24.04.2018 “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

1072-VQD

“Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə
əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq   q ə r a r a    a l ı r :

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12, I kitab, maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27, № 7, maddə 1311; № 10, maddə 1771, № 11, maddə 1962, № 12, I kitab, maddələr 2242, 2269; Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 1001-VQD nömrəli və 23 fevral tarixli 1018-VQD nömrəli qanunları) 2-ci maddəsinə “Ədliyyə sahəsində fərqlənməyə görə” medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:

“Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” yubiley medalı;”
Maddə 2. “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

Maddə 3. “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 24 aprel 2018-ci il
№ 1072-VQD

 


Azərbaycan Respublikasının
2018-ci il 24 aprel tarixli
1072-VQD nömrəli Qanunu ilə təsdiq edilmişdir

“Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)”
Azərbaycan Respublikasının yubiley medalı haqqında


Ə S A S N A M Ə

Maddə 1. Təltif edilən şəxslər
“Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə öz vəzifələrini nümunəvi yerinə yetirən, qüsursuz fəaliyyəti ilə fərqlənən ədliyyə orqanları əməkdaşları, hakimlər, ədliyyə və məhkəmə sisteminin inkişafına töhfə vermiş və ədliyyə orqanları ilə səmərəli əməkdaşlıq edən digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər.

Maddə 2. Təltif edən orqan
“Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanı təltif edir.

Maddə 3. Taxılma qaydası
“Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “Ədliyyə sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalından sonra taxılır.

 

 

Azərbaycan Respublikasının
2018-ci il 24 aprel tarixli
1072-VQD nömrəli Qanunu ilə təsdiq edilmişdir


“Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)”
Azərbaycan Respublikasının yubiley medalının təsviri

Maddə 1. Medalın ümumi təsviri
“Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 37 mm olan, hər tərəfə şüalar saçan səkkizguşəli ulduz kompozisiyalı lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi
Medalın ön tərəfində diametri 25 mm olan halqa ilə əhatələnmiş gümüşü dairə yerləşir. Dairənin diametri 18 mm-dir və üzərində aypara, səkkizguşəli ulduz, kitab, qılınc, tərəzi atributları müvafiq icra hakimiyyəti orqanının rəsmi embleminə müvafiq şəkildə təsvir edilmişdir. Dairəni halqa ilə birləşdirən hissə tünd göy mina ilə örtülmüş, yuxarı qövsü boyunca solda “AZƏRBAYCAN”, sağda “ƏDLİYYƏSİ” sözləri, aşağı qövsü boyunca dəfnə budaqları, budaqların haçalandığı mərkəz hissəsində isə qabarıq gümüşü lent və onun üzərində “100” rəqəmi həkk edilmişdir. Ulduzun guşələri tünd göy mina ilə örtülmüş, kənarları qabarıq qızılı xətlə haşiyələnmiş və ucları arasındakı məsafə 12 mm olmaqla, hər biri digərindən beş şüa ilə ayrılmışdır. Halqanın və dairənin konturları, bütün yazılar, dəfnə budaqları, atributlar, şüalar relyefli olmaqla qızılı rəngdədir.

Maddə 3. Medalın arxa tərəfi
Medalın arxa tərəfinin səthi hamardır, orta hissəsində “AZƏRBAYCAN ƏDLİYYƏSİNİN 100 İLLİYİ 1918-2018” sözləri, aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunur.

Maddə 4. Medalın elementləri
4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 48 mm ölçülü qızılı rəngli metal lövhəyə ilgək və iki halqa vasitəsilə birləşdirilir. Lövhəyə üzərində kənarlardan mərkəzə doğru ardıcıl olaraq 2 mm enində yaşıl, 1 mm enində tünd göy, 6 mm enində mavi rəngli şaquli zolaqlar, mərkəzdə isə 9 mm enində tünd göy rəngli şaquli zolaq təsvir edilmiş xara lent çəkilmişdir. Xara lentin yuxarı hissəsinə 27 mm x 6 mm ölçülü, aşağı hissəsinə eni kənarlarda 6 mm, mərkəzdə 11 mm olan qızılı rəngli təbəqə bərkidilmiş, təbəqənin üzərinə palıd yarpaqları, onlardan aşağıda düz xətt və “1918-2018” rəqəmləri relyefli həkk edilmişdir.
4.2. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi