ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

08/11/18

Noyabrın 8-də Milli Məclisin Əmək və Sosial  siyasət  komitəsinin növbəti  iclası  keçirildi.  İclası açan komitə  sədri  Hadi Rəcəbli  gündəliyə 2019-cu ilin  büdcə  zərfinə  daxil edilən “Sosial  təminatı  və müdafiəni  həyata  keçirən  müvafiq  icra  hakimiyyəti orqanının  2019-cu il büdcəsi  haqqında”, “İşsizlikdən sığorta  fondunun  2019-cu il büdcəsi haqqında”, “2019-cu il üçün yaşayış minimumu haqqında” və “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun  layihələrinin  daxil edildiyini bildirdi.
Gündəliyə  daxil edilən  məsələlərlə əlaqədar çıxış edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirdi ki, 2019-cu ilin dövlət büdcəsinin tərtibi zamanı əsas  parametrlər nəzərə alınıb. Burada ilk növbədə ötən dövrdə iqtisadiyyatda baş verən dəyişikliklər, iqtisadi inkişaf meylləri, gələn ilin proqnozları, Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti, demoqrafik məşğulluq göstəriciləri, eyni zamanda, pensiya, sığorta sistemində baş verən dəyişikliklər nəzərə alınmışdır. 
Nazir müavini qeyd etdi ki, cari ilin 10 ayında muzdlu işləyənlərin sayı 1 milyon 540 min nəfər olub, 3,3 milyon nəfər isə sərbəst məşğul olanlardır. Bu  dövrdə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəliri 3 milyard 187 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artım deməkdir.
Azərbaycanda demoqrafik göstəricilərin müsbət olduğunu söyləyən nazir  müavini  söylədi ki, ölkəmizdə əhali cavandır. Belə ki, 15-64 yaş arasında olan əhali 71 faiz təşkil edir. 65 yaşdan yuxarı olan əhali isə növbəti ildə 6,3 faiz təşkil edəcək. Bu, çox müsbət göstəricidir. Ölkədə əmək qabiliyyətli insanların çox olması pensiya sisteminin maliyyə dayanıqlığını daha möhkəm edir. Çünki ödənilən sosial sığorta haqları bu insanlardan asılıdır. Növbəti ildə məşğul əhalinin sayının 5 milyona çatacağı gözlənilir. O,  gələn il əhalinin gəlirlərinin 9 faiz artaraq 54,4 milyard manata çatacağını dedi. Növbəti ildə orta aylıq əməkhaqqı 642 manat  həcmində olacaq. 2019-cu ildə inflyasiya 3,8 faiz səviyyəsində nəzərdə tutulur.
Nazir müavini  onu da  vurğuladı ki, gələn il pensiyaçıların orta illik sayı 1 milyon 294 min təşkil edəcək. Bunun 58,3 faizi yaşa görə, 30,8 faizi əlilliyə görə, 10,9 faizi isə ailə başçısını itirməyə görə pensiya alanlardır. 2019-cu ildə pensiyaların orta məbləği 240 manatın üzərində olacaq, bu da 6,3 faiz artım deməkdir. Yaşa görə pensiyalar isə 273 manat səviyyəsində müəyyən olunur. Növbəti ildə DSMF-nin gəlir və xərcləri 3 milyard 928,1 milyon manat nəzərdə tutulur.
O, 2019-cu ilin xərclərinin cari ilin gözlənilən göstəricisi ilə müqayisədə 190 milyon manat çox olduğunu dedi. Qeyd  olundu ki, büdcənin xərclərinin əsas hissəsi əhaliyə ödənişlər, pensiya üzrə xərclərdir. DSMF-nin büdcəsinin xərclərinin 95,3 faizi pensiya ödənişləri, 2,3 faizi məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinət, 2,4 faizi isə digər xərclər üçün nəzərdə tutulub. İclasda həmçinin əlillərin maddi vəziyyətinin daim diqqət mərkəzində olduğu vurğulandı. Növbəti ildə əlillərə verilən sosial müavinətin artırılması ilə bağlı ciddi tədbirlərin həyata keçiriləcəyi  bildirildi.
İclasda iştirak edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirdi ki, Azərbaycanda ilkin hesablamalara görə cari ildə   175 manat həddi ilə təsdiq olunmuş yaşayış minimumu növbəti ildə 180 manat məbləğində nəzərdə tutulur. Növbəti ilə ünvanlı sosial yardımların müəyyən edilməsi ilə əlaqədar olaraq ehtiyac meyarının artırılması nəzərdə tutulur. Gələn il üçün  ehtiyac meyarının 143 manat müəyyən edilməsi təklif olunur.
Müzakirələr zamanı Maliyyə Nazirliyinin nümayəndəsi Xaqani Rzayev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, deputatlardan Yaqub Mahmudov, Səttar Mehbalıyev, Elmira Axundova, Musa Quliyev, Aytən Mustafayeva, İlham Məmmədov və digərləri də qanun layihələri ilə bağlı fikir və təkliflərini səsləndirdilər. Əmək  və əhalinin sosial müdafiəsi  nazirinin müavini  İdris İsayev səslənən  təkliflərə münasibət bildirdi.
Ətraflı  müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 


 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi