MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

17/05/18

Mayın 17-də Milli Məclisin Spikeri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Sədr qonaqları Milli Məclisdə görməyindən məmnun olduğunu söyləyərək belə bir inamı ifadə etdi ki, səfər çərçivəsində qonaqların Rus Mədəniyyət Mərkəzinin açılışında, “Rus İcması – Yeni Azərbaycanın xalqları ailəsində 25 il” mövzusunda keçiriləcək konfransda iştirakları əlaqələrimizin daha da dərinləşməsinə  xidmət edəcəkdir.
Parlamentin Sədri Azərbaycanla Rusiya arasında siyasi dialoqun yüksək səviyyədə olduğuna diqqət çəkərək bildirdi ki, ölkə başçılarının qarşılıqlı səfərləri, dövlətlərimiz arasında imzalanmış sənədlər əməkdaşlığımızın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsində mühüm rol oynamışdır. Milli Məclislə Rusiya Federal Şurası  və Dövlət Duması arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirən Spiker Rusiyanın subyektlərinin qanunvericilik orqanları ilə də münasibətlərdə bu dinamikanın saxlanıldığını söylədi. Qeyd edildi ki, son dövrdə bu ölkənin subyektləri ilə humanitar, mədəni sahələrdə əməkdaşlığın daha da dərinləşməsi prioritet sahə kimi özünü göstərməkdədir.
Azərbaycanla Sankt-Peterburq arasında münasibətlərin möhkəm tarixi zəmin üzərində qurulduğunu bildirən Milli Məclisin  Sədri bu gün də humanitar, elm, təhsil, mədəni sahələrdə əlaqələrimizin daha da dərinləşməsini təqdirəlayiq hesab etdi. Bildirildi ki, azərbaycanlı deputatlar tez-tez bu şəhərdə səfərlərdə olur, MDB PA-nın iclaslarında fəal iştirak edirlər. Nümayəndə heyətlərimizin nüfuzlu beynəlxalq qurumlar çərçivəsində mütəmadi görüşləri təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir.
Sədr Azərbaycanda böyük rus icmasının mövcudluğu barədə danışaraq, ölkədə rusdilli təhsil ocaqlarının fəaliyyət göstərdiyini, rusdilli mətbu nəşrlərin geniş oxucu kütləsi olduğunu dedi. Bildirildi ki, ölkəmizdə yaşayan ruslar digər ölkə vətəndaşları kimi Konstitusiya ilə onlara verilmiş hüquq və azadlıqlardan sərbəst şəkildə istifadə edirlər.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Rusiya Federasiyası Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov  ölkəmizə səfərlərindən və burada gördüklərindən məmnun qaldıqlarını söylədi. Bildirildi ki, Sankt-Peterburq və onun Qanunvericilik orqanı Azərbaycanla əlaqələrin inkişafına böyük maraq göstərir. Tarixən  Nevanın sahilindəki bu şəhərlə Azərbaycan arasında həyatın müxtəlif sahələrində sıx əlaqələr mövcud olmuşdur. Münasibətlərimizin bugünkü inkişafı  xalqlarımızın ümumi mənafelərinə xidmət edir.
Qonaq Sankt-Peterburqda Azərbaycan diasporunun fəaliyyətini, burada yaşayan soydaşlarımızın şəhərin sosial-iqtisadi həyatındakı iştirakını təqdirəlayiq hesab etdi.
Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputat Mixail Zabelin və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi