MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

17/02/17

Fevralın 17-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Sədr qonaqları səmimi salamlayaraq, xalqlarımız arasında mövcud olan tarixi, mədəni yaxınlığın əlaqələrimizin daha da dərinləşməsi üçün yaxşı zəmin yaratdığını və İran nümayəndə heyətinin bu səfərinin  münasibətlərimizin daha da dərinləşməsinə yeni töhfə verəcəyinə inamını ifadə etdi. Bildirildi ki, siyasi sahədə əlaqələrimiz yüksələn xətlə inkişaf etməkdədir. Dövlət başçılarının qarşılıqlı görüşləri və aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış 125 sənəd əlaqələrimizin daha da dərinləşməsinə xidmət edir.
Cari ilin avqustunda Bakıda Rusiya, İran və Azərbaycan prezidentlərinin görüşlərinin keçirilməsi bölgədə əməkdaşlığın müzakirəsi və bu sahədə  fikir mübadiləsi aparmaq baxımından çox önəmli olmuşdur. Gələcəkdə Şimal-Qərb nəqliyyat dəhlizinin reallaşması regionun iqtisadi inkişafına öz müsbət təsirini göstərəcəkdir.
Spiker dedi ki, biz iqtisadi sahədə əldə edilən nailiyyətləri yüksək qiymətləndirir, gələcəkdə daha böyük nəticələr əldə etmək üçün səylərimizi artırmağı önəmli hesab edirik.
Sədr parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsinin   ümumi məqsədlərə xidmət etdiyini söylədi. Bildirildi ki, hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Deputatların qarşılıqlı səfərləri zamanı onları maraqlandıran məsələlər ətrafında açıq, səmimi fikir mübadiləsinin aparılması xalqlarımızın daha da yaxınlaşmasına xidmət edir.
Sədr hər iki ölkənin hüquq-mühafizə orqanları arasında əlaqələrin dərinləşməsinin əhəmiyyətindən danışaraq,  İranın və ölkəmizin Ədliyyə nazirlikləri arasındakı münasibətlərin inkişafını yüksək qiymətləndirdi. Ümidvar olduğunu bildirdi ki, digər sahələrdə də əlaqələrimiz bundan sonra da inkişaf edəcəkdir.
Spiker bu yaxınlarda Azərbaycan xalqının Xocalı soyqırımının 25-ci ildönümünü yad etməyə hazırlaşdığını vurğuladı. O, İranda bu soyqırımı ilə əlaqədar gələcəkdə konfransın keçirilməsinin Azərbaycan tərəfindən bir dost addımı kimi qarşılanacağını qeyd etdi. Bildirildi ki, Dağlıq Qarabağ münaqişəsinin həllində İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini biz yüksək qiymətləndiririk. Ölkəmiz  problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdardır. Əgər belə olmasaydı, biz başqa vasitələrlə öz torpaqlarımızı erməni işğalından çoxdan azad edərdik.
Səmimi qəbul üçün minnətdarlığını bildirən İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədi ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söylədi. O, İran parlamentinin sədri Əli Laricaninin salamlarını Spikerə çatdıraraq, Milli Məclisin Sədrini İrana səfərə dəvət etdi. Bildirildi ki, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri  həyatın digər sahələrində inkişafın dərinləşməsinə öz töhfəsini verir.
Qonaq iqtisadi sahədə İran iş adamlarının Azərbaycandakı fəaliyyətindən danışaraq, turizm, maşınqayırma, elm, təhsil sahələrində əlaqələrin inkişafı üçün geniş imkanlar olduğunu söylədi. O, Azərbaycanda İran tərəfindən əczaçılıq zavodunun tikintisinin başlanmasını  təqdir etdi. Qonaq bildirdi ki, müştərək fəaliyyət üçün geniş imkanlar vardır. Ölkələrimiz terrorizmə, qaçaqmalçılığa qarşı mübarizə sahəsində səmərəli əməkdaşlıq edirlər. Azərbaycanın hüquq-mühafizə orqanları, o cümlədən Ədliyyə Nazirliyi ilə əlaqələrin genişlənməsi ümumi məqsədlərə xidmət edir. O, Azərbaycan Prezidenti tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsini yüksək dəyərləndirdi. Qeyd edildi ki, regionda əmin-amanlığın və sabitliyin qorunması üçün belə bir həmrəyliyə böyük ehtiyac vardır.
Söhbətdə Mustafa Purməhəmmədi Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəsinin mövqeyinin dəyişməz olduğunu bir daha xatırlayaraq,  İranın Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini söylədi.
Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
Görüşdə Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Toğrul Musayev və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi