MİNSKDƏ BƏYANNAMƏ İMZALANDI

13/10/17

Minsk şəhərində rəsmi səfərdə olan Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Belarus Respublikasının Baş naziri Andrey Kobyakov deyib ki, Azərbaycan bölgədə Belarusun ən etibarlı dostu və strateji müttəfiqidir.
Azərbaycan ilə Belarus arasında iqtisadi, mədəni, elmi-texniki əlaqələrin inkişaf tempindən söz açan Baş nazir qeyd edib ki, son illər maşınqayırma, kənd təsərrüfatı texnikası və informasiya texnologiyaları istiqamətində əməkdaşlıq yüksələn xətlə inkişaf edir.
Milli Məclisin Sədri Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal iqtisadi layihələrdən söz açıb. Spiker Azərbaycanla Belarus arasında mövcud olan iqtisadi, ticari, elmi, mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Oqtay Əsədov deyib ki, Minsk traktor zavodunun Gəncə avtomobil zavodunda istehsal olunan traktor və avtomobilləri Azərbaycan vasitəsilə Türkiyə bazarına çıxarılacaq.

*     *     *

Oktyabrın 12-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov, Belarus Respublika Şurasının sədri Mixail Myasnikoviç və Belarus parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko Azərbaycan nümayəndə heyətinin Minskə rəsmi səfərinin yekununa dair Bəyannamə imzalayıblar.
Bəyannamədə Azərbaycan və Belarus parlamentlərinin iki ölkə arasında iqtisadi-ticari, mədəni, elmi, təhsil sahələrində əlaqələrin inkişafına töhfələri qeyd olunub.

*     *     *

Səfər çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Böyük Vətən Müharibəsi Muzeyində olub.
Nümayəndə heyəti muzeyin eksponatları ilə tanış olub, İkinci Dünya müharibəsində qəhrəmancasına həlak olmuş həmyerlilərimizin döyüş tarixi ilə maraqlanıb.
Milli Məclisin Sədri Oqtay Əsədov muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

*     *     *

Həmin gün nümayəndə heyəti Minskdə Azərbaycan Ticarət Evinin fəaliyyəti ilə tanış olub.
Ticarət Evinin rəhbəri Vasif İsmayılov bildirib ki, fəaliyyətə başladığı qısa müddətdə Azərbaycan Ticarət Evi vasitəsilə ölkəmizdən Belarusa 100 tona yaxın meyvə-tərəvəz məhsulları, 8 min şüşə zeytun yağı, 3 min şüşə nar şirəsi, 1200 qutudan artıq çay və digər məhsullar ixrac olunub. Artıq Azərbaycan məhsulları Belarusun ən böyük market şəbəkələrində satışa çıxarılıb.
Yüksək keyfiyyətinə görə yerli alıcıların diqqətini cəlb edən Azərbaycan məhsullarına tələbat gündən-günə artır. Azərbaycan şərablarının və digər məhsullarının ixrac imkanlarının artırılması üçün kvota və lisenziyanın alınması istiqamətində razılaşma əldə olunub.
Deputatlara Azərbaycan məhsulları ilə bağlı ətraflı məlumat verilib.
Minskdə keçirilən tədbirlərdə Milli Məclisin komitə sədrləri Ziyad Səmədzadə, Fuad Muradov, deputatlar Xanlar Fətiyev, Ülviyyə Ağayeva, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi