MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

14/06/19

İyunun 14-də Milli Məclisin Sədri Oqtay Əsədov “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda  keçirilmiş qadın parlamentarilərin beynəlxalq konfransının iştirakçılarını qəbul etdi.
Spiker qonaqları səmimi salamlayaraq, TÜRKPA çərçivəsində keçirilən konfransın əhəmiyyətini yüksək dəyərləndirdi. Bildirildi ki, təşkilata üzv dövlətlərin qadın parlamentarilərinin bir araya gəlməsi, onları düşündürən məsələləri birlikdə müzakirə etməsi təqdirəlayiqdir. Belə tədbirlər müasir dövrün çağırışlarını öyrənmək, ümumi məqsədlərə çatmaq üçün yolların müəyyənləşdirilməsi baxımından önəmlidir. Konfransda müzakirə olunan məsələlər bu gün təkcə türk dünyasını  deyil, bütün dünya ictimaiyyətini düşündürür.
Sədr türk dövlətlərinin müştərək tarixə malik olduqlarını diqqətə çatdıraraq, onların milli-mənəvi dəyərlər zəminində birləşərək qarşıya qoyulan hədəflərə çatmaq iqtidarında olduğunu söylədi. Bildirildi ki, ümumi məqsədlərin reallaşmasında TÜRKPA-ya üzv ölkələrin qadın parlamentariləri öz layiqli töhfələrini verə bilərlər. Bu, xalqlarımızın gələcək dayanıqlı inkişafı və firavanlığı baxımından əhəmiyyətlidir. TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır.
Görüşdə çıxış edən konfrans iştirakçıları Milli Məclisin rəhbərliyinə tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildirdilər. Qeyd edildi ki, bu gün türk cəmiyyətlərində qadınlar həyatın bütün sahələrində fəal iştirak edirlər. Qadına, ailəyə yüksək dəyər verilməsi tarixən türk xalqlarının ən ümdə keyfiyyətlərindən biri kimi dəyərləndirilir. Gender bərabərliyi sahəsində ümumi platformanın yaranması baxımından Bakıda keçirilmiş konfrans çox əhəmiyyətli olmuşdur. Qonaqlar gələcəkdə bu cür tədbirlərin davamlı olacağına inamlarını ifadə etdilər.
Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Sədrinin müavini Bahar Muradova, parlamentin qadın deputatları, TÜRKPA-nın baş katibi Altınbek  Mamayusupov, konfransa təşrif buyurmuş nümayəndə heyətlərinin üzvləri və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi