DEPUTATLARIMIZ AVRONEST PA-nın KOMİTƏ İCLASLARINDA İŞTİRAK EDƏCƏKLƏR

17/03/17

Milli Məclisin deputatları - Azərbaycanın Avronest Parlament Assambleyassında  nümayəndə heyətinin rəhbəri Fuad Muradov, üzvləri  Rasim Musabəyov və Məlahət İbrahimqızı qurumun komitələrinin iclaslarında iştirak etmək üçün  martın 20-dən 24-dək Belçikanın paytaxtı Brüssel şəhərində  səfərdə olacaqlar.
Siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitənin toplantısında Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində media azadlığının təmin olunması, inteqrasiyanın sürətləndirilməsi, 2017-ci ildə baş tutacaq Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq işləri və gözləntilərə dair müzakirələr aparılacaq.
Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsində Şərq Tərəfdaşlığı ölkələrində qadınların hüquqlarının qorunması, gender bərabərliyi, əmək bazarında qadınların yeri və rolu, onların məşğulluq imkanlarının genişləndirilməsi, habelə bir sıra təşkilati məsələlərə baxılacaq.
Hər iki komitənin yığıncağında, eyni zamanda, növbəti hesabatların  mövzuları müəyyən olunacaq, 2017-ci il üçün fəaliyyət planı tərtib ediləcək.
Millət vəkilləri müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcəklər.
Deputat Rasim Musabəyov sonra  Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfərə gedəcək. Millət vəkili Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının 46-cı Plenar və daimi komissiyalarının  iclaslarında iştirak edəcək. Səfər martın 28-də başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi