FAVZİ DAOUD: “Azərbaycan çox əzəmətli ölkədir”

22/09/18

Sentyabrın 22-də  Milli Məclis  Sədrinin  birinci  müavini Ziyafət  Əsgərov ölkəmizdə səfərdə olan İordaniya parlamentinin nümayəndə  heyəti ilə görüşdü.
Azərbaycan  parlamentinin 100 illik yubiley tədbirlərində fəal  iştiraklarına  görə  qonaqlara  təşəkkürünü  bildirən Ziyafət  Əsgərov  ölkələrimiz arasında əlaqələrin yüksək  səviyyədə olduğunu dedi. Dövlət başçıları İlham Əliyevlə Kral Abdulla arasındakı dostluq münasibətlərinin  hər  bir  sahədə əlaqələrimizə böyuk örnək olduğu  vurğulandı. 
Ziyafət  Əsgərov Azərbaycanın ən ağrılı problemi olan  Dağlıq  Qarabağ  münaqişəsinin hazırkı durumu  barədə  qonaqlara  məlumat verdi və bu sahədə Azərbaycanın  mövqeyini,  sərhədlərinin toxunulmazlığını,  ərazi bütövlüyünü  dəstəklədiyinə  görə İordaniya  hökumətinə  minnətdarlığını  dilə gətirdi. 
Hər  iki ölkə  parlamentində  dostluq  qruplarının fəaliyyətini  yüksək  dəyərləndirən Ziyafət Əsgərov millət vəkillərinin qarşılıqlı  səfərlərindən, beynəlxalq  təşkilatlarda  əməkdaşlıqdan  söz  açdı. Bildirildi ki, İordaniya ilə iqtisadi, ticari, turizm, təhsil və səhiyyə sahələrində  əməkdaşlığın  genişləndirilməsi  üçün  hər iki ölkənin böyük potensialı  var.
İordaniya parlamenti  nümayəndə  heyətinin  rəhbəri doktor  Favzi Daoud Azərbaycan parlamentinin 100 illiyi münasibəti ilə Milli Məclisin rəhbərliyini, deputatları və xalqımızı təbrik etdi. Müstəqilliyimizi bərpa  etdikdən  sonra keçən qısa  vaxt  ərzində  əldə edilən uğurların, qazanılan nailiyyətlərin dost İordaniyanı çox  sevindirdiyini deyən qonaq Azərbaycanı “çox  əzəmətli ölkə” adlandırdı.
Parlamentlər səviyyəsində münasibətlərimizin dərinləşməsinin əhəmiyyətini dilə  gətirən Favzi Daoud  Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini, problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduqlarını dedi.
Görüşdə İordaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nəriman Əliyev və digər rəsmi şəxslər iştirak edirdilər.

 

Milli Məclisin
Mətbuat  xidməti
 

 

 

 

 

 

 

 


 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi