PARLAMENTLƏRARASI İTTİFAQIN BAŞ KATİBİ MARTİN ÇUNQONQ: “BİZ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ BEYNƏLXALQ HÜQUQUN TƏRƏFİNDƏYİK”

16/06/17

İyunun 16-da Milli Məclisin Sədri Oqtay Əsədov Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonqla görüşdü.
Sədr qonağı salamlayaraq dedi ki, ölkəmizə bu səfəriniz qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün yaxşı imkanlar yaradır. Ümidvarıq ki, səfər çərçivəsində keçirilən görüşlər Azərbaycanla Parlamentlərarası İttifaq arasında əlaqələrin daha da dərinləşməsinə öz müsbət təsirini göstərəcəkdir. Ölkəmiz PAİ və quruma üzv parlamentlər ilə daha güclü əlaqələrin qurulmasına, təcrübə mübadiləsi aparılması və qlobal problemlərin müzakirəsinə xüsusi önəm verir.
Spiker əlaqələrimizi yenidən canlandırmaq üçün qurumun regional konfranslarından birinin Azərbaycanda keçirilməsini əhəmiyyətli hesab etdi. Sədr 2010-cu və 2015-ci illərdə təşkilatın xətti ilə keçirilən Parlament Sədrlərinin Ümumdünya Konfransında iştirakını məmnunluqla xatırladı.
Qeyd olundu ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar  Azərbaycanın Xarici İşlər Nazirliyi dünya ölkələrinin müvafiq qurumlarına müraciət edərək ölkəmizin icazəsi olmadan Ermənistan tərəfindən işğal olunmuş ərazilərə səyahət etməyin yolverilməz olduğunu bildirmişdir. Bu ərazilərə səyahət edən xarici ölkə vətəndaşlarından, o cümlədən bir sıra ölkələrin deputatlarından ibarət siyahı hazırlanmışdır və onların Azərbaycana girişi qadağan olmuşdur.  Sonradan onlara təklif edilmişdir ki, ölkəmizin ərazi bütövlüyünü tanıdıqları ilə bağlı  məktubla müraciət etsələr, onların adı bu siyahıdan çıxarıla bilər. Bu məqsədlə bir neçə siyasətçi və deputat ərizə ilə müraciət etmiş və bu müraciətlərə müsbət cavablar verilmişdir.
Biz bu məsələ ilə əlaqədar Parlamentlərarası İttifaqın 130-cu sessiyasının ölkəmizdə keçirilməməsinə təəssüflənirik. Sonralar aparılan danışıqlar nəticəsində əməkdaşlığın bərpası istiqamətində səmərəli addımlar atılmışdır. Oxşar hal Avropa Şurası Parlament Assambleyası ilə də yaşanmışdır.  Artıq bu məsələ də öz müsbət həllini tapmış, təşkilat öz tədbirlərini mütəmadi olaraq Bakıda keçirməyə başlamışdır.
Biz Parlamentlərarası İttifaqda Geosiyasi Qruplardan birinə üzv olmaq istəyirik. Zənnimizcə, Azərbaycanın “12+ qrupu”nda (əsasən Avropa dövlətlərinin təmsil olunduğu qrupda) olmasını istərdik. Belə hesab edirik ki, bu üzvlük hər iki tərəf üçün əhəmiyyətli olardı.  Biz bu məsələdə PAİ rəhbərliyinin dəstəyinə ümid edirik. 
PAİ ölkəmiz üçün yalnız parlamentlərarası əlaqələrin daha da gücləndirilməsi baxımından deyil, həmçinin, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin  hüquqları ilə bağlı qurumun yaratdığı imkandan səmərəli istifadə etmək üçün  mühüm platforma kimi əhəmiyyətlidir. Bu məsələlərdə təşkilat mühüm rol oynaya bilər.  Biz gələcəkdə də PAİ-nin müstəqil qurum olaraq, heç bir təşkilata birləşmədən fəaliyyət göstərməsinin tərəfdarıyıq.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq növbəti dəfə bu vəzifəyə seçildikdən sonra ilk səfərlərindən birinin məhz Azərbaycana etdiyini vurğuladı.  O, vaxtilə tərəflər arasında mövcud olmuş anlaşılmazlıqları bir kənara qoyaraq, gələcəyə inamla baxmaq üçün gərəkli addımların atılmasının vacibliyini qeyd etdi. Bu baxımdan qonaq ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşləri yüksək dəyərləndirdi. Bildirildi ki, onun təmsil etdiyi təşkilat Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır. 
Qəbulda Dağlıq Qarabağ münaqişəsindən söz açan Martin Çunqonq dedi ki, biz münaqişənin həllində beynəlxalq hüququn tərəfindəyik. Bu məsələ ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən BMT qətnamələrindən xəbərdarıq. Problemin dialoq yolu ilə həllinə üstünlük veririk. İnanırıq ki, Azərbaycanın Parlamentlərarası İttifaqla əməkdaşlığı ölkəniz üçün də əhəmiyyətli olacaq. Azərbaycan   istədiyi təqdirdə lazım bildiyi məsələni, o cümlədən Dağlıq Qarabağ problemini qurumda müzakirəyə çıxara bilər. Biz qarşılıqlı faydalı əməkdaşlığımızın gələcəyinə inanırıq.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputat Fuad Muradov, ölkəmizin PAİ-də daimi nümayəndəsi, səfir Vaqif Sadıqov və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi