İVAN BRAYOVİÇ: “MONTENEQRO AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİR”

14/03/18

Martın 14-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Monteneqro Parlamentinin sədri İvan Brayoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Sədr qonaqları səmimi salamlayaraq bildirdi ki, bu cür görüşlər  Azərbaycan-Monteneqro münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından çox əhəmiyyətlidir.  Əməkdaşlığımız müsbət dinamikaya malikdir. İki dövlət arasında siyasi dialoqun davamlı şəkildə aparılması,   dövlət başçıları və nümayəndə heyətləri səviyyəsində mütəmadi qarşılıqlı səfərlərin həyata keçirilməsi, aparılan danışıqlar əlaqələrimizin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
İqtisadi sahədə əlaqələrimiz mövcud potensiala cavab verməsə də, bu sahədə yaxın gələcəkdə irəliləyişə nail olunacağına inanırıq. Hökumətlərarası Komissiyanın yaradılması bu fikri bir daha təsdiqləyir.   Mədəni və iqtisadi əlaqələr üzrə “AzMont” mərkəzinin  fəaliyyətə başlaması birgə səmərəli fəaliyyət üçün yaxşı imkanlar açır.  Bu gün Azərbaycan sərmayəsi Monteneqro iqtisadiyyatının inkişafında fəal iştirak edir.
Azərbaycan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərlərinin çəkilişinə öz töhfəsini vermişdir. Ölkəmizin fəal iştirakı ilə Cənub Qaz Dəhlizinin reallaşması Avropanın enerji təhlükəsizliyinin daha da möhkəmlənməsində  əhəmiyyətli rol oynayacaq.
Sədr münasibətlərimizin daha da dərinləşməsi baxımından hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyətini müsbət dəyərləndirdi. Bildirildi ki, nüfuzlu beynəlxalq qurumlarda  deputatlarımızın mütəmadi görüşləri və prinsipial məsələlər üzrə aparılan danışıqlar mühüm əhəmiyyət kəsb edir. Spiker ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Beynəlxalq Bakı Konfransında  Monteneqro deputatlarının iştirakının mövcud münasibətlərin dərinləşməsinə xidmət etdiyini söylədi.
Sədr dedi ki, biz Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsində Monteneqronun ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndiririk. İnanırıq ki, problem tezliklə beynəlxalq birliyin dəstəyi ilə öz məntiqi həllini tapacaqdır.
Spiker bu gün Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyini etdiyinə diqqət çəkərək, “Ekspo-25” sərgisinə Bakının ev sahibliyi etmək üçün namizədliyinin Monteneqro tərəfindən dəstəklənəcəyinə ümidvar olduğunu bildirdi.
Səmimi qəbul üçün minnətdarlığını bildirən qonaq İpək Yoluna Dəstək Qrupunun Bakı Konfransında iştirakından və səfər çərçivəsində ölkəmizdə keçirdiyi görüşlərdən məmnun qaldığını söylədi. Ölkə paytaxtı Bakının gözəlliyinə məftun olduğunu dilə gətirən qonaq, dost Azərbaycan xalqının əldə etdiyi nailiyyətlərə sevindiklərini bildirdi. O, Milli  Məclisdə deputatların fəaliyyəti üçün  yaradılmış şəraiti yüksək qiymətləndirdi. Qeyd edildi ki, Monteneqro Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Əlaqələrimizin  möhkəmlənməsi üçün hər iki tərəfin siyasi iradə nümayiş etdirməsini xüsusi vurğulayan qonaq, iqtisadi sahədə də tezliklə yüksək göstəricilərə nail olacaqlarını söylədi.
O, ölkəsinin NATO-ya tam hüquqlu üzv olduğunu, Avropa İttifaqı ilə üzvlük barədə intensiv danışıqlar aparıldığını dedi. Bildirildi ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları əsasında ədalətli həllinə inanır.
Söhbətdə parlamentlərarası əlaqələrin inkişafının  münasibətlərimizin  dərinləşməsində böyük rol oynadığını söyləyən İvan Brayoviç dostluq qrupu üzvlərinin mütəmadi səfərlərini önəmli hesab etdi.
Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Sədrin müavinləri Bahar Muradova, Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Monteneqro ilə  parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı İqbal Məmmədov,  Monteneqronun Türkiyədə və Azərbaycandakı səfiri Branko Miliç, Monteneqronun ölkəmizdəki fəxri konsulu Vüqar Əliyev və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi