MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

16/06/17
İyunun 16-da Milli Məclis Sədrinin müavini, ölkəmizin Parlamentlərarası İttifaqda nümayəndə heyətinin rəhbəri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqla görüşdü.
Qonağı salamlayan Valeh Ələsgərov bildirdi ki, Azərbaycan Parlamentlərarası İttifaqla münasibətlərinin daha geniş və effektiv şəkildə inkişafını istəyir. Parlamentlərarası İttifaqdakı nümayəndə heyətimizin hər bir üzvü bu əməkdaşlığın inkişafında yaxından iştirak etməyə hazırdır.
Görüş üçün təşəkkürünü bildirən Martin Çunqonq diqqətə çatdırdı ki, səfərin məqsədi Parlamentlərarası İttifaq və üzv dövlətlər arasında münasibətləri inkişaf etdirməkdir. Qonaq səfər çərçivəsində keçirdiyi görüşlərdə bir sıra məsələlərin müzakirə olunduğunu və bu görüşlərin  ikitərəfli əməkdaşlığın davamlı inkişafına xidmət etdiyini diqqətə çatdırdı.
Söhbət zamanı bu ilin payızında Parlamentlərarası İttifaqın Sankt-Peterburqda keçirilməsi planlaşdırılan Baş Assambleya iclası barədə də fikir mübadiləsi aparıldı.
Görüşdə ölkəmizin Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin üzvləri - deputatlar İlham Əliyev, Fuad Muradov, Kamran Bayramov, Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Vaqif Sadıqov və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti   

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi