14.02.2017 "Məktəbəqədər təhsil haqqında"

İkinci oxunuş   

Layihə

"Məktəbəqədər təhsil haqqında"

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında məktəb yaşına çatmamış uşaqların məktəbəqədər təhsilinin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

1.0.   Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. məktəbəqədər təhsil - məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və mənəvi inkişafına xidmət edən, ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsinin formalaşdırılması prosesi;
1.0.2. məktəbəqədər təhsil müəssisəsi - məktəbəqədər təhsilin dövlət standartlarına uyğun olaraq məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyəsini, əqli, fiziki, mənəvi  inkişafını və məktəbəhazırlığını həyata keçirən təhsil müəssisəsi;
1.0.3. məktəbəqədər təhsilin dövlət standartı - uşaqların, ailənin, cəmiyyətin tələbatına uyğun olaraq, elmi-pedoqoji prinsiplər əsasında hazırlanan, ölkədə məktəbəqədər təhsil  sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət edən ümumi normalar məcmusu;
1.0.4. məktəbəqədər təhsildə diferensiallaşdırma - uşaqların fərdi xüsusiyyətlərinin, maraq və tələbatlarının, fiziki və əqli inkişaf səviyyələrinin, psixo-fizioloji xüsusiyyətləri nəzərə alınmaqla, təlimin təşkil olunması;
1.0.5. məktəbəqədər təhsildə qiymətləndirmə - məktəbəqədər yaşlı uşaqların inkişafı, nailiyyətləri və xüsusi ehtiyacları haqqında məlumatın toplanması və dəyərləndirilməsi prosesi;
1.0.6. məktəbəqədər xüsusi təhsil müəssisəsi - sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsil alması üçün yaradılmış təhsil müəssisəsi;
1.0.7. metodist - məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyə işlərinə metodiki rəhbərliyi həyata keçirən ali pedoqoji təhsilli mütəxəssis;
1.0.8. dayə - uşaqlara xüsusi qulluğu və nəzarəti həyata keçirən şəxs;
1.0.9. defektoloq - uşaqların əqli, fiziki inkişafındakı qüsurların korreksiyası ilə məşğul olan mütəxəssis;
1.0.10. icma əsaslı məktəbəqədər təlim qrupu - ixtisaslı pedaqoji kadr olduğu halda, valideynlərin (digər qanuni nümayəndələrin) könüllülüyü, yerli icra nümayəndəlikləri və bələdiyyələrin təşkilati köməkliyi ilə yerlərdə yaradılan məktəbəqədər yaşlı uşaqların cəlb olunduğu ödənişli təlim qrupu;
1.0.11. inklüzivlik - sağlamlığının, potensial imkanının, maddi təminatının vəziyyətindən asılı olmayaraq, bütün uşaqların birgə təhsil almaq hüququnun təmin edilməsi;
1.0.12. innovasiya - müxtəlif təşəbbüs və elmi-tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli yeniliklər;
1.0.13. qanuni nümayəndələr - yetkinlik yaşına çatmayan, yaxud tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini təmsil edən   valideynlər, övladlığa götürənlər, qəyyumlar və himayəçilər;
1.0.14. qısamüddətli təlim qrupu - valideynlərin (digər qanuni nümayəndələrin) arzusu nəzərə alınmaqla müəyyən olunmuş hər bir yaş kateqoriyasına daxil olan uşaqlar üçün qısaldılmış gün rejimi əsasında təşkil edilən təlim qrupu;
1.0.15. loqoped - nitqi qüsurlu uşaqlarla işləyən mütəxəssis;
1.0.16. sağlamlıq imkanları məhdud şəxs - xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər yaranan fiziki çatışmazlığı, əqli və ya psixi ləngimələri olan şəxs;
1.0.17. təhsil proqramı (kurikulum) - təlim nəticələri və məzmun standartlarını, inkişaf sahələrini, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən konseptual dövlət sənədi;
1.0.18. təhsildə inteqrasiya - təlimin məzmun komponentlərinin əlaqələndirilməsini təmin edən didaktik prinsip;
1.0.19. təlimin məzmunu - uşaq şəxsiyyətinin formalaşmasına yönəlmiş bacarıqlar şəklində ifadə edilən təlim nəticələrinin məcmusu;
1.0.20. tərbiyəçi-müəllim - uşaqların təlim tərbiyəsini,  hərtərəfli inkişafını, məktəbəhazırlıq təlimini  təşkil edən və həyata keçirən, məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxs;

Maddə 2. Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

2.1. Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, digər normativ-hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikası qanunvericiliyinin məqsədi məktəb yaşına çatmamış uşaqların məktəbəqədər təhsil sahəsində hüquqlarının təmin olunmasından məktəbəqədər təhsil prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibətlərin tənzimlənməsindən ibarətdir.
2.3. Bu Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəlikləri və konsulluqları yanında  yaradılan məktəbəqədər təhsil müəssisələrinə şamil olunmur.

Maddə 3. Məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri

3.0.   Məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
3.0.1. məktəbəqədər təhsil sahəsində bərabər imkanların yaradılması;
3.0.2. məktəbəqədər təhsil və ibtidai təhsil arasında fasiləsizliyin təmin olunması;
3.0.3. məktəbəqədər təhsilin milli və dünyəvi xarakterdə, Azərbaycan və dünya pedaqoji elminin nailiyyətləri, ailə tərbiyəsi və ictimai tərbiyənin məqsədyönlü inteqrasiyası əsasında təşkili;
3.0.4. məktəbəqədər təhsil müəssisələrində uşaqların sağlamlığının qorunması, psixoloji və fiziki inkişafının təmin edilməsi;
3.0.5. məktəbəqədər təhsilin könüllülüyü;
3.0.6. sağlamlıq imkanları məhdud olan uşaqların inklüziv təhsilinin təşkili;
3.0.7.  uşaqların 5 yaşdan məktəbəhazırlıq təhsilinin zəruriliyi;
3.0.8. məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin davamlı və sistemli inkişafının təmin edilməsi;
3.0.9. uşaqların məktəbəqədər təhsillə əhatə edilməsi səviyyəsinin yüksəldilməsi.

Maddə 4. Məktəbəqədər təhsil sahəsində dövlətin vəzifələri

4.0. Məktəbəqədər təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
4.0.1. məktəbəqədər təhsil sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək;
4.0.2. məktəbəqədər təhsilə dair normativ-hüquqi aktlar qəbul etmək, bu sahənin inkişafı üzrə məktəb yaşına çatmamış uşaqların səmərəli təhsil modelinə əsaslanan dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları) təsdiq  və tətbiq etmək;
4.0.3. mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq məktəbəqədər təhsil müəssisələrinin bu sahədə normativ-hüquqi aktlara, dövlət standartlarına uyğun fəaliyyətinə nəzarəti həyata keçirmək;
4.0.4. məktəbəqədər təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitlərinin həcmini, bir uşağa düşən təhsil xərci əsasında maliyyə mexanizmlərini və normativlərini müəyyənləşdirmək və icrasına nəzarəti təmin etmək;
4.0.5. dövlət məktəbəqədər təhsil müəssisələrinin rəhbər işçilərini vəzifəyə təyin etmək və fəaliyyətini tənzimləmək;
4.0.6. dövlət məktəbəqədər təhsil müəssisələrinin nümunəvi nizamnaməsinin təsdiq olunmasını təmin etmək;
4.0.7. bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələrinin nizamnaməsini müvafiq icra hakimiyyətinin rəyi əsasında dövlət qeydiyyatına almaq;
4.0.8. məktəbəqədər təhsil müəssisələrinin idarə edilməsi və fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə məlumat bazasını yaratmaq;
4.0.9. məktəbəqədər təhsil müəssisəsinin tikintisinə, maddi-texniki təchizatına dair minimumnormaların, ümumi sanitariya-gigiyenik tələbləri və uşaq yerləri ilə təminat normativlərini müəyyənləşdirmək və təsdiq etmək;
4.0.10. məktəbəqədər təhsil müəssisələrinə elmi-metodik rəhbərliyi və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini həyata keçirmək;
4.0.11. məktəbəqədər təhsil müəssisəsinin fəaliyyətinə lisenziya vermək və ya onu ləğv etmək;
4.0.12. məktəbəqədər təhsil müəssisəsinin akkreditasiya və işçilərinattestasiya qaydalarını müəyyən etmək və həyata keçirmək;
4.0.13. dövlət məktəbəqədər təhsil müəssisələrini tədris vəsaitləri və ədəbiyyatları ilə təmin etmək;
4.0.14. dövlət məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasının və tibbi xidmətinin təşkilini həyata keçirmək;
4.0.15. məktəbəqədər təhsil müəssisələrinin yaradılması və inkişafı məqsədilə təşviq mexanizmlərini hazırlayıb həyata keçirmək;
4.0.16. dövlət məktəbəqədər təhsil müəssisələrinin təşkilinə, idarəolunmasına və inkişaf mexanizmlərinin təkmilləşdirilməsinə, maddi-texniki baza, ixtisaslı kadrlar, informasiya-kommunikasiya texnologiyaları və digər zəruri vasitələrlə təmin olunmasına şərait yaratmaq.
4.0.17. Azərbaycan Respublikasının vətəndaşı olan, həmçinin Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan məktəbəqədər yaşlı uşaqların məktəbəqədər təhsil müəssisələrində bərabər təhsil almalarını təmin etmək.
4.0.18. məktəbəqədər təhsil sahəsində elmi-metodiki təminatın, təhsilin keyfiyyətinin  və uşaqların təhsillə əhatə səviyyəsinin yüksəldilməsi məqsədi ilə elmi-pedoqoji innovasiyaları əhatə edən təhsil proqramları və layihələri tətbiq etmək.
4.0.19. məktəbəqədər təhsil müəssisələrinəuşaqların qəbuluna dair meyarları və xaric edilməsiqaydalarını müəyyən etmək.
4.0.20. ölkədə qanuni əsaslarla müvəqqəti məskunlaşan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin mövcud qanunvericilik əsasında məktəbəqədər təhsil almasına şərait yaratmaq.

Maddə 5. Məktəbəqədər təhsil sahəsində dövlət standartları

5.1. Məktəbəqədər təhsil sahəsində dövlət standartları uşaqların, ailənin və cəmiyyətin tələbatına uyğun olaraq elmi-pedoqoji prinsipləri, qabaqcıl beynəlxalq təcrübə, milli və ümumbəşəri dəyərlər əsasında hazırlanan məktəbəqədər təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturu, təhsilalanlar və təhsilverənlərin keyfiyyət göstəriciləri ilə bağlı tələbləri özündə əks etdirən normalar məcmusudur.
5.2. Məktəbəqədər təhsil sahəsində dövlət standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
5.3. Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti dövlət standartlarına uyğun təşkil edilir.
5.4. Sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsili məktəbəqədər xüsusi təhsil müəssisəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dövlət standartları əsasında həyata keçirilir.

Maddə 6. Tədris dili

6.1. Məktəbəqədər təhsil müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir.
6.2. Uşaqlara dövlət dili - Azərbaycan dilini öyrədilməsi və Azərbaycan dilində ünsiyyət bacarıqlarını inkişaf etdirmək şərti ilə məktəbəqədər təhsil digər dillərdə də aparıla bilər.

2-ci fəsil
MƏKTƏBƏQƏDƏR TƏHSİLİN TƏŞKİLİ

Maddə 7. Məktəbəqədər təhsilin mahiyyəti və məqsədi

7.1. Məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqladavamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir.
7.2. Məktəbəqədər təhsilin məqsədi erkən yaş dövründən başlayaraq uşaqların əqli, fiziki və yaradıcı potensialının, mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının və sağlamlığının mühafizəsinin, ətraf aləmə həssas münasibətinin və şəxsiyyətinin formalaşdırılmasından ibarətdir.
7.3.Məktəbəqədər təhsil məktəbəqədər yaşlı uşaqların zəruri həyati bacarıqlara yiyələnmələrini və məktəb təhsilinə hazırlığını təmin edir.
7.4. Məktəbəqədər təhsil uşaqların tərbiyəsinin milli-mənəvi və bəşəri dəyərlər ruhunda, milli dövlətçilik marağı və azərbaycançılıq məfkurəsi əsasında formalaşdırılmasını təmin edir.
7.5. Məktəbəqədər təhsilin məzmunu aşağıdakı məqsədlərə xidmət edir:
7.5.1. cəmiyyətə sosial uyğunlaşma, kollektiv daxilində birgəfəaliyyət və ünsiyyət mədəniyyəti formalaşdırmaq;
7.5.2. müstəqillik, məsuliyyət və cavabdehlik hissi, öz qüvvəsinə inam və iradə aşılamaq;
7.5.3. sərbəst qərar qəbul etmək və müstəqil öyrənmək meylinin təşəkkülü;
7.5.4. ətraf aləmin dərk olunması, təbiətə və insanlara həssas münasibət, özünün və digərlərinin hüquqlarına hörmət hissi aşılamaq;
7.5.5. estetik dünyagörüşü, texniki və humanitar sahələr üzrə bacarıqları formalaşdırmaq;
7.5.6. sağlamlığın qorunması istiqamətində gigiyenik bacarıqlara nail olmağı təmin etmək.

Maddə 8. Məktəbəqədər təhsilin təşkili qaydaları

8.1. Azərbaycan Respublikasında məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edir.
8.1.1. Məktəbəqədər yaş dövrləri üzrə uşaqların təsnifatı və hər bir yaş dövründə təhsilin mahiyyəti və istiqamətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
8.1.2. Məktəbəqədər təhsil müəssisəsinin komplektləşdirilməsi zamanı uşaq kontingenti məktəbəqədər təhsil müəssisəsinin növünə və uşaqların yaşına uyğun formalaşdırılır.
8.1.3. Məktəbəqədər təhsil müəssisələrində uşaqların gün rejimi normaları və qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
8.2. Məktəbəhazırlıq təhsili beş yaşlı uşaqlar üçün zəruri hesab olunur.
8.3. Məktəbəhazırlıqtəhsili məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrində, habelə ailədə həyata keçirilir.
8.3.1. Bir uşağın eyni zamanda məktəbəqədər təhsil müəssisəsində və paralel olaraq ümumtəhsil müəssisələrində, habelə digər müəssisə və təşkilatlarda məktəbəhazırlıq təhsili almasına yol verilmir.
8.4. Uşaqların məktəbəqədər təhsilini təmin etmək məqsədilə məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərməyən yerlərdə, habelə şəraitinə görə yaşayış məntəqəsindəki bütün uşaqları qəbul edə bilməyən müəssisələrin olduğu ərazilərdə valideynlərin razılığı ilə ailə bağçaları və icma əsaslı məktəbəqədər təlim qrupları yaradıla bilər.
8.5. Məktəbəqədər təhsil müəssisələrində valideynlərin arzusu nəzərə alınmaqla qısamüddətli təlim qrupları təşkil edilə bilər.
8.6. Qısamüddətli və  icma əsaslı təlim qruplarında məktəbəqədər təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 9. Məktəbəqədər təhsil proqramı (kurikulum)

9.1. Məktəbəqədər təhsil proqramı (kurikulum) müvafiq dövlət standartları və məktəbəqədər təhsilin məzmununa dair bu Qanunla müəyyən olunan ümumi tələblər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanıb təsdiq edilir.
9.2. Məktəbəqədər təhsil proqramına (kurikuluma) aşağıdakılar daxildir:
9.2.1. məktəbəqədər təhsil üzrə ümumi təlim nəticələri;
9.2.2.  məktəbəqədər təhsilin məzmununu əhatə edən inkişaf sahələri və hər sahə üzrə ümumi təlim nəticələri;
9.2.3. yaş qrupları nəzərə alınmaqla hər bir inkişaf sahəsi üzrə məzmun standartları;
9.2.4. təhsil nailiyyətlərinin qiymətləndirilməsi meyarları;
9.2.5. təlim strategiyaları, metodik təminatla bağlı tövsiyələr;
9.3. Təhsil proqramının yerinə yetirilmə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 10. Məktəbəqədər təhsil sisteminin quruluşu

10.1. Məktəbəqədər təhsil sisteminə aşağıdakılar daxildir:
10.1.1. təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələri, məktəbəqədər təhsil xidməti göstərən digər qurumlar;
10.1.2. istirahət və sağlamlıq düşərgələri;
10.1.3. məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə rəhbərlik və nəzarəti həyata keçirən təhsili idarəetmə orqanları;

Maddə 11. Məktəbəqədər təhsil müəssisəsi

11.1. Məktəbəqədər təhsil müəssisəsi məktəbəqədər təhsil sahəsində bu Qanunla müəyyən olunmuş məqsədlərin reallaşdırılması istiqamətində davamlı olaraq təşkilati, psixoloji, pedaqoji, metodiki, tibbi,  sosioloji tədbirlərin həyata keçirilməsini təmin edir. 
11.2. Mülkiyyət formasına görə dövlət, bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərə bilər.
11.3. Məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan müəssisələrin aşağıdakı növləri müəyyən edilir:
11.3.1. körpələr evi;
11.3.2. körpələr evi-uşaq bağçası;
11.3.3. uşaq bağçası;
11.3.4. günərzi  qayğı mərkəzləri;
11.3.5. müxtəlif profilli reabilitasiya mərkəzləri;
11.3.6. uşaq evləri;
11.3.7. məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumtəhsil məktəbləri;
11.3.8. təhsil kompleksi nəzdində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi;
11.3.9. müəssisə və təşkilatların nəzdində yaradılmış məktəbəqədər təhsil müəssisəsi;
11.3.10. sanator tipli uşaq sağlamlıq-tərbiyə müəssisəsi;
11.3.11. sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusiməktəbəqədər təhsil müəssisələri;
11.3.12. elmi-tədqiqat müəssisələrinin və ali təhsil müəssisələrinin yanında yaradılan eksperimental məktəbəqədər təhsil müəssisələri;
11.3.13. ailə tipli kiçik qrup evi;
11.3.14. icma tipli uşaq bağçaları.
11.4. Məktəbəqədər xüsusi təhsil müəssisələri nitq pozulmaları (ağır nitq qüsurları, nitqin fonetik ləngliyi, kəkələməsi), eşitmə pozulmaları (karlar, zəifeşidənlər), görmə pozulmaları (korlar, zəifgörənlər, çəpgözlər), əqli (psixi) pozuntuları (əqli cəhətdən gerilik, psixi inkişaf ləngliyi), dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları, o cümlədən kar-korlar, emosional-iradi sahədə və davranışında çatışmazlıq olanlar üçün yaradılır.
11.5. Tabeçiliyindən, növündən və mülkiyyət formasından asılı olmayaraq, məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun və normativ hüquqi aktlar nəzərə alınmaqla öz nizamnaməsi əsasında həyata keçirilir.
11.5.1. Qanunvericiliyin tələblərinə müvafiq olaraq, istedadlı uşaqların bacarıq və qabiliyyətinin üzə çıxarılması və inkişaf etdirilməsi və ya məktəbəqədər təhsil müəssisələrində diferensiallaşdırma nəzərə alınmaqla istedadlı uşaqlar üçün nəzərdə tutulmuş xüsusi qruplar yaradıla bilər.
11.6. Dövlət məktəbəqədər təhsil müəssisəsinin yaradılması, yenidən təşkili və ləğvi aidiyyatı üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
11.7. Özəl və bələdiyyə məktəbəqədər təhsil müəssisəsinin yaradılması, yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
11.8. Məktəbəqədər təhsil müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına yol verilmir.
11.9. Məktəbəqədər təhsil müəssisəsi hüquqi şəxsdir; inzibati və maliyyə-təsərrüfat fəaliyyətini sərbəst şəkildə həyata keçirir; banklarda hesablaşma hesabı və digər hesabları ola bilər.
11.10. bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisəsi ilə valideynlər (digər qanuni nümayəndələr) arasında münasibətlər müqavilə ilə tənzimlənir.

Maddə 12. Məktəbəqədər təhsil müəssisəsinin təsisçisi

12.1. Məktəbəqədər təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyələr, Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilərlər.
12.2. Təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi və onların təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının qanunvericiliyi, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

Maddə 13. Məktəbəqədər təhsil fəaliyyətinin lisenziyalaşdırılması və  məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyası

13.1. Azərbaycan Respublikasında məktəbəqədər təhsil müəssisəsinin (dövlət məktəbəqədər təhsil müəssisələri istisna olmaqla)təhsil fəaliyyəti göstərməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada lisenziya alınır.
13.2. Məktəbəqədər təhsil müəssisəsinə lisenziya müddətsiz verilir.
13.3. Məktəbəqədər təhsil sahəsində təhsil xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən məktəbəqədər təhsilin vəzifələri pozulduqda, məktəbəqədər təhsilin dövlət standartının tələbləri yerinə yetirilmədikdə onların lisenziyası ləğv edilir.
13.4. Məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının dövlət standartlarına və digər normativ-hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır.
13.5. Akkreditasiya müvafiq keyfiyyət sənədinin verilməsi ilə başa çatır.
13.6. Məktəbəqədər təhsil müəssisəsinin işçiləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq attestasiyadan keçirilir.
13.7. Akkreditasiyadan keçməyən məktəbəqədər təhsil müəssisəsinin lisenziyası ləğv olunur.

Maddə 14. Məktəbəqədər təhsil müəssisəsində iaşə və tibbi xidmət

14.1. Məktəbəqədər təhsil müəssisələrində uşaqlara göstərilən tibbi və iaşə xidmətinin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
14.2. Məktəbəqədər təhsil müəssisələrində  uşaqlara pulsuz tibbi xidmətin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin olunur.
14.3. Əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq, aidiyyəti tibb müəssisələrində əlavə müalicə-bərpa xidmətinin göstərilməsi təmin edilir.
14.4. Müvafiq icra hakimiyyəti  orqanları növündən, tabeçilik və mülkiyyət formasından asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrində il ərzində uşaqların icbari dispanserizasiyadan keçməsinitəmin edir, digər aidiyyəti qurumlarla birlikdə məktəbəqədər təhsil müəssisələrində sanitar-gigiyenik normalara riayət edilməsinə, müalicə-profilaktika tədbirlərinin aparılmasına nəzarət edir.
14.5. Məktəbəqədər təhsil müəssisəsində uşaqların qidalanması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş normativlərə uyğun həyata keçirilir.

3-cü fəsil
MƏKTƏBƏQƏDƏR TƏHSİL SİSTEMİNİN İDARƏOLUNMASI, TƏHSİL SUBYEKTLƏRİNİN HÜQUQLARI, VƏZİFƏLƏRİ VƏ SOSİAL MÜDAFİƏSİ

Maddə 15. Məktəbəqədər təhsil müəssisəsinin idarə olunması 

15.1. Məktəbəqədər təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratik prinsiplər əsas tutulmaqla "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, bu Qanuna, digər aidiyyəti hüquqi normativ aktlara və öz nizamnaməsinə uyğun olaraq idarə edilir. 
15.2. Məktəbəqədər təhsil müəssisəsinin rəhbəri ali pedaqoji ixtisas təhsillinə malik olan və məktəbəqədər təhsil sahəsində 5 (beş) ildən artıq iş təcrübəsi olan şəxs olmalıdır.
15.3. Dövlət məktəbəqədər təhsil müəssisəsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təyin olunan şəxs rəhbərlik edir.
15.4. Bələdiyyənin təsisçiliyi ilə yaradılmış məktəbəqədər təhsil müəssisəsinə rəhbərliyi bələdiyyə tərəfindən, özəl məktəbəqədər təhsil müəssisəsinə rəhbərliyi isə həmin təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) tərəfindən təyin edilmiş şəxs həyata keçirir.
15.5. Məktəbəqədər təhsil müəssisəsi rəhbərinin vəzifə funksiyaları və səlahiyyətləri onun nizamnaməsi ilə müəyyən edilir.
15.6. Məktəbəqədər təhsil müəssisəsinin idarə olunmasında demokratikliyi, kollegiallığı və şəffaflığı təmin etmək məqsədi ilə müəssisədə ictimai əsaslarla özünüidarə orqanları (ümumi yığıncaq, pedaqoji şura, himayəçilər və  qəyyumlar şuraları, valideyn şurası və s.) yaradıla bilər.
15.7. Dövlət məktəbəqədər təhsil müəssisəsində ali idarəetmə orqanı, ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji şura hesab edilir.
15.8. Dövlət məktəbəqədər təhsil müəssisəsinin pedaqoji şurasının Əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
15.9. Özəl və bələdiyyə məktəbəqədər təhsil müəssisələrində ali idarəetmə orqanı öz nizamnaməsi ilə müəyyən olunur.

Maddə 16. Məktəbəqədər təhsil prosesinin iştirakçıları

16.0. Məktəbəqədər təhsil prosesinin iştirakçıları aşağıdakılardır:
16.0.1. təsisçilər;
16.0.2. təhsilalanlar;
16.0.3. təhsil müəssisəsinin rəhbəri;
16.0.4. təhsilverənlər (pedaqoji işçilər) - tərbiyəçi-müəllimlər, metodistlər, defektoloqlar, loqopedlər, musiqi rəhbərləri, psixoloqlar;
16.0.5.  digər işçilər- tibb işçiləri, texniki işçilər, dayələr;
16.0.6. valideynlər və ya digər qanuni nümayəndələr;
16.0.7. təhsili idarəetmə orqanları və bələdiyyələr;
16.0.8. məktəbəqədər təhsil müəssisəsi ilə əməkdaşlıq edən digər fiziki və hüquqi şəxslər.

Maddə 17. Məktəbəqədər təhsil sahəsində uşaqların hüquqları

17.1. Məktəbəqədər təhsil sahəsində uşaqların hüquqları Azərbaycan Respublikasının Konstitusiyasına, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, bu Qanuna, həmçininAzərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilir.
17.2. Məktəbəqədər təhsilə cəlb olunmuş uşaqlar dövlət tərəfindən zəmanət verilən aşağıdakı hüquqlara malikdirlər:
17.2.1. həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə müvafiq dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;
17.2.2. uşaq şəxsiyyətinin alçaldılmasına, sağlamlığına zərər vuracaq istismar və hərəkətlərin bütün formalarından,  fiziki və psixoloji zorakılıq hallarından qorunmaq;
17.2.3. uşaqların sağlamlığına, mənəvi və psixoloji durumuna zərər vuracaq istənilən informasiyadan və təbliğatdan müdafiə olunmaq;
17.2.4. sağlam həyat tərzinə malik olmaq;
17.2.5. pulsuz tibbi xidmətdən istifadə etmək, sağlamlıq vəziyyətinə görə tibbi müayinə xidmətlərindən yararlanmaq, müəyyən çatışmazlıqların (nitq qüsurları, eşitmə və görmə qabiliyyətlərinin zəifliyi) korreksiya edilməsi üçün psixoloji-tibbi-pedaqoji yardım almaq;
17.2.6. müəyyən olunmuş normativlərə uyğun olaraq, keyfiyyətli qida ilə təmin edilmək;
17.2.7. asudə vaxtının və istirahətinin səmərəli təşkili, meyil və maraqlarının reallaşması və yaradıcılıq imkanlarının inkişafı üçün münasib şəraitlə təmin olunmaq, həmçinin  inkişafyönlü təhsil layihələrində iştirak etmək;
17.2.8. məktəbəqədər təhsil müəssisəsində uşaqlar üçün nəzərdə tutulmuş resurslardan istifadə etmək.

Maddə 18. Məktəbəqədər təhsil müəssisəsinin işçi heyətininhüquqları və vəzifələri

18.1. Təhsilverənlərin hüquqları aşağıdakılardır:
18.1.1. normal iş şəraiti ilə təmin olunmaq;
18.1.2. təhsil prosesinin təşkili və idarə olunmasında, təhsil layihələrində iştirak etmək, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürmək;
18.1.3. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
18.1.4. təhsil prosesində tətbiq olunan forma, metod və vasitələri sərbəst seçmək;
18.1.5. müəyyən edilmiş hallarda və müvafiq qaydada mükafatlandırılmaq və təltif olunmaq.
18.2. Təhsilverənlərin vəzifələri aşağıdakılardır:
18.2.1. məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
18.2.2. ixtisasını artırmaq, peşəkarlıq səviyyəsini yüksəltmək və qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək;
18.2.3. dövlət tərəfindən qoyulan məzmun standartlarının tələblərinə uyğun olaraq, təhsilalanların zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etmək;
18.2.4. müəssisənin nizamnaməsi ilə müəyyən edilmiş daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifə funksiyalarını yerinə yetirmək;
18.2.5. təhsilalanları Azərbaycan xalqının dilinə, adət və ənənələrinə, milli-mənəvi dəyərlərə, dövlət rəmzlərinə  hörmət, azərbaycançılıq və vətənpərvərlik ruhunda tərbiyə etmək;
18.2.6. uşaqların şərəf və ləyaqətinə hörmət etmək, pedaqoji etika və əxlaq normalarına riayət etmək, təhsil işçisi adını yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;
18.2.7. uşaqların təhlükəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq;
18.2.8. uşaqların təlim-tərbiyəsi və onların əqli inkişafı ilə bağlı valideynlərlə əməkdaşlıq etmək;
18.2.9. təhsilalanlarda zəruri həyati bacarıqları formalaşdırmaq və onları məktəb təliminə hazırlamaq.
18.2.10. dövlət hesabına ildə bir dəfə icbari dispanserizasiyadan keçmək.

Maddə 19. Valideynlərin (digər qanuni nümayəndələrin) məktəbəqədər təhsil sahəsində hüquqları və vəzifələri

19.1. Valideynlərin və ya digər qanuni nümayəndələrin məktəbəqədər təhsil sahəsində hüquqları aşağıdakılardır:
19.1.1. övladının qəbulu üçün yaşadığı ərazi üzrəmülkiyyət növündən asılı olmayaraq məktəbəqədər təhsil müəssisəsini seçmək;
19.1.2. müəssisədə təhsil prosesinin təşkili və keyfiyyəti, həmçinin övladının davranışı, təhsilə marağı, qidalanması, tibbi müayinəsi və saxlanma şəraiti haqqında məlumat almaq;
19.1.3. təhsilalanların hüquq və maraqlarını müdafiə etmək, müəssisənin ictimai idarəolunmasında və mədəni-kütləvi tədbirlərin təşkilində iştirak etmək;
19.1.4. müəssisə rəhbərliyi və pedaqoji kollektivlə əməkdaşlıq etmək, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmək;
19.2. Dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə işləyən tək valideynlərin, təhsilalan anaların, I və II qrup əlillərin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, hərbi xidmətdə olan ataların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər.
19.3. Valideynlərin (digər qanuni nümayəndələrin) məktəbəqədər təhsil sahəsində vəzifələri aşağıdakılardır:
19.3.1. övladının erkən fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq;
19.3.2. övladını xalqımızın adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə, azərbaycançılıq məfkurəsinə, vətənə, ana dilinə qarşı hörmət və məhəbbət ruhunda tərbiyə etmək;
19.3.3. müəssisənin nizamnaməsi ilə müəyyən olunmuş müvafiq qayda və tələblərə, həmçinin özəl məktəbəqədər təhsil müəssisəsi ilə valideynlər (digər qanuni nümayəndələr) arasında bağlanmış müqavilənin şərtlərinə əməl etmək;
19.3.4. qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Maddə 20. Məktəbəqədər təhsil müəssisəsində uşaqların və işçi heyətin sosial müdafiəsi

20.1. Dövlət məktəbəqədər yaşlı uşaqların, əsasən də valideyn himayəsindən məhrum olan, sağlamlıq imkanları məhdud olan, aztəminatlı və çoxuşaqlı ailələrin uşaqlarının  sosial müdafiəsinə təminat verir.
20.2. Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar üzrə, özəl məktəbəqədər təhsil müəssisələrində isə təhsilalanların sosial müdafiəsi müəssisənin nizamnaməsi ilə tənzimlənir və həyata keçirilir.
20.3. Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanlar qida və lazımi tədris vasitələri ilə dövlət hesabına təmin olunurlar.
20.4. Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilverənlərin və təhsil prosesində iştirak edən digər mütəxəssislərin sosial müdafiəsinə təminat verir.
20.5. Məktəbəqədər təhsil müəssisələrinin işçilərinin əmək haqqı və vəzifə maaşları işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri və iş stajı nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20.6. Dövlət və bələdiyyə təhsil müəssisəsi öz sərəncamında olan büdcədənkənar vəsaitlər hesabına işçilərin əməkhaqqına əlavələr və digər stimullaşdırıcı ödənişlər təyin edə bilər.
20.7. Sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəbəqədər təhsil müəssisələrində o cümlədən  yüksək dağlıq və sərhədyanı ərazilərdə, ucqar yaşayış məntəqələrində çalışan işçilərə əməkhaqqı və digər ödənişlər qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

4-cü fəsil
MƏKTƏBƏQƏDƏR TƏHSİLİN İQTİSADİYYATI

Maddə 21. Məktəbəqədər təhsil sistemində mülkiyyət münasibətləri

21.1. Məktəbəqədər təhsil müəssisəsinin mülkiyyətinə onun təsisçisi (təsisçiləri) tərəfindən verilən əmlak, habelə qanunvericiliklə qadağan olunmayan fəaliyyət nəticəsində və büdcədənkənar vəsaitlər hesabına əldə etdiyi əmlak daxildir.
21.2. Məktəbəqədər təhsil müəssisəsi istifadəsində olan əmlakın saxlanılmasına, qorunmasına və ondan səmərəli istifadə edilməsinə görə məsuliyyət daşıyır.
21.3. Məktəbəqədər təhsil müəssisəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi təsisçi (təsisçilər) tərəfindən ayrılan vəsaitlər və cəlb olunmuş investisiyalar, həmçinin sahibkarlığın inkişafı üzrə dəstək fondları  hesabına həyata keçirilir.
21.4. Dövlət məktəbəqədər təhsil müəssisəsində onun profilindən kənar müəssisələrin yerləşdirilməsinə və fəaliyyətinə, hər hansı şəxsin məskunlaşdırılmasına yol verilmir, müəssisənin əmlakının təhsildənkənar məqsədlər üçün istifadəsi qadağandır.
21.5. Dövlət məktəbəqədər təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və müəssisəətrafı mühafizə zolağı ilə bağlı normativlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 22. Məktəbəqədər təhsil müəssisəsinin maliyyələşdirilməsi

22.1. Təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olaraq, məktəbəqədər təhsil müəssisəsi aşağıdakı mənbələrdən maliyyələşdirilir:
22.1.1. dövlət məktəbəqədər təhsil müəssisəsi:
22.1.1.1. dövlət büdcəsindən ayrılan vəsaitlər;
22.1.1.2. dövlət fondlarının vəsaitləri;
22.1.1.3. büdcədənkənar vəsaitlər;
22.1.1.4. ödənişli təhsil xidmətlərindən daxil olan vəsaitlər;
22.1.1.5. kreditlər, qrantlar, ianələr;
22.1.1.6. innovasiya və sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər;
22.1.1.7. qanunvericiliklə müəyyən olunmuş qaydada cəlb edilmiş investisiyalar;
22.1.1.8. qanunvericiliklə qadağan olunmayan digər mənbələr.
22.1.2. ailə, icma, bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələri:
22.1.2.1. təsisçinin (təsisçilərin) vəsaitləri;
22.1.2.2. təhsil xidmətlərinə görə əldə olunan vəsaitlər;
22.1.2.3. hüquqi və fiziki şəxslərin maliyyə yardımları;
22.1.2.4. sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər;
22.1.2.5. qanunvericiliyə uyğun qaydada alınan qrant və kreditlər;
22.1.2.6. qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlər.
22.2. Dövlət məktəbəqədər təhsil müəssisəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normativlərə uyğun maliyyələşdirilir.
22.3. Bələdiyyə və özəlməktəbəqədər təhsil müəssisəsində təhsilalanlar üçün nəzərdə tutulan ödəniş haqqı əmək bazarının tələbatına uyğun olaraq tələb-təklif prinsipi əsasında tənzimlənir.
22.4. Məktəbəqədər təhsil müəssisəsinin digər maliyyə mənbələri hesabına əldə etdiyi vəsaitlər bilavasitə müəssisənin maddi-texniki bazasının inkişafına, istedadı ilə fərqlənən uşaqların rəğbətləndirilməsinə və işçilərin sosial müdafiəsinə yönəldilir.
22.5. Özəl məktəbəqədər təhsil müəssisəsi təsisçinin (təsisçilərin) vəsaitləri, qrantlar, ianələr, yardımlar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyələşir.

Maddə 23. Məktəbəqədər təhsil sahəsində sahibkarlıq və innovasiya fəaliyyəti

23.1. Məktəbəqədər təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədi ilə nizamnaməsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər.
23.2. Dövlət məktəbəqədər təhsil müəssisələrinin innovasiya və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə yerli və xarici investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradır.
23.3. Məktəbəqədər təhsil müəssisələrində çalışan mütəxəssislərin öz səmərəliləşdirici təkliflərini müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında müqavilələr bağlayaraq tətbiq etmək hüququ vardır.
23.4. Dövlət məktəbəqədər təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sоsial müdafiəsinə yönəldilir.
23.5. Məktəbəqədər təhsil müəssisəsinin işçiləri müəssisənin fəaliyyətini təkmilləşdirmək, yeni texnologiyaları tətbiq etmək, habelə müəssisədaxili yeni qurumlar yaratmaq üçün innovativ təkliflərlə çıxış etmək, innovasiya fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.
23.6. Məktəbəqədər təhsil müəssisələrində çalışan işçilərin innovasiya və sahibkarlıq fəaliyyətinin nəticələri onların vəzifəyə seçilməsində və ya təyin olunmasında nəzərə alınır.
23.7. Məktəbəqədər təhsil müəssisələri Azərbaycan Respublikasına avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin gətirilməsi zamanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə edirlər.
23.8. Məktəbəqədər təhsil müəssisəsində innovasiya fəaliyyəti ilə məşğul olan şəxslərin fəaliyyəti stimullaşdırılır.
23.9. Məktəbəqədər təhsil sahəsinin inkişafına dəstək verən müəssisə və təşkilatların, sahibkarlıq subyektlərinin fəaliyyəti təbliğ edilir.

5-ci fəsil
YEKUN MÜDDƏALAR

Maddə 24. Məktəbəqədər təhsil sahəsində beynəlxalq əməkdaşlıq

24.1. Məktəbəqədər təhsil sahəsində beynəxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.
24.2. Məktəbəqədər təhsil müəssisəsi qanunvericiliyə və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq xarici ölkələrin məktəbəqədər təhsil müəssisələri, təşkilatları, beynəlxalq qurumlar və fondlarla əlaqələr yarada, əməkdaşlıq haqqında ikitərəfli müqavilələr bağlaya, təhsil sahəsində fəaliyyət göstərən dövlət qeyri-hökümət qurumlarına daxil ola  və qarşılıqlı əməkdaşlığın digər formalarını həyata keçirə bilərlər.

Maddə 25. Qanunvericiliyin pozulmasına görə məsuliyyət

Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi