MİLLİ MƏCLİSDƏ AŞPA PREZİDENTİ İLƏ GÖRÜŞLƏR KEÇİRİLDİ

12/09/19

Sentyabrın 12-də Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvləri qurumun prezidenti xanım Lilian Mori Paskie ilə görüşdülər.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov qonağı salamlayaraq onunla qurumun tədbirlərində olan görüşləri məmnunluqla xatırladı. Avropa Şurasının 70 illiyi ərəfəsində Milli Məclisdə təşkil olunmuş bu görüşün əhəmiyyətli olduğunu söylədi. O, Lilian Mori Paskienin dünən Fransa-Azərbaycan Universitetində keçirilmiş konfransda etdiyi çıxışa xüsusi diqqət yetirdi. Onun çıxışı zamanı söylədiyi fikirlərin əlaqələrimizin genişləndirilməsinə və dialoqun yüksək səviyyədə olmasına dəlalət etdiyini dedi. Qonağın səsləndirdiyi “biz yalnız qarşılıqlı anlaşma, qarşılıqlı hörmət çərçivəsində əməkdaşlığımızı möhkəmləndirə bilərik” sözlərinə razılığını ifadə etdi.
Bildirildi ki, Azərbaycan AŞPA ilə əlaqələrin inkişafına böyük önəm verir. Milli Məclis bu qurumla qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsində maraqlıdır. Belə səfərlər və keçirilən görüşlər münasibətlərimizin inkişaf etdirilməsində böyük əhəmiyyət kəsb edir.  Qeyd edildi ki, AŞPA-da təmsil olunan nümayəndə heyətimizin üzvləri təşkilatın işində fəal iştirak edirlər. Deputatlarımız qurumun bütün  tədbirlərinə qatılır, qaldırılan məsələlər barədə öz mövqelərini bildirirlər.
Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi barədə söhbət açan Səməd Seyidov problemin həlli istiqamətində AŞPA çərçivəsində atılan addımlardan danışdı. Komitə sədri diqqətə çatdırdı ki, məhz AŞPA-nın 2005-ci ildə qəbul etdiyi müvafiq qətnamədə Azərbaycan torpaqlarının işğal edilməsi faktı xüsusi olaraq vurğulanıb. Məhz AŞPA Azərbaycan və Ermənistan arasında dialoqun aparılması üçün xeyli səy göstərib.
AŞPA prezidenti xanım Lilian Mori Paskie səmimi görüşə görə  minnətdarlığını bildirdi. O, ölkəmizə səfərindən və keçirdiyi görüşlərdən məmnunluğunu söylədi. Rəhbərlik etdiyi qurumun Azərbaycanla əlaqələrin dərinləşməsinə böyük əhəmiyyət verdiyini dedi. Qonaq qeyd etdi ki, biz AŞPA olaraq milli parlamentlərlə əməkdaşlıq şəraitində konkret məsələlərin həllinə nail oluruq. Məhz dialoq yolu ilə həlli çətin olan məsələləri həll edirik. O, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin fəaliyyətindən razı olduğunu  bildirdi.
Lilian Mori Paskie Avropa Şurasının 70 illik yubileyi ərəfəsində keçirilən görüşlərin siyasi əhəmiyyət kəsb etdiyini nəzərə çatdırdı. O, “mənim parlamentimdə zorakılığa qarşı yox” çağırışının müəllifi olaraq milli parlamentləri bu aksiyaya qoşulmağa səslədi. Qadın və uşaqlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş İstanbul və Lanzarote konvensiyalarının önəmi barədə danışdı.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
Görüşdə AŞPA-da nümayəndə heyətimizin üzvləri – komitə sədri Rafael Hüseynov, deputatlar Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Asim Mollazadə, Elşad Həsənov iştirak edirdilər.

*     *     *

Həmin gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Avropa Şurası Parlament Assambleyasının prezidenti xanım Lilian Mori Paskie ilə görüşdü.
Komitə sədri görüşdən məmnunluğunu ifadə etdi. Bildirildi ki,  Azərbaycan Avropa Şurası və onun Parlament Assambleyası ilə hərtərəfli əlaqələrin inkişafına böyük önəm verir. Ümid edirik ki, Sizin AŞPA-nın  Prezidenti kimi Azərbaycana səfəriniz, keçirdiyiniz görüşlər ölkəmizlə qurum arasında münasibətlərin daha da inkişaf etməsinə təkan verəcək. Ölkəmizdə  Avropa Şurası qarşısında götürdüyümüz öhdəlikləri yerinə yetirmək üçün lazım olan addımlar atılır.
Diqqətə çatdırıldı ki, Milli Məclisdə təmsil olunan 125 deputatdan 20-si qadındır. Parlamentdə müxtəlif sahələr üzrə komitələr fəaliyyət göstərir. Onlardan biri də Ailə, qadın və uşaq məsələləri komitəsidir. Komitədə ailə münasibətlərinin tənzimlənməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığının aradan qaldırılması ilə bağlı qanun layihələri hazırlanır. Hazırda bu məsələlərlə bağlı mükəmməl qanunvericilik bazası mövcuddur. Eyni zamanda, biz bu sahələrə həsr olunmuş beynəlxalq konvensiyalara da qoşuluruq. Ümumiyyətlə, ölkəmizdə ailə dəyərlərinə, qadın və uşaqların hüquqlarının qorunmasına xüsusi önəm verilir.
Aqiyə Naxçıvanlı Avropa Şurasının 1 avqust 2014-cü ildə qüvvəyə minmiş qadınlara qarşı zorakılıq, məişət zorakılığı və bu halların aradan qaldırılmasına həsr olunmuş İstanbul Konvensiyası barədə söhbət açdı. Bildirildi ki, burada qadınlara qarşı zorakılıq insan haqlarının pozulması və ayrı-seçkiliyin bir forması kimi tanınır. İstanbul Konvensiyası bir çox baxımdan islahat xarakterli sənəddir.
AŞPA prezidenti xanım Lilian Mori Paskie gender bərabərliyinin təmin edilməsinin vacibliyi barədə danışdı. Qeyd edildi ki, bu məsələyə həyatın bütün sahələrində xüsusi diqqət yetirilməlidir. Bütün zorakılıqların səbəbi bərabərliyin olmamasıdır. Qonaq zorakılıqla bağlı bir sıra statistik rəqəmlər səsləndirdi. Qadın və kişilər arasında fərqin təhsil vasitəsilə aradan qaldırılmasının önəmli olduğunu dedi. İstanbul Konvensiyası ilə əlaqədar diqqətə çatdırıldı ki, Avropanın 34 ölkəsi artıq bu sənədə qoşulub. Avropa Şurasına və AŞPA-ya üzv ölkələrin bu Konvensiyaya qoşulması üçün təşkilat öz tərəfindən hər cür yardım göstərməyə hazırdır.
Görüşdə deputat Dilarə Cəbrayılova iştirak edirdi.

*     *     *

Həmin gün Milli Məclisin Intizam Komissiyasının üzvləri də  ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Lilian Mori Paskieni ilə görüşüblər.
İntizam Kommisiyasının sədri Ağacan Abıyev qonağı salamlayaraq bu səfərin ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə təkan verəcəyinə inamını söylədi. O, rəhbərlik etdiyi kommisiyasının fəaliyyəti barədə məlumat verdi,  o cümlədən onun ayrı- ayrı strukturları ilə əməkdaşlığa böyük əhəmiyyət verdiklərini diqqətə çatdırdı.
 Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli qanun yaradıcılığı, ölkəmizdə aparılan huquqi islahatlar, korrupsiyaya qarşı mübarizə və digər məsələlərlə bağlı məlumat verdi. Qeyd etdi ki, biz gələcəkdə də AŞPA o cümlədən bütün beynəlxalq təşkilatlarla əməkdaşlığın qenişləndirilməsində maraqlıyıq.  
AŞPA-nın prezidenti xanım Lilian Mori Paskie təmsil etdiyi qurumun ölkəmizlə əlaqələrindən danışdı və bu əlaqələrin daha da inkişaf etdirilməsinə böyük önəm verdiklərini söylədi.
Bildirdi ki, ikitərəfli münasibətlərin daha da möhkəmləsində  və həyatın müxtəlif sahələrində müsbət nəticələrin əldə olunmasında milli parlamentlər xüsusi rol oynayır. Parlament seçkili orqandır və orada təmsil olunan deputatlar öz statusu çərçivəsində fəaliyyət göstərməlidir. Görüşdə qarşılıqlı maraq doğuran diqər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Görüşdə deputat Xanlar Fətiyev iştirak edirdi. 

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi