MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

14/03/19
Martın 14-də ölkəmizdə səfərdə olan Böyük Britaniyada yaşayan yəhudi icmasının üzvlərindən ibarət nümayəndə heyəti Milli Məclisin bir qrup deputatı ilə görüşdü.
Qonaqları salamlayan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirdi ki, yəhudi xalqı bizim dostumuzdur. Azərbaycan və İsrail arasında münasibətlər yüksək səviyyədədir.
Görüşdə iştirak edən Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov diqqətə çatdırdı ki, 2500 ildən çoxdur yəhudilərə qucaq açmış Azərbaycan bizim də Vətənimizdir. Azərbaycanın Quba şəhərində “Qırmızı Qəsəbə” yəhudi icmasının ən sıx yaşadığı yerdir.  Azərbaycan tolerant dövlətdir və burada hər üç səmavi dinin nümayəndələri qardaş kimi yaşayırlar. Azərbaycanda hər il tolerantlığa həsr olunmuş beynəlxalq tədbirlər keçirilir və buradakı tolerantlıq bir çox ölkələrə nümunə ola bilər. Azərbaycanda bütün millətlər, o cümlədən yəhudilər gözəl həyat sürürlər.
Azərbaycana dəvət olunmalarının onlar üçün böyük şərəf olduğunu deyən Böyük Britaniyada yaşayan yəhudi icmasının üzvlərindən ibarət nümayəndə heyətinin rəhbəri Veynştok İsrael bildirdi ki, onlar müxtəlif ölkələrə səfər edir, həmin ölkələrlə İsrail dövləti arasında əməkdaşlığın səviyyəsini öyrənirlər. Bu həmin ölkələrlə İsrail dövləti arasında münasibətləri daha da inkişaf etdirmək baxımından mühüm əhəmiyyətə malikdir. İndiyədək 40-dan artıq ölkəyə belə səfərlər etdiklərini deyən qonaq diqqətə çatdırdı ki, onların arasında Azərbaycan antisemitizmin olmadığı yeganə ölkədir.
Söhbət zamanı Azərbaycanda neft sənayesinin inkişaf yolu, parlamentlərarası əlaqələrin gücləndirilməsi və digər mövzularda fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Sevinc Fətəliyeva və Asim Mollazadə də iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti  

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi