AZƏRBAYCAN-RUSİYA ƏLAQƏLƏRİ DAHA DA MÖHKƏMLƏNİR

12/09/19

Sentyabrın 12-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Sverdlovsk vilayətinin Qanunvericilik Məclisinin sədri Lyudmila Babuşkinanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Spiker qonaqları salamlayaraq bu görüşün Sverdlovsk vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına yeni töhfə verəcəyinə  inamını söylədi. Bildirildi ki, hər iki ölkə başçıları arasında münasibətlərin yüksək səviyyədə olması dövlətlərarası əlaqələrə öz təsirini göstərir. Heç də təsadüfi deyildir ki, Azərbaycan və Rusiya əlaqələri artıq keyfiyyətcə yeni mərhələyə - strateji tərəfdaşlıq mərhələsinə qədəm qoymuşdur. Ölkələrimiz arasında bu günədək 230-a yaxın sənəd imzalanmış, 44 sənəd üzərində iş davam etdirilir.  Bütün bunlar əməkdaşlığımızın möhkəm hüquqi bazaya əsaslandığının göstəricisidir.
Azərbaycan Rusiyanın subyektləri, o cümlədən müxtəlif regionları ilə əlaqələrin daha da dərinləşməsinə böyük önəm verir. Bu gün Rusiya Federasiyasının 70-dən çox subyekti, 20-dək regionu ilə iqtisadi-ticari, elmi-texniki və mədəni əməkdaşlıq üzrə saziş imzalanmışdır. Hökumətlərarası və parlamentlərarası komissiyaların fəaliyyəti əməkdaşlığımızın yüksələn xətlə inkişafına xidmət edir. Cari ildə ötən illə müqayisədə ticarət dövriyyəmizin həcmi müvafiq dövrə nisbətən 300 milyon ABŞ dolları həcmində çox olmuşdur. Biz gələcəkdə bu sahədə dövriyyəni 3 milyard dollara çatdırmaq niyyətindəyik.
Sədr bildirdi ki, Milli Məclislə Sverdlovsk vilayətinin  qanunvericilik orqanı arasında əlaqələrin inkişafı günün tələbidir. Milli Məclis Rusiya Federasiyasının Dövlət Duması və Federal Şurası ilə sıx əməkdaşlıq edir. Parlamentdə Rusiyanın qanunvericilik orqanı ilə dostluq qrupu fəaliyyət göstərir. Deputatlarımız mütəmadi olaraq Rusiya Federasiyasına səfərlər edir. Biz Rusiyanın regionları, o cümlədən Sverdlovsk vilayəti ilə bu sahədə əlaqələrimizi dərinləşdirmək istərdik.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Rusiya Federasiyası Sverdlovsk vilayətinin Qanunvericilik Məclisinin sədri Lyudmila Babuşkina ölkəmizə zəfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söylədi. Qonaq təmsil etdiyi vilayətin Rusiyanın inkişaf etmiş ən iri bölgələrindən biri olduğunu dedi. Qeyd edildi ki, Sverdlovsk vilayəti ilə Azərbaycan arasında iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi xalqlarımızın mənafeyinə uyğundur.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Rusiya Federasiyası ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı, komitə sədri Əli Hüseynli, deputat Mixail  Zabelin, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi