XORVATİYA PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

09/09/19

Sentyabrın 9-da Milli Məclisin Xorvatiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və Xorvatiya Respublikası Parlamentinin Azərbaycanla dostluq qrupunun nümayəndələri arasında görüş keçirildi.
Xorvatiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yaqub Mahmudov qonaqları salamlayaraq, dəvəti qəbul edib ölkəmizə səfər etdiklərinə görə təşəkkürünü bildirdi. Belə görüşlərin münasibətlərin dərinləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini söylədi. Qeyd edildi ki, Azərbaycan və Xorvatiya oxşar tarixi keçmişə malikdir. Xalqlarımız azadlıq uğrunda mürəkkəb yol keçiblər. Bu gün ölkələrimiz arasında əlaqələr yüksək səviyyədə inkişaf edir.  İqtisadi, sənaye, kənd təsərrüfatı, gəmiqayırma  sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.
Bildirildi ki, dövlətlərimiz arasında münasibətlərin inkişaf etdirilməsində parlamentlər xüsusi rol oynayır. Hər iki parlamentdə  dostluq qrupları fəaliyyət göstərir. Qanunverici orqanlar arasında əlaqələrin möhkəmlənməsində deputatların qarşılıqlı səfərləri önəmli yer tutur. Beynəlxalq təşkilatlar çərçivəsində də nümayəndə heyətlərinin səmərəli əməkdaşlığı vacib məsələlərdəndir.
Diqqətə çatdırıldı ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın Dağlıq Qarabağ kimi ağrılı problemi var. Biz suverenlik və ərazi bütövlüyümüzün  bərpası yolunda mübarizə aparırıq. Bu mübarizədə Xorvatiyanın Azərbaycanı dəstəkləməsi təqdirəlayiqdir.
Xorvatiya Respublikası Parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Lyubitsa Maksimçuk səmimi görüşə görə minnətdarlığını ifadə etdi. Qarşılıqlı səfərlərin əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini söylədi. Bildirildi ki, ölkələrimiz arasında dostluq münasibətləri yüksək səviyyədə inkişaf edir. Xorvatiya Azərbaycanı strateji tərəfdaş kimi qəbul edir. 
Qonaq Azərbaycanda müşahidə etdikləri inkişafı yüksək qiymətləndirdi. Bildirdi ki, onun ölkəsi Qafqazın bu bölgəsi ilə iqtisadi, mədəni əlaqələrin  dərinləşməsinə böyük əhəmiyyət verir.
Görüşdə Xorvatiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Vahid Əhmədov və Məlahət İbrahimqızı çıxış edərək ikitərəfli əməkdaşlığın inkişafı barədə öz fikirlərini açıqladılar.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi