PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ BELARUS RESPUBLİKASINDA VƏ SANKT-PETERBURQDA SƏFƏRDƏ OLACAQ

09/10/17

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 10-dan 13-dək Belarus Respublikasında rəsmi səfərdə olacaq.
Nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədrləri Ziyad Səmədzadə, Fuad Muradov, deputatlardan Xanlar Fətiyev, Ülviyyə Ağayeva, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Səfər çərçivəsində Milli Məclis Sədrinin ölkə Prezidenti Aleksandr Lukaşenko, Baş nazir Andrey  Kobyakov, Respublika Şurasının sədri Mixail Myasnikoviç və Milli Məclisin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə görüşləri nəzərdə tutulmuşdur.
Burada keçirilən görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlərarası münasibətlərin daha da dərinləşməsi, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimizin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.
Səfər çərçivəsində deputatlarımız ölkədəki Azad İqtisadi Zonanın fəaliyyəti ilə yaxından maraqlanacaq, Minsk Traktor zavodunda, Belarus-Azərbaycan Ticarət Evində olacaqlar.

*     *     *

Oktyabrın 13-də Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyətimiz MDB PA-nın Şura iclasında və Parlamentlərarası İttifaqın 137-ci  Assambleyasında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.
Tədbirlərdə parlamentin komitə sədri Fuad Muradov, deputatlardan Şahin İsmayılov, Sahibə Qafarova, Ülviyyə Ağayeva, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edəcəklər.
MDB PA-nın Şura iclasında cari məsələlərlə yanaşı, “Birliyin uşaqları” adlı Beynəlxalq Forumun nəticələri, Qazaxıstan parlamentinə seçkilərin və Qırğızıstanda prezident seçkilərinin müşahidə edilməsi barədə məsələlərə baxılacaq, növbəti il üçün təşkilatın fəaliyyət planı müzakirə olunacaqdır.
Səfər çərçivəsində nümayəndə heyətimiz Parlamentlərarası İttifaqın növbəti Assambleyasının açılış mərasiminə qatılacaq. Assambleyada “Etiqadlar və etniklərarası dialoq vasitəsi ilə mədəni plüralizmi və sülhü təşviq etmək” mövzusunda ümumi müzakirələr keçiriləcək.
Tədbirdə Milli Məclisin Sədri Oqtay Əsədov çıxış edərək mövzu ilə əlaqədar öz fikirlərini bölüşəcək, qaldırılan məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəkdir.
Burada Milli Məclis Sədrinin Rusiya Federasiyası Federal Şurasının sədri Valentina Matviyenko, Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə və tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçılarıyla bir sıra görüşləri nəzərdə tutulmuşdur.
Bu görüşlərdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər oktyabrın 16-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi