AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

20/09/17

Sentyabrın 20-də Milli Məclisin Aqrar siyasət komitəsinin  2017-ci ilin payız sessiyasında ilk iclası keçirildi. İclası açan komitə sədri  Eldar İbrahimov  yeni  sessiyanın  başlanması  münasibətilə millət  vəkillərini təbrik etdi.
O, əvvəlcə  yaz  və növbədənkənar  sessiyalar  dönəmində  görülən işlər  barədə  məlumat  verdi. Qeyd olundu ki, hesabat  dövründə  komitənin 7  iclası  keçirilmiş,  bu  iclaslarda 17 məsələ, o cümlədən 14  qanun layihəsi müzakirə  edilmişdir. Bu  sənədlərin əksəriyyəti Milli Məclisin plenar  iclasında  müzakirə  edilərək  qəbul  edilmişdir. Komitədə  müntəzəm olaraq  vətəndaşların qəbulu aparılmış, onları  narahat  edən  məsələlərin  həlli  üçün  lazımi  köməklik  göstərilmişdir.  Hesabat  nəzərə alındı.
Sonra Eldar İbrahimov payız sessiyası ərzində görüləcək işlərdən danışdı. Bildirildi ki, qarşıdakı sessiyada “Kənd təsərrüfatında sığortanın  stimullaşdırılması haqqında”  qanun layihəsinin müzakirəsi  nəzərdə  tutulur. Eyni zamanda bir  sıra  qanunlara  əlavə  və  dəyişikliklər ediləcək.
Millət  vəkilləri Eldar Quliyev,  Aydın Hüseynov,  Elçin Quliyev, Hüseynbala Mirələmov,  Cavanşir Paşazadə,  Novruz  Aslanov, Eldəniz  Səlimov çıxışlarında  komitənin qarşıdakı  sessiyada da hər zaman olduğu kimi qanunvericilik planına  uyğun  fəaliyyət  göstərəcəyinə əminliklərini bildirdilər.  Qanunvericilik işləri planı təsdiqləndi.
İclasda “Azərbaycan Respublikası hökuməti ilə Qazaxıstan  Respublikası  hökuməti arasında bitki karantini və mühafizəsi  sahəsində  əməkdaşlıq  haqqında”  Sazişin  təsdiq  edilməsi  barədə  qanun layihəsi  müzakirə olundu. Müzakirələrdə bu sənədin insanların  sağlam  qidalarla  təmin olunması, bitki və heyvan mühafizəsi sahəsində əhəmiyyəti  vurğulandı.
“Heyvanlar aləmi haqqında” qanunda dəyişikliklər edilməsi  barədə məsələnin müzakirəsində sənəddəki dəyişikliklərin “Elm haqqında”  qanuna  uyğunlaşdırma  məqsədi ilə  edildiyi  bildirildi.  
Layihə ilə əlaqədar çıxış edən komitə  üzvləri  dəyişiklikləri  razılıqla  qarşıladılar və  hər  iki sənəd  yekdilliklə Milli Məclisin plenar  iclasına  tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi