MİLLİ MƏCLİSDƏ TÜRKPA-nın KOMİSSİYA İCLASI KEÇİRİLDİ

18/12/19

Dekabrın 18-də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının növbəti iclası keçirildi.
Komissiyanın iclasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan parlament nümayəndələri və ekspertlər iştirak edirdilər.
Komissiya sədri İsmet Uçma iclası açaraq Azərbaycanda olmaqdan məmnunluğunu ifadə etdi. Qurumun Bakıda keçiriləcək 9-cu plenar iclasının uğurlu olmasını dilədi. Qeyd edildi ki, TÜRKPA yarandığı gündən etibarən çox səmərəli fəaliyyət göstərir. Bu müddətdə keçirilən qurumun komissiya və plenar iclaslarının, müxtəlif mövzulara həsr olunmuş digər tədbirlərin ən böyük hədəfi qardaş ölkələrin parlamentləri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsidir.
Sonra İsmet Uçma iclasın gündəliyinə daxil  edilən məsələləri təqdim etdi. Bildirildi ki, iclasda yenidən işlənmiş hüquqi sənədlər, o cümlədən TÜRKPA-nın Reqlamentı və Katibliyi haqqında Əsasnamə layihələri, TÜRKPA seçki müşahidəsi haqqında Əsasnamə, “Turizm haqqında” və “Qeyri-maddi mədəni irsin qorunması haqqında” model qanun layihələri müzakirəyə çıxarılacaq. Gündəlik maddə-maddə səsə qoyularaq qəbul edildi.
Diqqətə çatdırıldı ki, TÜRKPA tarixində ilk dəfə olaraq model qanun layihələri hazırlanıb və bu, quruma üzv ölkələrin milli qanunvericilik aktlarının bir-birinə uyğunlaşdırılması baxımından çox önəmlidir.
Komissiya sədri Azərbaycanda 2020-ci il fevralın 9-na təyin olunmuş   növbədənkənar parlament seçkilərinin müvəffəqiyyətlə keçəcəyinə inamını bildirdi.
İclasda çıxış edən Milli Məclisin deputatı Cavanşir Feyziyev “Turizm haqqında” model qanun layihəsinin Azərbaycan tərəfindən hazırlandığını söylədi və sənəd barədə ətraflı məlumat verdi. Bildirildi ki, turizm hər bir ölkənin inkişafı üçün əhəmiyyətli sahələrdən biridir. Ölkəmizdə də bu istiqamətdə zəruri addımlar atılır.
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” model  qanun layihəsini təqdim edən Türkiyə Böyük Millət Məclisinin üzvü Yüksel Özkan   sənəddə ehtiva olunan məsələlərin mahiyyəti barədə danışdı. 
Müzakirələr zamanı çıxış edən Qazaxıstan Parlamentinin üzvü, komissiyanın sədr müavini Nurlan Dulatbekov, Qırğızıstan Joqorku Keneşinin üzvü Ruslan Çoybekov,  Azərbaycan Milli Məclisinin deputatı Hikmət Məmmədov model qanun layihələri barədə fikirlərini söylədilər, onların əhəmiyyətindən söhbət açdılar, sənədlərdə əks olunmuş məsələlərin aktuallığını vurğuladılar.
Komissiya sədri, Türkiyə Böyük Millət Məclisinin üzvü İsmet Uçma iclasın faydalı keçdiyini bildirdi, komissiya üzvlərinə qurumun uğurlu fəaliyyətində göstərdikləri səylərə görə təşəkkürünü ifadə etdi.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi