MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

11/07/17

İyulun 11-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Nazirlər Kabineti  yanında Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Sədr qonağı səmimi salamlayaraq xalqlarımız arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirdi. Spiker ümidvar olduğunu söylədi ki, qonağın ölkəmizə bu səfəri Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin, o cümlədən dini sahədə əlaqələrin daha da inkişaf etməsinə öz dəyərli tövhəsini verəcəkdir. Qeyd edildi ki, ortaq dini-mənəvi dəyərlərimiz əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayır. Bu dəyərlər arasında İslam amilinin rolu danılmazdı. Hələ Ulu öndər Heydər Əliyevin dönəmində ölkələrimiz arasında möhkəm dostluq münasibətləri yaranmışdır. Prezident İlham Əliyevin təbirincə desək,  bu gün əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Azərbaycan İslam dəyərlərinin qorunmasına və təbliğinə böyük önəm verir. Heç də təsadüfi deyildi ki, 2017-ci il ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunmuş və IV İslam həmrəyliyi oyunları ölkəmizdə böyük müvəffəqiyyətlə keçirilmişdir.
Bu gün Azərbaycanda 2000-dən çox məscid fəaliyyət göstərir, onlardan 300-ü tarixi abidə kimi qorunur. Qafqazın ən qədim məscidlərindən biri Şamaxıda yerləşir.
Söhbətdə Sədr Azərbaycanın dünyəvi dövlət olmasına baxmayaraq burada müxtəlif dinlərə məxsus insanların birgə əmin-amanlıq şəraitində yaşayıb, fəaliyyət göstərdiklərini, ölkəmizin dünyada öz tolerantlığı ilə seçildiyini vurğuladı.
Qəbulda qeyd edildi ki, münasibətlərimizin dərinləşməsinə parlamentlərimiz də öz tövhələrini verə bilər. Bu gün Milli Məclisdə Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Deputatlarımız nüfuzlu beynəlxalq qurumlarda tez-tez görüşür,  onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparırlar. Bizcə, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ümumi işin xeyrinə olardı.
Spiker Dağlıq Qarabağ probleminin həllində Özbəkistanın Azərbaycanın haqlı mövqeyini müdafiə etməsini yüksək dəyərləndirərək, buna görə Özbəkistan dövlətinə və xalqına öz minnətdarlığını ifadə etdi.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Özbəkistan Respublikası Nazirlər Kabineti  yanında Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söylədi. O, qeyd etdi ki, parlamentlər səviyyəsində münasibətlərimizin dərinləşməsi dost və qardaş xalqlarımızın ümumi mənafelərinə xidmət edir.
Artukbek Yusupov Azərbaycanda İslami dəyərlərə olan dərin hörmət və ehtiramı yüksək qiymətləndirdi. O, İslam ölkələri arasında həmrəyliyin möhkəmləndirməsi istiqamətində Azərbaycan tərəfindən atılan addımları alqışladı.
Qonaq qeyd etdi ki, bu gün müstəqil Azərbaycan təkcə Qafqaz regionunda deyil onun hüdudlarından çox-çox kənarlarda da özünə böyük nüfuz qazanmışdır. O, ölkəsinin həyatın bütün sahələrində Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu vurğuladı.
Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında danışıldı.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, İctimai birliklər və dini qurumlar komitəsinin başçısı Siyavuş Novruzov, Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Özbəkistan Müsəlmanları İdarəsini başçısı Müfti Usmonxon Alimov, Özbəkistanın ölkəmizdəki səfiri Şerzod Fayziyev və digər rəsmi şəxslər iştirak edirdilər.

 

Milli Məclisin
Mətbuat xidməti

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi