28.10.2016 "Məktəbəqədər təhsil haqqında"

Layihə

"Məktəbəqədər təhsil haqqında"

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında məktəb yaşına çatmamış uşaqların məktəbəqədər təhsilinin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. məktəbəqədər təhsil müəssisəsi - məktəbəqədər təhsilin dövlət standartlarına uyğun olaraq məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyəsini, əqli, fiziki, mənəvi  inkişafını və məktəbəhazırlığını həyata keçirən təhsil müəssisəsi;
1.0.2. məktəbəqədər təhsilin dövlət standartı - uşaqların, ailənin, cəmiyyətin tələbatına uyğun olaraq, elmi-pedoqoji prinsiplər əsasında hazırlanan, ölkədə məktəbəqədər təhsil  sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət edən ümumi normalar məcmusu;
1.0.3. məktəbəqədər təhsildə diferensiallaşdırma - uşaqların fərdi xüsusiyyətlərinin, maraq və tələbatlarının, fiziki və əqli inkişaf səviyyələrinin, psixofizioloji cəhətlərinin nəzərə alınması;
1.0.4. məktəbəqədər təhsildə qiymətləndirmə - məktəbəqədər yaşlı uşaqların inkişafı, nailiyyətləri və xüsusi ehtiyacları haqqında məlumatın toplanması və dəyərləndirilməsi prosesi;
1.0.5. məktəbəqədər xüsusi təhsil müəssisəsi - sağlamlıq imkanları məhdud məktəbəqədər yaşlı şəxslərin təhsil alması üçün yaradılmış təhsil müəssisəsi;
1.0.6. metodist - məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyə işlərinə metodiki rəhbərliyi həyata keçirən ali pedoqoji təhsilli şəxs;
1.0.7. motivasiya - tədris məşğələsinin uşaqları idraki fəallığa sövq edən və onların təlimə marağını artıran hissəsi;
1.0.8. defektoloq - uşaqların əqli, fiziki inkişafındakı qüsurların korreksiyası ilə məşğul olan mütəxəssis;
1.0.9. icma əsaslı məktəbəqədər təlim qrupu - ixtisaslı pedaqoji kadr olduğu halda, valideynlərin (digər qanuni nümayəndələrin) könüllülüyü, icra nümayəndəlikləri və bələdiyyələrin təşkilati köməkliyi ilə yerlərdə yaradılan məktəbəqədər yaşlı uşaqların cəlb olunduğu ödənişli təlim qrupu;
1.0.10. inklüzivlik - sağlamlığının, potensial imkanının, maddi təminatının vəziyyətindən asılı olmayaraq, bütün uşaqların təhsil almaq hüququnun təmin edilməsi;
1.0.11. innovasiya - müxtəlif təşəbbüs və elmi-tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli yeniliklər;
1.0.12. qanuni nümayəndələr - yetkinlik yaşına çatmayan, həmçinin fəaliyyət qabiliyyəti olmayan, yaxud tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini təmsil edən   valideynlər, övladlığa götürənlər, qəyyumlar və himayəçilər;
1.0.13. qısamüddətli təlim qrupu - valideynlərin (digər qanuni nümayəndələrin) arzusu nəzərə alınmaqla müəyyən olunmuş hər bir yaş kateqoriyasına daxil olan uşaqlar üçün məktəbəqədər təhsil müəssisələrindəqısaldılmış gün rejimi əsasında təşkil edilən təlim qrupu;
1.0.14. loqoped - nitqi qüsurlu uşaqlarla işləyən mütəxəssis;
1.0.15. nəticəyönümlülük - təhsilin məzmununun əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında müəyyən edilməsi;
1.0.16. sağlamlıq imkanları məhdud şəxs - xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər yaranan fiziki çatışmazlığı, əqli və ya psixi ləngimələri olan şəxs;
1.0.17. şəxsiyyətyönümlülük - uşaqlarda zəruri həyati bacarıqların və dəyərlərin formalaşdırılması;
1.0.18. təhsil proqramı (kurikulum) - təlim nəticələri və məzmun standartlarını, inkişaf sahələrini, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən konseptual dövlət sənədi;
1.0.19. təhsildə inteqrasiya - təlimin məzmun komponentlərinin əlaqələndirilməsini təmin edən didaktik prinsip;
1.0.20. tələbyönümlülük - ümumi inkişafla bağlı təhsil proqramının məzmununda fərdin, cəmiyyətin və dövlətin dəyişən tələblərinin nəzərə alınması;
1.0.21. təlimin məcmusu - uşaq şəxsiyyətinin formalaşmasına yönəlmiş bacarıqlar şəklində ifadə edilən təlim nəticələrinin (təlim standartlarının) məcmusu;
1.0.22. tərbiyəçi - müəllim - uşaqların təlim tərbiyəsini,  hərtərəfli harmonik inkişafını, məktəbəhazırlıq təlimini  təşkil edən və həyata keçirən, məktəbəqədər sahə üzrə ali və ya orta ixtisas təhsilli şəxs;
1.0.23. Uşaq innovasiya fondu - məktəbəqədər təhsil sahəsinin inkişafı məqsədilə mühüm dövlət və cəmiyyət əhəmiyyətli, tətbiqi və innovasiya xarakterli elmi proqram və layihələrin ünvanlı maliyyələşdirilməsini həyata keçirən birlik.

Maddə 2. Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

2.1. Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, digər normativ-hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikası qanunvericiliyinin məqsədi məktəb yaşına çatmamış uşaqların məktəbəqədər təhsil sahəsində hüquqlarının təmin olunmasından məktəbəqədər təhsil prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibətlərin tənzimlənməsindən ibarətdir.
2.3. Bu Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəlikləri və konsulluqları yanında  yaradılan məktəbəqədər təhsil müəssisələrinə şamil olunmur.

Maddə 3. Məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri

3.0. Məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
3.0.1. məktəbəqədər təhsilin prioritetliyi;
3.0.2. məktəbəqədər təhsil sahəsində bərabər imkanların yaradılması;
3.0.3. məktəbəqədər təhsil və ibtidai təhsil arasında varisliyin və fasiləsizliyin təmin olunması;
3.0.4. məktəbəqədər təhsilin milli və dünyəvi xarakterdə, Azərbaycan və dünya pedaqoji elminin nailiyyətləri, ailə tərbiyəsi və ictimai tərbiyənin məqsədyönlü inteqrasiyası əsasında təşkili;
3.0.5. məktəbəqədər təhsil müəssisələrində uşaqların sağlamlığının qorunmasının psixoloji və fiziki inkişafının təmin edilməsi;
3.0.6. məktəbəqədər təlimin könüllülüyü;
3.0.7. sağlamlıq imkanları mədud olan uşaqların təhsilinin inklüziv təşkili;
3.0.8.  5 yaşa çatmış uşaqların məktəbəhazırlığının zəruriliyi;
3.0.9. məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin davamlı  və sistemli inkişafının təmin edilməsi;
3.0.10. uşaqların məktəbəqədər təhsillə əhatə edilməsi səviyyəsinin yüksəldilməsi və bununla bağlı birgə fəaliyyətinin təmin edilməsi.

Maddə 4. Məktəbəqədər təhsil sahəsində dövlətin vəzifələri

4.0. Məktəbəqədər təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
4.0.1. məktəbəqədər təhsil sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək;
4.0.2. məktəbəqədər təhsilə dair normativ-hüquqi aktlar qəbul etmək, bu sahənin inkişafı üzrə məktəb yaşına çatmamış uşaqların səmərəli təhsil modelinə əsaslanan dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları) təsdiq  və tətbiq etmək;
4.0.3. mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq məktəbəqədər təhsil müəssisələrinin bu sahədə normativ-hüquqi aktlara, dövlət standartlarına uyğun fəaliyyətinə nəzarəti həyata keçirmək;
4.0.4. məktəbəqədər təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitlərinin həcmini, bir uşağa düşən təhsil xərci əsasında maliyyə mexanizmlərini və normativlərini müəyyən etmək, həmçinin dövlət məktəbəqədər təhsil müəssisələrinin maliyyələşdirilməsinə və icrasına nəzarəti təmin etmək;
4.0.5. dövlət məktəbəqədər təhsil müəssisəsinin rəhbərini vəzifəyə təyin və vəzifədən azad etmək;
4.0.6. məktəbəqədər təhsil müəssisələrinin nümunəvi nizamnaməsini təsdiq etmək;
4.0.7. bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələrinin nizamnaməsini dövlət qeydiyyatına almaq;
4.0.8. məktəbəqədər təhsil müəssisələrinin idarə edilməsi və fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə məlumat bazasını yaratmaq;
4.0.9. məktəbəqədər təhsil müəssisəsinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normaların, ümumi sanitariya-gigiyenik tələbləri və uşaq yerləri ilə təminat normativlərini müəyyənləşdirmək və təsdiq etmək;
4.0.10. məktəbəqədər təhsil müəssisələrinə elmi-metodik rəhbərliyi və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini həyata keçirmək;
4.0.11. məktəbəqədər təhsil müəssisəsinin fəaliyyətinə lisenziya vermək və ya onu ləğv etmək;
4.0.12. məktəbəqədər təhsil müəssisəsinin akkreditasiya və attestasiya qaydalarını müəyyən etmək və həyata keçirmək;
4.0.13. məktəbəqədər təhsil pilləsi üçün elmi-metodik ədəbiyyatın, tədris vəsaitlərinin hazırlanmasını və nəşrini həyata keçirmək, eləcə də  dövlət məktəbəqədər təhsil müəssisələrini pulsuz  tədris  vəsaitləri və ədəbiyyatları ilə təmin etmək;
4.0.14. dövlət məktəbəqədər təhsil müəssisələrində uşaqların pulsuz qidalanmasını və tibbi xidmətini həyata keçirmək;
4.0.15. məktəbəqədər təhsil müəssisələrinin yaradılması və inkişafı məqsədilə təşviq mexanizmlərini hazırlayıb həyata keçirmək;
4.0.16. dövlət məktəbəqədər təhsil müəssisələrinin təşkili, idarəolunması və inkişaf mexanizmlərinin təkmilləşdirilməsi, maddi-texniki  baza, infrastruktur, avadanlıqlar, ixtisaslı kadrlar, informasiya-kommunikasiya texnologiyaları və digər zəruri vasitələrlə təmin olunmasına şərait yaratmaq.
4.0.17. Azərbaycan Respublikasının vətəndaşı olan məktəbəqədər yaşlı uşaqlar cinsindən, irqindən, dilindən, dinindən, milliyyətindən, etnik mənşəyindən, sosial vəziyyətindən, sağlamlıq imkanlarından asılı olmayaraq məktəbəqədər təhsil müəssisələrində bərabər təhsil almalarını təmin etmək.
4.0.18. məktəbəqədər təhsil sahəsində elmi-metodiki təminatın, təhsilin keyfiyyətinin  və uşaqların təhsillə əhatə səviyyəsinin yüksəldilməsi məqsədi ilə elmi-pedoqoji innovasiyaları əhatə edən təhsil proqramları və layihələri tətbiq etmək.
4.0.19. məktəbəqədər təhsil müəssisələrinəuşaqların qəbulu qaydalarının müəyyən edilməsi.
4.0.20. ölkədə qanuni əsaslarla müvəqqəti məskunlaşan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin mövcud qanunvericilik əsasında məktəbəqədər təhsil almasına şərait yaratmaq.

Maddə 5. Məktəbəqədər təhsil sahəsində dövlət standartları

5.1. Məktəbəqədər təhsil sahəsində dövlət standartları uşaqların, ailənin və cəmiyyətin tələbatına uyğun olaraq elmi-pedoqoji prinsipləri, qabaqcıl beynəlxalq təcrübə, milli və ümumbəşəri dəyərlər əsasında hazırlanan məktəbəqədər təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturu, təhsilalanlar və təhsilverənlərin keyfiyyət göstəriciləri ilə bağlı tələbləri özündə əks etdirən normalar məcmusudur.
5.2. Məktəbəqədər təhsil sahəsində dövlət standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
5.3. Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti dövlət standartlarına uyğun təşkil edilir.
5.4. Sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsili məktəbəqədər xüsusi təhsil müəssisəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dövlət standartları əsasında həyata keçirilir.

Maddə 6. Tədris dili

6.1. Məktəbəqədər təhsil müəssisələrində tədris dili dövlət dili-Azərbaycan dilidir.
6.2. Uşaqlara dövlət dili-Azərbaycan dilini öyrədilməsi və Azərbaycan dilində ünsiyyət bacarıqlarını inkişaf etdirmək şərti ilə məktəbəqədər təhsil digər dillərdə də aparıla bilər.

2-ci fəsil
MƏKTƏBƏQƏDƏR TƏHSİLİN TƏŞKİLİ

Maddə 7. Məktəbəqədər təhsilin mahiyyəti və məqsədi

7.1. Məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqladavamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir.
7.2. Məktəbəqədər təhsilin məqsədi erkən yaş dövründən başlayaraq uşaqların əqli, fiziki və yaradıcı potensialının, mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının və sağlamlığının mühafizəsinin, ətraf aləmə həssas (şüurlu) münasibətinin, estetik dünyagörüşünün və şəxsiyyətinin formalaşdırılmasından;
7.2.1. Sadə əmək vərdişləri və zəruri həyati bacarıqlara (birgəfəaliyyət, əməkdaşlıq, ünsiyyət, özünəxidmət və s.) yiyələnməsinin və məktəb təhsilinə hazırlığının təmin olunmasından ibarətdir.
7.3. Məktəbəqədər təhsil uşaqların tərbiyəsinin milli-mənəvi və bəşəri dəyərlər ruhunda, milli dövlətçilik və azərbaycançılıq məfkurəsi əsasında formalaşdırılmasını təmin edir.
7.4. Azərbaycan Respublikasında məktəbəqədər təlim 1-6 yaşlı uşaqları əhatə edir.
7.4.1. Məktəbəqədər yaş dövrləri üzrə uşaqların təsnifatı və hər bir yaş dövründə təhsilin mahiyyəti və istiqamətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
7.5. Məktəbəhazırlıq təhsili beş yaşlı uşaqlar üçün zəruri hesab olunur.
7.6. Məktəbəhazırlıqtəhsili məktəbəqədər təhsil müəssisələrində, zəruri hallarda ümumtəhsil müəssisələrində, habelə ailədə həyata keçirilir.
7.7. Uşaqların məktəbəqədər təhsilini təmin etmək məqsədilə məktəbəqədər təhsil müəssisəsi kimi fəaliyyət göstərməyən yerlərdə, habelə şəraitinə görə yaşayış məntəqəsindəki bütün uşaqları qəbul edə bilməyən müəssisələrin olduğu ərazilərdə valideynlərin razılığı ilə icma əsaslı məktəbəqədər təlim qrupları yaradıla bilər.
7.8.  Məktəbəqədər təhsil müəssisələrində valideynlərin arzusu nəzərə alınmaqla qısamüddətli təlim qrupları təşkil edilə bilər.
7.9. Təlim zamanı düzgün qurulmuş motivasiya əsasında uşaqların şəxsiyyət kimi formalaşmasına yönəlmiş bacarıqlar öyrədilir və təlimin nəticəsi olaraq uşaqlar qazandıqları nailiyyətlərə görə qiymətləndirilir.
7.10. Qısamüddətli və  icma əsaslı təlim qruplarında məktəbəqədər təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
7.11. Məktəbəqədər təhsilin məzmunu aşağıdakı didaktik prinsiplər əsasında müəyyən edilir:
7.11.1. inkişafyönümlülük və inteqrativlik;
7.11.2. tələbyönümlük və nəticəyonümlük;
7.11.3. varislik, şəxsiyyətyönümlülük və uşaqyönümlülük;
7.11.4. millilik, azərbaycançılıq və dünyəvilik;
7.11.5. milli dövlətçilik və müasirlik.
7.12. Məktəbəqədər təhsilin məzmunu aşağıdakı məqsədlərə xidmət edir:
7.12.1. cəmiyyətə sosial uyğunlaşma, kollektiv daxilində birgəfəaliyyət və ünsiyyət mədəniyyəti formalaşdırmaq;
7.12.2. müstəqillik, məsuliyyət və cavabdehlik hissi, öz qüvvəsinə inam və iradə aşılamaq;
7.12.3. sərbəst qərar qəbul etmək və müstəqil öyrənmək meylinin təşəkkülü;
7.12.4. ətraf aləmin dərk olunması, təbiətə və insanlara həssas münasibət, özünün və digərlərinin hüquqlarına hörmət hissi aşılamaq;
7.12.5. estetik dünyagörüşü, texniki və humanitar sahələr üzrə bacarıqları formalaşdırmaq;
7.12.6. sağlamlığın qorunması istiqamətində gigiyenik bacarıqlara nail olmağı təmin etmək.

Maddə 8. Məktəbəqədər təhsil proqramı (kurikulum)

8.1. Məktəbəqədər təhsil proqramı (kurikulum) müvafiq dövlət standartları və məktəbəqədər təhsilin məzmununa dair bu Qanunla müəyyən olunan ümumi tələblər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanıb təsdiq edilir.
8.2. Məktəbəqədər təhsil proqramına (kurikuluma) aşağıdakılar daxildir:
8.2.1. məktəbəqədər təhsil üzrə ümumi təlim nəticələri;
8.2.2.  məktəbəqədər təhsilin məzmununu əhatə edən inkişaf sahələri və hər sahə üzrə ümumi təlim nəticələri;
8.2.3. yaş qrupları nəzərə alınmaqla hər bir inkişaf sahəsi üzrə məzmun standartları;
8.2.4. təhsil nailiyyətlərinin qiymətləndirilməsi meyarları;
8.2.5. təlim-tərbiyə prosesinin təşkili istiqamətləri;
8.2.6. təlim strategiyaları, metodik təminatla bağlı tövsiyələr;
8.2.7. təlim-tərbiyə prosesinin planlaşdırılmasına dair tövsiyələr.
8.3. Təhsil proqramının yerinə yetirilmə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 9. Məktəbəqədər təhsil sisteminin quruluşu

9.0. Məktəbəqədər təhsil sisteminə aşağıdakılar daxildir:
9.0.1. təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələri, məktəbəqədər təhsil xidməti göstərən digər qurumlar;
9.0.2. istirahət və sağlamlıq düşərgələri, məktəbəqədər təhsilin elmi-nəzəri və tətbiqi məsələləri ilə məşğul olan tədqiqat institutları;
9.0.3. məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə rəhbərlik və nəzarəti həyata keçirən təhsili idarəetmə orqanları, digər təşkilatlar;
9.0.4. məktəbəqədər təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları.

Maddə 10. Məktəbəqədər təhsil müəssisəsi

10.1. Məktəbəqədər təhsil müəssisəsi məktəbəqədər təhsil sahəsində bu Qanunla müəyyən olunmuş məqsədlərin reallaşdırılması istiqamətində davamlı olaraq təşkilati, psixoloji, pedaqoji, metodiki, tibbi,  sosioloji tədbirlərin həyata keçirilməsini təmin edir. 
10.2. Azərbaycan Respublikasında mülkiyyət formasına görə dövlət, bələdiyyə, özəl, məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərə bilər.
10.3. Məktəbəqədər yaşlı uşaqların təlimi ilə məşğul olan müəssisələrin aşağıdakı növləri müəyyən edilir:
10.3.1. körpələr evi;
10.3.2. körpələr evi-uşaq bağçası;
10.3.3. uşaq bağçası;
10.3.4. məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumtəhsil məktəbləri;
10.3.5. təhsil kompleksi nəzdində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi;
10.3.6. müəssisə və təşkilatların nəzdində yaradılmış məktəbəqədər təhsil müəssisəsi;
10.3.7. uşaq inkişaf mərkəzləri;
10.3.8. sanator tipli uşaq bağçaları;
10.3.9. sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusiməktəbəqədər xüsusitəhsil müəssisələri;
10.3.10. elmi-tədqiqat müəssisələrinin və ali təhsil müəssisələrinin yanında yaradılan təcrübə-sınaq xarakterli eksperimental məktəbəqədər təhsil müəssisələri.
10.4. Məktəbəqədər xüsusi uşaq təhsil müəssisələri nitq pozulmaları (ağır nitq qüsurları, nitqin fonetik ləngliyi, kəkələməsi), eşitmə pozulmaları (karlar, zəifeşidənlər), görmə pozulmaları (korlar, zəifgörənlər, çəpgözlər və digər), əqli (psixi) pozuntuları (əqli cəhətdən gerilik, psixi inkişaf ləngliyi), dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları, o cümlədən kar-korlar, emosional-iradi sahədə və davranışında çatışmazlıq olanlar üçün yaradılır.
10.5. sağlamlıq imkanları məhdud olan uşaqların təlim-tərbiyə aldığı xüsusi uşaq müəssisələri aşağıdakılardır:
10.5.1. günərzi  qayğı mərkəzləri
10.5.2. müxtəlif profilli reabilitasiya mərkəzləri
10.5.3. uşaq evləri
10.6. tabeçiliyindən, növündən və mülkiyyət formasından asılı olmayaraq, məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun və Azərbaycan Respublikasının müvafiq  qanunvericilik aktları nəzərə alınmaqla öz nizamnaməsi əsasında həyata keçirilir. 
10.7. Dövlət məktəbəqədər təhsil müəssisəsinin yaradılması, yenidən təşkili və ləğvi aidiyyatı üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
10.8. Özəl və bələdiyyə məktəbəqədər təhsil müəssisəsinin yaradılması, yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
10.9. Məktəbəqədər təhsil müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına yol verilmir.
10.10. Məktəbəqədər təhsil müəssisəsi hüquqi şəxsdir və müstəqil balansa malikdir.
10.11. Məktəbəqədər təhsil müəssisəsi mövcud qanunvericilik çərçivəsində inzibati və maliyyə-təsərrüfat fəaliyyətini sərbəst şəkildə həyata keçirir.
10.12. Məktəbəqədər təhsil müəssisəsinin banklarda hesablaşma hesabı və digər hesabları ola bilər.
10.13. məktəbəqədər təhsil müəssisəsi ilə valideynlər (digər qanuni nümayəndələr) arasında münasibətlər müqavilə ilə tənzimlənir. Müqavilə forması məktəbəqədər təhsil müəssisəsi haqqında müvafiq qanunvericilik aktı ilə müəyyən edilir.
10.14. Təhsil innovasiyalarının, inkişafyönlü layihələrin sınaqdan keçirildiyi məktəbəqədər təhsil müəssisəsinə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə "pilot məktəbəqədər təhsil müəssisəsi" statusu verilə bilər.

Maddə 11. Məktəbəqədər təhsil müəssisəsinin təsisçisi

11.1. Məktəbəqədər təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyələr, Azərbaycan Respublikasının hüquqi şəxsləri və  vətəndaşları ola bilərlər.
11.2. Təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi və onların təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının qanunvericiliyi, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

Maddə 12. Məktəbəqədər təhsil fəaliyyətinin lisenziyalaşdırılması və  məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyası

12.1. Azərbaycan Respublikasında mülkiyyət formasından asılı olmayaraq, hər bir məktəbəqədər təhsil müəssisəsinin təhsil fəaliyyəti göstərməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada lisenziya (xüsusi razılıq) alınır.
12.2. Məktəbəqədər təhsil müəssisəsinə lisenziya müddətsiz verilir.
12.3. Məktəbəqədər təhsil sahəsində təhsil xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən məktəbəqədər təhsilin vəzifələri pozulduqda, məktəbəqədər təhsilin dövlət standartının tələbləri yerinə yetirilmədikdə onların lisenziyası ləğv edilir.
12.4. Məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının dövlət standartlarına və digər normativ-hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır.
12.5. Akkreditasiya müvafiq keyfiyyət sənədinin verilməsi ilə başa çatır.
12.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və ya öz nizamnaməsi əsasında məktəbəqədər təhsil müəssisəsi işçilərinin attestasiyası Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq keçirilir.
12.7. Akkreditasiyadan keçməyən məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti dayandırılır.

Maddə 13. Məktəbəqədər təhsil müəssisəsində iaşə və tibbi xidmət

13.1. Məktəbəqədər təhsil müəssisələrində uşaqlara göstərilən tibbi və iaşə xidmətinin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
13.2. Məktəbəqədər təhsil müəssisələrində  uşaqlara pulsuz tibbi xidmətin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin olunur.
13.3. Məktəbəqədər təhsil müəssisələrində və məktəbəqədər xüsusi təhsil müəssisələrində tibbi xidmət və müalicə-bərpa işlərinin yerinə yetirilməsi təhsil müəssisəsinin ştatında olan tibb işçiləri tərəfindən həyata keçirilir.
13.4. Sağlamlıq imkanları məhdud uşaqlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq, digər tibb ocaqlarında əlavə müalicə-bərpa xidmətinin göstərilməsi təmin edilir.
13.5. Müvafiq icra hakimiyyəti  orqanları növündən, tabeçilik və mülkiyyət formasından asılı olmayaraq, tabeçiliyində olan bütün məktəbəqədər təhsil müəssisələrində il ərzində uşaqların pulsuz tibbi müayinədən keçməsini təmin edir, digər aidiyyyatı qurumlarla birlikdə məktəbəqədər təhsil müəssisələrində sanitar-gigiyenik normalara riayət edilməsinə, müalicə-profilaktika tədbirlərinin aparılmasına nəzarət edir və məsuliyyət daşıyır.
13.6. Məktəbəqədər təhsil müəssisəsində uşaqların qidalanması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş normativlərə uyğun həyata keçirilir.

3-cü fəsil
MƏKTƏBƏQƏDƏR TƏHSİL SİSTEMİNİN İDARƏOLUNMASI, TƏHSİL SUBYEKTLƏRİNİN HÜQUQLARI, VƏZİFƏLƏRİ VƏ SOSİAL MÜDAFİƏSİ

Maddə 14. Məktəbəqədər təhsil müəssisəsinin idarə olunması 

14.1. Məktəbəqədər təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratik prinsiplər əsas tutulmaqla "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, bu Qanuna, digər aidiyyəti hüquqi normativ aktlara və öz nizamnaməsinə uyğun olaraq idarə edilir. 
14.2. Məktəbəqədər təhsil müəssisəsinə ali ixtisas təhsilli və məktəbəqədər təhsil sahəsində 5 (beş) ildən artıq iş təcrübəsi olan şəxs rəhbər təyin edilir.
14.3. Dövlət məktəbəqədər təhsil müəssisəsinə müəyyən edilmiş qayda üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs rəhbərlik edir.
14.4. Bələdiyyənin təsisçiliyi ilə yaradılmış məktəbəqədər təhsil müəssisəsinə rəhbərliyi bələdiyyə tərəfindən, özəl məktəbəqədər təhsil müəssisəsinə rəhbərliyi isə həmin təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) tərəfindən təyin edilmiş şəxs həyata keçirir.
14.5. Məktəbəqədər təhsil müəssisəsi rəhbərinin vəzifə funksiyaları və səlahiyyətləri onun nizamnaməsi ilə müəyyən edilir.
14.6. Məktəbəqədər təhsil müəssisəsinin idarə olunmasında demokratikliyi, kollegiallığı və şəffaflığı təmin etmək məqsədi ilə müəssisədə ictimai əsaslarla idarə və özünüidarə orqanları (ümumi yığıncaq, pedaqoji şura, himayəçilər və  qəyyumlar şuraları, valideyn şurası və s.) yaradıla bilər.
14.7. Dövlət məktəbəqədər təhsil müəssisəsində ali idarəetmə orqanı, bir qayda olaraq, ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji şura hesab edilir. 
14.8. Dövlət məktəbəqədər təhsil müəssisəsinin pedaqoji şurasının Əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
14.9. Özəl və bələdiyyə məktəbəqədər təhsil müəssisələrində ali idarəetmə orqanı öz nizamnaməsi ilə müəyyən olunur.
14.10. məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətini əlaqələndirmək, qarşılıqlı əlaqələrini formalaşdırmaq, iş təcrübəsini öyrənmək və yaymaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının nəzdində ictimai əsaslarla fəaliyyət göstərən Məktəbəqədər Təhsil Müəssisələri Assosasiyası yaradılır.
14.11. Məktəbəqədər Təhsil Müəssisələri Assosasiyasının fəaliyyəti öz nizamnaməsi əsasında tənzimlənir.

Maddə 15. Məktəbəqədər təhsil prosesinin iştirakçıları

15.0. Məktəbəqədər təhsil prosesinin iştirakçıları aşağıdakılardır:
15.0.1. təhsilalanlar;
15.0.2. təhsil müəssisəsinin rəhbəri;
15.0.3. təhsilverənlər (pedaqoji işçilər) - tərbiyəçi, müəllimlər, metodistlər, defektoloqlar, loqopedlər, musiqi rəhbərləri, psixoloqlar;
15.0.4.  digər mütəxəssislər - tibb işçiləri, texniki işçilər, fiziki tərbiyə ilə məşğul olanlar;
15.0.5. valideynlər və ya digər qanuni nümayəndələr;
15.0.6. təhsili idarəetmə orqanları və bələdiyyələr;
15.0.7. məktəbəqədər təhsil müəssisəsi ilə əməkdaşlıq edən digər fiziki və hüquqi şəxslər.

Maddə 16. Məktəbəqədər təhsil sahəsində uşaqların hüquqları

16.1. Məktəbəqədər təhsil sahəsində uşaqların hüquqları Azərbaycan Respublikasının Konstitusiyasına, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, bu Qanuna və digər normativ hüquqi aktlara, həmçininAzərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilir.
16.2. Məktəbəqədər təhsilə cəlb olunmuş uşaqlar dövlət tərəfindən zəmanət verilən aşağıdakı hüquqlara malikdirlər:
16.2.1. həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə müvafiq dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;
16.2.2. uşaq şəxsiyyətinin alçaldılmasına, sağlamlığına zərər vuracaq istismar və hərəkətlərin bütün formalarına,  fiziki və psixoloji zorakılıq hallarına məruz qalmamaq,
16.2.3. uşaqların sağlamlığına, mənəvi və psixoloji durumuna zərər vuracaq istənilən informasiyadan və təbliğatdan müdafiə olunmaq;
16.2.4. sağlam həyat tərzinə malik olmaq;
16.2.5. pulsuz tibbi xidmətdən istifadə etmək, sağlamlıq vəziyyətinə görə tibbi müalicə və müayinə  xidmətlərindən yararlanmaq, müəyyən çatışmazlıqların (nitq qüsurları, eşitmə və görmə qabiliyyətlərinin zəifliyi) korreksiya edilməsi üçün psixoloji-tibbi-pedaqoji yardım almaq;
16.2.6. müəyyən olunmuş normativlərə uyğun olaraq, keyfiyyətli qida ilə təmin edilmək;
16.2.7. asudə vaxtının və istirahətinin səmərəli təşkili, meyil və maraqlarının reallaşması və yaradıcılıq imkanlarının inkişafı üçün münasib şəraitlə təmin olunmaq, həmçinin  inkişafyönlü təhsil layihələrində iştirak etmək;
16.2.8. məktəbəqədər təhsil müəssisəsində uşaqlar üçün nəzərdə tutulmuş mövcud resurslardan istifadə etmək.

Maddə 17. Təhsilverənlərin hüquq və vəzifələri

17.1. Təhsilverənlərin hüquqları aşağıdakılardır:
17.1.1. normal iş və təhsil şəraiti ilə təmin olunmaq;
17.1.2. təhsil prosesinin təşkili və idarə olunmasında, təhsil layihələrində iştirak etmək, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürmək;
17.1.3. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
17.1.4. təhsil prosesində tətbiq olunan forma, metod və vasitələri sərbəst seçmək;
17.1.5. müəyyən edilmiş hallarda və müvafiq qaydada mükafatlandırılmaq və təltif olunmaq.
17.2. Təhsilverənlərin vəzifələri aşağıdakılardır:
17.2.1. məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
17.2.2. ixtisasını artırmaq, peşəkarlıq səviyyəsini yüksəltmək və qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək;
17.2.3. dövlət tərəfindən qoyulan məzmun standartlarının tələblərinə uyğun olaraq, təhsilalanların zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etmək;
17.2.4. müəssisənin nizamnaməsi ilə müəyyən edilmiş daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifə funksiyalarını yerinə yetirmək;
17.2.5. təhsilalanları Azərbaycan xalqının dilinə, adət və ənənələrinə, milli-mənəvi dəyərlərə, dövlət rəmzlərinə  hörmət, azərbaycançılıq və vətənpərvərlik ruhunda tərbiyə etmək;
17.2.6. uşaqların şərəf və ləyaqətinə hörmət etmək, pedaqoji etika və əxlaq normalarına riayət etmək, təhsil işçisi adını yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;
17.2.7. uşaqların təhlükəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq;
17.2.8. uşaqların təlim-tərbiyəsi və onların əqli inkişafı ilə bağlı valideynlərlə əməkdaşlıq etmək;
17.2.9. təhsilalanlarda zəruri həyati bacarıqları formalaşdırmaq və onları məktəb təliminə hazırlamaq.
17.2.10. dövlət hesabına ildə bir dəfə məcburi tibbi müayinədən keçmək.

Maddə 18. Valideynlərin (digər qanuni nümayəndələrin) məktəbəqədər təhsil sahəsində hüquq və vəzifələri

18.1. Valideynlərin və ya digər qanuni nümayəndələrin məktəbəqədər təhsil sahəsində hüquqları aşağıdakılardır:
18.1.1. övladının qəbulu üçün mülkiyyət növündən asılı olmayaraq məktəbəqədər təhsil müəssisəsini seçmək;
18.1.2. müəssisədə təhsil prosesinin təşkili və keyfiyyəti, həmçinin övladının davranışı, təhsilə marağı, qidalanması, tibbi müayinəsi və saxlanma şəraiti haqqında məlumat almaq;
18.1.3. təhsilalanların hüquq və maraqlarını müdafiə etmək, müəssisənin ictimai idarəolunmasında və mədəni-kütləvi tədbirlərin təşkilində iştirak etmək;
18.1.4. müəssisə rəhbərliyi və pedaqoji kollektivlə əməkdaşlıq etmək, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmək;
18.2. Dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə işləyən tək valideynlərin, təhsilalan anaların, I və II qrup əlillərin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, hərbi xidmətdə olan ataların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər. 
18.3. Valideynlərin (digər qanuni nümayəndələrin) məktəbəqədər təhsil sahəsində vəzifələri aşağıdakılardır:
18.3.1. övladının erkən fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq;
18.3.2. övladını xalqımızın adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə, azərbaycançılıq məfkurəsinə, vətənə, ana dilinə qarşı hörmət və məhəbbət ruhunda tərbiyə etmək;
18.3.2. müəssisənin nizamnaməsi ilə müəyyən olunmuş müvafiq qayda və tələblərə, həmçinin özəl məktəbəqədər təhsil müəssisəsi ilə valideynlər (digər qanuni nümayəndələr) arasında bağlanmış müqavilənin şərtlərinə əməl etmək;
18.3.3. qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Maddə 19. Təhsilalanların və təhsilverənlərin sosial müdafiəsi

19.1. Dövlət məktəbəqədər yaşlı uşaqların, əsasən də valideyn himayəsindən məhrum olan, sağlamlıq imkanları məhdud olan, aztəminatlı və çoxuşaqlı ailələrin uşaqlarının  sosial müdafiəsinə təminat verir.
19.2. Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar üzrə, özəl məktəbəqədər təhsil müəssisələrində isə təhsilalanların sosial müdafiəsi müəssisənin nizamnaməsi ilə tənzimlənir və həyata keçirilir.
19.3. Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanlar qida və lazımi tədris vasitələri ilə dövlət hesabına təmin olunurlar.
19.4. Məktəbəqədər xüsusi təhsil müəssisələri və sanator tipli uşaq bağçalarında uşaqlara göstərilən  tibbi xidmət və müalicə-bərpa işləri dövlət hesabına həyata keçirilir.
19.5. Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilverənlərin və təhsil prosesində iştirak edən digər mütəxəssislərin sosial müdafiəsinə təminat verir.
19.6. Məktəbəqədər təhsil müəssisələrinin işçilərinin əmək haqqı və vəzifə maaşları işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri və iş stajı nəzərə alınmaqla həyata keçirilir.
19.7. Dövlət və bələdiyyə təhsil müəssisəsi öz sərəncamında olan büdcədənkənar vəsaitlər hesabına işçilərin əməkhaqqına əlavələr və digər stimullaşdırıcı ödənişlər təyin edə bilər.
19.8. Sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəbəqədər xüsusitəhsil müəssisələrinin, eləcə də yüksək dağlıq və sərhədyanı ərazilərdə, ucqar yaşayış məntəqələrində çalışan məktəbəqədər müəssisələrin işçilərinin əmək haqlarına və vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş qaydada stimullaşdırıcı ödənişlərin və əlavələrin verilməsi təmin olunur.

4-cü fəsil
MƏKTƏBƏQƏDƏR TƏHSİLİN İQTİSADİYYATI

Maddə 20. Məktəbəqədər təhsil sistemində mülkiyyət münasibətləri

20.1. Məktəbəqədər təhsil müəssisəsi profil üzrə fəaliyyətini saxlamaq şərti ilə özəlləşdirilə və ya hüquqi və fiziki şəxslərin idarəçiliyinə verilə bilər.
20.2. Məktəbəqədər təhsil müəssisəsinin mülkiyyətinə onun təsisçisi (təsisçiləri) tərəfindən verilən əmlak, habelə qanunvericiliklə qadağan olunmayan fəaliyyət nəticəsində və büdcədənkənar vəsaitlər hesabına əldə etdiyi əmlak daxildir.
20.3. Məktəbəqədər təhsil müəssisəsi istifadəsində olan əmlakın saxlanılmasına, qorunmasına və ondan səmərəli istifadə edilməsinə görə məsuliyyət daşıyır.
20.4. Məktəbəqədər təhsil müəssisəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi təsisçi (təsisçilər) tərəfindən ayrılan büdcə vəsaitləri və müəssisənin əldə etdiyi büdcədənkənar vəsaitlər və cəlb olunmuş investisiyalar hesabına həyata keçirilir.

Maddə 21. Məktəbəqədər təhsil müəssisəsinin maliyyələşdirilməsi

21.1. Təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olaraq, məktəbəqədər təhsil müəssisəsi aşağıdakı mənbələrdən maliyyələşdirilir:
21.1.1. dövlət məktəbəqədər təhsil müəssisəsi:
21.1.1.1. qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin vəsaitləri;
21.1.1.2. ödənişli təhsil xidmətlərindən daxil olan vəsaitlər;
21.1.1.3. hüquqi və fiziki şəxslərin maliyyə yardımları;
21.1.1.4. dövlət tərəfindən qanunvericiliyə uyğun olaraq verilən qrant və kreditlər;
21.1.1.5. qanunvericiliklə müəyyən olunmuş qaydada cəlb edilmiş investisiyalar;
21.1.1.6. innovasiya və sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər;
21.1.1.7. qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlər.
21.1.2. bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələri:
21.1.2.1. təsisçinin (təsisçilərin) vəsaitləri;
21.1.2.2. təhsil xidmətlərinə görə əldə olunan vəsaitlər;
21.1.2.3. hüquqi və fiziki şəxslərin maliyyə yardımları;
21.1.2.4. sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər;
21.1.2.5. qanunvericiliyə uyğun surətdə alınan qrant və kreditlər;
21.1.2.6. qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlər.
21.2. Dövlət məktəbəqədər təhsil müəssisəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normativlərə uyğun maliyyələşdirilir.
21.3. Məktəbəqədər təhsil müəssisəsində təhsilalanlar üçün nəzərdə tutulan ödəniş haqqı əmək bazarının tələbatına uyğun olaraq tələb-təklif prinsipi əsasında tənzimlənir.
21.4. Məktəbəqədər təhsil müəssisəsinin digər maliyyə mənbələri hesabına əldə etdiyi vəsaitlər bilavasitə müəssisənin maddi-texniki bazasının inkişafına, istedadı ilə fərqlənən uşaqların rəğbətləndirilməsinə və işçilərin sosial müdafiəsinə yönəldilir. 

Maddə 22. Məktəbəqədər təhsil sahəsində sahibkarlıq və innovasiya fəaliyyəti

22.1. Məktəbəqədər təhsil müəssisəsi əlavə iqtisadi gəlir və sosial səmərə əldə etmək məqsədi ilə nizamnaməsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər.
22.2. Dövlət məktəbəqədər təhsil müəssisələrinin innovasiya və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə yerli və xarici investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradır.
22.3. Məktəbəqədər təhsil müəssisələrində çalışan mütəxəssislərin öz səmərəliləşdirici təkliflərini müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında müqavilələr bağlayaraq tətbiq etmək hüququ vardır.
22.4. Məktəbəqədər təhsil müəssisəsi sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərdən sərbəst istifadə etmək hüququna malikdir.
22.5. Dövlət məktəbəqədər təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sоsial müdafiəsinə yönəldilir.
22.6. Məktəbəqədər təhsil müəssisəsinin işçiləri müəssisənin fəaliyyətini təkmilləşdirmək, daha müasir idarəetmə imkanları yaratmaq, yeni texnologiyaları tətbiq etmək, habelə müəssisədaxili yeni qurumlar yaratmaq üçün innovativ təkliflərlə çıxış etmək, innovasiya fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.
22.7. Məktəbəqədər təhsil müəssisələrində çalışan işçilərin innovasiya və sahibkarlıq fəaliyyətinin nəticələri onların vəzifəyə seçilməsində və ya təyin olunmasında nəzərə alınır.
22.8. Məktəbəqədər təhsil müəssisələrinin mövcud potensialını və innovasiya imkanlarını genişləndirmək, beynəlxalq təcrübəni öyrənmək, müxtəlif tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək məqsədilə Uşaq innovasiya fondları yaradıla bilər.
22.9. Uşaq innovasiya fondları məktəbəqədər təhsil fəaliyyəti ilə məşğul olan digər hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilən mühüm dövlət və cəmiyyət əhəmiyyətli, tətbiqi və innovasiya xarakterli proqram və layihələrin həyata keçirilməsini təmin edir.
22.10. Məktəbəqədər təhsil müəssisələri, Uşaq innovasiya fondları Azərbaycan Respublikasına avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin gətirilməsi zamanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə edirlər.
22.11. Məktəbəqədər təhsil müəssisəsində innovasiya fəaliyyəti ilə məşğul olan şəxslərin fəaliyyəti stimullaşdırılır.
22.12. Məktəbəqədər təhsil sahəsinin inkişafına dəstək verən müəssisə və təşkilatların, sahibkarlıq subyektlərinin fəaliyyəti təbliğ edilir.

5-ci fəsil
YEKUN MÜDDƏALAR

Maddə 23. Məktəbəqədər təhsil sahəsində beynəlxalq əməkdaşlıq

23.1. Məktəbəqədər təhsil sahəsində beynəxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.
23.2. Məktəbəqədər təhsil müəssisəsi qanunvericiliyə və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq xarici ölkələrin məktəbəqədər təhsil müəssisələri, təşkilatları, beynəlxalq qurumlar və fondlarla əlaqələr yarada, əməkdaşlıq haqqında ikitərəfli müqavilələr bağlaya, təhsil sahəsində fəaliyyət göstərən dövlət qeyri-hökümət qurumlarına daxil ola  və qarşılıqlı əməkdaşlığın digər formalarını həyata keçirə bilərlər.

Maddə 24. Qanunvericiliyin pozulmasına görə məsuliyyət

Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi