QDİƏT PARLAMENT MƏCLİSİ BAŞ ASSAMBLEYASININ 53-CÜ PLENAR SESSİYASI BAŞA ÇATDI

21/06/19
İyunun 21-də Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Baş Assambleyasının 53-cü plenar sessiyası öz işini davam etdirdi.
“Qara dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə demokratiyanın möhkəmlənməsində ombudsman institutlarının rolu” mövzusunda məruzənin müzakirəsi zamanı çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, QDİƏT Parlament Məclisindəki nümayəndə heyətinin rəhbəri Eldar Quliyev Azərbaycanda Ombudsman institutunun yaranması, fəaliyyəti və ölkəmizin insan hüquqları sahəsində əldə etdiyi nailiyyətlərdən danışdı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan E.Quliyev qeyd etdi ki, Azərbaycan problemin sülh yolu ilə həllinin tərəfdarıdır. Deputat Ermənistanda girov saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun məsələsinə də toxundu. Bildirdi ki, ermənilər işğal altında olan Azərbaycan ərazilərinə əzizlərinin məzarlarını ziyarətə gedən azərbaycanlılardan birini öldürüb, ikisini isə girov götürüb. Bütün bunlar bir daha göstərir ki, Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirir. Cəbhə bölgəsində atəşkəsin olmasına baxmayaraq, Azərbaycan itkilərə məruz qalır. 
QDİƏT PM-də Türkiyə nümayəndə heyətinin rəhbəri Camal Öztürk və Rusiya nümayəndə heyətinin rəhbəri Mixail Yemelyanovun fikirləri dinlənildikdən sonra  “Qara dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə demokratiyanın möhkəmlənməsində ombudsman institutlarının rolu” mövzusunda məruzə və məruzəyə dair tövsiyələr səsə qoyularaq qəbul edildi.
Sonra iclasda “Qara dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə pensiya təminatı sistemləri” mövzusunda müzakirələr aparıldı. Çıxış edən QDİƏTPM-də Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev Azərbaycanda aparılan pensiya islahatları, pensiya təminatı sistemi, bu sahədə tətbiq olunan yeniliklər barədə məlumat verdi. 
Serbiya nümayəndə heyətinin üzvü Aleksandra Belaçiç və Türkiyə nümayəndə heyətinin üzvü Metin Gündoğanın çıxışları dinlənildikdən sonra məruzə və ona dair tövsiyələr səsə qoyularaq qəbul edildi.    
İclasda təşkilatın 2018-ci maliyyə ili üçün auditor hesabatı dinlənildi, 2019-cu ildə Baş Assambleyanın payız sessiyasının keçirilmə yeri, vaxtı və gündəliyi müəyyən edildi.
Tədbirin sonunda iclasa sədrlik edən Ukrayna nümayəndə heyətinin rəhbəri Refat Çubarov 53-cü Baş Assambleyanın yüksək səviyyədə keçirilməsinə görə Milli Məclisin sədri Oqtay Əsədova təşəkkürünü bildirdi.
Bununla da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Baş Assambleyasının Bakıda keçirilən 53-cü plenar sessiyası işini başa çatdırdı.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi