AQRAR SİYASƏT KOMİTƏSİNDƏ

17/03/17

Martın 17-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası oldu. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, iclasın gündəliyində Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş  7 məsələ var.
İclasda qanun layihələrini Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini, aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə təqdim etdi. Bildirildi ki, Milli Məclisə bir zərfdə daxil olmuş 28 qanun layihəsindən 7-si aqrar sahəyə aiddir. “Fitosanitar nəzarəti haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Çayçılıq haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Taxıl haqqında”, “Yeyinti məhsulları haqqında” və “Toxumçuluq  haqqında” qanunlara təklif olunan dəyişikliklər Azərbaycan Respublikasının 2014-cü il  30 may tarixli “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya  haqqında” qanununun tətbiqi ilə əlaqədar olub, qanunvericiliyin uyğunlaşdırılması məqsədi daşıyır.
Fikir mübadiləsində qanun layihələrinə münasibət bildirən komitənin sədr müavini Eldar Quliyev, deputat Cavanşir Paşazadə  edilən dəyişiklikləri məqsədəuyğun saydılar. Baxılan 7 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Komitədə Novruz bayramı münasibətilə təbriklər səsləndi.

 

Milli Məclisin
Mətbuat xidməti

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi