ATƏT

 






ATƏM Avropada təhlükəsizlik və əməkdaşlıq müşavirəsi  ATƏM Şurasının birinci əlavə görüşü Helsinki 24 mart 1992-ci il Yekun

Nazirlər Dağlıq Qarabağda və onun ətrafında silahlı münaqişənin genişlənməsinin davam etməsi və bunun nəticəsində əhali arasında əzab çəkənlərin və insan tələfatlarının sayının artması ilə əlaqədar dərin narahatlıqlarını ifadə etdilər. Onlar münaqişənin davam etməsinin və daha da genişlənməsinin regional və beynəlxalq təhlükəsizliyə göstərə biləcəyi təsiri nəzərdə tutaraq, münaqişənin aradan qaldırılması yolları və vasitələrini geniş şəkildə müzakirə etdilər. Onlar bütün tərəfləri təmkinli olmağa çağırdılar.

Nazirlər yenidən ən qəti şəkildə cavabdeh yerli komandirləri onların aktiv iştirakı ilə həyata keçiriləsi təcili və effektiv atəşkəsə çağırdılar. Onlar, siyasi və iqtisadi təzyiq tədbirlərinin dayandırılması da daxil olmaqla, etibarlı mühit və konstruktiv dialoq şəraitinin bərpa edilməsi çağırışı ilə müraciət etdilər.

Nazirlər ATƏM çərçivəsində həyata keçirilən fəaliyyəti nəzərdən keçirdilər və Yüksək vəzifəli şəxslər komitəsinin qəbul etdiyi qərarları bütövlükdə bəyəndilər. Onlar bununla əlaqədar gördüyü tədbirlərə görə ATƏM-in Fəaliyyətdə olan Sədrinə minnətdarlıqlarını bildirdilər və lazım olduğu hər hansı təqdirdə ona bütün mümkün olan yardımı göstərməyə hazır olduqlarını qeyd etdilər.

Nazirlər Avropa Birliyi və onun üzv-dövlətləri, Müstəqil Dövlətlər Birliyinin üzv-dövlətləri, Şimali Atlantika Əməkdaşlıq Şurasının üzvləri və, xüsusilə, Birləşmiş Millətlər Təşkilatının Baş Katibi tərəfindən həyata keçirilən bir-birini tamamlayan səyləri alqışladılar.

Onlar bununla əlaqədar ATƏM-in Fəaliyyətdə olan Sədrindən Birləşmiş Millətlər Təşkilatı ilə sıx əlaqə saxlamağı və mütəmadi məlumat mübadiləsi təşkil etməyi xahiş etdilər.

Nazirlər razılığa gəldilər ki, ATƏM bu münaqişə ilə bağlı sülh prosesinin inkişafı işində əsas rol oynamalıdır. Onlar razılaşdılar ki, Dağlıq Qarabağda və onun ətrafında mövcud olan vəziyyət ATƏM tərəfindən növbəti tədbirlərin həyata keçirilməsini tələb edir.

Nazirlər ATƏM-in Nazirlər Şurasının Fəaliyyətdə olan Sədri cənab İrji Dinstbirə, xüsusilə effektiv atəşkəsin əldə olunması və qorunub saxlanılması, həmçinin məsələnin sülh yolu ilə hərtərəfli nizamlanması üçün çərçivənin yaradılmasına kömək məqsədilə yaxın vaxtlarda regiona səfər etməyi tapşırdılar.

Nazirlər qəti əmin olduqlarını bildirdilər ki, ATƏM-in himayəsi altında Dağlıq Qarabağ üzrə konfrans böhranın ATƏM-in prinsipləri, öhdəlikləri və müddəaları əsasında sülh yolu ilə nizama salınması məqsədilə danışıqlar üçün fəaliyyət göstərən forumu təmin edəcək. Nazirlər bununla əlaqədar ATƏM-in Nazirlər Şurasının Fəaliyyətdə olan Sədrindən mümkün qədər tez bir zamanda belə konfransı keçirməyi xahiş etdilər.

Bundan əlavə nazirlər razılaşdılar ki, Minskdə keçiriləcək bu konfransın iştirakçıları Ermənistan, Azərbaycan, Belarus, Çexiya və Slovakiya Federativ Respublikası, Fransa, Almaniya, İtaliya, Rusiya Federasiyası, İsveç, Türkiyə və Amerika Birləşmiş Ştatları olacaq. Dağlıq Qarabağın seçilmiş və digər nümayəndələri maraqlı tərəf kimi konfransa onun Sədri tərəfindən konfransda iştirak edən dövlətlərlə məsləhətləşmələrdən sonra dəvət olunacaqlar. ATƏM-in Nazirlər Şurasının Fəaliyyətdə olan Sədri ATƏM-in himayəsi altında Dağlıq Qarabağ üzrə konfransın sədrini təyin edəcək.

Nazirlər ATƏM-in bütün iştirakçı dövlətlərini və bütün maraqlı tərəfləri beynəlxalq nəzarət altında olan təhlükəsiz dəhlizlər daxil olmaqla sürətli və effektiv vasitələrdən istifadə edərək, humanitar yardımla ona ehtiyacı olanların təmin edilməsi üçün bütün lazımi addımların atılmasına təkidlə çağırdılar.

Nazirlər Ermənistan və Azərbaycanın ATƏM-in Fəaliyyətdə olan Sədrinin bu regiona missiyasına, həmçinin ATƏM şurasının razılaşdığı bütün fəaliyyətə tam kömək etmək öhdəliyini nəzərə aldılar və məsələnin davamlı, sülh yolu ilə həll olunmasına nail olmaq məqsədilə hər iki tərəfi bu öhdəliyi fəal şəkildə yerinə yetirməyə çağırırlar.

Yuxarı


ATƏM Avropada təhlükəsizlik və əməkdaşlıq müşavirəsi Zirvə görüşü Budapeşt 6 dekabr 1994-cü il REGİONAL MƏSƏLƏLƏR Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏM fəaliyyətinin fəallaşması
  1. Münaqişənin davam etməsi və bunun nəticəsində baş verən insan faciəsindən təəssüfləndiklərini ifadə edərək, iştirakçı dövlətlər ATƏM-in Minsk qrupu ilə əməkdaşlıqda Rusiya Federasiyasının vasitəçilik səyləri nəticəsində 1994-cü il mayın 12-də razılaşdırılmış atəşkəsi münaqişə tərəflərinin təsdiqlədiklərini alqışladılar. Onlar Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə sadiq qaldıqlarını təsdiqlədilər və ATƏM-in münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlmiş səylərinə Təhlükəsizlik Şurasının göstərdiyi siyasi dəstəyi alqışladılar. Bu məqsədlə onlar münaqişə tərəflərini birbaşa əlaqələr daxil olmaqla məsələnin mətləbinə dair daha intensiv danışıqlara çağırdılar. Bu mənada onlar ATƏM-in səyləri və köməyini ikiqat gücləndirəcəklərinə söz verdilər. Onlar ATƏM-in Minsk qrupunun vasitəçilik səylərini qəti şəkildə bəyəndilər və Rusiya Federasiyasının həlledici yardımını və Minsk qrupunun digər fərdi üzvlərinin səylərini yüksək qiymətləndirdilər. Onlar bu səyləri ATƏM çərçivəsində əlaqələndirərək bir araya gətirmək qərarına gəldilər.

  2. Bu məqsədlə onlar danışıqlar üçün vahid və razılaşdırılmış baza yaratmaq, həmçinin bütün vasitəçilik və danışıqlar fəaliyyətinin tam şəkildə əlaqələndirilməsini təmin etmək məqsədilə, Fəaliyyətdə olan Sədrə, iştirakçı dövlətlərlə məsləhətləşmələr əsasında və mümkün qədər tez hərəkət etməklə, Minsk qrupunun həmsədrlərini təyin etməyi tapşırdılar. Həmsədrlər bütün danışıqlar səylərində ATƏM prinsiplərini və razılaşdırılmış mandatı əsas tutaraq, Minsk qrupunun görüşlərində birlikdə həmsədrlik və Fəaliyyətdə olan Sədrə birlikdə məruzə edəcəklər. Onlar işlərinin gedişi barəsində Daimi Şuraya müntəzəm olaraq məlumat verəcəklər.

  3. Bu səylər çərçivəsində ilk addım kimi, onlar mövcud atəşkəsin davam etdirilməsinə kömək etmək məqsədilə Rusiya Federasiyasının və Minsk qrupunun digər fərdi üzvlərinin dəstəyilə və onlarla əməkdaşlıq şəraitində təcili tədbirlərin görülməsini, və əvvəllər vasitəçilik fəaliyyəti zamanı əldə olunmuş irəliləyişə əsaslanaraq, həyata keçirilməsi bütün tərəflər üçün münaqişənin əsas nəticələrini aradan qaldırmağa və Minsk konfransını çağırmağa imkan verəcək silahlı münaqişənin dayandırılması haqqında siyasi sazişin imzalanması məqsədilə tezliklə danışıqlar aparmağı Minsk qrupunun həmsədrlərinə tapşırdılar. Daha sonra onlar Minsk konfransının həmsədrlərindən, xüsusilə humanitar sahədə, inamın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsi istiqamətində münaqişə tərəfləri ilə birgə işi davam etdirməyi xahiş etdilər. Onlar iştirakçı dövlətlər tərəfindən həm fərdi əsasda, həm də müvafiq beynəlxalq təşkilatlar çərçivəsində qaçqınların acınacaqlı vəziyyətini yüngülləşdirməyə xüsusi diqqət yetirmək şərti ilə regionun əhalisinə humanitar yardımın göstərilməsi üzrə tədbirlərin həyata keçirilməsi vacibliyini qeyd etdilər.

  4. Onlar razılaşdılar ki, münaqişə tərəflərinin fikirlərinə uyğun olaraq yuxarıda qeyd olunan sazişin əldə edilməsi həmin sazişin həyata keçirilməsinin vacib elementi kimi çoxmillətli sülhməramlı qüvvələrin yerləşdirilməsinə imkan verə bilərdi. Onlar silahlı münaqişənin dayandırılması haqqında tərəflər arasında sazişin əldə edilməsindən sonra, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinin qəbul edilməsi şərti ilə, ATƏM-i çoxmillətli sülhməramlı qüvvələrlə təmin etmək üçün siyasi hazırlıqlarını bəyan etdilər. Onlar Fəaliyyətdə olan Sədrdən 1992-ci il Helsinki Sənədinin III fəsli əsasında və Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinə tam uyğun olaraq təşkil ediləcək belə qüvvələrin yaradılması, tərkibi və fəaliyyəti barəsində qısa zaman ərzində plan işləyib hazırlamağı xahiş etdilər. Bu məqsədlə Fəaliyyətdə olan Sədrə Minsk konfransı həmsədrləri və Minsk qrupu, həmçinin Baş Katib tərəfindən kömək ediləcək; müvafiq məsləhətləşmələrdən sonra o, həmçinin bu qüvvələrin, başqa məsələlərlə yanaşı, ölçüsü və xarakteri, onlara rəhbərliyi və onların idarəsi, maddi-texniki təchizatı, müvafiq altbölümlərin və resursların bölünməsi, güc tətbiq etmək qaydası və qüvvə verən dövlətlərlə razılaşmalar haqqında tövsiyələrin hazırlanması üçün Vyanada yüksək səviyyəli planlaşdırma qrupu yaradacaq. O, Birləşmiş Millətlər Təşkilatının texniki məsləhət və ekspertiza yardımının göstərilməsinə hazır olması haqqında etdiyi bəyanatına əsaslanaraq, Birləşmiş Millətlər Təşkilatına kömək üçün müraciət edəcək. O, həmçinin, ATƏM-in sülhməramlı qüvvələrinin mümkün yerləşdirilməsi üçün BMT Təhlükəsizlik Şurasının uzunmüddətli siyasi dəstəyini əldə etməyə çalışacaq.

  5. Belə hazırlıq işini və 1992-ci il Helsinki Sənədinin III fəslinin müvafiq müddəalarına əsasən və tərəflər arasında razılığın əldə olunmasından və onların Minsk konfransının həmsədrləri vasitəsilə Fəaliyyətdə olan Sədrə rəsmi xahişindən sonra Daimi Şura ATƏM-in sülhməramlı əməliyyatının keçirilməsi barəsində qərar qəbul edəcək.

Yuxarı

 

Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatı Nazirlər Şurasının 5-ci görüşü Budapeşt 8 dekabr 1995-ci il ATƏT-in Minsk prosesi üzrə qərarı Nazirlər Şurası
  • ATƏT-in Minsk prosesinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeganə forum olmasını təsdiqləyir;

  • münaqişə tərəflərinin 1994-cü ilin mayın 12-də bərqərar edilən atəşkəsə riayət etməyi davam etdirmək əzmlərini alqışlayır;

  • tərəfləri bütün hərbi əsirləri və münaqişə ilə bağlı saxlanılan bütün şəxsləri dərhal azad etməyə, və Beynəlxalq Qırmızı Xaç Komitəsinin şəxslərin saxlanıldığı bütün yerlərə və bütün saxlanılanlara maneəsiz baş çəkməsini təmin etməyə çağırır;

  • Fəaliyyətdə olan Sədrlə koordinasiyada təxirə salınmadan silahlı münaqişənin dayandırılması haqqında siyasi sazişin əldə edilməsi yolunda Minsk konfransının Həmsədrlərinin səylərini dəstəkləyir. Belə sazişin yerinə yetirilməsi bütün tərəflər üçün münaqişənin əsas nəticələrini aradan qaldıracaq və qısa vaxt ərzində Minsk konfransını çağırmağa imkan yaradacaq. Sazişin imzalanması Daimi Şuraya fəaliyyətinin davam etdirilməsi lazım olan Yüksək Səviyyəli Planlaşdırma Qrupunun dəyərli tövsiyələrinə əsaslanaraq, ATƏT-in sülhməramlı əməliyyatının keçirilməsi haqqında qərar qəbul etməyə imkan yaradacaq;

  • münaqişənin nizamlanması prinsipləri üzrə razılaşmanın əldə edilməsi məqsədilə, Həmsədrlərlə koordinasiyada, birbaşa əlaqələrin qurulmasına dair ifadə olunmuş öhdəlikləri alqışlayır və bunu tez bir zamanda gerçəkləşdirməyə təkidlə çağırır; vəkompromisin tezliklə əldə edilməsi məqsədilə tərəflərin ən vacib məsələləri nəzərdən keçirməyə ifadə olunmuş hazırlıqlarını nəzərə alır.

Yuxarı

 

Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatı Zirvə görüşü Lissabon 3 dekabr 1996-cı il ƏLAVƏ 1 ATƏT-in Fəaliyyətdə olan Sədrinin Bəyanatı

Sizə məlum olduğu kimi, son iki il ərzində Dağlıq Qarabağ münaqişəsinin və Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsinin həllində heç bir irəliləyiş əldə edilməmişdir. Mən təəssüflə qeyd edirəm ki, məsələnin nizamlanması prinsiplərinə dair tərəflərin mövqelərinin yaxınlaşdırılması istiqamətində Minsk konfransı həmsədrlərinin səyləri uğurla nəticələnmədi.

Minsk qrupunun həmsədrləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının tərkib hissəsi kimi formalaşdıran üç prinsip tövsiyə edilmişdir. Bu prinsipləri Minsk qrupunun bütün üzv-dövlətləri dəstəkləyir. Bu prinsiplər aşağıdakılardır:
  • Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;

  • Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək səviyyəli özünüidarə verən öz müqəddəratını təyin etməyə əsaslanmış sazişdə müəyyən edilmiş Dağlıq Qarabağın hüquqi statusu;

  • bütün tərəflərin nizamlama müddəalarına riayət olunmasının təmin edilməsinə dair qarşılıqlı öhdəliklər də daxil olmaqla, Dağlıq Qarabağ və onun bütün əhalisinin təmin edilmiş təhlükəsizliyi.
Mən təəssüflə etiraf edirəm ki, bir iştirakçı dövlət bunu qəbul edə bilmədi. Bu prinsiplər digər iştirakçı dövlətlər tərəfindən dəstəklənir.
Bu bəyanat Lissabon Zirvə görüşünün sənədlərinə daxil ediləcək.
ƏLAVƏ 2 Ermənistan Nümayəndə heyətinin Bəyanatı

ATƏT-in Fəaliyyətdə olan Sədrinin bəyanatı ilə əlaqədar Ermənistan Nümayəndə heyəti aşağıdakı məsələlər barədə öz narahatçılığını ifadə etmək istəyir:
  1. Bəyanat siyasi sazişin əldə edilməsi məqsədilə danışıqların aparılmasını təklif edən 1994-cü il Budapeşt Zirvə görüşü tərəfindən təsis edilən Minsk qrupunun mandatının nə ruhunu, nə də hərfini əks etdirmir. Status problemi hələ başa çatdırılmalı olan birbaşa danışıqlarda müzakirə mövzusu olmuşdur.
    Bəyanat, bu məsələni siyasi sazişin imzalanmasından sonra toplanacaq ATƏT-in Minsk Konfransının səlahiyyətinə verən ATƏT-in Nazirlər Şurasının 1992-ci il qərarına zidd olaraq, Dağlıq Qarabağın statusunu əvvəlcədən müəyyən edir.

  2. Erməni tərəfi əmindir ki, məsələnin həlli beynəlxalq hüquq və Helsinki Yekun Aktında nəzərdə tutulan prinsiplər əsasında, hər şeydən əvvəl öz müqəddəratını təyin etmə prinsipi əsasında əldə edilə bilər.

  3. Kompromis həllin əldə edilməsi maraqları naminə Erməni tərəfi həm Minsk qrupu çərçivəsində, həm də bu qrupun həmsədrləri tərəfindən əlaqələndirilən birbaşa əlaqələr əsasında ən intensiv danışıqları davam etdirməyə hazırdır.
Xahiş edirəm ki, bu bəyanat Lissabon Zirvə görüşünün Bəyannaməsinə əlavə edilsin.

Yuxarı

 

Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatı Zirvə görüşü İstanbul 19 noyabr 1999-cu il İstanbul Zirvə görüşünün Bəyannaməsi
Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranan vəziyyət və son hadisələr haqqında ATƏT-in Minsk qrupunun Həmsədrlərinin məruzəsini aldıq və onların səylərini müsbət qiymətləndiririk. Biz Ermənistan və Azərbaycan prezidentləri arasında aktivləşən dialoqu xüsusilə alqışlayırıq ki, onların müntəzəm görüşləri problemin möhkəm və hərtərəfli həllinin tapılması prosesinin dinamikası üçün imkan yaratmışdır. Biz qəti şəkildə bu dialoqu dəstəkləyirik və ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların bərpası ümidi ilə bu dialoqun davam etdirilməsinə çağırırıq. Biz həmçinin təsdiq edirik ki, ATƏT və məsələnin həllinin tapılması üçün ən münasib format olan ATƏT-in Minsk qrupu sülh prosesini və onun gələcəkdə həyata keçirilməsini, tərəfləri bütün zəruri köməklik ilə təmin etmək də daxil olmaqla, daha da irəlilətməyə hazırdır.

Biz bu il Yerevanda ATƏT-in ofisinin açılmasını və analoji ofisin Bakıda açılması qərarını alqışlayırıq. Bu addımlar ATƏT-ə bizim Ermənistan və Azərbaycanla olan əməkdaşlığımızı gücləndirmək imkanı verəcək.

 

Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatı Nazirlər Şurasının 9-cu görüşü Buxarest 4 dekabr 2001-ci il Nazirlər Şurasının Bəyanatları QƏRAR № 2
Biz tərəflər arasında intensivləşdirilmiş dialoqa və Minsk qrupunun həmsədrlərinin fəal köməyinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əldə edilmədiyindən dərin təəssüf hissimizi bildiririk. Biz bir daha təsdiq edirik ki, bu uzanmış münaqişənin təcili nizamlanması Cənubi Qafqaz regionunda möhkəm sülh, təhlükəsizlik, sabitlik və əməkdaşlığa kömək edəcək.

Biz sülh dialoqunun davam etdirilməsinin vacibliyini yenidən bəyan edirik və tərəfləri münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə həll edilməsi istiqamətindəki səylərini davam etdirməyə çağırırıq. Biz, həmçinin, tərəfləri hərbi əsirlərin azad edilməsi də daxil olmaqla, qarşılıqlı etibar və inamın möhkəmləndirilməsinə səbəb olacaq əlavə tədbirlərin nəzərdən keçirilməsinə çağırırıq.

Biz tərəflərin atəşkəsə olan və məsələnin sülh yolu ilə və hərtərəfli nizamlanması öhdəliklərini alqışlayırıq. Biz tərəfləri həmsədrlərin fəal dəstəyi ilə ədalətli və möhkəm nizamlanmanın əldə edilməsinə yönəlmiş səylərini davam etdirməyə çağırırıq.

Yuxarı

 

Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatı Nazirlər Şurasının 10-cu görüşü Porto 7 dekabr 2002-ci il Nazirlər Şurasının Bəyanatları

Biz tərəflər arasında intensivləşdirilmiş dialoqa və Minsk qrupunun həmsədrlərinin fəal köməyinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əldə edilmədiyindən dərin təəssüf hissi keçirməkdə davam edirik. Biz bir daha təsdiq edirik ki, bu uzanmış münaqişənin təcili nizamlanması Cənubi Qafqaz regionunda möhkəm sülh, təhlükəsizlik, sabitlik və əməkdaşlığa kömək edəcək.

Biz sülh dialoqunun davam etdirilməsi vacibliyini yenidən bəyan edirik və tərəfləri münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə həll edilməsi istiqamətindəki səylərini davam etdirməyə çağırırıq. Biz, həmçinin, tərəfləri qarşılıqlı etibar və inamın möhkəmləndirilməsinə səbəb olacaq əlavə tədbirlərin nəzərdən keçirilməsinə çağırırıq.

Biz tərəflərin atəşkəsə olan və məsələnin sülh yolu ilə və hərtərəfli nizamlanması öhdəliklərini alqışlayırıq. Biz Ermənistan və Azərbaycan prezidentlərinin və onların şəxsi nümayəndələrinin davam edən görüşlərini xüsusilə alqışlayırıq. Biz tərəfləri həmsədrlərin fəal dəstəyi ilə ədalətli və möhkəm nizamlanmanın əldə edilməsinə yönəlmiş səylərini davam etdirməyə çağırırıq.
ƏLAVƏ

Azərbaycan Nümayəndə heyəti tərəfindən
Helsinki məsləhətləşmələrinin Yekun tövsiyələrinin 79-cu Paraqrafına (Fəsil 6) müvafiq olaraq İzahedici Bəyanat

“ATƏT-in Nazirlər Şurasının 10-cu görüşünün indi qəbul edilmiş qərarı ilə əlaqədar mən Helsinki məsləhətləşmələrinin Yekun tövsiyələrinin Fəsil 6, 79-cu Paraqrafına müvafiq olaraq izahedici bəyanat vermək istərdim.

Azərbaycan Respublikası ATƏT-in aşağıdakı prinsiplərindən çıxış edərək Ermənistan və Azərbaycan arasında münaqişəyə dair bəyanat üzrə konsensusa qoşulmuşdur ki, bu prinsiplərə əsasən:

“İştirakçı dövlətlər hər bir iştirakçı dövlətin ərazi bütövlüyünə hörmət edəcəklər.

Beləliklə, onlar istənilən iştirakçı dövlətin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya birliyinə qarşı Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olmayan hər hansı hərəkətdən və, xüsusilə, hədə və ya gücdən istifadəni təşkil edən hər hansı belə hərəkətdən çəkinəcəklər.

İştirakçı dövlətlər eynilə bir-birinin ərazisini beynəlxalq hüquqa zidd olaraq hərbi işğal və ya digər birbaşa və ya dolayı yolla güc tədbirləri obyekti, yaxud belə tədbirlər və ya onlarla hədələmək vasitəsilə ələ keçirmək obyekti etməkdən çəkinəcəklər. Heç bir belə işğal və ya ələ keçirmə qanuni sayılmayacaq.”
Azərbaycan tərəfi həmçinin vurğulamaq istərdi ki, xalqların öz müqəddəratını təyin etmək hüququ prinsipi Helsinki Yekun Aktının aşağıdakı prinsiplərinə müvafiq olaraq həyata keçiriləcək:

“İştirakçı dövlətlər, bütün zamanlarda Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin məqsəd və prinsipləri və beynəlxalq hüququn müvafiq normalarına, o cümlədən dövlətlərin ərazi bütövlüyünə aid normalara uyğun hərəkət edərək, xalqların bərabər hüquqlarına və onların öz müqəddəratını təyin etmək hüququna hörmət edəcəklər.”

Bundan başqa, Azərbaycan Respublikası bildirir ki, Ermənistan və Azərbaycan arasında münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyünə tam hörmət edilməsi əsasında həll oluna bilər ki, bu aşağıdakıları nəzərdə tutur:

  • Ermənistan tərəfindən Dağlıq Qarabağ regionu onun ayrılmaz hissəsi olan Azərbaycanın ərazi bütövlüyünün birmənalı olaraq tanınması;

  • erməni işğalçı qüvvələrinin Azərbaycanın bütün ərazilərindən, o cümlədən Dağlıq Qarabağ regionundan dərhal və qeyd-şərtsiz çıxarılması;

  • zorla qovulmuş azərbaycanlı əhalinin öz torpaqlarına təhlükəsiz şəraitdə qayıtması üçün bütün əlverişli şərtlərin yaradılması.
Bundan əlavə, Azərbaycan Respublikası bildirir ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan erməni icması üçün işlənib hazırlanacaq hər hansı özünüidarə statusu yalnız Azərbaycanın ərazi bütövlüyünə tam hörmət edilməsi əsasında mümkün olacaq.

Bu bəyanatı günün protokoluna əlavə etməyi xahiş edirəm.

Yuxarı
Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi