30.05.2019 "Kredit ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Birinci oxunuş

Layihə


"Kredit ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, "Kənd təsərrüfatı kooperasiyası haqqında" Azərbaycan Respublikası Qanunununicrası ilə əlaqədar qərara alır:

"Kredit ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 485; 2001, № 12, maddə 736; 2010, № 10, maddə 839; 2016, № 3, maddə 408; 2019, № 1, maddə 32) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddəyə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilsin:
"4. "Kənd təsərrüfatı kooperasiyası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə fərqli qayda müəyyən edilmiş hallar istisna olmaqla, bu Qanunun müddəaları kredit kooperativlərinə də şamil olunur.".
2. 2.1-ci maddəyə "bu Qanundan" sözlərindən əvvəl "Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanunundan," sözləri əlavə edilsin.
3. 3-cü maddəyə aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:
"2. Kredit ittifaqının hüquqi və fiziki şəxslərdən əmanət (depozit) cəlb etməsi qadağandır.".
4. Aşağıdakı məzmunda 18-1-ci maddə əlavə edilsin:
"Maddə 18-1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması
Kredit ittifaqlarının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması ilə bağlı fəaliyyəti "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanuna uyğun olaraq tənzimlənir.".
5. 20-ci maddənin 2-ci hissəsinə "mislindən" sözündən sonra "(kredit kooperativinin üzvü istisna olmaqla)" sözləri əlavə edilsin.
6. Mətn üzrə ismin müvafiq hallarında "xüsusi razılıq" sözləri ismin müvafiq hallarında "lisenziya" sözü ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Prezidenti



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi