16.05.2017 Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında

İkinci oxunuş

Layihə

Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.

1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. tütün məmulatı - tütün yarpağından və onun komponentlərindən hazırlanmış, tərkibində nikotin, aktiv alkoloid, o cümlədən kanserogen maddələr olan və nikotinə aludəçilik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və s.). Bütün növ qəlyanlar və elektron siqaretlər də bu qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulur;
1.0.2. nikotin - tütünün və tənbəkinin tərkibində mövcud olan alkoloidlər qrupuna aid maddə;
1.0.3. tütün çəkmə - tütün məmulatlarının tüstüsünün tənəffüs yolları vasitəsi ilə insan orqanizminə daxil olması nəticəsində tütün çəkənin nikotindən asılılıq vəziyyətinin yaranmasına, onun və ətrafdakı şəxslərin sağlamlığına zərər vurulmasına və ətraf mühitin çirklənməsinə səbəb olan istifadə prosesi;
1.0.4. ətraf mühitdəki tütün tüstüsü - tütün çəkmənin həyata keçirildiyi və ya daha əvvəl həyata keçirilmiş olduğu yerin atmosfer havasında olan, o cümlədən tütün çəkməni həyata keçirən şəxs tərəfindən nəfəslə buraxılan tütün tüstüsü;
1.0.5. tütündən istifadə - tütün çəkmə, habelə tütünün qızması nəticəsində meydana gələn buxarın tənəffüs yolu ilə orqanizmə qəbul edilməsi;
1.0.6. tütündən istifadənin nəticələri - tütün istifadəsi və ətraf mühitdəki tütün tüstüsünün təsiri nəticəsində insanın həyatına və ya sağlamlığına, onun yaşadığı mühitə ziyan vurulması, habelə bununla əlaqədar tibbi, demoqrafik, sosial-iqtisadi nəticələr;
1.0.7. tütündən istifadənin nəticələrindən qorunma - insanların həyat və sağlamlıqlarının ətraf mühitdəki tütün tüstüsünün təsirindən və tütün istifadəsinin nəticələrindən müdafiə olunması;
1.0.8. tütün məmulatlarının istehsalçıları və satıcıları tərəfindən tədbirlərin sponsorluğu - tütün məmulatlarının satışının və istifadəsinin stimullaşdırılmasına xidmət edən hər hansı tədbirə verilən töhfənin istənilən növü;
1.0.9. xüsusi ayrılmış yer - mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində, mədəniyyət obyektlərində, yerləşdirmə vasitələrində, habelə ictimai iaşə müəssisələrində işəgötürənin və ya mülkiyyətçinin həmin müəssisələrin bu Qanuna uyğun olaraq tütün çəkilməsinə icazə verdiyi açıq və ya qapalı ərazisi;
1.0.10. yerləşdirmə vasitələri - mehmanxana, istirahət mərkəzi, sanatoriya-kurort, pansionat, motel, hostel, habelə fiziki şəxslərin gecələməsi və ən azı iyirmi dörd saat ərzində qala biləcəkləri digər yerləşdirmə obyektləri.

Maddə 2. Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, "Əhalinin sağlamlığının qorunması haqqında", "Tütün və tütün məmulatları haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3. Tütündən istifadənin nəticələrindən qorunmanın əsas prinsipləri

3.1. Tütündən istifadənin nəticələrindən qorunmanın əsas prinsipləri aşağıdakılardır:
3.1.1. vətəndaşların sağlamlığının ətraf mühitdəki tütün tüstüsünün təsirindən və tütündən istifadənin nəticələrindən qorunması sahəsində hüquqlarına riayət edilməsi;
3.1.2. ətraf mühitdəki tütün tüstüsünün təsiri və tütün istifadəsi nəticəsində yaranan xəstəliklərin, əlilliyin, vaxtından əvvəl ölüm hallarının qarşısının alınması;
3.1.3. tütündən istifadənin nəticələrindən qorunma hüquqlarının təmin edilməsi üçün dövlətin və bələdiyyələrin, fərdi sahibkarların, hüquqi şəxslərin və qanunvericiliyə uyğun olaraq yaradılmış digər qurumların məsuliyyəti;
3.1.4. ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütündən istifadənin azaldılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi zamanı sistemli yanaşma, bu tədbirlərin həyata keçirilməsinin fasiləsizliyi və ardıcıllığı;
3.1.5. həyat və sağlamlığın qorunmasının tütün istehsalçılarının mənafelərindən üstünlüyü;
3.1.6. tütündən istifadənin nəticələrindən qorunma sahəsində Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlığının təmin edilməsi;
3.1.7. dövlətin, bələdiyyələrin, vətəndaşların, tütün təşkilatları ilə əlaqədar olmayan fərdi sahibkarların, hüquqi şəxslərin və qanunvericiliyə uyğun olaraq yaradılmış digər qurumların qarşılıqlı fəaliyyəti;
3.1.8. ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütündən istifadənin azaldılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsinin aşkarlığı və səmərəliliyinin müstəqil qiymətləndirilməsi;
3.1.9. tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin məlumatlandırılması.

Maddə 4. Tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlətin səlahiyyətləri

4.1. Vətəndaşların həyat və sağlamlığının tütündən istifadənin nəticələrindən qorunması sahəsində dövlətin səlahiyyətlərinə aşağıdakılar aiddir:
4.1.1. vahid dövlət siyasətinin həyata keçirilməsi;
4.1.3. sağlamlığın qorunması sahəsində qanunvericiliyə uyğun olaraq tibbi təşkilatlarda vətəndaşlara, habelə Azərbaycan Respublikasında yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə tütündən istifadənin dayandırılmasına, tütün asılılığı və tütün istifadəsi nəticəsində yaranan xəstəliklərin müalicəsinə yönəldilmiş tibbi yardım göstərilməsinin təşkilinin təmin edilməsi;
4.1.4. mövcud sahədə tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi, vətəndaşların sağlamlığının qorunması və möhkəmləndirilməsi sahəsində səhiyyənin davamlı inkişafı üzrə dövlət proqramına daxil edilməsi;
4.1.5. vətəndaşların sağlamlığının ətraf mühitdəki tütün tüstüsünün təsirindən və tütün istifadəsinin nəticələrindən qorunması sahəsində fəaliyyətin əlaqələndirilməsi;
4.1.6. tütündən istifadənin nəticələrindən qorunmaya dövlət nəzarətinin təşkili və həyata keçirilməsi;
4.1.7. tütündən istifadənin nəticələrindən qorunma sahəsində beynəlxalq əməkdaşlıq, o cümlədən beynəlxalq müqavilələrin bağlanması;
4.1.8. ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütündən istifadənin azaldılmasına yönəldilmiş tədbirlərin monitorinqinin keçirilməsi, həmçinin Azərbaycan Respublikasının ərazisində tütündən istifadənin miqyasını müəyyənləşdirmək və istifadənin azaldılmasına nail olmaq məqsədi ilə həyata keçirilən və (və ya) planlaşdırılan tədbirlər haqqında əhalinin məlumatlandırılması.

Maddə 5. Tütündən istifadənin nəticələrindən qorunma sahəsində bələdiyyələrin səlahiyyətləri

5.1. Tütündən istifadənin nəticələrindən qorunma sahəsində bələdiyyələrin səlahiyyətlərinə aşağıdakılar aiddir:
5.1.1. bələdiyyə qurumlarının ərazilərində vətəndaşların sağlamlığının ətraf mühitdəki tütün tüstüsünün təsirindən və tütündən istifadənin nəticələrindən qorunmasına xidmət edən tədbirlərin həyata keçirilməsində iştirak;
5.1.2. sağlamlığın qorunması sahəsində qanunvericiliyə uyğun olaraq  müvafiq səlahiyyətlər verildiyi halda bələdiyyə səhiyyə sisteminin tibb müəssisələrində vətəndaşlara tütündən istifadənin dayandırılmasına, tütün asılılığı və tütündən istifadə nəticəsində yaranan xəstəliklərin müalicəsinə yönəldilmiş tibbi yardım göstərilməsinin təmin edilməsi;
5.1.3. müvafiq bələdiyyə qurumunun ərazisində tütündən istifadənin miqyasını müəyyənləşdirmək və istifadənin azaldılmasına nail olmaq məqsədi ilə həyata keçirilən və (və ya) planlaşdırılan tədbirlər haqqında əhalinin məlumatlandırılması;
5.1.4. ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütündən istifadənin nəticələrinin azaldılmasına yönəlmiş tədbirlərin monitorinqinin həyata keçirilməsi.

Maddə 6. Tütündən istifadənin nəticələrindən qorunma sahəsində vətəndaşların hüquq və vəzifələri

6.1. Tütündən istifadənin nəticələrindən qorunma sahəsində vətəndaşlar və Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər aşağıdakı hüquqlara malikdirlər:
6.1.1. tüstüsüz ətraf mühitdə həyat fəaliyyəti üçün əlverişli şərait və sağlamlığın ətraf mühitdəki tütün tüstüsünün təsirindən və tütündən istifadənin nəticələrindən qorunmasını müvafiq dövlət və bələdiyyə orqanlarından tələb etmək;
6.1.2. tütündən istifadənin dayandırılmasına və tütündən asılılığın müalicəsinə yönəlmiş tibbi yardım almaq;
6.1.3. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq dövlət və bələdiyyə orqanlarından, fərdi sahibkarlardan, hüquqi şəxslərdən və qanuna uyğun olaraq yaradılmış digər qurumlardan ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütündən istifadənin azaldılmasına yönəlmiş tədbirlər haqqında məlumat almaq;
6.1.4. ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütündən istifadənin azaldılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə ictimai nəzarətdə iştirak etmək;
6.1.5. tütündən istifadənin nəticələrindən qorunmanın təmin edilməsi barədə dövlət və bələdiyyə orqanlarına, habelə digər şəxslərə təkliflər təqdim etmək;
6.1.6. qanunvericiliyin digər şəxslər tərəfindən pozulması nəticəsində həyat və sağlamlıqlarına, əmlaklarına vurulmuş ziyanın ödənilməsini tələb etmək.
6.2. Tütündən istifadənin nəticələrindən qorunma sahəsində vətəndaşların vəzifələri aşağıdakılardır:
6.2.1. qanunvericilik normalarına riayət etmək;
6.2.2. uşaqlarda və gənclərdə tütün istifadəsinə mənfi münasibət formalaşmasının, habelə onların tütün istifadəsi prosesinə cəlb edilməsinin yolverilməzliyinin qeydinə qalmaq;
6.2.3. başqa şəxslərin tüstüsüz ətraf mühitdə həyat fəaliyyəti üçün əlverişli şərait və sağlamlığın ətraf mühitdəki tütün tüstüsünün təsirindən və tütündən istifadənin nəticələrindən qorunması hüquqlarının pozulması ilə nəticələnən hərəkətlər etməmək.

Maddə 7. Tütün haqqında məlumat almaq hüququ

7.1. Hər kəsin tütün məmulatlarının və onlardan tüstü ilə ayrılan məhsulların inqrediyentləri, tütün çəkilməsinin zərərli təsiri, profilaktikası və məhdudlaşdırlması barədə məlumat almaq hüququ vardır.
7.2. Tütün məmulatlarının tərkibində olan nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə məlumatlar istifadəçiyə bildirilməli, tütün məmulatları qutularının üzərində həmin məlumatlar əks etdirilməlidir.

2-ci fəsil
TÜTÜNDƏN İSTİFADƏNİN AZALDILMASINA VƏ ƏTRAF MÜHİTDƏKİ TÜTÜN TÜSTÜSÜNÜN TƏSİRİNİN QARŞISININ ALINMASINA
YÖNƏLMIŞ MÜBARIZƏ TƏDBİRLƏRİ

Maddə 8. Tütün məmulatlarının satışında həvəsləndirmə üsullarının məhdudlaşdırılması

8.1. Tütün məmulatlarının ticarətinə icazəsi olan hüquqi və fiziki şəxslərə məhsul satışında istifadəçılərin həvəsləndirilməsi üçün aşağıdakı üsullardan istifadə edilməsi qadağan edilir:
8.1.1. tütün məmulatlarının və onların yeni nümunələrinin pulsuz paylanması və ya mükafat kimi verilməsi;
8.1.2. tütün məmulatlarının lotereya, müsabiqə, idman yarışları, oyunlar üçün mükafat kimi təklif edilməsi;
8.1.3. tütün məmulatlarının satışı və istifadəsi ilə bağlı uduşlu (o cümlədən siqaret qutularının və hissələrinin yığılması ilə) oyunların keçirilməsi.
8.2. Tütün istehsalı və satışı ilə məşğul olan şəxslər istehsal edilən və ya satışa çıxarılan tütün məmulatlarını istehlakçılara hədiyyə və ya yardım kimi paylaya bilməzlər.

Maddə 9. Tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütündən istifadənin azaldılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinin təşkili

9.1. Ətraf mühitdəki tütün tüstüsünün təsirinin və tütün istifadəsi ilə bağlı xəstəliklərin yaranmasının qarşısının alınması və tütündən istifadənin azaldılması məqsədilə aşağıdakı tədbirlər həyata keçirilir:
9.1.1. ayrı-ayrı ərazilərdə, binalarda və obyektlərdə tütün çəkilməsinə qadağa qoyulması və həmin qadağanın pozulmasına görə cərimələrin, intizam və ya inzibati tənbeh üsullarının tətbiqi;
9.1.2. tütün məmulatlarına tələbatın azaldılmasına yönəlmiş qiymət, vergi və (və ya) rüsum tədbirləri;
9.1.3. tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması;
9.1.4. tütün satışının bilavasitə və ya dolayı reklamının və təşviqinin, habelə tütün sponsorluğunun reklamının və stimullaşdırılmasının bütün növlərinin qadağan edilməsi;
9.1.5. fiziki şəxslərə tütündən istifadənin dayandırılmasına, tütün asılılığının və tütündən istifadə nəticəsində yaranan xəstəliklərin müalicəsinə yönəldilmiş tibbi və psixoloji yardımın göstərilməsi;
9.1.6. tütün məhsullarının və tütün məmulatlarının qeyri-qanuni dövriyyəsinin qarşısının alınması;
9.1.7. tütün məhsullarının dövriyyəsinin məhdudlaşdırılması;
9.2. Tütün məmulatları tullantılarının ətraf mühitə atılması qadağandır. Onların utilizasiyası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 10. Tütün çəkilməsinə icazə verilməyən yerlər

10.1. Azərbaycan Respublikasında tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə aşağıda göstərilən yerlərdə tütün çəkilməsi qadağandır:
10.1.1. təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;
10.1.2. səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində;
10.1.3. sanatoriya-kurort müəssisələrində və onların ərazilərində  (açıq məkanlar istisna olmaqla);
10.1.4. idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə xüsusi ayrılmış yerlər istisna olmaqla onların ərazilərində;
10.1.5. restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);
10.1.6. ticarət obyektlərində;
10.1.7. məişət obyektlərində;
10.1.8. sosial xidmət müəssisələrində;
10.1.9. yerləşdirmə vasitələrində (tütün çəkənlər üçün otaqlar və xüsusi ayrılmış yerlər təşkil oluna bilər);
10.1.10. teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində;
10.1.11. uşaq meydançalarında;
10.1.12. yerüstü qapalı və yeraltı piyada keçidlərində;
10.1.13. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində;
10.1.14. metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda;
10.1.15. hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında (qatarın xüsusi ayrılmış yerləri istisna olmaqla), su nəqliyyatı vasitələrində (xüsusi ayrılmış yerlər istisna olmaqla);
10.1.16. tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində;
10.1.17. liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində;
10.1.18. taksafonlarda;
10.1.19. yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində;
10.1.20. mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində (xüsusi ayrılmış yerlər istisna olmaqla).
10.2. Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilat rəhbərləri bu Qanunun 10.1-ci maddəsində göstərilən yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə "tütün çəkmək qadağandır" yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər.
10.3. Tütün çəkmək üçün xüsusi ayrılmış yerlər sanitar-gigiyenik normaların tələblərinə cavab verən şəkildə təchiz edilməlidir.

Maddə 11. Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması

11.1. Tütünə və tütün məmulatına tələbatın azaldılması, tütün istifadəsi ilə əlaqədar xəstəliklərin profilaktikası, sağlamlığa məsuliyyətli və tütündən istifadəyə mənfi münasibətin formalaşdırılması məqsədi ilə tütün məmulatlarının tərkibinin açıqlanmasına, qablaşdırılmasına və markalanmasına dair tələblər müəyyən edilir. Bu tələblərə aşağıdakılar barədə informasiya verilməsi daxildir:
11.1.1. tütündən istifadənin dayandırılmasının üstünlükləri haqqında;
11.1.2. tütündən istifadənin mənfi tibbi, demoqrafik və sosial-iqtisadi nəticələri haqqında;
11.1.3. tütünçülük sənayesi haqqında.
11.2. Tütün məmulatlarının tərkibinin açıqlanmasına, qablaşdırılmasına və markalanmasına dair tələblərin müəyyən edilməsi ailədə, təhsil və tibbi təşkilatlarda, habelə işəgötürənlər tərəfindən iş yerlərində həyata keçirilir.
11.3. Əhalinin maarifləndirilməsinin əsas istiqamətləri və məqsədləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş tütün istifadəsinə qarşı mübarizə üzrə informasiya-kommunikasiya strategiyası çərçivəsində müəyyən edilir.
11.4. Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması internet informasiya-kommunikasiya şəbəkəsindən, habelə tütündən istifadənin dayandırılmasına və tütün asılılığının müalicəsinə şərait yaradan, səhiyyə sahəsində dövlət siyasətinin işlənib hazırlanması və normativ-hüquqi tənzimləmə funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada yaradılan və fəaliyyət göstərən "qaynar xətlərdən" də istifadə olunması ilə həyata keçirilir.
11.5. İnsanların sağlamlığının ətraf mühitdəki tütün tüstüsünün təsirindən və tütündən istifadənin nəticələrindən qorunması sahəsində qanunvericiliyin pozulması məsələlərinə dair vətəndaşların, o cümlədən fərdi sahibkarların və hüquqi şəxslərin müraciətləri üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən "qaynar xətlər" yaradılması və ya internet informasiya-kommunikasiya şəbəkəsindən istifadə edilməsi nəzərdə tutula bilər.
11.6. Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin məlumatlandırılması dövlət və bələdiyyə orqanları, habelə ictimai birliklər tərəfindən kütləvi informasiya vasitələrində müvafiq kampaniyalar keçirilməsi vasitəsi ilə həyata keçirilir.
11.7. Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin məlumatlandırılması zamanı kütləvi informasiya vasitələrində informasiya kampaniyaları keçirilərkən tütün məmulatının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsinə icazə verilir.

Maddə 12. Kütləvi informasiya vasitələrində tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə biliklərin təbliği

12.1. Səhiyyə, təhsil, mədəniyyət və idman sahələri üzrə müvafiq icra hakimiyyəti orqanları kütləvi informasiya vasitələrində tütündən istifadənin zərərli təsirləri barədə davamlı təbliğat işinin aparılması üçün müvafiq tədbirlər həyata keçirirlər.
12.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən tədris proqramları hazırlanarkən tütündən istifadənin sağlamlığa və ətraf mühitə zərərli təsiri barədə mövzular tədrisin məzmununa daxil edilir.
12.3. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün televiziya və radio yayımçıları tütündən istifadənin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə müvafiq icra hakimiyyəti orqanlarının, elm müəssisələrinin və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda verilişlər hazırlayır və bu mövzulara ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayırırlar. Bu verilişlərin 45 dəqiqəsi saat 17.30 - 23.00 arasında olmaqla saat 08.00 - 23.00arasında yayımlanır və verilişlərin surəti hər ay Milli Televiziya və Radio Yayımı Şurasına təhvil verilir.

Maddə 13. Yetkinlik yaşına çatmayanların tütün məhsulları almasının, satmasının və tütündən istifadə etməsinin qadağan olunması

13.1. Yetkinlik yaşına çatmayanların tütün məhsulları alması, satması və ya onlara bu məhsulların verilməsi, tütün məmulatlarından hər hansı üsulla istifadənin təklif olunması və ya tütün istifadəsi prosesinə onların tələb yolu ilə cəlb edilməsi qadağandır.
13.2. Tütün məhsullarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və ya yaşını müəyyən etməyə imkan verən sənəd tələb edir. Belə  sənədlərin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
13.3. Alıcının yetkinlik yaşına çatmasına şübhə olduqda, onun  şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd təqdim edilmirsə, satıcı tütün məhsulunu alıcıya satmaqdan imtina edir.
13.4. Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən tütün istifadəsinə icazə verilmir.

Maddə 14. Tütün məmulatlarının reklamının, satışının stimullaşdırılmasının və sponsorluğunun qadağan edilməsi

14.1. Tütün və tütün məmulatına tələbatın azaldılması məqsədilə aşağıdakılar qadağan edilir:
14.1.1. tütünün, tütün məhsullarının satışının və tütündən istifadənin reklamı və stimullaşdırılması, o cümlədən:
14.1.1.1. tütünün, tütün məmulatlarının əhali arasında pulsuz, həmçinin hədiyyələr şəklində yayılması;
14.1.1.2. tütün məmulatlarının qiymətlərinə hər hansı üsullarla, habelə kuponlar və talonlar nəşr edilməsi yolu ilə güzəştlər tətbiq olunması;
14.1.1.3. tütün məmulatlarının fərdiləşdirilməsinə xidmət edən əmtəə nişanından tütün məmulatları olmayan başqa əmtəə növlərinin istehsalında istifadə edilməsi, habelə tütün məmulatları olmayan, lakin istehsalında tütün məmulatlarının fərdiləşdirilməsinə xidmət edən əmtəə nişanından istifadə edilmiş malların pərakəndə və topdan ticarəti;
14.1.1.4. tütün məmulatları olmayan başqa əmtəə növlərinin istehsalında, eləcə də topdan və pərakəndə satışında tütün məmulatından istifadə edilməsi və onun imitasiyası;
14.1.1.5. televiziya və videofilmlərdə, teatr tamaşalarında, radio, televiziya, video və kinoxronika proqramlarında, uşaqlar üçün nəzərdə tutulan audiovizual əsərlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsi ilə açıq yayımlanması;
14.1.1.6. müxtəlif tədbirlərin (o cümlədən lotereyaların, müsabiqələrin, oyunların) tütün məmulatlarının alınması şərti ilə təşkili və keçirilməsi;
14.1.1.7. məqsədi, nəticəsi və ya ehtimal edilən nəticəsi tütün məmulatları almağa və (və ya) tütün istifadəsinə birbaşa və ya dolayı yolla həvəs oyatmaqdan ibarət olan mədəni, idman və digər kütləvi tədbirlərin (o cümlədən mükafatlar qismində tütün məmulatlarının müəyyən edildiyi kütləvi tədbirlərin) təşkili və keçirilməsi;
14.1.1.8. xeyriyyəçilik fəaliyyətinin təşkili və həyata keçirilməsi zamanı tütün təşkilatlarına məxsus olan firma adlarından, əmtəə, xidmət və kommersiya nişanlarından istifadə edilməsi;
14.1.1.9. tütün sponsorluğu.
14.4. Tütünün və tütün məmulatlarının, habelə tütün çəkmə ləvazimatlarının reklamının qadağan edilməsi Azərbaycan Respublikasının reklam haqqında qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir.

Maddə 15. Vətəndaşlara tütündən istifadənin dayandırılmasına, tütün asılılığının və tütündən istifadə nəticəsində
yaranan xəstəliklərin müalicəsinə yönəlmiş tibbi yardım göstərilməsi


15.1. Tütündən istifadənin dayandırılması, tütün asılılığının və tütündən istifadə nəticəsində yaranan xəstəliklərin müalicəsi üçün tibb təşkilatlarına müraciət etmiş şəxslərə müvafiq tibbi yardım göstərilir.
15.2. Vətəndaşlara tütündən istifadənin dayandırılması üçün tibbi yardım göstərilməsi, o cümlədən tütün asılılığının və tütündən istifadənin nəticələrinin profilaktikası, diaqnostikası və müalicəsi "Vətəndaşlara pulsuz tibbi yardım göstərilməsinə dövlət zəmanəti proqramı"na müvafiq olaraq dövlət, bələdiyyə və özəl səhiyyə sistemlərinin tibbi təşkilatları tərəfindən həyata keçirilir.
15.3. Tütündən istifadənin dayandırılmasına, tütün asılılığının və tütündən istifadənin nəticələrinin müalicəsinə yönəlmiş tibbi yardım müvafiq  standartlar əsasında və tibbi yardım göstərilməsi qaydasına uyğun olaraq həyata keçirilir.
15.4. Müalicə edən həkim tibbi yardım göstərilməsi üçün tibb təşkilatına müraciət etmiş pasiyentə, müalicənin səbəbindən asılı olmayaraq tütündən istifadənin dayandırılması barədə tövsiyələr və ona göstərilə biləcək tibbi yardım haqqında zəruri məlumat verir.

3-cü fəsil
YEKUN MÜDDƏALAR

Maddə 16. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Maddə 17. Qanunun qüvvəyə minməsi

Bu Qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq "Tütün və tütün məmulatları" haqqında Azərbaycan Respublikası Qanununun 20-ci və 21-ci maddələri ləğv edilir.

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi