ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ

13/03/19
Martın 13-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirildi. 
Gündəlikdəki “Ümumi təhsil haqqında” Qanun layihəsinin üçüncü oxunuşu barədə məlumat verən komitə sədri İsa Həbibbəyli bildirdi ki, komitə il yarımdır ki, “Ümumi təhsil haqqında” qanun layihəsi üzərində çalışır. Layihənin Milli Məclisin iclasında müzakirəsi zamanı deputatlar ona çox həssas yanaşıblar. Qanun layihəsi Maliyyə və Təhsil nazirliklərinə də göndərilib. Münasibət ümumən müsbət olub, məqbul təkliflər qanun layihəsinə daxil edilib.
Komitə sədri qeyd etdi ki, əsas anlayışlarla bağlı 14 müddəa qanun layihəsindən çıxarılıb,  əsas anlayışlar maddəsi təkmilləşdirilib.
İsa Həbibbəyli nəzərə çatdırdı ki, dövlət başçısının sərəncamları ilə müəllimlərin əməkhaqqının artırılması, orta məktəblərdə təmayül qruplarının yaradılması repititorluq institutunun ləğvində böyük rol oynayacaq. 
Çıxış edən komitə sədrinin müavini Bəxtiyar Əliyev qanun layihəsinin uzunmüddətli perspektivə hesablandığını və ümumi təhsil proqramının həyata keçirilməsi üçün qanunvericilik bazası yaratdığını diqqətə çatdırdı. Bildirdi ki, qanun layihəsi çox mükəmməl hazırlanıb və Milli Məclisin iclasında müzakirəyə tövsiyə edilə bilər.
Sonra çıxış edən komitə üzvləri, Musa Qasımlı və Sona Əliyeva layihəni yüksək qiymətləndirdilər, qeyd və təkliflərini verdilər.
Müzakirələrdən sonra layihə üçüncü oxunuşda Milli Məclisin iclasında müzakirəyə tövsiyə olundu.    
İclasda Azərbaycan Respublikasının Əmək, Vergi, İnzibati Xətalar və Cəzaların İcrası məcəllələrində, o cümlədən “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziya və icazələr haqqında”, “Məktəbəqədər təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarda, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlarda (birinci oxunuş), “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Mühasibat uçotu haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Təhsil haqqında”, “Peşə təhsili haqqında” qanunlarda da dəyişikliklər edilməsi barədə məsələlərə baxıldı. Bildirildi ki, təklif olunan bu dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır və qanunvericiliyin təkmilləşdirilməsinə və dəqiqləşdirilməsinə xidmət edir.
Komitə üzvləri bu qanunlara təklif olunan dəyişiklikləri də Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə etdilər.
Bununla da Elm və təhsil komitəsinin iclası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi