VƏTƏNDAŞLAR ÜÇÜN
CARİ FƏALİYYƏT
MİLLİ MƏCLİSDƏ KÜVEYTLİ GƏNCLƏRLƏ GÖRÜŞ KEÇİRİLDİ
Fevralın 3-də parlamentin Azərbaycan–Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Küveyt dövlətinin “LOYAC” təşkilatının nümayəndələri ilə görüşdülər.
Qonaqları Azərbaycan – Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, millət vəkili Əkrəm Abdullayev səmimi salamlayaraq ölkələrimiz arasında mövcud olan siyasi, iqtisadi və mədəni əlaqələrdən söhbət açdı. Qeyd olundu ki, Küveyt Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Xalqlarımız arasında dini birlik və tarixi dostluq əlaqələri mövcuddur. Bildirildi ki, Küveyt hökuməti Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurd-yuvalarından qaçqın və didərgin düşmüş azərbaycanlılardan heç vaxt öz yardımını əsirgəməyib. Əkrəm Abdullayev ötən il ölkə prezidenti İlham Əliyevin Küveytə səfərindən danışdı və münasibətlərimizin inkişafında dövlət başçılarının rolunu xüsusi vurğuladı.
Küveyt nümayəndə heyətinin rəhbəri, “LOYAC” təşkilatının icraçı direktoru Fərəh Əl Saqqaf nümayəndə heyəti adından səmimi görüş üçün millət vəkillərinə təşəkkürünü bildirdi və qeyd etdi ki, Azərbaycan ən qədim demokratik dövlətlərdən biridir. Xanım qonaq Şərqdə ilk dəfə olaraq Azərbaycanda qadınlara siyasi hüquqlar verildiyini diqqətə çatdırdı, qadın və gənclərin Azərbaycan siyasətində önəmli yer tutduğunu təqdirəlayiq hal kimi qiymətləndirdi. Fərəh Əl Saqqaf daha sonra təmsil etdikləri təşkilatın fəaliyyətindən geniş söhbət açdı. Bildirildi ki, ölkələrimiz arasında oxşarlıqlar var, hər iki dövlət qədim ənənələrini bugünədək qoruyub saxlamışdır. Qonaq Azərbaycana səfərlərinin məqsədindən söhbət açaraq qeyd etdi ki, Küveyt gəncləri Azərbaycanla yaxından tanış olmaq, ölkəmiz haqqında ətraflı məlumat almağı çox istəyiblər. Bildirildi ki, belə səfərlər hər iki ölkə gənclərinin təcrübə mübadiləsinə geniş imkanlar yaradacaq. Daha sonra çıxış edənlər Dağlıq Qarabağ münaqişəsi məsələsində Küveytin Azərbaycanın mövqeyini dəstəklədiyini bildirdilər.
Görüşdə Azərbaycan – Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Çingiz Əsədullayev, Elmira Axundova, Fuad Muradov, Aydın Abbasov, Gənclər və İdman Nazirliyinin nümayəndələri də görüşdə iştirak edirdilər.
Milli Məclisin
Mətbuat xidməti
