Prosedur qaydaları

Komitələr haqqında

Azərbaycan Respublikası Milli Məclisinin  komitələri  haqqında

Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Azərbaycan Respublikası Milli Məclisi  komitələrinin təşkili və fəaliyyətinin əsasları
Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi komitələr  təşkil edir.
Azərbaycan Respublikası Milli Məclisinin komitələri (bundan sonra- komitə adlandırılacaq) qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş qanun və qərar layihələrinin ilkin baxılmasını təşkil etmək, onların Milli Məclisin müzakirəsinə çıxarılmasını təmin etmək və bu Qanunda nəzərdə tutulmuş başqa vəzifələri həyata keçirmək məqsədi ilə fəaliyyət göstərirlər.
Komitələrin hüquqları, təşkili qaydası, səlahiyyət müddəti, fəaliyyət prinsipləri, tərkibi, iclaslarının aparılması qaydası, onların sədrlərinin və sədr müavinlərinin səlahiyyətləri "Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsi"nin 35-39-cu maddələri ilə müəyyən edilir.

Maddə 2. Komitənin funksiyaları
Komitə aşağıdakı funksiyaları həyata keçirir:
1) Azərbaycan Respublikası Milli Məclisi deputatlarının qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri qanun və qərar layihələrinin ilkin müzakirəsini təşkil edir və Azərbaycan Respublikasının Milli Məclisində baxılmasına dair rəy verir, habelə Azərbaycan Respublikası Milli Məclisi deputatının təşəbbüsü ilə qanun və qərar layihələrini hazırlayır;
Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri qanun və qərar layihələrinin ilkin müzakirəsini təşkil edir və Azərbaycan Respublikasının Milli Məclisində baxılmasına dair rəy verir;
2) Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ümumxalq müzakirəsinə çıxarılmış qanun layihəsinə dair daxil olmuş təklifləri ümumiləşdirir və Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir;
3) birinci və ikinci oxunuşda qəbul edilmiş qanun layihəsi üzərində iş aparır və onu ikinci və üçüncü oxunuşa hazırlayır;
4) Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə daxil olan məsələlərə baxır və  bu barədə rəy verir;
5) Azərbaycan Respublikası Milli Məclisinin qanunvericilik işləri planına dair öz təkliflərini verir;
6) ildə iki dəfə - Azərbaycan Respublikası Milli Məclisinin yaz və payız sessiyalarının əvvəlində öz işi barədə hesabat verir.

Maddə 3. Komitənin işinin təşkili
Komitə Azərbaycan Respublikası Milli Məclisinin növbəti sessiyasının başlanmasına azı bir həftə qalmış növbəti sessiya üçün özünün iş planını təsdiq edir. Komitənin sədri və sədr müavini Azərbaycan Respublikası Milli Məclisinin aparatı ilə birgə komitənin işini təşkil edir, komitə üzvlərini zəruri sənədlər və materiallarla təmin edir. Komitənin sədri komitənin  iş planının yerinə yetirilməsinə nəzarət edir.

Maddə 4. Komitə  üzvlərinin hüquqları və vəzifələri
"Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə və "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununda göstərilmiş hüquq və vəzifələrdən başqa komitə üzvlərinin komitənin bütün iclaslarında həlledici səs hüququ vardır. Komitənin üzvü komitənin müzakirə etdiyi bütün məsələlərə dair fikrini bildirə, təkliflərini və qeydlərini verə bilər. Komitənin qəbul etdiyi qərarı ilə razı olmadıqda komitənin  üzvü xüsusi rəylə çıxış edə bilər.

Maddə 5. Komitənin iclasları
Komitənin iclasları bir qayda olaraq açıq keçirilir. Müstəsna hallarda komitənin qərarı ilə onun qapalı iclasları keçirilə bilər.
Komitənin açıq iclaslarında dəvət olunmuş şəxslər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edə bilərlər.
Komitənin iclasına qanunvericilik təşəbbüsü qaydasında qanun və qərar layihələrini təqdim etmiş dövlət orqanlarının nümayəndələri, maraqlı icra və məhkəmə hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının nümayəndələri, siyasi partiyaların, həmkarlar ittifaqları birliklərinin, ictimai birliklərin nümayəndələri, alimlər, ekspertlər, mütəxəssislər və iştirakı zəruri hesab olunan başqa şəxslər dəvət oluna bilər. Bu halda komitə dəvət olunan şəxsləri müzakirə olunan sənədlərlə təchiz edir.

Maddə 6. Komitənin qəbul etdiyi aktlar
Komitə müzakirə etdiyi məsələlərə dair qərarlar və rəylər qəbul edir.
Komitə özü hazırladığı qanun və qərar layihələrinə dair qərarlar, komitəyə təqdim olunmuş qanun və qərar layihələrinə dair isə rəylər qəbul edir.
Komitə öz işi barədə hesabatlar hazırlayır. Komitənin hesabatı komitənin qərarı ilə qəbul edilir.
Komitənin qərarları və rəyləri komitənin tərkibinə daxil olan üzvlərin yarısından çoxu qərar və ya rəyin lehinə səs verdikdə qəbul edilmiş sayılır.

Maddə 7. Azərbaycan Respublikası Milli Məclisinin komitələri
Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı komitələri yaradır:
Hüquq siyasəti və dövlət quruculuğu komitəsi;
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi;
İnsan hüquqları komitəsi;
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi;
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi;
Aqrar siyasət komitəsi;
Əmək və sosial siyasət komitəsi;
Səhiyyə komitəsi;
Ailə, qadın və uşaq məsələləri komitəsi;
Gənclər və idman komitəsi;
İctimai birliklər və dini qurumlar komitəsi;
Regional məsələlər komitəsi;
Elm və təhsil komitəsi;
Mədəniyyət komitəsi;
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi.
Azərbaycan Respublikasının Milli Məclisi zəruri hallarda yeni  komitələr yarada bilər, yaxud fəaliyyət göstərən  komitələri yenidən təşkil edə və ya ləğv edə bilər.

Maddə 8. Hüquq siyasəti və dövlət quruculuğu komitəsi
Hüquq siyasəti  və  dövlət  quruculuğu  komitəsi dövlətin hüquqi siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair, habelə dövlət  quruculuğuna  aid  qanun  və  qərar layihələri üzrə aparıcı komitədir.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsi:
dövlət   quruculuğu,  seçki   hüququ, vətəndaşlıq, məhkəmə quruluşu,  mülki hüquq, mülki-prosessual  hüquq, cinayət hüququ, cinayət-prosessual  hüquq, cinayət-icra  hüququ, inzibati hüquqpozmalar, vəkillik,  notariat, prokurorluq, polis  ilə bağlı  qanun layihələrini hazırlayır  və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsi ilə birlikdə insan alverinə qarşı mübarizəyə dair qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsi ilə birlikdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumatına baxır və rəy verir;
Azərbaycan   Respublikası   Milli   Məclisinin   və   ya  Azərbaycan Respublikası  Milli  Məclisi  sədrinin  tapşırığı  ilə  qanun  və   qərar layihələrinin   Azərbaycan   Respublikasının  Konstitusiyasına  və  başqa qanunlarına uyğunluğu haqqında rəy verir;
Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən  Azərbaycan Respublikası   Konstitusiya   Məhkəməsi,   Azərbaycan   Respublikası  Ali Məhkəməsi, Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin, habelə Azərbaycan Respublikası Baş prokurorunun namizədliklərinə baxır və  onlar barəsində   rəy  verir,   habelə   Azərbaycan  Respublikası  məhkəmələri hakimlərinin vəzifədən kənaralaşdırılması barədə məsələlərə baxır və rəy verir.
Azərbaycan  Respublikası  Konstitusiyasının  mətnində  dəyişikliklər olunması  haqqında  referendum  təyin  edilməsi  barədə  məsələ,  habelə Konstitusiya    qanunları   Azərbaycan   Respublikası   Milli   Məclisinə çıxarıldıqda Hüquq   siyasəti   və   dövlət  quruculuğu    komitəsi  bu haqda rəy verməlidir.

Maddə 9. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi ölkənin müdafiəsi və dövlət təhlükəsizliyi, habelə korrupsiya ilə mübarizə sahəsində qanun və qərar  layihələri üzrə aparıcı komitədir.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi:
fövqəladə vəziyyət rejimi, hərbi vəziyyət rejimi, müdafiə, səfərbərlik, hərbi vəzifə, hərbi xidmətkeçmə, hərbi qulluqçuların statusu və digər məsələlər, dövlət təhlükəsizliyinin əsasları, onun təmin edilməsi üsulları və vasitələri, dövlət sərhəd rejimi, korrupsiyaya qarşı mübarizə ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Prezidentinin təqdimatlarına əsasən Azərbaycan Respublikasının hərbi doktrinasının təsdiqinə, Azərbaycan Respublikasının Silahlı Quvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsinə, Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən müharibə elan edilməsinə və sülh bağlanmasına razılıq verilməsinə dair qərar layihələrinə rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrinə ölkənin müdafiəsi və dövlət təhlükəsizliyi, habelə korrupsiya ilə mübarizə baxımından rəy verir.

Maddə 10. İnsan hüquqları komitəsi
İnsan hüquqları komitəsi insan hüquqları və azadlıqlarının təmin olunması və qorunması sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.
İnsan hüquqları komitəsi:
insan hüquqları və azadlıqlarının təmin olunması və qorunmasına, milli və dini azlıqların statusunun müəyyən edilməsi və hüquqlarının təmin olunmasına, qaçqınların və məcburi köçkünlərin, miqrantların statusunun müəyyən edilməsi və hüquqlarının qorunmasına dair qanun layihələrini hazırlayır, Milli Məclisin müzakirəsinə tövsiyə olunan və insan hüquqları və azadlıqlarına toxunan bütün qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birlikdə insan alverinə qarşı mübarizəyə dair qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi ilə birlikdə kütləvi informasiya vasitələri ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrinə insan hüquqları və azadlıqlarının təmin edilməsi baxımından rəy verir;
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) seçilmək üçün Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi şəxslərin namizədliklərinə baxır və onlar barəsində rəy verir, habelə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə məsələyə baxır və rəy verir;
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsinə baxır və rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birlikdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumatına baxır və rəy verir;
Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası məhkəmələri hakimlərinin vəzifədən kənarlaşdırılması barədə məsələlərə baxır və rəy verir;
Azərbaycan Respublikası Hesablama Palatasının sədri, sədr müavini və auditorlarının, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri və sədr müavininin vəzifədən azad edilməsi barədə məsələyə baxır və bu barədə rəy verir.

Maddə 11. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi təbiətin mühafizəsi, təbii ehtiyatlar və energetika sahələrində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi:
ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan və enerji resurslarından istifadə, neft, qaz, energetika, su, meşə təsərrüfatı, ovçuluq və balıqçılıq məsələləri üzrə qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrinə ekoloji təhlükəsizlik baxımından rəy verir.

Maddə 12. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi dövlətin iqtisadi siyasətinin, sənaye və sahibkarlıq fəaliyyəti sahəsində siyasətinin formalaşdırılması və həyata keçirilməsi, dövlət büdcəsinin təsdiq edilməsi və icrası ilə bağlı qanun və qərar layihələri üzrə aparıcı komitədir.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi:
iqtisadiyyatın dövlət tənzimlənməsi, sənaye, investisiya fəaliyyəti, sahibkarlıq fəaliyyətinin, o cümlədən kiçik və orta sahibkarlığın inkişafı, dövlət-özəl tərəfdaşlığı, iqtisadi təhlükəsizlik, xüsusi iqtisadi zonalar, innovativ inkişaf, o cümlədən innovativ mərkəzlərin, texnoparkların, sənaye parklarının təşkili və fəaliyyəti ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
dövlət büdcəsi, büdcə prosesi və quruluşu, pul-kredit, vergi, qiymət siyasətinin əsasları, bank fəaliyyəti, maliyyə, mühasibat, sığorta, valyuta, gömrük tənzimlənməsi, xarici iqtisadi fəaliyyət, mülkiyyət, əmlak münasibətləri, təsərrüfat fəaliyyəti, sənaye, nəqliyyat, rabitə, ticarət, qiymətli kağızlar bazarı, antiinhisar siyasəti, statistika, metrologiya və standartlar, istehlakçıların hüquqlarının qorunması ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsi ilə birlikdə yerli vergilərə və ödənişlərə, yerli büdcələrə aid qanun layihələrini hazırlayır və ya təqdim olunmuş layihələrə dair rəy verir;
Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri vəzifəyə təyin və vəzifədən azad edilərkən təklif olunan namizədliklərə baxır və onlar barəsində rəy verir;
Azərbaycan Respublikası Hesablama Palatasının sədri, sədr müavini və auditorlar, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri və sədr müavini vəzifəyə təyin edildikdə və ya vəzifədən azad edildikdə təklif olunmuş şəxslərin namizədliklərinə baxır və onlar barəsində rəy verir;
dövlət büdcəsinə nəzarətlə bağlı məsələlərə baxır və Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verir;
dövlət büdcəsinin layihəsinə dair Milli Məclisin digər komitələrinin təkliflərinə baxır və onlar barəsində rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə dövlət büdcəsindən əlavə xərc tələb edən qanun və qərar layihələrinə dair, habelə qanun və qərar layihələrinə iqtisadi əsaslandırma və iqtisadi məqsədəuyğunluq baxımından rəy verir.

Maddə 13. Aqrar siyasət komitəsi
Aqrar siyasət komitəsi dövlətin aqrar siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.
Aqrar siyasət komitəsi:
aqrar sahədə mülkiyyət və sahibkarlıq münasibətlərinin dövlət tənzimləməsi, kəndin təbii potensialı olan torpaq, su, meşə resurslarının, habelə mövcud genofondun mühafizəsi və onun səmərəli istifadəsi, kənddə əhalinin layiqli həyatı və fəaliyyəti üçün müvafiq mühitin yaradılması, aqrar bazarın tənzimlənməsi, aqrar sektorun maliyyələşdirilməsi və bu sahəyə xarici investisiyaların cəlb edilməsi, aqrar sahədə kredit siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi, istehsal və sosial infrastrukturun inkişafı, yerli, sahə, sahələrarası və regional kənd təsərrüfatı kooperasiyasının formalaşması və inkişafı, aqrar elminin və təhsilin inkişafına dair qanun layihələri hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
torpaq mülkiyyəti və torpaq münasibətləri ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində aqrar məsələlərə dair rəy verir.

Maddə 14. Əmək və sosial siyasət komitəsi
Əmək və sosial siyasət komitəsi dövlətin əmək və sosial siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.
Əmək və sosial siyasət komitəsi:
sosial inkişaf, əmək, məşğulluq, insanların, o cümlədən sosial müdafiəyə ehtiyacı olan şəxslərin (qaçqın və məcburi köçkünlərin, əlillərin, valideyn himayəsindən məhrum olmuş uşaqların və s.) sosial problemləri, sosial təminat, sosial sığorta sahələri üzrə qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi ilə birlikdə turizm sahəsi üzrə qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində əmək və sosial müdafiə məsələlərinə dair rəy verir.

Maddə 15. Səhiyyə komitəsi
Səhiyyə komitəsi səhiyyə sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.
Səhiyyə komitəsi:
sağlamlığın mühafizəsi, əhalinin sanitariya-epidemioloji salamatlığı, dərman vasitələri, əczaçılıq, ictimai təhlükəli xəstəliklərlə mübarizə, tibbi sığorta, tibb fəaliyyəti üzrə qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində səhiyyə ilə bağlı məsələlərə dair rəy verir.

Maddə 16. Ailə, qadın və uşaq məsələləri komitəsi
Ailə, qadın və uşaq məsələləri komitəsi ailə, qadın və uşaq məsələləri üzrə dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.
Ailə, qadın və uşaq məsələləri komitəsi:
ailə münasibətləri, o cümlədən himayəçilik və qəyyumluq, qadın və uşaq hüquqlarının müdafiəsi və həyata keçirilməsi, gender (kişi və qadınların) bərabərliyinin təmin edilməsi, məişət zorakılığı ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində ailə, qadın və uşaq məsələlərinə dair rəy verir.

Maddə 17. Gənclər və idman komitəsi
Gənclər və idman komitəsi gənclər və idman sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.
Gənclər və idman komitəsi:
gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi, gənclərin təhsil, sosial və məişət problemləri, gənclər evləri və mərkəzləri, gənclərin asudə vaxtının təşkili, gənclər və idman təşkilatları, idmanın təşviqi və təbliği, bədən tərbiyəsi, milli idman növlərinın təşviqi və mühafizəsi, idman kompleksləri və qurğuları, idman klubları, idman mərc oyunları, idmanda dopinqə qarşı mübarizə ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində gənclər və idman məsələlərinə dair rəy verir.

Maddə 18. İctimai birliklər və dini qurumlar komitəsi
İctimai birliklər və dini qurumlar komitəsi ictimai birliklər və dini qurumlarla bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.
İctimai birliklər və dini qurumlar komitəsi:
qeyri-hökumət təşkilatlarının (ictimai birliklərin və fondların), siyasi partiyaların, həmkarlar ittifaqlarının, dini qurumların, o cümlədən dini mərkəz və idarələrin, dini təhsil müəssisələrinin və dini icmaların statusu, təşkili və fəaliyyətinə dair qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində ictimai birliklərlə və dini qurumlarla bağlı məsələlərə dair rəy verir.

Maddə 18-1. Regional məsələlər komitəsi
Regional məsələlər komitəsi yerli özünüidarə ilə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.
Regional məsələlər komitəsi:
ərazi quruluşu və inzibati ərazi bölgüsü, ərazi vahidlərinin qeydə alınması və qeydiyyatdan çıxarılması, statusunun və sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi, onlara ad verilməsi və adlarının dəyişdirilməsi, ərazi vahidlərinin Dövlət reyestrinin aparılması ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir, habelə Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının fəaliyyətinə dair qərar layihələrini hazırlayır;
bələdiyyələrə seçkilər, bələdiyyələrin statusu, onların birləşməsi, ayrılması və ləğv edilməsi, bələdiyyələrin fəaliyyətinin təşkili, bələdiyyələrin maliyyəsinin əsasları, bələdiyyə qulluğu, bələdiyyələrin Dövlət reyestrinin aparılması məsələlərinə dair qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunmuş bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın öz fəaliyyəti haqqında illik məruzəsinə, bələdiyyələrin öz fəaliyyətləri barəsində hesabatlarına, bələdiyyələrin vaxtından əvvəl buraxılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müraciətlərinə baxır və rəy verir;
bələdiyyə mülkiyyəti, yerli vergilər və ödənişlər, yerli büdcə, yerli sosial müdafiə və sosial inkişaf, yerli iqtisadi inkişaf, yerli ekoloji proqramları ilə bağlı qanun layihələrini Azərbaycan Respublikası Milli Məclisinin müvafiq komitələri ilə birlikdə hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində yerli özünüidarə məsələlərinə dair rəy verir.

Maddə 18-2. Elm və təhsil komitəsi
Elm və təhsil komitəsi elm və təhsil sahələrində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.
Elm və təhsil komitəsi:
elm, texnika, təhsil, peşə hazırlığı, ixtiraçılıq və patent hüququ, informatika və informasiyanın mühafizəsi sahələrinə aid qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində elm və təhsil sahələrinə aid məsələlərə dair rəy verir.

Maddə 18-3. Mədəniyyət komitəsi
Mədəniyyət komitəsi mədəniyyət və mədəni sərvətlərin mühafizəsi sahələrində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.
Mədəniyyət komitəsi:
mədəniyyət, o cümlədən dil, ədəbiyyat, incəsənət, muzey, teatr, kino, dizayn, memarlıq, şəhərsalma, kitabxanaçılıq, arxiv işi, habelə mədəni sərvətlərin mühafizəsi sahələrinə dair qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin Əmək və sosial siyasət komitəsi ilə birlikdə turizmlə bağlı, İnsan hüquqları komitəsi ilə birlikdə kütləvi informasiya vasitələri ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində mədəniyyət məsələlərinə dair rəy verir.

Maddə 18-4. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Azərbaycan Respublikasının xarici siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi:
xarici siyasətə, beynəlxalq müqavilələrin təsdiqi, icrası və ləğv edilməsinin qaydalarına, repatriasiyaya, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusuna aid qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərinin təsis edilməsi, habelə dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi məsələlərinə baxır və bu barədə rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sənədlərə uyğunluğu barədə rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələrinin daha da inkişaf etdirilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verir;
xaricdə yaşayan azərbaycanlılarla və onların təşkilatları ilə əlaqələr saxlayır və bu əlaqələri inkişaf etdirir;
Azərbaycan Respublikası Milli Məclisinin xarici dövlətlərin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarına, habelə Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq parlament təşkilatlarında nümayəndələrinə metodik yardım göstərir.

Maddə 19. Komitələrin qarşılıqlı fəaliyyəti
Əlaqədar qanun və qərar layihələri hazırlanarkən və ya müzakirə olunarkən komitələr  birgə iclaslar keçirə və ya başqa formalarda birgə fəaliyyət göstərə bilərlər.

Maddə 20. Komitələrin iclaslarının protokolları və stenoqramları
Komitənin  iclası stenoqrama alınır və protokollaşdırılır.
Komitənin iclasının protokolu və stenoqramı müvafiq sənədlərin müzakirəsini və onlar barədə qərar qəbul edilməsini təsdiq edən rəsmi sənədlərdir.
Komitənin iclasının protokolunda aşağıdakılar göstərilir:
1) iclasın keçirilməsi yeri, vaxtı, protokolun nömrəsi;
2) iclasda sədrlik və iştirak edən komitə üzvlərinin, habelə dəvət olunmuş şəxslərin adı, soyadı;
3) iclasın gündəliyi;
4) iclasda yayılan sənədlər;
5) gündəlik üzrə çıxış edənlər;
6) gündəlikdə duran məsələlər üzrə səsvermənin nəticələri;
7) qəbul olunmuş akt.
Komitə üzvünün xüsusi rəyi varsa, həmin xüsusi rəy haqqında məlumat protokolda göstərilir, xüsusi rəy isə stenoqrama əlavə edilir.
Komitənin protokolunu iclasda sədrlik edən imzalayır.

Maddə 21. Komitələrin fəaliyyətinin işıqlandırılması
Komitələrin  fəaliyyəti kütləvi informasiya vasitələrində işıqlandırılır.
Komitələrin  iclasları haqqında məlumatlar "Azərbaycan" qəzetində dərc edilir.
Komitənin  iclasında audio, video yazısı, foto və kino çəkilişi komitənin razılığı ilə həyata keçirilə bilər.

Maddə 22. Komitələrin fəaliyyətinin təmin edilməsi
Komitələrin təşkilati, analitik, informasiya, kargüzarlıq, maddi-texniki təminatını Azərbaycan Respublikası Milli Məclisinin Aparatı həyata keçirir.

Maddə 23. Komitələrin ekspertləri
Komitədə qanun və qərar layihələrinin hazırlanmasında və ya onlara rəy verilməsində mütəxəssislərin cəlb edilməsi məqsədi ilə, habelə komitəyə daxil olan materialların təhlilinə və ümumiləşdirilməsinə kömək etmək üçün komitə ekspertlərdən istifadə edə bilər. Ekspert komitədə əmək haqqı ödənilməklə və ya ictimai əsaslarla işləyə bilər. Azərbaycan  Respublikası Milli Məclisi sədrinin razılığı və komitə sədrinin təqdimatı ilə əmək haqqı ödənilməklə müəyyən müddətə işə götürülən ekspertlə Azərbaycan Respublikası Milli Məclisinin aparatı əmək sazişi bağlayır.

 


Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev


Bakı şəhəri, 10 iyul 1998-ci il
№ 521-IQ

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi