14.02.2017 Hərbi vəziyyət haqqında

Ikinci oxunuş

Layihə

Hərbi vəziyyət haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 8-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir.

1-ci fəsil
Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. hərbi vəziyyət - Azərbaycan Respublikasının Konstitusiyasına və bu Qanuna uyğun olaraq, Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində müvəqqəti tətbiq edilən siyasi, iqtisadi, inzibati, hərbi və digər tədbirlər kompleksini nəzərdə tutan, Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - vətəndaşlar) konstitusion hüquq və azadlıqlarının, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin qismən və müvəqqəti məhdudlaşdırılmasına və onların üzərinə əlavə vəzifələr qoyulmasına yol verən xüsusi hüquqi rejim;
1.0.2. cəbhəboyu zona - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təcavüzkar dövlətin və ya dövlətlərin silahlı qüvvələri ilə, habelə qanunsuz silahlı birləşmələrlə təmas xəttinə bitişik ərazilər;
1.0.3. hərbi senzura - kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi idarəetmə orqanları, dövlət orqanları və onların vəzifəli şəxsləri ilə əvvəlcədən razılaşdırılması, dövlət sirri təşkil edən məlumatların qeyri-qanuni yayılmasının qarşısının alınması məqsədi ilə yazışmaya, televiziya və radio yayımına, telefon və radio danışıqlarına, internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə verilən məlumatlara nəzarətin həyata keçirilməsi;
1.0.4. komendant saatı - hərbi vəziyyət şəraitində ictimai qayda və ictimai təhlükəsizliyin təmin edilməsi, düşmənin kəşfiyyat, təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınması məqsədi ilə xüsusi icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədlər olmadan yaşayış yerlərindən, yaxud iş yerindən kənarda olmanı (hərəkət etməni) qadağan edən günün müəyyən edilmiş vaxtı;
1.0.5. internə edilmə - Azərbaycan Respublikasına qarşı təcavüz aktı törətmiş və ya ölkənin müdafiə maraqlarına, onun təhlükəsizliyinə real təhlükə yaradan dövlətin və ya dövlətlərin vətəndaşlarının hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə uyğun olaraq ölkə daxilində bunun üçün xüsusi ayrılmış yerlərdə nəzarət altında məcburi saxlanılması.

Maddə 2. Hərbi vəziyyət haqqında qanunvericilik

Hərbi vəziyyət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.

Maddə 3. Hərbi vəziyyətin elan edilməsinin məqsədi

Hərbi vəziyyətin elan edilməsinin əsas məqsədi bu Qanunun 4-cü maddəsində göstərilən əsaslardan biri mövcud olduqda mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatların üzərinə düşən vəzifələri yerinə yetirmək üçün zəruri şəraitin yaradılmasıdır.

Maddə 4. Hərbi vəziyyətin elan edilməsinin əsasları

4.0. Azərbaycan Respublikası Konstitusiyasının 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan edilməsi üçün aşağıdakılar əsas ola bilər:
4.0.1. Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktiki işğal edildikdə;
4.0.2. xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə;
4.0.3. Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda;
4.0.4. Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə belə blokada üçün real təhlükə olduqda.

Maddə 5. Hərbi vəziyyətin elan edilməsi

5.1. Hərbi vəziyyət Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə elan edilir.
5.2. Hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanında aşağıdakılar nəzərdə tutulur:
5.2.1. hərbi vəziyyətin elan edilməsi üçün əsas (əsaslar);
5.2.2. hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəldilmiş tədbirlər, onların həyata keçirilməsi üçün üsul və vasitələr;
5.2.3. hərbi vəziyyətin tətbiqinin başlanma tarixi, vaxtı və qüvvədə olma müddəti;
5.2.4. hərbi vəziyyət tətbiq olunan ərazinin (ərazilərin) hüdudları;
5.2.5. hərbi vəziyyətin tətbiqi ilə əlaqədar digər məsələlər.
5.3. Hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı imzalandıqdan sonra "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq dərc edilir.
5.4. Hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı bu Qanunun 6-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildikdə qüvvəyə minir.

Maddə 6. Hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanının təsdiq edilməsi

6.1. Hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı qəbul edildikdən sonra 24 saat müddətində Azərbaycan Respublikasının Milli Məclisinə təsdiq üçün təqdim edilir.
6.2. Hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı Azərbaycan Respublikasının Milli Məclisinə daxil olduqdan sonra 48 saat müddətində növbəti və növbədənkənar sessiyalar dövrünün olub-olmamasından asılı olmayaraq Azərbaycan Respublikası Milli Məclisinin iclası keçirilir, iclasda fərmanın təsdiqi məsələsinə növbədənkənar baxılır və deputatların 63 səs çoxluğu ilə müvafiq qərar qəbul edilir.
6.3. Hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmədikdə qüvvəyə minmir. Bu barədə əhaliyə dərhal məlumat verilir.

Maddə 7. Hərbi vəziyyət dövrü

Hərbi vəziyyət dövrü onun tətbiqi tarixindən (vaxtından) başlayır və onun qüvvədə olma müddəti bitdikdə, yaxud bu Qanunun 8.2-ci maddəsində nəzərdə tutulan halda başa çatır.

Maddə 8. Hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması və ya ləğv edilməsi

8.1. Hərbi vəziyyətin müddəti bitənədək onun elan edilməsi əsasları aradan qaldırılmadıqda və ya bunun üçün yeni əsaslar yarandıqda hərbi vəziyyətin qüvvədə olma müddəti uzadılır.
8.2. Hərbi vəziyyətin elan edilməsi əsasları aradan qaldırıldıqda və bunun üçün yeni əsaslar yaranmadıqda hərbi vəziyyət ləğv edilir.
8.3. Hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması və ya ləğv edilməsi bu Qanunun 6-cı maddəsinin tələbləri nəzərə alınmaqla həyata keçirilir.

Maddə 9. Hərbi vəziyyətin tətbiqi ilə əlaqədar səfərbərliyin elan edilməsi

Hərbi vəziyyətin tətbiqi ilə əlaqədar səfərbərliyin elan edilməsi "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

2-ci fəsil
Hərbi vəziyyət rejiminin təmin edilməsi

Maddə 10. Hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəldilmiş tədbirlər

10.1. Hərbi vəziyyət dövründə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutula bilər:
10.1.1. təxsislənmiş (bron edilmiş) dövlət maddi ehtiyatlarından istifadə olunması; 
10.1.2. ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, hərbi və mühüm dövlət obyektlərinin, əhalinin təhlükəsiz yaşayış şəraitini təmin edən obyektlərin, nəqliyyatın, telekommunikasiya şəbəkə, qurğu və obyektlərinin, poçt obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin, enerji təchizatı müəssisələrinin, baş enerji nəqletmə sistemlərinin, insanlar və ətraf mühit üçün yüksək təhlükə mənbəyi olan xüsusi obyektlərin mühafizəsinin gücləndirilməsi;
10.1.3. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların xüsusi iş rejiminə keçirilməsi;
10.1.4. stasionar və ya müvəqqəti yaşayış yerlərində məskunlaşdırılması şərtilə əhalinin, təsərrüfat və sosial təyinatlı obyektlərin, maddi və mədəni sərvətlərin təhlükəsiz rayonlara təxliyə olunması (köçürülməsi);
10.1.5. hərbi vəziyyət rejimini pozmaqda şübhə edilən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlara məxsus bina və otaqların, nəqliyyat vasitələrinin yoxlanılması;
10.1.6. hərbi vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin, fondların və digər qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırılması;
10.1.7. rabitədən istifadə üçün xüsusi qaydalara riayət olunması, telekommunikasiya şəbəkə, qurğu və obyektlərinin, poçt obyektlərinin fəaliyyətinin sabitliyinin təmin olunmasına nəzarətin gücləndirilməsi;
10.1.8. təhsil müəssisələrinin iş rejiminin dəyişdirilməsi, yaxud fəaliyyətinin dayandırılması;
10.1.9. karantinin tətbiq edilməsi, icbari sanitariya-gigiyena, epidemiya əleyhinə və baytarlıq tədbirlərinin keçirilməsi;
10.1.10. hərbi vəziyyət şəraitində məxfilik rejiminin gücləndirilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi;
10.1.11. silah, döyüş sursatı, xüsusi vasitələr, zəhərli və ya partlayıcı maddələrin satışının məhdudlaşdırılması və ya qadağan olunması, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları və ya tərkibində güclü təsirə malik olan maddələr olan dərman preparatlarının, spirtli içkilərin dövriyyəsi üzrə xüsusi rejimin yaradılması, fiziki şəxslərdən odlu və soyuq silahın, döyüş sursatının, zəhərləyici və ya partlayıcı maddələrin, hüquqi şəxslərdən isə həmçinin təlim hərbi texnikasının və radioaktiv maddələrin müvəqqəti götürülməsi;
10.1.12. gündəlik tələbat mallarının, o cümlədən ərzaq və sənaye məhsullarının əldə olunmasında (satışında) xüsusi qaydaların tətbiq edilməsi;
10.1.13. müvafiq şəxslərin internə edilməsi;
10.1.14.yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsinin qadağan edilməsi və ya məhdudlaşdırılması;
10.1.15.hərbi vəziyyətin elan olunduğu əraziyə (ərazilərə) xüsusi giriş-çıxış rejiminin tətbiqi və təmin edilməsi;
10.1.16.Azərbaycan Respublikasına gəlmənin və Azərbaycan Respublikasından getmənin xüsusi qaydalarının tətbiq edilməsi;
10.1.17. yaşayış və ya olduğu yeri seçmək hüququnun məhdudlaşdırılması;
10.1.18. nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması;
10.1.19. komendant saatı tətbiq edilməklə şəxslərin xüsusi icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədləri olmadan günün müəyyən edilmiş vaxtlarında küçələrdə və ya digər ictimai yerlərdə olmalarının qadağan edilməsi;
10.1.20. şəxslərin xüsusi icazə vərəqələrinin və şəxsiyyətini təsdiq edən sənədlərinin yoxlanılması, qanunda nəzərdə tutulmuş əsaslarla onların şəxsi əşyalarına, mənzillərinə və nəqliyyat vasitələrinə baxış keçirilməsi, həmin şəxslərin və nəqliyyat vasitələrinin tutulub saxlanılması;
10.1.21. hərbi vəziyyət rejimini pozan və hərbi vəziyyətin tətbiq edildiyi ərazidə yaşamayan şəxslərin həmin ərazinin hüdudlarından çıxarılması;
10.1.22. kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi senzuradan keçirilməsi;
10.1.23. hərbi vəziyyət tətbiq edildiyi ərazidə (ərazilərdə) kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejiminin tətbiq edilməsi, qanuni əsaslar olduqda onların fəaliyyətinin məhdudlaşdırılması və ya dayandırılması haqqında aidiyyəti orqanlara təqdimatlar verilməsi;
10.1.24. cəbhəboyu zonada kütləvi informasiya vasitələrinin fəaliyyətinin tənzimlənməsi;
10.1.25. əməyin mühafizəsi normalarına və qaydalarına tam riayət olunmaqla əhalinin təhlükəsiz yaşayış şəraitini təmin edən obyektlərin bərpası, yanğın, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılmasına fiziki və hüquqi şəxslərin cəlb edilməsi;
10.1.26. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatların fəaliyyətinin tətil və ya digər üsullarla dayandırılmasının qadağan edilməsi;
10.1.27. müdafiə ehtiyaclarının yerinə yetirilməsini təmin etmək məqsədi ilə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatların güc və əmək ehtiyatlarının (resurslarının) səfərbər olunması, səfərbərlik planlarına (tapşırıqlarına) uyğun olaraq onların istehsalat fəaliyyətinin növünün və ya iş rejiminin dəyişdirilməsi (o cümlədən işçilərin iş vaxtından artıq vaxtda işə cəlb olunması, əmək məzuniyyətindən istifadə edilməməsi və ya məzuniyyətin başqa vaxta keçirilməsi), bağlanılmış müqavilələr əsasında hərbi və mühüm mülki məhsulların istehsalına yönəldilməsi;
10.1.28. qanunla müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərin istifadəsində və mülkiyyətində olan daşınar və daşınmaz əmlakın əvəzi ödənilməklə, dövlət mülkiyyətində olan daşınar və daşınmaz əmlakın isə əvəzsiz olaraq müdafiə ehtiyacları üçün alınması və ya istifadə edilməsi.
10.2. Hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəldilmiştədbirlərin müəyyən edilməsi zamanı hərbi vəziyyət tətbiq ediləcək ərazidə mülki müdafiə və ərazi müdafiəsinin təşkili üzrə planlaşdırmanın nəticələri nəzərə alınır.
10.3. Bu Qanunla müəyyən edilən hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəldilmiş tədbirlər "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" 1954-cü il tarixli Haaqa Konvensiyasına və həmin Konvensiyaya dair İkinci Protokola uyğun olaraq həyata keçirilməlidir.

Maddə 11. Hərbi vəziyyət şəraitində tədbirlərin həyata keçirilməsi hədləri

Hərbivəziyyət şəraitində mülkiyyət və təşkilati-hüquqiformasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin, vətəndaşların hüquq və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutan tədbirlər vəziyyətin kəskinliyindən irəli gələn hüdudlar daxilində tətbiq edilməli və Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun və digər normativ hüquqi aktlardan irəli gələn öhdəliklərə zidd olmamalıdır.

Maddə 12. Hərbi vəziyyət dövründə mülki müdafiə və ərazi müdafiəsi

Hərbi vəziyyət dövründə mülki müdafiə və ərazi müdafiəsi tədbirləri Azərbaycan Respublikasının müdafiə qanunvericiliyinin tələblərinə uyğun olaraq həyata keçirilir.

Maddə 13. Hərbi vəziyyət dövründə referendumun, seçkilərin və ya yerli rəy sorğusunun keçirilməsinin yolverilməzliyi

13.1. Azərbaycan Respublikası ərazisinin 25 faizindən çoxunda hərbi vəziyyət elan edildikdə, hərbi vəziyyət dövründə, həmçinin hərbi vəziyyət ləğv edildikdən sonra 3 (üç) ay müddətində referendum, seçkilər və ya yerli rəy sorğusu təyin edilə və keçirilə bilməz.
13.2. Hərbi vəziyyət dövründə Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasının Milli Məclisi deputatlarının, yerli özünüidarə orqanlarının üzvlərinin seçkilərinin keçirilməsi mümkün olmadıqda, onlar öz səlahiyyətlərini hərbi vəziyyət ləğv edildikdən sonra keçirilən seçkilərədək davam etdirirlər.
13.3. Hərbi vəziyyət elan olunmazdan əvvəl yerli rəy sorğusuna çıxarılmış məsələnin müzakirəsi dayandırılır və təyin edilmiş yerli rəy sorğusu hərbi vəziyyət ləğv edilənədək təxirə salınır.

Maddə 14. Hərbi vəziyyət rejiminin təmin olunması ilə əlaqədar silah, hərbi və xüsusi texnika, fiziki güc və xüsusi vasitələrin tətbiqi

14.1.Hərbi idarəetmə orqanlarınınhərbi qulluqçuları, habelə aidiyyəti dövlət orqanlarının əməkdaşları xidməti (qulluq) vəzifələrinin icrası zamanı hərbi vəziyyət rejiminin təmin olunması ilə əlaqədar aşağıdakı qanunazidd hərəkətlərin qarşısının alınması üçün silah, hərbi və xüsusi texnika, fiziki güc və xüsusi vasitələri tətbiq edə bilərlər:
14.1.1. dövlət və hərbi obyektlərə, fiziki və hüquqi şəxslərə edilən hücumlar;
14.1.2. hərbi qulluqçuların, aidiyyəti dövlət orqanlarının əməkdaşlarının həyat və sağlamlığı üçün təhlükə törədən əməllər və ya onlara göstərilən müqavimət;
14.1.3. mühafizə olunan obyektlərə və qoşun birləşmələrinin dislokasiya yerlərinə qanunsuz daxilolma cəhdləri;
14.1.4. kütləvi iğtişaşlar və ictimai asayişin pozulması.
14.2.Silah, hərbi və xüsusi texnika, fiziki güc və xüsusi vasitələr, həmçinin, hərbi vəziyyət rejimi qaydalarını pozan şəxslərin tutulub saxlanılması, girovların və zəbt olunmuş obyektlərin azad edilməsi, nəqliyyat vasitəsinin dayandırılması haqqında qanuni tələbləri yerinə yetirməkdən imtina edən sürücünün saxlanılması, həyəcan siqnalının verilməsi, yaxud yardımın çağırılması məqsədi ilə də tətbiq edilə bilər.

Maddə 15. Hərbi vəziyyət rejiminin təmin olunmasında hərbi idarəetmə orqanlarının vəzifələri

15.0. Hərbi vəziyyət rejiminin təmin olunması ilə əlaqədar hərbi idarəetmə orqanlarıaşağıdakı vəzifələri yerinə yetirirlər:
15.0.1. hərbi vəziyyətin tətbiq edildiyi əraziyə (ərazilərə) giriş-çıxışın xüsusi rejiminin tətbiqi və təmin edilməsi;
15.0.2. hərbi və mühüm dövlət obyektlərinin, əhalinin təhlükəsiz yaşayış şəraitini təmin edən obyektlərin, nəqliyyatın, telekommunikasiya şəbəkə, qurğu və obyektlərinin, poçt obyektlərinin, enerji təchizatı müəssisələrinin, su təchizatı və kanalizasiya sistemlərinin, su anbarlarının, insanlar və ətraf mühit üçün yüksək təhlükə mənbəyi olan xüsusi obyektlərin mühafizəsi;
15.0.3. əhalinin təhlükəsiz yaşayış şəraitini təmin edən obyektlərin bərpası, yanğınların, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılması;
15.0.4. ictimai qayda və ictimai təhlükəsizliyin qorunması;
15.0.5. zorakı hərəkətlərlə müşayiət olunan münaqişələrdə iştirak edən tərəfləri silah, hərbi və xüsusi texnika, fiziki güc və xüsusi vasitələr tətbiq etməklə münaqişədən çəkindirməsi;
15.0.6. qanunsuzsilahlı birləşmələrin fəaliyyətinin, terrorçuluq, casusluq, təxribat və Azərbaycan Respublikasına qarşı yönəldilmiş digər qanunazidd fəaliyyətin qarşısının alınması;
15.0.7. hərbi vəziyyətin təmin olunması üçün zəruri olan digər tədbirlərin keçirilməsi.

Maddə 16. Hərbi vəziyyətin elan edilməsinə səbəb olmuş əsasların aradan qaldırılması üzrə aparılan işlərin maliyyələşdirilməsi

Hərbi vəziyyətin elan edilməsinəsəbəb olmuş əsasların aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən cəlb olunan ehtiyatların həcmi, aparılan işlərin maliyyələşdirilməsinin və maddi-texniki təminatının həcmi və qaydası, o cümlədən hərbi vəziyyətin elan edilməsinəsəbəb olmuş şərait nəticəsində zərər çəkmiş vətəndaşlara sosial müavinətlərin və kompensasiyaların, həmçinin bu Qanunun 10‑cu maddəsində nəzərdə tutulan tədbirlərin görülməsi ilə əlaqədar sakinlərin müvəqqəti olaraq təhlükəsiz ərazilərə köçürülməsi tədbirlərinin maliyyələşdirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət büdcəsi hesabına həyata keçirilir.

Maddə 17. Cəbhəboyu zonada və döyüş fəaliyyətləri aparılan ərazilərdə hərbi vəziyyət rejiminin tətbiqi üzrə hərbi idarəetmə orqanlarının səlahiyyətləri

17.1. Cəbhəboyu zonada, həmçinin də döyüşlərin  aparıldığı və hərbi vəziyyət rejimi tətbiq edilən ərazilərdə bu Qanunun 10-cu maddəsində göstərilən tədbirlər müvafiq hərbi idarəetmə orqanları tərəfindən həyata keçirilə bilər.
17.2. Cəbhəboyu zonanın (ərazinin) hüdudları və hərbi idarəetmə orqanlarının səlahiyyətləri hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanına uyğun olaraq müəyyən edilir.

Maddə 18. Cəbhəboyu zonada təbliğat-izahat işləri

18.1. Cəbhəboyu zonada hərbi vəziyyət rejiminin tətbiqi ilə əlaqədar yerli əhali arasında təbliğat-izahat işləri aparılır.
18.2. Müdafiə məsələləri üzrə əlaqələndirmə şuraları müvafiq dövlət orqanları və hərbi idarəetmə orqanları ilə birlikdə yerli əhali arasında sayıqlığın artırılması və dövlət sirrinin yayılmasının qarşısının alınması məqsədi ilə zəruri tədbirlər planlaşdıraraq həyata keçirirlər.
18.3. Cəbhəboyu zonada hərbi vəziyyət rejiminin pozulması barədə məlumatların müvafiq icra hakimiyyəti orqanına vaxtında çatdırılması üçün qaynar xətt əlaqəsi yaradılır.

3-cü fəsil
Hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarının təminatı

Maddə 19. Hərbi vəziyyət dövründə hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının təminatı

19.1. Bu Qanunla nəzərdə tutulan hallarda qismən və müvəqqəti məhdudlaşdırılan hüquq və azadlıqlar istisna olmaqla, hərbi vəziyyət dövründə fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə müəyyən edilmiş bütün hüquq və azadlıqlardan istifadə edir.
19.2. Bu Qanunun 10.1.27-ci maddəsinə əsasən müdafiə ehtiyacları üçün səfərbər olunmuş mülkiyyət və təşkilati-hüquqiformasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatların işçilərinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əməkhaqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənilir.
19.3. Hərbi vəziyyətin elan edilməsi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiq edilməsi ilə əlaqədar zərər çəkmiş şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada yaşayış yerləri verilir, dəymiş maddi zərər ödənilir, işə düzəlmək üçün zəruri köməklik göstərilir.
19.4. Bu Qanunun 10.1.25-ci maddəsinə əsasən əməyi və əmlakı istifadə edilən fiziki və hüquqi şəxslər dəymiş zərərin ödənilməsini tələb etmək hüququna malikdirlər.

Maddə 20. Hərbi vəziyyət dövrünün başa çatmasının hüquqi nəticələri

Hərbi vəziyyət rejiminin təmin olunması məqsədi ilə vətəndaşların hüquq və azadlıqlarının, həmçinin mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin qismən və müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar qəbul olunmuş hüquqi aktlar hərbi vəziyyət dövrünün başa çatması ilə eyni vaxtda bu barədə xüsusi məlumat verilmədən qüvvəsini itirmiş hesab olunur.

4-cü fəsil
Hərbi vəziyyət dövründə qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının, habelə Azərbaycan Respublikasının
İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinin xüsusiyyətləri

Maddə 21. Hərbi vəziyyət dövründə qanunvericilik orqanının fəaliyyəti

Hərbi vəziyyət dövründə Azərbaycan Respublikasının Milli Məclisi Daxili Nizamnaməsinə uyğun olaraq iclaslarını davam etdirir.

Maddə 22. Hərbi vəziyyət dövründə ədalət mühakiməsinin həyata keçirilməsi

22.1. Hərbi vəziyyət dövründə və hərbi vəziyyət tətbiq edilən ərazidə ədalət mühakiməsini yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun yaradılan və fəaliyyət göstərən məhkəmələr həyata keçirirlər.
22.2. Hər hansı fövqəladə məhkəmə formalarının və növlərinin təsis edilməsi, mühakimə icraatının sürətləndirilmiş və ya fövqəladə növlərindən və formalarından istifadə olunması qadağandır.
22.3. Hərbi vəziyyət tətbiq olunmuş ərazidə fəaliyyət göstərən məhkəmə Məhkəmə-Hüquq Şurasının qərarı ilə başqa əraziyə köçürülə bilər. Hərbi vəziyyət tətbiq olunmuş ərazidə ədalət mühakiməsinin məhkəmə tərəfindən həyata keçirilməsi qeyri-mümkün olduqda, bu səlahiyyət Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq başqa məhkəməyə verilə bilər.

Maddə 23. Hərbi vəziyyət dövründə prokurorluq orqanlarının fəaliyyəti

Hərbi vəziyyətin tətbiq edildiyi dövrdə Azərbaycan Respublikasının prokurorluq orqanları prokurorluq haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət göstərirlər.

Maddə 24. Hərbi vəziyyət dövründə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyəti

Hərbi vəziyyətin elan edilməsi Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətini dayandırmır və ya məhdudlaşdırmır.

5-ci fəsil
Yekun müddəalar

Maddə 25. Hərbi vəziyyətin elan edilməsi haqqında Birləşmiş Millətlər Təşkilatına və Avropa Şurasına məlumat verilməsi

25.1. Hərbi vəziyyət elan edildikdə, müvafiq icra hakimiyyəti orqanı "Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt"a və "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyaya uyğun olaraq, 3 gün müddətində Birləşmiş Millətlər Təşkilatının və Avropa Şurasının baş katiblərini hərbi vəziyyət dövründə insan və vətəndaş hüquqlarının və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılması, bu məhdudiyyətlərin həcmi və belə qərarın səbəbləri haqqında məlumatlandırır.
25.2. Müvafiq icra hakimiyyəti orqanı hərbi vəziyyət dövrünün başa çatması barədə Birləşmiş Millətlər Təşkilatının və Avropa Şurasının baş katiblərini məlumatlandırır.

Maddə 26. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.

Maddə 27.  Keçid müddəa

Bu Qanun qüvvəyə mindiyi gündən "Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikasının 1994-cü il 6 yanvar tarixli 779 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 17, maddə 232; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 7, maddə 444; 2001, № 11, maddə 683; 2002, № 8, maddə 463; 2004, № 1, maddə 10; 2006, № 2, maddə 64) ləğv edilir.

 


Azərbaycan  Respublikasının  Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi