MİLLİ MƏCLİSİN İCLASINDA

17/03/20

Martın 17-də Spiker Sahibə Qafarovanın sədrliyi ilə VI çağırış Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi.
Dörd məsələdən ibarət gündəlik təsdiqləndikdən sonra Milli Məclisin Sədri Sahibə Qafarova dünya miqyasında yayılmış koronavirus (COVİD-19) pandemiyasına toxundu. Qeyd etdi ki, Azərbaycanda bu təhlükəyə qarşı səmərəli mübarizə təşkil olunub. Ölkəmizdə epidemiyaya qarşı görülən işlər ÜST tərəfindən yüksək qiymətləndirilib. Plenar iclasa təqdim olunmuş qanun layihələrinin dördü də həmin tədbirlərlə əlaqədardır. Bu qanun layihələrinin qəbul edilib qüvvəyə minməsi nəzərdə tutulan mübarizənin kompleks şəkildə həyata keçirilməsinə hüquqi baza yaradacaq.
Sonra Milli Məclisin Sədri deputatları koronavirusa qarşı mübarizə  tədbirləri çərçivəsində Azərbaycanın Baş naziri tərəfindən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət qurumlarının rəhbərlərinə göndərilmiş təlimat məktubunun məzmunu ilə tanış etdi. Sahibə Qafarova vurğuladı ki, yüksək sürətlə yayılan bu infeksiyaya qarşı ölkə rəhbərliyinin həyata keçirdiyi tədbirlərin səmərəli nəticə verməsi üçün  vətəndaşların da məsuliyyətli olması vacibdir.
Plenar iclasda Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəlikdəki iki qanun layihəsini təqdim etdi. Bildirdi ki, İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələn təxirəsalınmaz tədbirlərin ölkə ərazisində həyata keçirilməsi məqsədi daşıyır. Azərbaycanda bir ay müddətində kütləvi tədbirlər təxirə salınıb, dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.  
  Nəzərə çatdırıldı ki, İnzibati Xətalar Məcəlləsinin “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması”na dair 211-ci maddəsinə edilən dəyişiklik inzibati məsuliyyəti nəzərdə tutur, müvafiq cərimələrin məbləği artırılır. Cinayət Məcəlləsinə əlavə olunan “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya  karantin rejimlərinin pozulması”na dair 139-1.1-ci maddədə isə 2500 manatdan 5000 manatadək cərimə və ya 3 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Adı çəkilən  rejimlərin pozulması insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda isə 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə  cəzası verilə bilər.
 Plenar iclasda hər iki qanun layihəsi geniş müzakirə olundu.
Öncə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ÜST-ün elan etdiyi pandemiya və Azərbaycandakı epidemiya ilə bağlı Milli Məclisdə martın 16-da keçirilmiş dinləmələr barədə ətraflı məlumat verdi. Bildirdi ki, COVİD-19 dünya ölkələrində sürətlə yayılır. Koronavirusun uzun inkubasiya dövrünün olması (2-3 həftə), vaksinin hələ də tapılmaması  dövlətləri daha ciddi tədbirlər görməyə sövq edir. Komitə sədri ölkəmizdə genişmiqyaslı tədbirlərin görüldüyünü vurğuladı, karantinə və sosial təcridə çox ciddi əməl olunması zərurətini qeyd etdi.
 Sonra deputatlar Zahid Oruc, Rəşad Mahmudov, Musa Quliyev, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Qənirə Paşayeva, Hikmət Məmmədov, Jalə Əliyeva, Elman Nəsirov, Milli Məclis Sədrinin müavini Adil Əliyev müzakirə olunan məsələ barədə rəy və təkliflərini bildirdilər. Fikir mübadiləsinin yekununda qanun layihələri ayrı-ayrılıqda səsə qoyuldu və qəbul edildi. Beləliklə, Milli Məclis İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində dəyişiklik edilməsinə razılıq verdi.
 İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələni təqdim etdi. Ölkəmizdə koronavirusa qarşı aparılan mübarizəni  vətəndaşın dövlət tərəfindən qorunması məqsədilə ən üst səviyyədə görülən tədbirlər kimi dəyərləndirdi. Qeyd etdi ki, bəzi tədbirlərin sahibkarlıq subyektlərinə təsirsiz ötüşməyəcəyi indidən məlumdur,  təqdim olunmuş qanun layihəsində bu məqam nəzərə alınıb.
Komitə sədri bildirdi ki, layihəyə əsasən, bu qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılır. Qanun layihəsi özəl tibb fəaliyyəti subyektlərində səhiyyə qanunvericiliyinə əməl olunmasına nəzarəti gücləndirəcək, səmərəliliyi artıracaq, nəticədə əhalinin sağlamlığının daha keyfiyyətli qorunmasına nail olunacaqdır. 
 Müzakirə zamanı deputatlar Əli Məsimli, Naqif Həmzəyev, İlham Məmmədov, Razi Nurullayev, Nigar Arpadarai layihəni müsbət dəyərləndirdilər. Məsələ səsə qoyuldu və qanun layihəsi qəbul edildi.
 İclasın yekununda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələyə baxıldı. Layihəni təqdim edən İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində informasiyanın yayılması”na dair 13-2-ci maddədə edilən dəyişiklikləri və “İnternet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ilə əlaqədar məsuliyyət”i tənzimləyən 13-4-cü maddədə edilən dəyişikliyi ətraflı şərh etdi. Müasir dövrdə informasiyanın cəmiyyətdəki danılmaz rolundan söz açaraq yalan məlumatların yayılmasının qarşısının alınması vacibliyini vurğuladı.
 Fikir mübadiləsində deputatlar Qənirə Paşayeva, Sabir Rüstəmxanlı, Bəhruz Məhərrəmov, Hikmət Məmmədov, Hicran Hüseynova, Elşad Mirbəşir, Musa Qasımlı, Erkin Qədirli, Rauf Əliyev, Arzu Nağıyev, Tahir Mirkişili, Ziyafət Əsgərov, Fəzail Ağamalı qanun layihəsinə münasibət bildirdilər. Layihə səsə qoyuldu və qanun qəbul edildi. 
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatdı.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi