MİLLİ MƏCLİSİN İCLASINDA

14/04/17
Aprelin 14-də Milli Məclisin növbəti plenar iclası keçirildi. 
Milli Məclisin Sədri Oqtay Əsədov iclası açaraq Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı ildəki fəaliyyəti haqqında hesabatını təqdim etmək üçün Palatanın sədri Vüqar Gülməmmədova söz verdi.
V.Gülməmmədov bildirdi ki, Prezident İlham Əliyev tərəfindən maliyyə nəzarəti və şəffaflığın gücləndirilməsi ilə bağlı qarşıya qoyulmuş tələblər, mövcud qanunvericilik aktlarına dövlət başçısının təşəbbüsü ilə edilmiş dəyişiklik və əlavələr Hesablama Palatasının institusional möhkəmlənməsi istiqamətində mühüm addımlardan olmuşdur. 
V.Gülməmmədov diqqətə çatdırdı ki, 2016-cı ilin iş planına uyğun olaraq ötən ildə dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının vəsaitləri üzrə 12-si təhlil işi olmaqla 77, Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə 10-u təhlil olmaqla 19 nəzarət tədbirinin başlanılması ilə bağlı qərar qəbul edilmişdir. Dövlət büdcəsinin gəlirlərini əhatə edən 8 tədbir, büdcə xərcləri üzrə 63, dövlət zəmanəti ilə alınmış kreditlər üzrə  2, büdcədənkənar dövlət fondlarının vəsaitləri ilə bağlı 4 audit keçirilmişdir. 
Qurumun fəaliyyətinin nəticəsini xarakterizə edən bir sıra kəmiyyət və keyfiyyət göstəriciləri barədə məlumat verən Vüqar Gülməmmədov qeyd etdi ki, müəyyən edilmiş nöqsanlar və pozuntular vahid yanaşma tətbiq olunmaqla təsnifləşdirilib. Ümumilikdə 8 istiqamət üzrə 825 halda nöqsan müəyyən edilib.
V.Gülməmmədov diqqətə çatdırdı ki, Hesablama Palatası vəsaitin təyinatının dəyişdirilməsi hallarını əsasən üç istiqamət üzrə qruplaşdırıb və ümumilikdə 53,4 mln. manat məbləğində vəsaitin təyinatının dəyişdirildiyi müəyyən olunub. Təhlil göstərir ki, qurumlar tərəfindən satınalmaların həyata keçirilməsi zamanı ən çox yol verilən nöqsanlar satın alınan malların (iş və xidmətlərin) ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsi, tenderdə iştirak edən iddiaçılardan zəruri sənədlərin alınmaması, satınalma metodunun dəyişdirilməsi kimi nöqsanlardır. 
Hesablama Palatası ötən illərdə həyata keçirilmiş auditlər üzrə görülmüş tədbirlərin sona çatdırılması işinə də diqqət yetirir və bu məlumatlar da daim nəzarətdə saxlanılır. Qurumun 2016-cı ildə həyata keçirdiyi maliyyə-büdcə nəzarəti fəaliyyətinin və əvvəlki illərdə başa çatmış tədbirlərin davamı olaraq ümumilikdə 11,3 mln. manat, 75,0 min ABŞ dolları, 17,8 min avro məbləğində vəsaitin bərpası təmin edilib və bu, keçən ilin müvafiq göstəricilərindən 9,6 faiz çoxdur. 
Hesablama Palatası tərəfindən həyata keçirilən inzibati fəaliyyət haqqında da geniş məlumat verən Vüqar Gülməmmədov vurğuladı ki, 2016-cı ildə qurumun fəaliyyətinin təşkili məqsədilə dövlət büdcəsindən 3,3 mln. manat məbləğində vəsait sərf edilib ki, bu məbləğin də 85,9 faizi əmək tutumlu xərclərdir. 
Məruzədən sonra müzəkirələr başlandı. Çıxış edən deputatlar  Fərəc Quliyev, Əli Məsimli, Fəzail İbrahimli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc, Musa Quliyev, Qənirə Paşayeva, İlham Məmmədov və Siyavuş Novruzov çıxış edərək qeyd etdilər ki, Hesablama Palatası uğurlu fəaliyyəti ilə ildən-ilə daha mükəmməl quruma çevrilir. Ciddi təhlil və faktlar əsasında hazırlanan hesabat beynəlxalq normalara uyğun şəkildə tərtib edilib.   
Müzakirələrdən sonra Hesablama Palatasının 2016-cı ildəki fəaliyyəti haqqında hesabat səsə qoyularaq nəzərə alındı. 
Sonra Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi ilə bağlı sənədi təqdim etdi. Bildirdi ki, İTV-nin Yayım Şurasında 6 illik səlahiyyət müddəti başa çatmış üç nəfərin yerinə yeni namizədlər irəli sürülür. Deputatlar  Azər Həsrətin, Muxtar İmanovun və Həsən Cəfərovun namizədliyinə müsbət münasibət bildirdilər və sənəd təsdiq edildi.
Sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Məktəbəqədər təhsil haqqında” qanun layihəsini üçüncü oxunuşda təqdim etdi. Bildirdi ki, 5 fəsil 24 maddədən ibarət olan qanun layihəsi artıq tam təkmilləşdirilib. Deputatların irəli sürdükləri təkliflərin əksəriyyəti nəzərə alınıb. 
Komitə sədrinin sözlərinə görə, müzakirəyə təqdim olunmuş qanun layihəsi məktəbəqədər təhsilin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək. Məktəbəqədər təhsil müəssisəsinin təsisçisi dövlət, bələdiyyələr, Azərbaycanın hüquqi şəxsləri və vətəndaşları ola bilərlər. Bu tip təhsil müəssisəsinə lisenziya müddətsiz verilir. Layihədə bildirilir ki, məktəbəqədər təhsil sahəsində təhsil xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən məktəbəqədər təhsilin vəzifələri pozulduqda, məktəbəqədər təhsilin dövlət standartlarının tələbləri yerinə yetirilmədikdə onların lisenziyası ləğv edilir.
Qanun layihəsində bir sıra yeniliklər də nəzərdə tutulur. Layihəyə əsasən, məktəbəqədər yaşlı uşaqlar üçün yeni növ təhsil müəssisələri yaradılacaq. Qanuna əsasən, məktəbəqədər yaşlı uşaqların təhsil aldığı müəssisələrin bir neçə növü müəyyən edilib. Bunlar körpələr evi, körpələr evi-uşaq bağçası, məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumtəhsil məktəbləri, digər tipdən olan təhsil müəssisəsi yanında kompleks formada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi, uşaq inkişaf mərkəzi, sanator tipli uşaq bağçaları (bu uşaq bağçaları infeksion xəstəliklərə meylli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri, elmi-tədqiqat müəssisələrinin yanında yaradılan məktəbəqədər təhsil müəssisələridir. 
Bunlar arasında sanator tipli uşaq bağçaları, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri və uşaq inkişaf mərkəzləri yeni növ müəssisələr olacaq. 
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.    
Sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” qanunlara, həmçinin 2005-ci il 3 may tarixli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə məsələlər bir zərfdə parlamentə daxil olmuşdur. Hər 4 qanun layihəsində dəyişikliklərin mahiyyəti eynidir. Dəyişikliklər ölkədə korrupsiyaya qarşı mübarizənin daha da gücləndirliməsi məqsədi daşıyır. Eyni zamanda, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın səlahiyyətləri genişləndirilir. 
Dəyişikliklər ayrı-ayrılıqda səsə qoyularaq qəbul edldi.
Sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna uyğunlaşdırma məqsədilə 28 qanuna dəyişikliklər edilməsi təklif olunur. Bunlar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında məsələlər, həmçinin “Ətraf mühitin mühafizəsi haqqında”, “Geodeziya və kartoqrafiya haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Xidməti və mülki silah haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, 
“Dərman vasitələri haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Çayçılıq haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Taxıl haqqında”, “Yeyinti məhsulları haqqında”, “Toxumçuluq haqqında”, “Telekommunikasiya haqqında”, “Avtomobil yolları haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Standartlaşma haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında” və “Turizm haqqında” qanun layihələridir.
Millət vəkilləri 28 qanuna təklif olunan uyğunlaşdırma xarakterli dəyişiklikləri səsə qoyaraq qəbul etdilər.
Gündəlikdəki Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişikliklər edilməsi barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Bildirdi ki, hər iki qanun layihəsi “Publik hüquqi şəxslər haqqında” qanunun tətbiqi ilə əlaqədar hazırlanıb. Hər iki sənəd səsə qoyularaq qəbul edildi. 
İclasda Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması və deputat Vüsal Hüseynovun qrupun rəhbəri rəhbəri təyin edilməsi ilə bağlı Milli Məclisin qərarı da təsdiqləndi.  
Gündəliyin sonuncu məsələsi - “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin birinci oxunuşu barədə isə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi. 
Bildirdi ki, 10 ilə yaxındır üzərində iş gedən, 3 fəsil, 17 maddədən ibarət olan qanun layihəsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edir.
Qanun layihəsinə əsasən, səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində, beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişin daşınmaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında və digər yerlərdə tütün çəkilməsinə icazə verilməyəcək.
Qanun layihəsinin təqdimatından sonra müzakirələr başlandı. Deputatlardan Tahir Kərimli, Musa Quliyev, Tahir Rzayev, Rüfət Quliyev, Hikmət Məmmədov, Qənirə Paşayeva, Sona Əliyeva və İlham Əliyev çıxış edərək bildirdilər ki, sənədin  qəbulu tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azalması ilə yanaşı, əhalinin sağlamlığının qorunmasına xidmət edəcək. Deputatlar qanun layihəsinin çox vacib bir sənəd olduğunu qeyd edərək ona müsbət münasibət bldirdilər. Yeni qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olundu.
Bununla da Mlli Məclisin plenar iclası başa çatdı.


Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi