Milli Məclisin Sədri Qazaxıstan səfirini qəbul etmişdir

14/05/19

Mayın 14-də Milli Məclisin Sədri Oqtay Əsədov Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayevi qəbul etmişdir.
Görüşdə Sədr bildirmişdir ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra xalqlarımız arasında tarixən mövcud olan əməkdaşlıq keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Bu gün ölkələrimiz strateji tərəfdaşdırlar. Əlaqələrimizin bu səviyyəyə yüksəlməsinin əsası Azərbaycanın  ümummilli lideri Heydər Əliyev və Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulmuşdur. Münasibətlərimiz bu gün də dövlət başçıları tərəfindən müvəffəqiyyətlə davam etdirilir.
Azərbaycan Qazaxıstanla mövcud olan əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir. Orta Asiyanın bu bölgəsi əldə etdiyi nailiyyətlərlə dünya birliyində  öz layiqli  yerini tutmuşdur. Ölkənin bu uğurlara imza atması aparılan məqsədyönlü siyasətin nəticəsidir. Bu gün Qazaxıstan öz yeni prezidentini seçməyə hazırlaşır. Hakimiyyətin dinc yolla ötürülməsi aparılan daxili və xarici siyasətin davam etdirilməsinə, sabitliyin qorunmasına xidmət edəcəyi heç kimdə şübhə doğurmur. Namizədlər arasında mənim həmkarım, vaxtilə Qazaxıstan Senatına rəhbərlik etmiş Qasım-Comərd Tokayev də vardır. O, Qazaxıstan Parlament Senatının Spikeri olduğu dövrdə dəfələrlə Azərbaycana səfər etmişdir. Biz müxtəlif beynəlxalq tədbirlərdə mütəmadi olaraq görüşmüşük. Qarşılıqlı hörmətə və anlaşmaya əsaslanan münasibətlər sayəsində ölkələrimizin parlamentləri arasında konstruktiv səmərəli əməkdaşlıq formalaşmışdır. Qarşıdakı prezident seçkilərində Qazaxıstan xalqına uğurlar arzulayıram. İnanıram ki, müdrik Qazax xalqı düzgün seçim edərək inkişafa, sabitliyə və firavanlığa səs verəcəkdir.
Görüşdə tərəflər hər iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlıq məsələlərini müzakirə etmiş, parlamentlərarası dostluq qruplarının fəaliyyətinin gücləndirilməsinin əhəmiyyətini vurğulamışlar.
Söhbətdə Azərbaycan parlament nümayəndə heyətinin bu ilin sentyabrında Nursultan şəhərində keçiriləcək Avrasiya ölkələri Parlament Spikerlərinin 4-cü müşavirəsində iştirakı ilə bağlı məsələlərə baxılmışdır.
Qəbulda payızda Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Türkdilli Ölkələrin Parlament Assambleyasının növbəti iclasının vaxtı və təşkilatı məsələlər müzakirə olunmuşdur.
Görüş zamanı Beybit İsabayev Milli Məclisin Sədrinə Qazaxıstandakı daxili siyasi proseslər, qarşıdakı prezident seçkiləri və digər məsələlər barədə məlumat vermişdir.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi