MİLLİ MƏCLİSDƏ QƏBUL

02/02/10

Fevralın 2-də Milli Məclisin Sədri Oqtay Əsədov İran İslam Respublikasının Xarici İşlər nazirinin müavini Həsən Qaşqavinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qonaqları səmimiyyətlə salamlayan Spiker Oqtay Əsədov ölkələrimiz arasındakı əlaqələrdən, bu əlaqələrin intensiv xarakterindən və inkişafından söz açdı. Qeyd edildi ki, tarixən bir-birinə yaxın olan xalqlarımızın münasibətləri hərtərəfli xarakter daşıyır, iqtisadi, sosial, mədəni və həyatın digər sahələrində əməkdaşlığın daha da dərinləşməsi üçün böyük imkanlar mövcuddur. Spiker Oqtay Əsədov xüsusilə iqtisadi-ticarət əlaqələrinin daha da inkişafı üçün bütün imkanlardan istifadə olunmasının vacibliyini bildirdi.
Qeyd olundu ki, dövlət başçılarımızın qarşılıqlı səfərləri, aparılan ikitərəfli danışıqlar və imzalanmış sənədlər bu əlaqələrə yeni impuls verir, qarşılıqlı əməkdaşlığın hüquqi bazasının möhkəmləndirilməsində xüsusi rol oynayır.
Azərbaycanla İran İslam Respublikası arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolundan danışan Milli Məclisin Sədri hər iki parlamentdə dostluq qruplarının fəaliyyətinin daha da gücləndirilməsinin əhəmiyyətini vurğuladı.
Səmimi qəbul üçün minnətdarlığını bildirən İranın Xarici İşlər nazirinin hüquqi və konsulluq məsələləri üzrə müavini Həsən Qaşqavi Azərbaycanda olmağından məmnun qaldığını söylədi. Ölkələrimiz arasındakı əlaqələrin yüksələn xətlə inkişafından danışan  qonaq tarixi köklərə söykənən əlaqələrimizin daha da dərinləşməsi üçün bu gün geniş imkanlar olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, İran Azərbaycanla iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinə daha böyük önəm verir. İranın “Saderat” bankının dəstəyi ilə Azərbaycanda 27 mərtəbəli biznes mərkəzinin binasının inşasının nəzərdə tutulması bunun bariz nümunəsi hesab edilə bilər.
Qəbulda qonaq İran parlament sədrinin öz ölkəsinə dəvət məktubunu Milli Məclisin spikeri Oqtay Əsədova təqdim etdi. Dəvət məmnuniyyətlə qəbul olundu.
Görüşdə ikitərəfli əlaqələrin bütün sahələrdə inkişafının vacibliyindən söhbət açıldı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Milli  Məclisin
Mətbuat  xidməti

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi