ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

19/09/17

Sentyabrın 19-da Milli Məclisin Əmək və sosial siyasət  komitəsinin  2017-ci ilin payız  sessiyasında  ilk iclası  keçirildi.  İclası  açan  komitə  sədri Hadi Rəcəbli əvvəlcə ötən sessiyanın yekunları və payız  sessiyasının  qanunvericilik  işləri  planı  barədə  geniş məlumat verdi.
Bildirildi ki,  2017-ci ilin yaz  və növbədənkənar  sessiyaları  dövründə komitənin  11  iclası  keçirilib, 23  məsələ müzakirə  edilib, 15  qanun layihəsi  Milli Məclisə  tövsiyə  edilib. Bu  dövr  ərzində  komitəyə vətəndaşlardan 489 ərizə və müraciət, idarə və  nazirliklərdən 84  sənəd  daxil olub.  Komitə  sədri  tərəfindən  504  nəfər vətəndaş qəbul  edilib, onların qayğı  və  problemlərinin  həllinə lazımi köməklik göstərilib.  Hesabat təsdiqləndi.
Sonra  Hadı Rəcəbli  payız  sessiyası zamanı  komitədə işlənməsi  nəzərdə  tutulan  sənədlərdən  söz  açdı. Qeyd  olundu ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” və “Turizm haqqında” qanun layihələri bu  qəbildən olan  əsas  sənədlərdir. Hər  iki  sənədin parlamentin payız sessiyasının plenar iclasının gündəliyinə çıxarılması  nəzərdə  tutulur. Hadi Rəcəbli “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin tamamilə  müzakirəyə  hazır olduğunu  vurğuladı. “Turizm haqqında” qanun layihəsinin isə ikinci oxunuş üçün plenar iclasa çıxarılması üçün ciddi işlər getdiyi diqqətə  çatdırıldı.
Komitə üzvləri Musa Quliyev, Yaqub Mahmudov, Rafiq Məmmədhəsənov, Jalə Əliyeva, Araz Əlizadə, İlham Məmmədov qarşıdakı sessiya zamanı işlənməsi nəzərdə  tutulan qanun layihələri ilə  bağlı  fikirlərini bildirdilər. Qanunvericilik  işləri  planı yekdilliklə təsdiqləndi.
 Sonra komitədə Əmək Məcəlləsinə və “Əmək pensiyaları  haqqında”  qanun layihəsinə  edilən  dəyişikliklər  barədə sənədlər  müzakirə  edildi.  Qeyd  olundu  ki, hər  iki  sənədə  edilən  dəyişiklik “Elm haqqında”  qanuna  uyğunlaşdırmağa xidmət  edir. “Əmək pensiyaları haqqında” sənəddə  nəzərdə  tutulan  dəyişiklik  xüsusi  hesaba  köçürülən  vəsaitin aydın və dəqiq  əks  olunması məqsədi daşıyır.
Hər  iki  qanun  layihəsinin Milli Məclisin  plenar  iclasının  müzakirəsinə təqdim olunması qərara  alındı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi