16.05.2008 “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında

605-IIIQ

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında

AZƏRBAYCAN  RESPUBLİKASININ
Q   A   N   U   N   U

Azərbaycan Respublikasının Milli Məclisi   q ə r a r a   a l ı r :

I. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”
Azərbaycan Respublikasının yubiley medalı təsis edilsin.

II. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 23, maddə 996; 1993-cü il, № 23, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 251; 2003-cü il, № 12, I kitab, maddə 677; 2005-ci il, № 4, maddə 291; 2006-cı il, № 10, maddə 846; 2007-ci il, № 3, maddə 213) 2-ci maddəsinin onuncu-on üçüncü abzasları müvafiq olaraq on birinci-on dördüncü abzaslar hesab edilsin və maddəyə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı;”  sözlərindən sonra aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı;”.

III. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”
Azərbaycan Respublikasının yubiley medalının Əsasnaməsi təsdiq edilsin (əlavə olunur).

IV. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” Azərbaycan Respublikasının yubiley medalının təsviri təsdiq edilsin (əlavə olunur).

V. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

                                                                                    İlham Əliyev
                          Azərbaycan Respublikasının Prezidenti
 

Bakı şəhəri, 16 may 2008-ci il
№ 605-IIIQ

 

 

Azərbaycan Respublikasının 2008-ci il         
                16 may tarixli 605–IIIQ nömrəli Qanunu ilə təsdiq edilmişdir

 

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” Azərbaycan Respublikasının yubiley medalının
Əsasnaməsi


1. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” Azərbaycan Respublikasının yubiley medalı ilə 2008-ci il iyunun 26-dək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata, yaxud istefaya buraxılmış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən zabitlər təltif edilirlər.

2. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

3. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır.  

 

 

 

Azərbaycan Respublikasının 2008-ci il         
16 may tarixli 605–IIIQ nömrəli Qanunu ilə təsdiq edilmişdir

 

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” Azərbaycan Respublikasının yubiley medalının təsviri

 

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” Azərbaycan Respublikasının yubiley medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi, diametri 35 mm olan lövhədən ibarətdir.

Relyefli şüalar və mərkəzdən keçən lent fonunda medalın mərkəzindən yuxarı hissədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin relyefli emblemi təsvir edilmişdir. Emblemdən yuxarıda qövs boyunca “Azərbaycan Respublikası”, aşağıda qövs boyunca “Silahlı Qüvvələri” sözləri həkk edilmişdir. Aypara və ulduz ağ rəngdədir. Lent üzərində emblemdən sol tərəfdə “1918”, sağ tərəfdə isə “2008” rəqəmləri yazılmışdır.

Medalın mərkəzdən aşağı hissəsində ortada ağ rəngdə “90” rəqəmi yerləşdirilmişdir.

Arxa tərəfi hamar səthlidir, ortada “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” sözləri yazılmış və milli ornamentin üzərində aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.

Medal yaxada bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentdə kənarlarından mərkəzə doğru ardıcıl olaraq 3 mm enində yaşıl, 4 mm enində göy, 1 mm enində ağ və mərkəzdə 10 mm enində qırmızı rəngli şaquli zolaqlar təsvir edilmişdir.

Medala yaxada bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçüdə qəlib əlavə olunur.

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi