində Milli Məclis deputatının yüksək adına xələl gətirən əlamətlər tapdıqda deputata töhmət verə bilər.
Bu Qanunun 45-ci maddəsinin 6-cı bəndində göstərilən əsasa görə, Milli Məclisin sədri deputatın məsələsini intizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə iki həftə müddətində baxıb deputata töhmət verə bilər.
Bu Qanunun 45-ci maddəsinin 7-cı bəndində göstərilən əsasa görə, Azərbaycan Respublikası Milli Məclisinin sədri özü və ya komitənin sədrinin təqdimatı ilə üzürsüz səbəbdən azı dalbadal dörd və ya bir ayda üst-üstə altı iclasda iştirak etməyən deputatın məsələsini İntizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə bir həftə müddətində baxıb deputata töhmət verə bilər.
Milli Məclisin deputatına töhmət verilməsi barədə intizam komissiyasının qərarı Milli Məclisin növbəti iclasında elan edilir.
Bu Qanunun 45-ci maddəsinin 7-cı bəndində göstərilən əsasa görə, Azərbaycan Respublikası Milli Məclisinin sədri Azərbaycan Respublikası Milli Məclisinin növbəti sessiyasının bütün iclaslarını və ya il ərzində Azərbaycan Respublikası Milli Məclisinin 30 iclasını üzürsüz səbəbdən buraxan deputatın məsələsini özünün təqdimatı ilə İntizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə iki həftə müddətində baxıb deputatın öz səlahiyyətlərini itirməsi barədə təklifi Milli Məclisin müzakirəsinə çıxarır. Milli Məclis bu məsələyə növbəti iclasında baxır.

Maddə 48. Parlamentdaxili məsuliyyətə cəlb edilmiş Milli Məclisin deputatları haqqında məlumatların kütləvi informasiya vasitələri ilə yayılması
Parlamentdaxili məsuliyyətə cəlb edilmiş Milli Məclisin deputatları haqqında məlumatlar "Azərbaycan" qəzetində dərc olunur və Azərbaycan Respublikası Milli Məclisinin Aparatı tərəfindən başqa kütləvi informasiya vasitələrinə təqdim edilir.
Milli Məclisinin növbəti sessiyaları dövründə hər ay "Azərbaycan" qəzetində Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarını üzürsüz səbəbdən buraxan deputatların adları dərc olunur.

Dördüncü fəsil
Yekun müddəaları

Maddə 49. Keçid dövrü üçün nəzərdə tutulmuş istisnalar
Çıxarılıb

Maddə 50. Milli Məclisin Daxili Nizamnaməsinin qüvvəyə minməsi və onda dəyişikliklər edilməsi qaydası
Milli Məclisin Daxili Nizamnaməsi Milli Məclis tərəfindən Qanunla təsdiq edildikdən və Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalandıqdan sonra dərc olunduğu gündən qüvvəyə minir.
Milli Məclisin Daxili Nizamnaməsində dəyişikliklər Daxili Nizamnamənin özündə Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi üçün nəzərdə tutulmuş qaydada edilir.

Maddə 51. Milli Məclisin Daxili Nizamnaməsinə riayət olunmasına nəzarət
Milli Məclisin Daxili Nizamnaməsinə riayət olunmasına Milli Məclisin rəhbərliyi nəzarət edir.

Maddə 52. Milli Məclisin xərclər smetasının təsdiqi
Milli Məclisin xərclər smetası Milli Məclisdə növbəti ilin büdcəsinə baxılarkən təsdiq edilir.

Maddə 53. Milli Məclisin sənədlərinin dərc edilməsi
Milli Məclisin qərarları "Azərbaycan Respublikası Milli Məclisinin Məlumatı"nda rəsmi dərc edilir.
Milli Məclisin iclaslarının protokolları və stenoqramları "Azərbaycan Respublikası Milli Məclisi iclaslarının protokolları və stenoqramları"nda rəsmi dərc

 

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi