MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

05/07/19

İyulun 5-də Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennakla görüşdü.
Birinci vitse-spiker qonağı səmimi salamlayaraq, bildirdi ki, Milli Məclis AŞPA ilə münasibətlərin inkişaf etdirilməsinə, hər iki tərəf üçün  faydalı olan əməkdaşlığın dərinləşməsinə önəm verir. Bu əməkdaşlıq qarşılıqlı hörmətə əsaslanmalı və tərəflərin maraqlarına cavab verməlidir. Qeyd edildi ki, nümayəndə heyətimizin üzvləri qurumun tədbirlərində mütəmadi iştirak edir, müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin mövqeyini çatdırırlar.
Ziyafət Əsgərov AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi qismində qonağın ölkəmizə səfərinin əlaqələrin möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə inamını söylədi. O, ümidvar olduğunu bildirdi ki, həmməruzəçi səfər müddətində ölkəmizdə gedən prosesləri diqqətlə izləyəcək və əldə etdiyi məlumatları öz hesabatında obyektiv şəkildə dəyərləndirəcək.
Milli Məclis Sədrinin birinci müavini Azərbaycanda son zamanlar uğurla həyata keçirilən sosial-iqtisadi, hüquqi islahatlar, bu proseslərin parlament tərəfindən dəstəklənməsi barədə məlumat verdi. Bildirildi ki, müasir dövrün tələblərinə uyğun olaraq ölkənin qanunvericilik bazası təkmilləşdirilir.
  Görüşdə ölkəmizin fəal iştirak etdiyi enerji layihələri barədə söhbət açıldı və bunun dövlətimizin iqtisadi qüdrətinin möhkəmlənməsində, beynəlxalq səviyyədə nüfuzunun daha da artmasında böyük rol oynadığı diqqətə çatdırıldı.
Səmimi qəbul üçün minnətdarlığını bildirən AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən danışdı. Qonaq bildirdi ki, səfərin məqsədi ölkədəki vəziyyətlə yaxından tanış olmaq, Azərbaycanla AŞPA arasında münasibətlərin bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparmaqdır. Qonaq təmsil etdiyi təşkilatın Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu söylədi.
Söhbətdə tərəflər demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının təmin edilməsi, regional münaqişələr və onların həlli yolları, bir sıra digər aktual məsələlər barədə  fikirlərini bölüşdülər.


Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi