MİLLİ MƏCLİSİN YAZ SESSİYASI ÖZ İŞİNƏ BAŞLADI

01/02/19

Fevralın 1-də  Milli Məclisin  2019-cu ildəki ilk plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov yaz sessiyasını açıq elan etdi və Dövlət Himni səsləndirildi.
Gündəliyin təsdiqindən  sonra Oqtay Əsədov  millət  vəkillərini yaz  sessiyasının başlanması münasibəti ilə təbrik etdi. Spiker diqqətə çatdırdı ki, parlament yaz sessiyasında da dövlət başçısının həyata keçirdiyi daxili və xarici  siyasətə uyğun olaraq quruculuq işlərinin hüquqi bazasını təmin etmək  üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək. Qeyd olundu ki,  yaz  sessiyasında  parlamentdə Hökumətin və İnsan Hüquqları üzrə Müvəkkilin,  Bələdiyyələrin fəaliyyətinə nəzarət  edən orqanın   hesabatları dinləniləcək, digər vacib   sənədlərin müzakirəsi keçiriləcək. 
Sonra  gündəlikdəki  məsələlərin müzakirəsinə başlanıldı. Əvvəlcə Milli Məclisin Hesablayıcı və İntizam komissiyalarının yenidən təşkil edilməsi haqqında parlamentin qərarları müzakirəyə çıxarıldı. Spiker bildirdi ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, İntizam komissiyasının üzvlərinin sayı 7-dən 11-ə qaldırılıb. Komissiyasının tərkibinə deputatlardan Malik Həsənov, Sevinc Hüseynova, Hikmət Məmmədov, Pərvin Kazımzadə və  Fəzail İbrahimli də daxil edilib və Kamran Nəbizadə komissiyanın tərkibindən çıxarılıb.  Hesablayıcı komissiyasının tərkibi isə dəyişməyib, əvvəlki sədr və üzvlər olduğu kimi saxlanılır. Hər iki  qərar  ayrı-ayrılıqda səsə qoyularaq təsdiqləndi.
Sonra Milli Məclisin 2019-cu il yaz sessiyasının qanunvericilik işləri planına baxıldı. Qanunvericilik işlər planına “Azərbaycan  Respublikasının  Dövlət Gerbinin və Dövlət Himninin  istifadəsi qaydaları haqqında”, “Peşə bilikləri haqqında”, “Sosial sifarişlər haqqında”, “Daxili qoşunlar haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Texniki tənzimləmə haqqında”, “Standartlaşdırma haqqında”, “Kabel  şəbəkəsi yayımı haqqında”, “Kənd  təsərrüfatında  sığortanın  stimullaşdırılması haqqında”, “Turizm haqqında”, “Ümumi təhsil haqqında”, “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin  qorunması və inkişaf  etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında”, “Reproduktiv  sağlamlıq haqqında”, “İnsan orqanlarının  donorluğu və transplantasiyası haqqında”  kimi çox mühüm qanun layihələri, bəzi  qanunlarda  dəyişikliklər  edilməsi barədə sənədlər  daxil edilib. Həmçinin, Azərbaycan Prezidentinin, deputatların, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüs qaydasında təqdim etdiyi qanun layihələrinin müzakirəsi nəzərdə tutulub.
Millət  vəkilləri Əflatun Amaşov, Fazil Mustafa, Vahid Əhmədov, Fərəc Quliyev, Əli Məsimli, Sahib Alıyev, Zahid Oruc,  Siyavuş Novruzov, Flora  Qasımova, Elmira Axundova, Fəzail Ağamalı, Jalə Əliyev, Qənirə Paşayeva, Azay Quliyev, İqbal Məmmədov, Əli Hüseynli sənədlə əlaqədar fikirlərini bildirdilər, təkliflərini səsləndirdilər.  Qanunvericilik işləri planı səsə qoyularaq təsdiqləndi.
“Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədr müavinlərinin seçilməsi haqqında” qanun layihəsinə əsasən Məlahət  İbrahimqızı Hüquq  siyasəti  və dövlət  quruculuğu komitəsinin, Şahin İsmayılov isə Gənclər və idman komitəsinin sədr  müavinləri seçildilər. Sənədlər  səsvermə yolu ilə təsdiqləndi.
Sonra mədəniyyət komitəsinin sədri Rafael Hüseynov “Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə qaydaları haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında yerləşmə ölkəsi haqqında” və “Türk Akademiyasının maliyyə qaydaları haqqında” sazişlərin təsdiq edilməsi barədə qanun layihələrini təqdim etdi. Sənədlər səsə qoyularaq yekdilliklə qəbul edildi.
Daha sonra Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikasının “Sərhəddə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlarda və Seçki Məcəlləsində dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanun layihələrini təqdim etdi. Bildirildi ki, qanun layihələri texniki xarakterlidir və uyğunlaşdırma məqsədi daşıyır. Belə ki, 2018-ci il iyunun 12-də “Sərhəd qoşunları haqqında” qanunda çoxsaylı dəyişiklik edilib. Eyni zamanda, həmin dəyişikliklər əsasında “sərhəd qoşunları” ifadəsi “sərhəd mühafizə orqanları” ifadəsi ilə əvəz edilib, bundan irəli gələrək “Sərhəd qoşunları haqqında” sənəd “Sərhəd mühafizə orqanları haqqında” qanun adlandırılıb. Bu sənədlər də  səsvermə yolu ilə qəbul edildi.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Büdcə sistemi haqqında” və  “Dövlət borcu haqqında”  qanunlarda dəyişiklik edilməsi barədə  məlumatında bildirdi ki,  bu  sənədlərin  2-ci  maddələrinə  yeni redaksiyada  keçid  müddəalarının əlavə  edilməsi  nəzərdə  tutulur.  Hər iki sənəd  səsə qoyularaq məqsədəuyğun sayıldı.
Sonra Ziyad Səmədzadə Mənzil Məcəlləsində  edilən  dəyişiklikləri diqqətə çatdırdı. Qeyd  olundu ki,  son illər  ölkəmizdə  mənzil  qanunvericiliyinin,  çoxmənzilli binaların  idarə olunması  sahəsində  qanunvericiliyin  təkmilləşdirilməsi, vətəndaşlara  daha  keyfiyyətli və müasir  tələblərə uyğun kommunal xidmətlərin göstərilməsi  sahəsində tələblər  həyata  keçirilir.  Mənzil Fondu ilə bağlı olan belə məsələlərin dövlət  nəzarəti  üzrə  yeni qaydalarının müəyyən olunması  zərurəti  yaranmışdır. Sənədə təklif olunan dəyişikliklər bu məqsədlə  hazırlanıb,  bu sahədə nəzarətin və idarəçiliyin  gücləndirilməsinə xidmət  edəcək.  Qanun səsə qoyularaq  qəbul edildi.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli  “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə  məsələyə  edilən texniki xarakterli dəyişikliyi  şərh etdi.  Sənəd  səsə qoyularaq  qəbul edildi.
“İnzibati icraat haqqında” qanunda dəyişiklik edilməsi barədə  sənədlə bağlı məlumatında Əli Hüseynli bildirdi ki,  sənəddə inzibati orqanlar  arasında  aidiyyət  və səlahiyyətlə bağlı  mübahisələrin  həllini tənzimləmək  məqsədi ilə dəyişikliklər  təklif edilib.  Belə mübahisələrin həll edilmə  qaydası isə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən edilməsi  layihədə  əksini tapmışdır.  Sənəd  səsə  qoyularaq yekdilliklə təsdiq  edildi.
Əli Hüseynli gündəlikdəki “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanunla bağlı məlumat verdi. Qeyd olundu ki, sənədə edilən 1.2-1-ci əlavədə deyilir ki, doğum haqqında şəhadətnamə ilə birlikdə ilk dəfə verilən fərdi identifikasiya kartının alınması üçün vətəndaşın qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs də müraciət edə bilər. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda da həmin qanuna uyğunlaşdırmaq məqsədi ilə düzəlişlər aparılıb. Bu sənədlər  də ayrı-ayrılıqda  səsə  qoyularaq  təsdiqləndi.
Ailə, qadın, uşaq məsələləri  komitəsinin sədri Aqiyə Naxçıvanlı  Ailə Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin mahiyyəti ilə bağlı bildirdi ki, dəyişikliklər  doğumun qeydə alınmasının notariat qaydada müəyyənləşdirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi məqsədini daşıyır. Sənəd səsə qoyularaq  təsdiq edildi.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Ticarət Gəmiçiliyi Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsinin şərhində bildirdi ki, sənəd  “gəminin üzgüçülüyə yaralılığı haqqında şəhadətnamə”nin əsas  gəmi sənədləri  siyahısından çıxarılmasını və bununla bağlı  dəyişiklikləri nəzərdə  tutur. Sənəd  səsə qoyularaq  təsdiqləndi.
Ziyafət Əsgərov “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda edilən dəyişiklikləri diqqətə  çatdıraraq bildirdi ki, qanuna  əlavə edilən yeni maddə  hər il yanvar-mart  ayları ərzində  həmin il 15 yaşı tamam olan  kişi cinsli vətəndaşların  yaşayış və olduğu yer üzrə  Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə  Dövlət Xidmətinin  yerli idarə, şöbə və bölmələrində  ilkin hərbi qeydiyyata  alınmalarını  nəzərdə  tutur. Həmin vətəndaşlar  qeydiyyata  alınmaq  üçün  fərdi  çağırış vərəqəsində  göstərilmiş  müddətdə  həmin qurumlara gəlməli  və lazımi sənədlərini təqdim  etməlidirlər.  Qeyd olundu ki, dəyişiklik  vaxta  qənaət  etmək,  vətəndaş məmnunluğunu yüksəltmək, dövlət idarəçiliyində səmərəliliyi artırmaq üçündür. Sənəd  səsvermə yolu ilə təsdiqləndi.
Ziyad Səmədzadə Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsində  edilən  əlavələrin dənizçinin  şəxsiyyət  vəsiqəsinin qaydasında təkmilləşdirilməsi,  sənədlərin  verilməsi,  zəruri  məlumatların  elektron  informasiya  sistemlərindən əldə  edilməsi imkanlarının yaradılması qaydaları ilə bağlı olduğunu bildirdi. Sənəd  səsə  qoyularaq  təsdiqləndi.
Ziyad Səmədzadə “Qiymətli kağızlar bazarı haqqında”,  “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “İxrac nəzarəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə  sənədlərə  edilən  dəyişiklikləri diqqətə çatdırdı. Bu  sənədlər də  səsvermə  yolu ilə  təsdiqləndi.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində və “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədlə bağlı məlumatında  bildirdi ki, ölkəmiz “Yol hərəkəti haqqında” Vyana Konvensiyasına  qoşulmuşdur. Dəyişikliklər sürücülük vəsiqələrindəki məlumatların və alt kateqoriyaların beynəlxalq  standartlara  uyğunlaşdırılması ilə bağlıdır. Bu sənədlərdəki  dəyişikliklər “Yol hərəkəti haqqında” qanuna  dəyişiklik edilməsi barədə 2018-ci il  31 may tarixli  1172-VQD nömrəli  qanunun icrası məqsədi ilə hazırlanıb.  Sənəd müzakirələrdən sonra  səsvermə yolu ilə  təsdiq  edildi.
Sonra Əli Hüseynli Şəhərsalma və Tikinti Məcəlləsinə,  İnzibati Xətalar Məcəlləsin, həmçinin  “Reklam haqqında” qanuna  birinci oxunuşda dəyişikliklər edilməsi barədə sənədləri birlikdə şərh etdi.  Qeyd  olundu ki, təklif  edilən dəyişikliklər  reklam  qurğularının tikintisinə, quraşdırılmasına və konstruktiv  dəyişikliklərin  edilməsinə icazənin verilməsi prosedurunun sadələşdirilməsi qaydalarını müəyyən edir.   Bu sənədlər  də səsvermə yolu ilə təsdiq edildi.
Sonra Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov birinci oxunuşda “Kitabxana işi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında  ətraflı məlumat verdi.  Qeyd  olundu ki,  təklif olunan dəyişiklik  kitabxanaların  elektron sistemə keçirilməsi  məqsədi ilə hazırlanmışdır Bu, indiyədək bu sahədə mövcud olan pərakəndəliklərin qarşısını alacaq  və kitabxana resurslarının bir mənbədən idarə olunmasına xidmət  edəcək. Sənəd  səsə  qoyularaq  təsdiqləndi.
Sonra Rəfael Hüseynov “Kütləvi informasiya vasitələri haqqında” və “Nəşriyyat işi haqqında” qanunlarda  edilən  dəyişikliklərin də  eynilə “Kitabxana işi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunda olduğu kimi kitabxanaların  elektron sistemə keçirilməsi ilə bağlı olduğunu vurğuladı.  Bu sənədlər də  məqsədəuyğun sayıldı.
Rəfael Hüseynov “Milli arxiv fondu haqqında” qanunda  edilən dəyişikliklərin “Dövlət sirri haqqında” qanuna uyğunlaşdırma  xarakteri daşıdığını dedi. Sənəd  təsdiq edildi.
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli  Əmək və Cəzaların İcrası Məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələrini birinci oxunuşda  təqdim etdi. Bildirildi ki, Əmək Məcəlləsinin 3-cü maddəsinə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “mərkəzləşdirilmiş” sözü əlavə edilir. Bundan başqa sənədin 14-cü maddəsinə “əmək münasibətləri sahəsində elektron xidmətləri elektron informasiya sistemi vasitəsilə həyata keçirir” məzmunlu dördüncü abzas əlavə edilir. Qeyd olundu ki, Cəzaların İcrası Məcəlləsinin 90-cı maddəsi də yeni redaksiyada təklif olunur. Komitə  sədri dəyişikliklərin münasibətlərin  elektronlaşdırılması, həbsdə olan insanların pensiya təminatının asanlaşdırılması ilə bağlı olduğu  vurğuladı.  Hər iki sənəd  ayrı-ayrılıqda  səsə qoyularaq  təsdiqləndi.
Sonra Hadi Rəcəblinin təqdimatında gündəlikdəki   “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Sosial sığorta haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədlərə edilən texniki xarakterli dəyişikliklərə baxıldı. Sənədlər  səsvermə yolu ilə təsdiqləndi.
Ziyad Səmədzadə “Dövlət rüsumu haqqında” qanuna  edilən  dəyişiklikləri birinci  oxunuşda  təqdim etdi.   Bildirildi ki,  sənəd Azərbaycan Əqli Mülkiyyət Agentliyi  tərəfindən göstərilən  dövlət  rüsumu ilə bağlı  nəzərdə  tutulan xidmətlərin və hüquqi  hərəkətlərin  dövlət  rüsumlarının  təkmilləşdirilməsi  məqsədi ilə  hazırlanmışdır. Komitə  sədri  gündəlikdəki digər iki məsələdə -  “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Patent haqqında”  qanunlarda  birinci oxunuşda   nəzərdə  tutulan  dəyişikliklərin də  eyni məqsədlə edildiyini  diqqətə çatdırdı. Sənədlər  ayrı-ayrılıqda səsə  qoyularaq  təsdiqləndi.
Bununla  da  Milli Məclis  bugünkü  işini başa çatdırdı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 


 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi