MİLLİ MƏCLİSİN İCLASINDA

03/12/19

Dekabrın 3-də Milli Məclisin Spikeri Oqtay Əsədovun sədrliyi ilə parlamentin plenar iclasında 15 məsələyə baxıldı.
Gündəlik təsdiqləndikdən sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) məsələni təqdim etdi. Sənəddə sığorta faizlərinə və keçid müddəalarına dair maddələrdə aparılmış dəyişiklik ətraflı şərh olundu.
Məlumat dinlənildikdən sonra deputatlar 2020-ci il  yanvarın 1-dən etibarən Azərbaycanda tətbiq olunması nəzərdə tutulan icbari tibbi sığortaya keçidin hüquqi bazasını təmin edəcək qanunu üçüncü oxunuşda qəbul etdilər. 
 Sonra “İcbari sığortalar haqqında” qanunda dəyişiklik edilməsi barədə” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” 2018-ci il 28 dekabr tarixli  qanunların ləğv edilməsinə dair  qanun layihəsinə baxıldı. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, adı çəkilən qanunların ləğvi “İcbari tibbi sığorta haqqında” qanunun qəbul edilməsi ilə əlaqədardır. Parlament müzakirəyə çıxarılmış qanun layihəsini dəstəklədi.
  İclasda Ailə Məcəlləsində dəyişiklik edilməsinə dair qanun layihəsi (üçüncü oxunuş) barədə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlının məlumatı dinlənildi. Qanun layihəsi səsə qoyuldu və qəbul edildi.
  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli üçüncü oxunuşda parlamentə təqdim olunmuş Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsinə, həmçinin Mülki Məcəllədə, “Uşaq hüquqları haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsinə dair qanun layihələri barədə məlumat verdi. Plenar iclasda hər iki qanun layihəsi  ayrı-ayrılıqda səsə qoyuldu və qəbul edildi.
  Deputatlar Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda edilən dəyişikliyi də üçüncü oxunuşda dəstəklədilər. 
  Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Sadələşdirilmiş Gömrük Dəhlizi haqqında” Anlaşma Memorandumunu ratifikasiya etdi.
 Sonra parlamentə bir zərfdə daxil olmuş 4 qanun layihəsinə baxıldı. “Ümumdünya Poçt Konvensiyasına və onun Yekun Protokoluna qoşulmaq haqqında”, “Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə Doqquzuncu Əlavə Protokola qoşulmaq haqqında”, “Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentlərinə Birinci Əlavə Protokola qoşulmaq haqqında” və “Poçt ödəniş xidmətləri haqqında Sazişə və onun Yekun Protokoluna qoşulmaq barədə” qanun layihələrinin qəbul edilməsi məqsədəuyğun sayıldı. 
İclasda “2 oktyabr 2009-cu il tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiqinə dair məsələni Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təqdim etdi. Sənəd ratifikasiya olundu.
Sonra Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim etdi. Layihə səsə qoyuldu və qəbul edildi. 
Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov parlamentə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunda edilən dəyişiklik (üçüncü oxunuş) barədə məlumat verdi. Deputatlar qanun layihəsini dəstəklədilər.
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə və “Məşğulluq haqqında” qanunun 31-ci maddəsinə edilən dəyişiklik elektron hökumət elementlərinin hüquqi bazada təsbit olunması məqsədini daşıyır. Deputatlar bu qanun layihəsinə də üçüncü oxunuşda müsbət münasibət bildirdilər.  
 Bununla da Milli Məclisin iclası başa çatdı. 


Milli Məclisin
Mətbuat xidməti

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi