ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASINDA

04/12/18

Dekabrın 4-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti  iclası keçirildi.
İclası  açan komitə sədri İsa Həbibbəyli gündəliyə  daxil edilən “Ümumi təhsil haqqında” qanun layihəsini ətraflı şərh etdi. Bildirildi ki, 5 fəsil, 33 maddədən ibarət olan sənəd  ölkəmizdə ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Qanun layihəsinə görə ümumi təhsil müəssisələrində tədris dövlət dili olan Azərbaycan dilində  aparılmalıdır. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumla razılaşmaya uyğun olaraq, tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər. Tədrisin digər dillərdə aparıldığı ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası  fənnlərinin tədris olunacağı  vurğulandı. 
Sənədin “Ümumi təhsilin təşkili” adlı 13-cü maddəsinə əsasən ümümi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qızıl və ya gümüş medalla təltif edilirlər. Beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri isə müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar.
Qeyd  olundu ki, sənədə görə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən, ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş, fəaliyyət qabiliyyətsizliyinə, məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər bu fəaliyyətlə məşğul ola bilməzlər. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə, əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.
Bildirildi ki, ümumi təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədilə nizamnaməsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə (ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların və ya şagirdlərin əl işlərinin satışından, eləcə də icarədən əldə olunan gəlirlər və s.) məşğul ola bilər.
Ətraflı  müzakirələrdən  sonra qanun layihəsi baxılması  üçün  Milli Məclisin plenar iclasına tövsiyə edildi.


Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi