MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

14/03/18
Martın 14-də Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Türkiyənin Baş naziri Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. 
Qonağı səmimi salamlayan Oqtay Əsədov bildirdi ki, Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir. Bu münasibətlərin inkişafında dövlət başçılarımızın qarşılıqlı səfərlərinin böyük rolu var. Hökumətlərimiz və parlamentlərimiz arasında da əlaqələr davamlı olaraq genişlənir. 
İqtisadi münasibətlərdən danışan Milli Məclisin Sədri qeyd etdi ki, iki ölkə arasında ticarət dövriyyəsi milyardlarla ölçülür. İki qardaş ölkə bir-birinin iqtisadiyyatına böyük həcmdə investisiyalar yatırır. Lakin  Türkiyə və Azərbaycanın daha da güclənməsi bəzi qüvvələri narahat edir.
Görüşdə iki qardaş ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində və möhkəmlənməsində parlamentlərin rolundan, işçi qruplarının fəaliyyətindən, deputatlarımızın beynəlxalq təşkilatlarda xalqlarımız və dövlətlərimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdə eyni mövqedən çıxış etmələrindən, Dağlıq Qarabağ problemindən söhbət açıldı. 
Milli Məclisin Sədri Türkiyə Böyük Millət Məclisində keçirilmiş Xocalı soyqırımına həsr olunmuş sərgidə iştirakına görə Baş nazir Binəli Yıldırıma təşəkkürünü bildirdi.  
Səmimi görüş üçün minnətdarlığını bildirən Türkiyənin Baş naziri Binəli Yıldırım 14-16 mart tarixlərində Bakıda keçiriləcək VI Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşləri yüksək qiymətləndirdi.   
Dağlıq Qarabağ münaqişəsindən danışan Baş nazir dedi ki, Türkiyə Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunması üçün bundan sonra da dəstəyini davam etdirəcək. İnanırıq ki, münaqişə tezliklə Azərbaycanın haqlı mövqeyi baxımından həll ediləcək. 
Söhbət zamanı bölgədə həyata keçirilən iri iqtisadi layihələrdən, Türkiyə və Azərbaycan münasibətlərinin gələcək inkişafından da danışıldı.
Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, sədr müavinləri Bahar Muradova, Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, hər iki ölkənin səfirləri Erkan Özoral, Xəzər İbrahim və digər rəsmi şəxslər iştirak edirdilər. 

Milli Məclisin 
Mətbuat xidməti





Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi