14.04.2017 Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında

Layihə

Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı  təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edir.

1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. tütün məmulatı - tütün yarpağından və onun komponentlərindən hazırlanmış, tərkibində nikotin, aktiv alkoloid, o cümlədən kanserogen maddələr olan və nikotinə aludəçilik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və s.). Elektron siqaretlər də bu qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulur.
1.0.2. nikotin - tütünün və tənbəkinin tərkibində mövcud olan alkoloidlər qrupuna aid maddə;
1.0.3. tütün çəkilməsi - tütün məmulatlarının tüstüsünün tənəffüs yolları vasitəsi ilə insan orqanizminə daxil olması nəticəsində tütün çəkənin nikotindən asılılıq vəziyyətinin yaranmasına, onun və ətrafdakı şəxslərin sağlamlığına zərər vurulmasına və ətraf mühitin çirklənməsinə səbəb olan istifadə prosesi;
1.0.4. ətraf mühitdəki tütün tüstüsü - tütün çəkmənin həyata keçirildiyi və ya daha əvvəl həyata keçirilmiş olduğu yerin atmosfer havasında olan tütün tüstüsü, o cümlədən tütün çəkməni həyata keçirən şəxs tərəfindən nəfəslə buraxılan tütün tüstüsü;
1.0.5. tütündən istifadə - tütün məmulatlarının tüstüsünün tənəffüs yolları vasitəsi ilə insan orqanizminə daxil olması nəticəsində tütün çəkənin nikotindən asılılıq vəziyyətinin yaranmasına səbəb olan istifadə prosesi, habelə tütünün qızması nəticəsində meydana gələn buxarın tənəffüs yolu ilə orqanizmə qəbul edilməsi;
1.0.6. tütündən istifadənin nəticələri - tütün istifadəsi və ətraf mühitdəki tütün tüstüsünün təsiri nəticəsində insanın həyatına və ya sağlamlığına, onun yaşadığı mühitə ziyan vurulması, habelə bununla əlaqədar tibbi, demoqrafik, sosial-iqtisadi nəticələr;
1.0.7. tütündən qorunma - insanların həyat və sağlamlıqlarının ətraf mühitdəki tütün tüstüsünün təsirindən və tütün istifadəsinin nəticələrindən müdafiə olunması;
1.0.8. tütün məmulatlarının istehsalçıları və satıcıları tərəfindən tədbirlərin sponsorluğu - məqsədi və nəticəsi tütün məmulatlarının satışının və istifadəsinin stimullaşdırılmasına yönələn hər hansı hadisəyə, tədbirə verilən töhfənin istənilən növü;
1.0.9. xüsusi ayrılmış qapalı yer - mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində, mədəniyyət obyektlərində, mehmanxanalarda, habelə ictimai iaşə müəssisələrində işəgötürənin və ya mülkiyyətçinin həmin müəssisələrin bu Qanuna uyğun olaraq tütün çəkilməsinə icazə verdiyi qapalı ərazisi;
1.0.10. yerləşdirmə vasitələri - mehmanxana, istirahət mərkəzi, sanatoriya-kurort, pansionat, motel, hostel, habelə fiziki şəxslərin gecələməsi və ən azı 24 (iyirmi dörd) saat ərzində qala biləcəkləri digər yerləşdirmə obyektləri.

Maddə 2. Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, "Əhalinin sağlamlığının qorunması haqqında", "Tütün və tütün məmulatları haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3. Tütündən qorunmanın əsas prinsipləri

3.1. Tütündən qorunmanın əsas prinsipləri aşağıdakılardır:
3.1.1. vətəndaşların sağlamlığının ətraf mühitdəki tütün tüstüsünün təsirindən və tütün istifadəsinin nəticələrindən qorunması sahəsində hüquqlarına riayət edilməsi;
3.1.2. ətraf mühitdəki tütün tüstüsünün təsirindən və tütün istifadəsi ilə əlaqədar xəstəliklərin, əlilliyin, vaxtından əvvəl ölüm hallarının qarşısının alınması;
3.1.3. tütündən qorunma hüquqlarının təmin edilməsi üçün dövlətin və bələdiyyələrin, fərdi sahibkarların, hüquqi şəxslərin və qanunvericiliyə uyğun olaraq yaradılmış digər qurumların məsuliyyəti;
3.1.4. ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütün istifadəsinin azaldılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı sistemli yanaşma, bu tədbirlərin həyata keçirilməsinin fasiləsizliyi və ardıcıllığı;
3.1.5. həyat və sağlamlığın qorunmasının tütün istehsalçılarının mənafelərindən üstünlüyü;
3.1.6. tütündən qorunma sahəsində Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlığının təmin edilməsi;
3.1.7. dövlətin, bələdiyyələrin, vətəndaşların, tütün təşkilatları ilə əlaqədar olmayan fərdi sahibkarların, hüquqi şəxslərin və qanunvericiliyə uyğun olaraq yaradılmış digər qurumların qarşılıqlı fəaliyyəti;
3.1.8. ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütün istifadəsinin azaldılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinin aşkarlığı və onun səmərəliliyinin müstəqil qiymətləndirilməsi;
3.1.9. tütün istifadəsinin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin məlumatlandırılması;
3.1.10. tütündən qorunma sahəsində qanunvericiliyin pozulması səbəbindən vətəndaşın həyatına və ya sağlamlığına, şəxslərin əmlakına vurulmuş ziyanın ödənilməsi.

Maddə 4. Tütündən qorunma sahəsində dövlətin səlahiyyətləri

4.1. Vətəndaşların həyat və sağlamlığının tütündən qorunması sahəsində dövlətin səlahiyyətlərinə aiddir:
4.1.1. vahid dövlət siyasətinin həyata keçirilməsi;
4.1.2. insan və vətəndaş hüquqlarının müdafiəsi;
4.1.3. sağlamlığın qorunması sahəsində qanunvericiliyə müvafiq olaraq tibbi təşkilatlarda vətəndaşlara, habelə Azərbaycan Respublikasında yaşayan  vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə tütün istifadəsinin dayandırılmasına, tütün asılılığının və tütün istifadəsinin nəticələrinin müalicəsinə yönəlmiş tibbi yardım göstərilməsinin təşkilinin təmin edilməsi;
4.1.4. mövcud sahədə tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi, vətəndaşların sağlamlığının qorunması və möhkəmləndirilməsi sahəsində səhiyyənin davamlı inkişafı üzrə dövlət proqramına daxil edilməsi;
4.1.5. vətəndaşların sağlamlığının ətraf mühitdəki tütün tüstüsünün təsirindən və tütün istifadəsinin nəticələrindən qorunması sahəsində fəaliyyətinin əlaqələndirilməsi;
4.1.6. tütündən qorunmaya dövlət nəzarətinin təşkili və həyata keçirilməsi;
4.1.7. tütündən qorunma sahəsində beynəlxalq əməkdaşlıq, o cümlədən beynəlxalq müqavilələrin bağlanması;
4.1.8. ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütün istifadəsinin azaldılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinin monitorinqi, həmçinin Azərbaycan Respublikasının ərazisində tütün istifadəsinin miqyası, onun istifadəsinin azaldılmasına dair həyata keçirilən və (və ya) planlaşdırılan tədbirlər haqqında əhalinin məlumatlandırılması.

Maddə 5. Tütündən qorunma sahəsində bələdiyyələrin səlahiyyətləri

5.1. Tütündən qorunma sahəsində bələdiyyələrin səlahiyyətlərinə aiddir:
5.1.1. bələdiyyə qurumlarının ərazilərində vətəndaşların sağlamlığının ətraf mühitdəki tütün tüstüsünün təsirindən və tütün istifadəsinin nəticələrindən qorunması üzrə tədbirlərin həyata keçirilməsində iştirak;
5.1.2. sağlamlığın qorunması sahəsində qanunvericiliyə müvafiq səlahiyyətlər verildiyi halda bələdiyyə səhiyyə sisteminin tibb müəssisələrində vətəndaşlara tütündən istifadənin dayandırılması, tütün asılılığının və tütündən istifadənin nəticələrinin müalicəsinə yönəlmiş tibbi yardım göstərilməsinin təşkilinin təmin edilməsi;
5.1.3. müvafiq bələdiyyə qurumunun ərazisində əhalinin tütün istifadəsinin və ya digər formada tütün tüstüsünün yaranmasının miqyası, tütün istifadəsinin azaldılmasına dair həyata keçirilən və (və ya) planlaşdırılan tədbirlər haqqında, o cümlədən ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütün istifadəsinin nəticələrinin azaldılmasına yönəlmiş tədbirlərin monitorinqinin həyata keçirilməsi və bunun əsasında əhalinin məlumatlandırılması.

Maddə 6. Tütündən qorunma sahəsində vətəndaşların hüquq və vəzifələri

6.1. Tütündən qorunma sahəsində vətəndaşlar və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər aşağıdakı hüquqlara malikdir:
6.1.1. tüstüsüz ətraf mühitdə həyat fəaliyyəti üçün əlverişli şərait və sağlamlığın ətraf mühitdəki tütün tüstüsünün təsirindən və tütün istifadəsinin nəticələrindən qorunması;
6.1.2. tütün istifadəsinin dayandırılmasına və tütündən asılılığın müalicəsinə yönəlmiş tibbi yardım;
6.1.3. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq dövlət və bələdiyyə orqanlarından, fərdi sahibkarlardan, hüquqi şəxslərdən və qanuna uyğun olaraq yaradılmış digər qurumlardan ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütün istifadəsinin azaldılmasına yönəlmiş tədbirlər haqqında məlumat almaq;
6.1.4. ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütün istifadəsinin azaldılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə ictimai nəzarətdə iştirak etmək;
6.1.5. tütündən qorunmanın təmin edilməsi barədə dövlət və bələdiyyə orqanlarına, habelə digər şəxslərə təkliflər təqdim etmək;
6.1.6. qanunvericiliyin digər şəxslər tərəfindən pozulması nəticəsində onların həyatına və ya sağlamlığına, əmlakına vurulmuş ziyanın ödənilməsi.
6.2. Tütündən qorunma sahəsində vətəndaşların vəzifələri aşağıdakılardır:
6.2.1. qanunvericilik normalarına riayət etmək;
6.2.2. uşaqlarda və gənclərdə tütün istifadəsinə mənfi münasibət formalaşmasının, habelə onların tütün istifadəsi prosesinə cəlb edilməsinin yolverilməzliyinin qeydinə qalmaq;
6.2.3. başqa şəxslərin tüstüsüz ətraf mühitdə həyat fəaliyyəti üçün əlverişli şərait və sağlamlığın ətraf mühitdəki tütün tüstüsünün təsirindən və tütün istifadəsinin nəticələrindən qorunması hüquqlarının pozulması ilə nəticələnən hərəkətlər etməmək.

Maddə 7. Tütün haqqında məlumat almaq hüququ

7.1. Hər kəsin tütün məmulatları, onların inqrediyentləri, tütün çəkilməsinin zərərli təsiri, profilaktikası və məhdudlaşdırlması barədə məlumat almaq hüququ vardır.
7.2. Tütün məmulatlarının tərkibində olan inqrediyentlərin siyahısı, dövriyyəyə buraxılmış tütün məmulatlarının tərkibində olan nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə məlumatlar istifadəçiyə bildirilməli, tütün məmulatları qutularının tərtibatı zamanı həmin məlumatlar əks etdirilməlidir.

2-ci fəsil
TÜTÜN ISTIFADƏSININ AZALDILMASINA VƏ ƏTRAF MÜHITDƏKI TÜTÜN TÜSTÜSÜNÜN TƏSIRININ QARŞISININ
ALINMASINA YÖNƏLMIŞ MÜBARIZƏ TƏDBIRLƏRI

Maddə 8. Tütün məmulatının satışında həvəsləndirmə üsullarının məhdudlaşdırılması

8.1. Tütün məmulatının ticarətinə icazəsi olan hüquqi və fiziki şəxslərə məhsul satışında istifadəçılərin həvəsləndirilməsi üçün aşağıdakı üsullardan istifadə edilməsi qadağan edilir:
8.1.1. tütün məmulatının və onların yeni nümunələrinin pulsuz paylanması və ya mükafat kimi verilməsi;
8.1.2. tütün məmulatının lotereya, müsabiqə, idman yarışları, oyunlar üçün mükafat kimi təklif edilməsi;
8.1.3. tütün məmulatının satışı və istifadəsi ilə bağlı uduşlu (o cümlədən siqaret qutularının və hissələrinin yığılması ilə) oyunların keçirilməsi.
8.2. Tütün istehsalçıları və satışı ilə məşğul olan şəxslər istehsal edilən və ya satışa çıxarılan tütün məmulatlarını istehlakçılara hədiyyə və ya yardım kimi paylaya bilməzlər.

Maddə 9. Tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütün istifadəsinin azaldılmasına yönəlmiş
tədbirlərin həyata keçirilməsinin təşkili

9.1. Ətraf mühitdəki tütün tüstüsünün təsiri və tütün istifadəsi ilə bağlı xəstəliklərin yaranmasının qarşısının alınması və tütün istifadəsinin azaldılması məqsədilə aşağıdakı tədbirlər həyata keçirilir:
9.1.1. ayrı-ayrı ərazilərdə, binalarda və obyektlərdə tütün çəkilməsinə qadağa qoyulması və həmin qadağanın pozulmasına görə cərimələrin, intizam və ya inzibati tənbeh üsullarının tətbiqi;
9.1.2. tütün məmulatlarına tələbatın azaldılmasına yönəlmiş qiymət, vergi və (və ya) rüsum tədbirləri;
9.1.3. tütün istifadəsinin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması;
9.1.4. tütün satışının reklamının və təşviqinin, habelə tütün sponsorluğunun reklamının və stimullaşdırılmasının qadağan edilməsi;
9.1.5. fiziki şəxslərə tütün istifadəsinin dayandırılmasına, tütün asılılığının və tütündən istifadənin nəticələrinin müalicəsinə (sağlamlaşdırılmasına) və reabilitasiyasına yönəlmiş tibbi və psixoloji yardımın göstərilməsi;
9.1.6. tütün məhsullarının və tütün məmulatlarının qeyri-qanuni dövriyyəsinin qarşısının alınması;
9.1.7. tütün məhsullarının və tütün məmulatının dövriyyəsinin məhdudlaşdırılması;
9.2. Tütün məmulatları tullantılarının ətraf mühitə atılması qadağandır. Onların utulizasiyası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Maddə 10. Tütün çəkilməsinə icazə verilməyən yerlər

10.1. Azərbaycan Respublikasında tütün istifadəsinin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə aşağıda göstərilən yerlərdə tütün çəkilməsi qadağandır:
10.1.1. təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;
10.1.2. səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələrində, habelə onların ərazilərində (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla. Belə yerlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur);
10.1.3. mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);
10.1.4. idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda;
10.1.5. restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);
10.1.6. ticarət obyektlərində;
10.1.7. məişət obyektlərində;
10.1.8. sosial xidmət müəssisələrində;
10.1.9. yerləşdirmə vasitələrində (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrıla bilər);
10.1.10. teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində;
10.1.11. uşaq meydançalarında;
10.1.12. yerüstü qapalı və yeraltı piyada keçidlərində;
10.1.13. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində;
10.1.14. metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda;
10.1.15. hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında (qatarın xüsusi ayrılmış yerləri istisna olmaqla), su nəqliyyatı vasitələrində (xüsusi ayrılmış yerlər istisna olmaqla);
10.1.16. tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində;
10.1.17. liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində;
10.1.18. taksafonlarda;
10.1.19. yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə.
10.2. Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilat rəhbərləri tütün çəkmək üçün xüsusi yerlər ayrılmasını, bu yerlərdən kənarda tütün çəkilməsinin qadağan edilməsini və 10.1-ci maddədə göstərilən yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə "tütün çəkmək qadağandır" yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər.
10.3. Tütün çəkmək üçün xüsusi ayrılmış yerlər sanitar-gigiyenik normaların tələblərinə cavab verən şəkildə təchiz edilməlidir.

Maddə 11. Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin
maarifləndirilməsi və məlumatlandırılması

11.1. Tütünə və tütün məmulatına tələbatın azaldılması, tütün istifadəsi ilə əlaqədar xəstəliklərin profilaktikası, sağlamlığa məsuliyyətli münasibət və tütün istifadəsinə mənfi münasibət formalaşdırmaq məqsədi ilə tütün məmulatlarının tərkibinin açıqlanmasının tənzimlənməsi, tütün məmulatlarının qablaşdırılmasına və markalanmasına dair tələblərin müəyyən edilməsi həyata keçirilir. Buraya aşağıdakılar barədə informasiya verilməsi daxildir:
11.1.1. tütün istifadəsinin dayandırılmasının üstünlükləri haqqında;
11.1.2. tütün istifadəsinin mənfi tibbi, demoqrafik və sosial-iqtisadi nəticələri haqqında;
11.1.3. tütünçülük sənayesi haqqında.
11.2. Tütün məmulatının tərkibinin açıqlanmasının tənzimlənməsi, tütün məmulatlarının qablaşdırılmasına və markalanmasına dair tələblərin müəyyən edilməsi ailədə, təhsil təşkilatlarında tərbiyə və təlim proseslərində, tibbi təşkilatlarda, habelə işəgötürənlər tərəfindən iş yerlərində həyata keçirilir.
11.3. Əhalinin maarifləndirilməsinin əsas istiqamətləri və məqsədləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş tütün istifadəsinə qarşı mübarizə üzrə informasiya-kommunikasiya strategiyası çərçivəsində müəyyən edilir.
11.4. Tütün istifadəsinin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması, o cümlədən "İnternet" informasiya-kommunikasiya şəbəkəsindən, habelə tütün istifadəsinin dayandırılmasına və tütün asılılığının müalicəsinə şərait yaradan, səhiyyə sahəsində dövlət siyasətinin işlənib hazırlanması və normativ-hüquqi tənzimləmə funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada yaradılmış və fəaliyyət göstərən "qaynar xətlərdən" istifadə yolu ilə həyata keçirilir.
11.5. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşların, o cümlədən fərdi sahibkarların və hüquqi şəxslərin vətəndaşların sağlamlığının ətraf mühitdəki tütün tüstüsünün təsirindən və tütün istifadəsinin nəticələrindən qorunması sahəsində qanunvericiliyin pozulması məsələlərinə dair müraciətləri üçün "qaynar xətlər" yaradılması və ya "İnternet" informasiya-kommunikasiya şəbəkəsindən istifadə edilməsi nəzərdə tutula bilər.
11.6. Tütün istifadəsinin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin məlumatlandırılması dövlət və bələdiyyə orqanları tərəfindən, o cümlədən kütləvi informasiya vasitələrində müvafiq  kampaniyalar keçirilməsi vasitəsi ilə həyata keçirilir.

Maddə 12. Kütləvi informasiya vasitələrində tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün
ziyanlı təsiri barədə  biliklərin təbliği

12.1. Səhiyyə, təhsil, mədəniyyət və idman sahələri üzrə müvafiq icra hakimiyyəti orqanları kütləvi informasiya vasitələrində tütün istifadəsinin zərərli təsirləri barədə davamlı olaraq təbliğat aparılması üçün müvafiq tədbirlər həyata keçirirlər.
12.2. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla tədris proqramlarına tütün istifadəsinin sağlamlığa və ətraf mühitə zərərli təsiri barədə mövzular daxil etməlidirlər.
12.3. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün televiziya və radio yayımçıları müvafiq icra hakimiyyəti orqanlarının, elm müəssisələrinin və qeyri hökumət təşkilatlarının dəstəyi ilə tütün istifadəsinin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda verilişlər hazırlamalı və bu mövzulara ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayırmalıdır. Bu verilişlərin 45 dəqiqəsi saat 17.30-23.00 arasında olmaqla saat 08.00-23.00arasında yayımlanır və verilişlərin surəti hər ay Milli Televiziya və Radio Yayımı Şurasına təhvil verilir.
12.4. Müvafiq icra hakimiyyəti orqanı tütün çəkilməsinin profilaktikası, tərgidilməsi, müalicəsi ilə əlaqədar tədbirlər həyata keçirir. Dövlət tibb müəssisələrində tütün çəkilməsinin müalicəsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Maddə 13. Yetkinlik yaşına çatmayanlara və yetkinlik yaşına çatmayanlar tərəfindən tütün məhsulları satışının və tütün
istifadəsinin qadağan edilməsi, bu prosesə uşaqların cəlb olunmasının qadağan edilməsi

13.1. Yetkinlik yaşına çatmayanlara və yetkinlik yaşına çatmayanlar tərəfindən tütün məhsullarının satışı, alınması və ya verilməsi, tütün məmulatlarından hər hansı üsulla istifadənin təklif olunması və ya tələb edilməsi yolu ilə tütün istifadəsi prosesinə uşaqların cəlb olunması qadağandır.
13.2. Tütün məhsullarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və ya yaşını müəyyən etməyə imkan verən sənəd tələb etməlidir. Sənədlərin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
13.3. Alıcının yetkinlik yaşına çatmasına şübhə olduqda, alıcının şəxsiyyətini təsdiq edən və onun yaşını müəyyən etməyə imkan verən sənəd təqdim edilmədikdə, satıcı tütün məhsulunu alıcıya satmaqdan imtina etməyə borcludur.
13.4. Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən tütün istifadəsinə icazə verilmir.

Maddə 14. Tütün satışının, tütün sponsorluğunun reklamının və stimullaşdırılmasının qadağan edilməsi

14.1. Tütün və tütün məmulatına tələbatın azaldılması məqsədilə aşağıdakılar qadağan edilir:
14.1.1. Tütünün, tütün məhsullarının satışının və tütün istifadəsinin reklamı və stimullaşdırılması, o cümlədən:
14.1.1.1. tütünün, tütün məmulatlarının əhali arasında pulsuz, o cümlədən hədiyyələr şəklində yayılması;
14.1.1.2. tütün məmulatlarının qiymətlərinə hər hansı üsullarla, o cümlədən kuponlar və talonlar nəşr edilməsi yolu ilə güzəştlər tətbiq olunması;
14.1.1.3. tütün məmulatlarının fərdiləşdirilməsi üçün xidmət edən əmtəə nişanından tütün məmulatları olmayan başqa əmtəə növlərində bu cür malların istehsalında istifadə edilməsi, habelə tütün məmulatları olmayan, lakin tütün məmulatlarının fərdiləşdirilməsi üçün xidmət edən əmtəə nişanından istifadə edilmiş malların pərakəndə və topdan ticarəti;
14.1.1.4. tütün məmulatları olmayan başqa əmtəə növlərinin istehsalında, bu cür əmtəələrin topdan və pərakəndə satışında tütün məmulatından istifadə edilməsi və onun imitasiyası;
14.1.1.5. yeni yaradılmış və uşaqlar üçün nəzərdə tutulan audiovizual əsərlərdə, o cümlədən televiziya və videofilmlərdə, teatr tamaşalarında, radio, televiziya, video və kinoxronika proqramlarında tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin göstərilən əsərlərin, tamaşaların, tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi proqramların açıq ifası, efirdə, kabel yayımı vasitəsi ilə yayılması;
14.1.1.6. tütün məmulatlarının alınması şərti ilə iştirak edilən tədbirlərin (o cümlədən lotereyaların, müsabiqələrin, oyunların) təşkili və keçirilməsi;
14.1.1.7. məqsədi, nəticəsi və ya ehtimal edilən nəticəsi tütün məmulatları almağa və (və ya) tütün istifadəsinə birbaşa və ya dolayı yolla həvəs oyatmaqdan ibarət olan mədəni, bədən tərbiyəsi, idman və digər kütləvi tədbirlərin təşkili və keçirilməsi (o cümlədən mükafatlar qismində tütün məmulatlarının müəyyən edildiyi kütləvi tədbirlərin təşkili və keçirilməsi);
14.1.1.8. xeyriyyəçilik fəaliyyətinin təşkili və həyata keçirilməsi zamanı tütün təşkilatlarına məxsus olan firma adlarından, əmtəə, xidmət və  kommersiya nişanlarından istifadə edilməsi.
14.1.2. tütün sponsorluğu.
14.2. Yeni yaradılmış və yaşlılar üçün nəzərdə tutulan audiovizual əsərlərdə, o cümlədən televiziya və videofilmlərdə, teatr tamaşalarında, radio, televiziya, video və kinoxronika proqramlarında tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin göstərilən əsərlərin, tamaşaların, tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi proqramların açıq ifası, efirdə, kabel yayımı vasitəsi ilə yayılması, belə hərəkət bədii əsərin ayrılmaz hissəsi olduğu hallar müstəsna olmaqla.
14.3. Audiovizual əsərlər o cümlədən televiziya və videofilmlərdə, teatr tamaşalarında, radio, televiziya, video və kinoxronika proqramlarında tütün məmulatları və tütün istifadəsi prosesi nümayiş etdirilərkən, yayım sahibi və ya nümayişin təşkilatçısı belə əsərin, proqramın nümayişinin başlanmasından bilavasitə əvvəl və ya nümayiş vaxtı tütün istifadəsinin zərəri barədə sosial reklamın translyasiyasını təmin etməyə borcludur.
14.4. Tütün istifadəsinin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin məlumatlandırılması zamanı kütləvi informasiya vasitələrində informasiya kampaniyaları keçirilərkən tütün məmulatının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsinə icazə verilir.
14.5. Tütünün və tütün məmulatlarının və tütün çəkmə ləvazimatlarının reklamının qadağan edilməsi Azərbaycan Respublikasının reklam haqqında qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir.

Maddə 15. Vətəndaşlara tütün istifadəsinin dayandırılmasına, tütün asılılığının və tütün istifadəsinin
nəticələrinin müalicəsinə yönəlmiş tibbi yardım göstərilməsi

15.1. Tütün istifadə edən və tibb təşkilatlarına müraciət etmiş şəxslərə tütün istifadəsinin dayandırılmasına, tütün asılılığının və tütün istifadəsinin nəticələrinin müalicəsinə yönəlmiş tibbi yardım göstərilir.
15.2. Vətəndaşlara tütün istifadəsinin dayandırılmasına yönəlmiş tibbi yardım göstərilməsi, o cümlədən tütün asılılığının və tütün istifadəsinin nəticələrinin profilaktikası, diaqnostikası və müalicəsi vətəndaşlara pulsuz tibbi yardım göstərilməsinə dövlət zəmanəti proqramına müvafiq olaraq dövlət səhiyyə sisteminin, bələdiyyə səhiyyə sisteminin və özəl səhiyyə sisteminin tibbi təşkilatları tərəfindən həyata keçirilir.
15.3. Tütün istifadəsinin dayandırılmasına, tütün asılılığının və tütün istifadəsinin nəticələrinin müalicəsinə yönəlmiş tibbi yardım standartları əsasında və tibbi yardım göstərilməsi qaydasına müvafiq olaraq həyata keçirilir.
15.4. Müalicə edən həkim tibbi yardım göstərilməsi üçün tibb təşkilatına müraciət etmiş pasiyentə, müalicənin səbəbindən asılı olmayaraq tütün istifadəsinin dayandırılması barədə tövsiyələr və ona göstərilə biləcək tibbi yardım haqqında zəruri məlumat verməlidir.

3-cü fəsil
YEKUN MÜDDƏALARI

Maddə 16. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Maddə 17. Qanunun qüvvəyə minməsi

Bu Qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq "Tütün və tütün məmulatları" haqqında Azərbaycan Respublikası Qanununun 20-ci və 21-ci maddələri ləğv edilir.

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi