MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

14/11/18

Noyabrın 14-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsonsu qəbul etdi.
Sədr qonağı səmimi salamlayaraq, bildirdi ki, ölkəmizdə idmanın inkişafına böyük diqqət göstərilir. Bu, dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkədə hər bir sahədə olduğu kimi, idmanda da böyük inkişaf var.
Bu gün biz Avropa, Dünya çempionatlarında, Olimpiya və Paralimpiya oyunlarında yüksək nəticələr əldə edirik. Bölgələrimizdə regional Olimpiya mərkəzləri fəaliyyət göstərir. 2008-ci ildə paralimpiyaçılar üçün Xüsusi Olimpiya İdman Mərkəzi yaradılmış, Gəncə şəhərində regional dayaq mərkəzi fəaliyyətə başlamışdır. Digər infrastruktur layihələr də həyata keçirilməkdədir. Azərbaycan idmançıları Paralimpiya Oyunlarında fəal iştirak edir, yüksək nəticələr göstərirlər. Bizim Olimpiya komandamız Rioda çox yaxşı nəticələr göstərmiş, 18 medal qazanmışdır. Olimpiya və Paralimpiya oyunlarında Azərbaycan idmançıları, ümumilikdə, 29 medal əldə etmişlər. Bu, bir daha göstərir ki, Azərbaycan güclü idman ölkəsidir.
Sədr qeyd etdi ki, ölkəmizdə keçirilən mühüm beynəlxalq idman yarışları, Avropa  Oyunları, İslam Həmrəyliyi Oyunları ölkəmizin bu sahədə əməkdaşlıq siyasətinin göstəricisidir. Ölkəmizdə bu il və gələcəkdə də mötəbər idman yarışlarının keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycanda fiziki cəhətdən qüsurlu insanların idmana cəlb edilməsinə və cəmiyyətə inteqrasiyasına xüsusi diqqət yetirilir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsons ölkəmizə səfərindən və burada gördüklərindən məmnun qaldığını söylədi. 
O, Azərbaycanda idmana və paralimpiya hərəkatına olan münasibəti yüksək dəyərləndirdi. Qeyd edildi ki, Azərbaycanda idmançılar üçün yaradılan şərait, fiziki cəhətdən qüsurlu insanların cəmiyyətdə və idmanda özlərini təsdiqləməsi üçün yaradılan imkanlar  çox əhəmiyyətlidir. Qonaq ölkəmizdə müxtəlif səviyyəli beynəlxalq yarışların keçirilməsini təqdir etdi.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi