MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

29/12/16

Dekabrın 29-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının İnsan Hüquqları üzrə müvəkkili xanım Tatyana Moskalkovanı qəbul etdi.
Sədr qonağı səmimi salamlayaraq, onun yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edərək gələcək fəaliyyətində uğurlar arzuladı. Bildirildi ki, Azərbaycan-Rusiya münasibətləri həmişə özünəməxsus xarakterik xüsusiyyətləri ilə fərqlənmişdir. Azərbaycan və Rusiya strateji tərəfdaşlar kimi əlaqələrin daha da dərinləşməsində maraqlıdırlar. İkitərəfli münasibətlərimizin yüksək səviyyədə inkişafında dövlət başçılarımızın qarşılıqlı səfərləri mühüm rol oynamışdır. Tarixi yaxınlıq və sıx dostluq münasibətləri Azərbaycanla Rusiya arasında həyatın bütün sahələrində məsələlərin uğurlu həlli üçün möhkəm zəmin yaradır. Bugünədək ölkələrimiz arasında 200-dən çox sənəd imzalanmışdır. Azərbaycanda Rusiya kapitalı ilə 600-dən çox müəssisə səmərəli fəaliyyət göstərir. Azərbaycanlı iş adamları da Rusiya iqtisadiyyatına öz layiqli töhfələrini verməkdədirlər.
İkitərəfli əlaqələrimizin inkişafında parlamentlərimiz əhəmiyyətli rol oynayır. Təqdirəlayiq haldır ki, Milli  Məclislə Federal Şura arasında ikitərəfli Daimi parlamentlərarası komissiya fəaliyyət göstərir. Parlament rəhbərləri səviyyəsində qarşılıqlı səfərlər həyata keçirilir. Nüfuzlu beynəlxalq qurumlarda deputatlarımızın mütəmadi görüşləri və onları maraqlandıran məsələlər ətrafında aparılan fikir mübadilələri ümumi məqsədlərə xidmət edir.
Bu gün Azərbaycanda 300-dən çox  məktəbdə rus dilində dərslər tədris olunur.  Bakıda Slavyan Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı, İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin filialı səmərəli fəaliyyət göstərir. Ölkədə rus dilində  qəzet və jurnallar dərc olunur.
Sədr  qeyd etdi ki,  biz Azərbaycan və Rusiyanın İnsan Hüquqları üzrə müvəkkilləri arasında əməkdaşlıq haqqında Bakıda imzalanmış müqaviləni yüksək dəyərləndiririk.  Heç də təsadüfi deyildir ki, ötən il Azərbaycanda “Multikulturalizm ili” elan olunmuşdur. Bu gün beynəlxalq ictimaiyyət Azərbaycanı bu sahəyə böyük diqqət ayıran dövlət kimi tanıyır. Kataklizmlərlə müşahidə olunan müasir dünyamızda, Avropada miqrant böhranı fonunda bu məsələ  xüsusi önəm daşıyır. Azərbaycan insan hüquq və azadlıqlarının qorunmasına  həmişə böyük diqqət yetirmiş və multikultural dəyərlərin təkcə Azərbaycan cəmiyyətində deyil, regionda da bərqərar olunmasını əhəmiyyətli hesab edir. 
Səmimi qəbul üçün minnətdarlığını bildirən Rusiya Federasiyanın İnsan Hüquqları üzrə müvəkkili xanım Tatyana Moskalkova ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən  məmnunluğunu bildirdi.
Qonaq Bakıda Azərbaycan Ombudsman qurumunun yaradılmasının 15 illiyi ilə əlaqədar “Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq, inkişaf” mövzusunda keçirilən konfransda müzakirə olunan məsələlərin önəmini vurğuladı. Qeyd edildi ki, Azərbaycanın multikulturalizmin inkişafında əldə etdiyi nailiyyətlər həqiqətən heyrətamizdir.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi