07.03.2017 "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Layihə

"Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632; Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 404-VQD və 29 noyabr tarixli 442-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 8.1.5-ci, 19.12.4-cü, 22.4-cü, 22.5-ci və 26.1.2-ci maddələrdə "icazənin" sözü "lisenziyanın (icazənin)" sözləri ilə, 22.4-cü və 22.5-ci maddələrdə "İcazənin" sözü "Lisenziyanın (icazənin)" sözləri ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda 19.8-1-ci maddə əlavə edilsin:
"19.8-1. Bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə lisenziyanın verildiyi tarixdən 30 gün müddətində lisenziya sahibi ilə lisenziya verən orqan arasında lisenziya müqaviləsi bağlanılmalıdır. Lisenziya müqaviləsi bağlanılmadıqda, bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə verilmiş lisenziya hüquqi nəticələr yaratmır. Lisenziya müqaviləsinin formasını və bağlanılma qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.";

1.3. aşağıdakı məzmunda 19.12-1-ci maddə əlavə edilsin:
"19.12-1. Bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə verilmiş lisenziyada lisenziyanın verilməsindən sonra bu Qanunun 19.8-1-ci maddədə nəzərdə tutulan lisenziya müqaviləsi bağlanılmadığı halda, verilmiş lisenziyanın hüquqi nəticələr yaratmayacağı barədə qeyd olmalıdır.";

1.4. 22.1-ci maddənin birinci cümləsində "Lisenziyalar" sözündən sonra "(bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə verilən lisenziyalar istisna olmaqla)" sözləri, üçüncü cümləsində "bitmiş" sözündən sonra "lisenziya və" sözləri əlavə edilsin;

1.5. aşağıdakı məzmunda 22.1-1-ci maddə əlavə edilsin:
"22.1-1. Bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə lisenziya 10 il müddətinə verilir.";

1.6. həmin Qanunun 1 nömrəli əlavəsinin 6.3-cü maddəsi ləğv edilsin;

1.7. həmin Qanunun 2 nömrəli əlavəsinə aşağıdakı məzmunda 4-1-ci maddə əlavə edilsin:
4-1. sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə)
Maddə 2. Bu Qanun qüvvəyə mindiyi günədək sellülar (mobil) rabitə xidmətlərinin həyata keçirilməsi üçün verilmiş və qüvvədə olan lisenziyalara münasibətdə "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulan tədbirlərin görülməsi üçün həmin Qanunun 19.12-1-ci və 26.1.9-cu maddələri əsasdır.

 


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi