MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

19/09/17
Sentyabrın 19-da payız sessiyasında Milli Məclisin Mədəniyyət komitəsinin ilk iclası keçirildi. Komitənin sədri Rafael Hüseynov payız sessiyasının başlaması münasibətilə təbriklərini çatdırdı, gündəlikdəki məsələlər haqqında məlumat verdi.
Əvvəlcə Mədəniyyət komitəsində 2017-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə danışan Rafael Hüseynov bildirdi ki, ötən sessiyalarda komitə məhsuldar fəaliyyət göstərmişdir. Komitədə bir sıra qanun layihələri müzakirə olunmuş, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklər edilmiş, “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi hazırlanaraq ikinci oxunuşa təqdim edilmişdir. Komitəyə daxil olmuş 157 müraciətə aidiyyəti üzrə baxılmışdır.
Sonra deputatlar Gövhər Baxşəliyeva, Jalə Əliyeva, Fəzail İbrahimli Mədəniyyət komitəsinin 2017-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı haqqında fikirlərini səsləndirdilər.
İclasda həmçinin “Muzeylər haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişikliklərin edilməsi barədə qanun layihələri də müzakirə edildi.
“Muzeylər haqqında” Qanunun 26-cı maddəsində “elmlər namizədi” ifadəsi müvafiq olaraq “fəlsəfə doktoru” ifadəsi ilə əvəz olundu.
“Mədəniyyət haqqında” Qanuna isə 1960-cı ildən sonra istehsal olunmuş mədəniyyət nümunələrinin ölkəmizdən ixracını sadələşdirmək məqsədilə bir neçə yeni maddə əlavə olundu, bəzi maddələrdə isə dəqiqləşdirmələr aparıldı.
Müzakirələrdən sonra hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi